Müasir Azərbaycan
elmi inkişaf yolunda...
Çağdaş Azərbaycan elmi yeni inkişaf mərhələsinə
qədəm qoyub və bu sahədə bir sıra nailiyyətlərə
imza atılıb. Əlbəttə, 15-20 il əvvəl
Azərbaycan elmində durğunluq müşahidə edilirdi,
elm müəssisələrinin maddi-texniki bazası olduqca zəif
idi və mütəxəssislərin işləməsində
ciddi əngəllər vardı. Bununla
yanaşı, elm müəssisələrindəki vəziyyət
elmi ictimaiyyəti, elm yolunun yolçusu olmaq istəyən gəncləri
əndişəyə salırdı.
Lakin elm sahəsində durğunluq uzun sürmədi və
dövlət elm sahəsinə xüsusi diqqət,
qayğı göstərməyə başladı və ətalət,
durğunluq inkişafla əvəzləndi.
Məlum
olduğu kimi, "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə
elmin inkişafı üzrə Milli Strategiya"nın və
"Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin
inkişafı üzrə Milli Strategiyanın həyata
keçirilməsi ilə bağlı Dövlət
Proqramı"nın təsdiq edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamının
böyük əhəmiyyəti var. Bəllidir ki, Azərbaycan
Respublikası Prezidentinin "Azərbaycan elmində
islahatların aparılması ilə bağlı Dövlət
Komissiyasının yaradılması haqqında" 2008-ci il 10 aprel tarixli, 2756 nömrəli Sərəncamı
da dəyərlidir.
Azərbaycan
təhsilinin işıqlı gələcəyi haqqında
düşünən və bu sahənin tərəqqisi
üçün böyük işlər görən Heydər
Əliyev deyirdi: "İnkişaf etmiş ölkələrin
təcrübəsinə nəzər salsaq görərik ki,
onlarda uğurun əsas səbəbi neft-qaz deyil, bilikdir,
savaddır, müasirlikdir. Bizdə isə həm
bu olmalıdır, həm də təbii ehtiyatlar da var. Bu amillərin
sintezi Azərbaycanı çox qabaqcıl, müasir ölkəyə
çevirəcəkdir".
Məlumdur ki, elmin inkişafı Azərbaycanda dövlət
siyasətinin prioritetlərindən biridir. Çünki
hər bir dövlətin sosial-iqtisadi qüdrəti, rolu,
ictimai rifahı dünya elminə bəxş etdiyi, zəngin
intellektual və çoxşaxəli potensiala malik elmi ilə
birbaşa əlaqəlidir. Azərbaycanın
dünya nizamında tutduğu yer, zəngin resurslara malik bir
dövlət kimi tanınması, dinamik inkişaf yoluna qədəm
qoyması, regionun liderinə çevrilməsi mükəmməl
elmi-təşkilati strukturun formalaşmasını zəruri
edir. Müasir dövrdə ölkələrin
inkişafı təkcə iqtisadi göstəricilərlə,
təbii sərvətlərlə, əhalinin həyat səviyyəsi
ilə deyil, elmin inkişaf səviyyəsi, elmi potensialın
olması ilə şərtlənir. Bu
prinsip isə ilk növbədə dövlətin elm
strategiyasının necə təşkil olunmasından
asılıdır. Məlum olduğu kimi,
Azərbaycan elmi zəngin tarixi irsə malikdir. Varislik ənənələrinə
malik bu elm Fərman Salman, Lütfi Zadə, Məsud Əfəndiyev,
Natiq Atakişiyev, Tofiq Məlikov, Sabir Hüseynzadə, Qaraxan
Mirzəyev, Çingiz Hüseynov, Qərib Mürşüdov,
Xoşbəxt Yusifzadə və onlarla dünyaca məşhur,
dünya elmi potensialının inkişafına töhfələr
vermiş alimlər yetişdirib. Tədqiqatçılar
qeyd edir ki, Azərbaycan dövləti elmin inkişafına hər
cür yardım göstərir. Azərbaycan elminin
dünya elminə inteqrasiyası haqqında yazan tədqiqatçılar
bildirir ki, bura beynəlxalq elmi əməkdaşlığın
genişləndirilməsi, yüksək səviyyəli elmi
kadrların hazırlanması, elmi tədqiqat müəssisələrinin
maddi-texniki bazasının müasir tələblərə
uyğun qurulması, elmi strukturun dövlət
strategiyasının bütün sahələrində inkişafı,
elmi-intellektual resursların inkişafı, elmi infrastrukturun
müasirləşməsi, intellektual iqtisadiyyata keçidin
reallaşması və s. daxildir.
Mütəxəssislər vurğulayır ki, Azərbaycan
dövlətinin elm siyasəti iqtisadiyyatın neft sektorundan
asılılığına son qoyulması, əldə olunan
vəsaitlərin elmi-intellektual bazanın gücləndirilməsinə,
insan kapitalının formalaşmasına xidmət edir. Mütəxəssislər
yazır ki, Prezident İlham Əliyev əvəzsiz təbii sərvətimiz
olan neftin ixracından qazanılan böyük vəsaitlərin,
ilk növbədə, insan faktorunun inkişafına yönəldilməsini,
elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqi
yolu ilə dayanıqlı milli inkişafın təmin edilməsini
zəruri sayır. Azərbaycan elmi son
dövrlər dinamik inkişaf yolunu seçmiş və bu
yolda uğurla irəliləyir. Alimlərimiz
yalnız ölkə daxilində deyil, xaricdə də Azərbaycan
elmini layiqincə təmsil edir, elmi nailiyyətlərimizi isbat
edirlər. Azərbaycan alimlərinin elmi nəşrlərinin
dünyanın məşhur jurnallarında dərci
artmaqdadır. Portuqaliyanın paytaxtı
Lissabon şəhərində keçirilən elmi konfransda Azərbaycanın
6 alimlə təmsil olunmasını elm strategiyamızın
dünyada doğru qəbulu kimi dəyərləndirmək
olar. Çünki bəzi qabaqcıl
dövlətlər belə konfransda bu sayda təmsil
olunmayıb.
Azərbaycan elminin inkişafında AMEA da mühüm
rol oynamaqdadır. Dövlətin elm strategiyasının
bütün əsaslarını özündə əks etdirən
AMEA-nın yeni rəhbəri olaraq dünya şöhrətli
alimimizin təyin edilməsi Azərbaycan elminin gələcəkdə
də parlaq inkişafından xəbər verir. Xüsusilə qarşıya qoyulmuş məqsəd,
struktur dəyişikliklərinin həyata keçirilməsinə
hazırlıq, prioritetlərin dəqiqləşdirilməsi,
tədbirlər planının müəyyənləşməsi
AMEA-nın Azərbaycan elminə töhfələrini davam
etdirəcəyini göstərir.
Tədqiqatçılar qeyd edir ki, elmin uğurlu
inkişafının təmininə səbəb olan amillər
çoxdur. Uzun illərin təcrübəsi göstərir ki,
elm və təhsil hər bir dövlətin davamlı
sosial-iqtisadi və mədəni yüksəlişində
mühüm rol oynayır. Təsadüfi deyil ki, yeni
dövrün tələblərinə cavab verən fəal
maarifçilik kursunun həyata keçirilməsi, mütərəqqi
yeniliklərin tətbiq olunması yolu ilə milli təhsil
sisteminin müasirləşdirilməsi, bir ictimai-iqtisadi
formasiyadan digərinə keçid mərhələsində
bu sahədə özünü göstərən obyektiv
problemlərin aradan qaldırılması son 16 ildə Azərbaycanda
reallaşdırılan dövlət siyasətinin ayrılmaz tərkib
hissəsinə çevrilib.
Bakı Dövlət Universitetinin elmi işlər üzrə
prorektoru, professor İsmayıl Əliyev yazılarından
birində qeyd edir ki, Azərbaycan elminin, təhsilinin,
ümumilikdə milli mədəniyyətimizin inkişafına
dövlət böyük dəstək göstərib. BDU-nun professoru bildirir ki,
elmin irəli getməsində Azərbaycan Respublikasının
sabiq Prezidenti mərhum Heydər Əliyevin rolu
böyükdür: "Elmin, təhsilin inkişafı, milli-mənəvi
dəyərlərə həssas münasibət müstəqil
Azərbaycan Respublikasına rəhbərliyi dövründə
də ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas
leytmotivini təşkil edib. Dövlət
müstəqilliyinin ilk illərində ölkə rəhbərliyinin
səriştəsizliyi nəticəsində tənəzzülə
uğrayan bu sahələr məhz Heydər Əliyevin
xalqın israrlı tələbi ilə hakimiyyətə
qayıdışından sonra inkişaf etməyə
başlayıb. 1993-cü ilin iyununda
Bakıya qayıdan ümummilli lider Heydər Əliyev ictimaiyyət
nümayəndələri ilə ilk görüş yeri kimi
Elmlər Akademiyasını seçməklə intellektual
potensialın daşıyıcıları olan
ziyalıların cəmiyyətdəki roluna böyük
önəm verdiyini bir daha təsdiq edib. 1994-cü
ildə BDU-nun 75 illik, 1999-cu ildə 80 illik yubileylərinin
respublika miqyasında qeyd olunması da ulu öndərin milli
inkişaf prosesində nüfuzlu elm və təhsil müəssisələrinin
roluna necə böyük qiymət verdiyini bir daha göstərir.
Ümummilli lider Heydər Əliyevin "Azərbaycan
Respublikasında təhsil sahəsində islahatlar üzrə
Dövlət Komissiyasının yaradılması
haqqında" 30 mart 1998-ci ildə imzaladığı Sərəncam,
həmçinin 15 iyun 1999-cu il tarixdə təsdiqlədiyi
"Azərbaycan Respublikasının təhsil sahəsində
islahat proqramı" təhsil islahatlarının uğurla həyata
keçirilməsi, Azərbaycanda təhsil
standartlarının yeni dövrün tələblərinə
uyğunlaşdırılması prosesinə böyük təkan
verib. Bu sənədlərdə müəyyənləşdirilən
vəzifələrə uyğun olaraq milli təhsilimizin məzmunca
təkmilləşdirilməsi, müasir dünya təcrübəsi
və milli ənənələr əsasında
inkişafı təmin edilmiş, azərbaycançılıq
ideologiyasını özündə əks etdirən tədris
proqramları, çoxsaylı dərsliklər
hazırlanmış, ayrı-ayrı təhsil sahələri
və fənlər üzrə yeni standartlar tətbiq edilib.
Ümummilli
liderin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi
haqqında" 13 iyun 2003-cü il tarixli Fərmanı,
habelə "Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin
maddi-texniki bazasının möhkəmləndirilməsi
haqqında" 4 oktyabr 2002-ci il tarixli Sərəncamı və
digər sənədlər təhsil sisteminin müasirləşdirilməsi
baxımından böyük əhəmiyyətə malikdir.
Bu illər ərzində ömrünü gənc nəslin
maariflənməsinə həsr edən professor-müəllimlərin,
elm sahəsində çalışan insanların sosial
problemləri də diqqətdən kənarda qalmamış,
onların məvacibləri ardıcıl olaraq
artırılmış, elmi-pedaqoji kontingent dövlət
qayğısı ilə əhatə olunmuş, şərəfli
ictimai status sayılan alim-müəllim adının cəmiyyətdəki
nüfuzu yenidən bərpa edilib.
Azərbaycan xalqının nicat yerinə
çevrilmiş Heydər Əliyevin siyasi kursu bu gün də
inamla davam etdirilir. Dövlət başçısı cənab
İlham Əliyev milli intibaha və yüksəlişə
hesablanmış fəal maarifçilik missiyası həyata
keçirir. Ölkə başçısının rəhbərliyi
altında son 6 ildə həyata keçirilən
ardıcıl tədbirlər təkcə sosial-iqtisadi
inkişafa deyil, həm də elmi-intellektual tərəqqiyə,
təhsildə dövrün tələbi ilə uzlaşan elm
və təhsil islahatlarının həyata keçirilməsinə,
insan kapitalının möhkəmləndirilməsinə, elm
tutumlu texnologiyaların inkişafına yönəlib. Cənab İlham Əliyev Azərbaycan
xalqının gələcəyinin məhz elm və təhsillə
bağlı olduğunu çıxışlarında hər
zaman bildirməklə yanaşı, fəal milli maarifçilik
xətti yeridir. Respublikamız
inkişafını, sadəcə, təbii sərvətlərin
gətirdiyi dividendlərə bağlamır və mövcud
resurslarını sırf insan faktorunun prioritetə
çevrilməsi istiqamətinə yönəldir. Ölkə iqtisadiyyatının yüksək
inkişaf tempi, ictimai-siyasi sabitliyin davamlı xarakter
daşıması, təhsilin və elmin dünya
standartları səviyyəsinə qalxması
üçün daha çevik islahatlar aparmağa imkan
yaradır. Eyni zamanda, cəmiyyət həyatındakı
sürətli dəyişikliklər milli təhsil
konsepsiyasının daim müasirləşdirilməsini, iri
dövlətlərin maarifçilik ənənələrinin
mənimsənilməsini, eləcə də mənəvi-intellektual
intibaha xidmət edən siyasətin yeni əsaslarla davam
etdirilməsini vacib məsələ kimi gündəmə gətirir".
Professor
vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin
milli təhsil sisteminin inkişafı və problemlərinin həlli
istiqamətində son illər həyata keçirdiyi
davamlı siyasətin qayəsində də məhz bu ali məqsəd dayanıb.
Dünyaya nəzər saldıqda XX əsrin
ortalarından başlayaraq aparıcı dövlətlərin ən
mühüm prioritetləri içərisində insan
kapitalının yaradılmasının xüsusi yer
tutduğunu görərik.
Azərbaycan təhsilinə dövlət
qayğısının miqyası çox genişdir. Odur ki, onu
bir-iki yazıda ifadə etmək çətindir. Fikrimizcə, Azərbaycan elmi bundan sonra da
böyük nailiyyətlər əldə edəcək.
İradə SARIYEVA
Bakı Xəbər.- 2015.- 4 noyabr.- S15.