Lütfəli Abdullayev
sənətinə dövlət qayğısı...
Səhnə insanları iki ömür yaşayır. Səhnə üçün yaşanan ömür daha mənalı olur, əbədi olaraq yaddaşlarda qalır. Azərbaycan səhnəsinin qüdrətli simaları çox olub, onlar həyatdan köçsələr də yaddaşlarda həmişəlik olaraq yaşayır. Lütfəli Abdullayev kimi. Görkəmli teatr, kino xadimi, gülüş kralı L.Abdullayev uzun illərdir bioloji olaraq aramızda yoxdur, ancaq onun ülvi sənəti Lütfəlini yaşadır.
101 yaşlı görkəmli gülüş ustadı özündən sonra çox zəngin, çoxçalarlı bir irs qoyub. Bu irs tükənməzdir və ona xalq və dövlət sevgisi böyükdür.
Azərbaycan dövləti L.Abdullayev sənətinə hər zaman sayğı ilə yanaşıb. Ümumiyyətlə, L.Abdullayev xoşbəxt sənətkar olub, bu mənada ki, onu həm xalq sevib, həm siyasi hakimiyyət. Sovetlər dövründə də görkəmli sənətkara böyük sayğı, diqqət göstərilib. Bilirik ki, SSRİ-nin keçmiş rəhbəri Stalin özü L.Abdullayevin pərəstişkarı olub. O, böyük aktyorun "Arşın mal alan" musiqili filmində yaratdığı Vəli obrazını çox sevirdi. Bu barədə fikirlər, xatirələr mediada yer alıb.
Qeyd edək ki, keçən il L.Abdullayevin 100 yaşı tamam oldu. 13 fevral 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev L.Abdullayevin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sənəddə bildirilirdi ki, 2014-cü ildə Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, respublikanın xalq artisti Lütfəli Əmir oğlu Abdullayevin anadan olmasının 100 illiyi tamam olur: "Fitri istedada, yüksək səhnə mədəniyyətinə malik sənətkar kimi Lütfəli Abdullayev özünəməxsus təkrarolunmaz üslubda canlandırdığı son dərəcə koloritli, rəngarəng obrazlarla Azərbaycan teatr tarixinə və kino salnaməsinə yeni parlaq səhifələr yazıb".
Qeyd edək ki, L.Abdullayevin 100 illik yubileyi həm doğulduğu Şəki şəhərində, həm Bakıda, həm də doğma teatrında keçirildi.
Məlumat üçün bildirək ki, L.Abdullayev Azərbaycan aktyoru, Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcılarından biri, milli xalq oyun-tamaşalarının gülüş estetikasını bacarıq və həssaslıqla mənimsəmiş, vəziyyət komediyalarında oynamağı xoşlayan, məsxərə hərəkətləri ilə mimika-jest ifadə vasitələrindən obrazın komik xarakterini açmaq üçün istifadə edən aktyor kimi tarixə düşüb.
Onu da vurğulayaq ki, keçən il aprel ayının 8-də Azərbaycan Dövlət Musiqili Teatrında xalq artisti, Dövlət mükafatı laureatı L.Abdullayevin 100 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxışında L.Abdullayevi Azərbaycan mədəniyyətinin, teatr sənətinin ən parlaq və ləyaqətli korifey nümayəndələrindən, Azərbaycan gülüş sənətinin yaradıcılarından biri kimi qiymətləndirib: "L.Abdullayev çox qısa, lakin son dərəcə zəngin bir ömür yolu keçib. Nəsibə Zeynalova, Bəşir Səfəroğlu kimi sənətkarlarla bir səhnəni bölüşüb. Bu üçlük teatr sənətimizdə komediya janrına sanki bir canlılıq gətirib. Onların səhnədəki hər oyunu minlərlə tamaşaçı üçün sağlam gülüş, əsl sənət və yaradıcılıq qaynağı olub. Bu sənətkarlar xalqla xalq dilində danışıb, onları güldürüb, səhnədə göstərilənlərdən nəticələr çıxarmağa şərait yaradıblar".
Qeyd etdiyimiz kimi, L.Abdullayevin 100 illik yubileyinin keçirilməsi haqqında Prezident Sərəncamına əsasən, paytaxtda və ölkənin bütün bölgələrində ilboyu gülüş gecələri, çoxlu sayda sərgi, xatirə gecəsi, filmlərin nümayişi və tədbirlər təşkil edilib.
L.Abdullayevin 100 illik yubileyi münasibətilə keçən il sentyabrın 19-da Şəkidə onun xatirəsinə həsr olunan birinci böyük gülüş bayramı keçirilib.
Yubiley tədbirlərinə qatılan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev L.Abdullayevin Azərbaycan komediyasında qısa müddət olmağına baxmayaraq, öz sözünü demiş sənətkar olduğunu qeyd edirdi: "Bizim hər birimiz onun çəkildiyi filmləri izləməklə böyümüşük. Lütfəli öz obrazı ilə sanki o dövrün nöqsanlarını komediyaya əks etdirib. Elə buna görədir ki, hər kəs onu çox sevir. Onunla birgə Bəşir Səfəroğlu, Nəsibə Zeynalova da Azərbaycan komediyasının bünövrəsini qoyub. Düşünürəm ki, cəmiyyət hər zaman Lütfəli kimi sənətkarlara ehtiyac duyacaq".
Bakı Musiqi
Akademiyasının rektoru, xalq
artisti Fərhad Bədəlbəyli L.Abdullayev kimi sənətkarların
hazırda Azərbaycan səhnəsində
olmadığını qeyd edib: "L.Abdullayev gənc
yaşlarından məşhurluq zirvəsinə yüksəlib.
"Arşın
mal alan" filmindəki "Vəli" obrazından sonra
Stalinin özü ona "Stalin" mükafatını təqdim
edib. Bu da o dövr üçün ən böyük
mükafat hesab olunurdu. Sevinirəm ki, Azərbaycan
incəsənətində L.Abdullayev kimi sənətkar
olub".
L.Abdullayevin
qızı Xurşud Abdullayeva da atasının 100 illik
yubileyinin təmtəraqlı şəkildə keçirilməsinə
görə Prezident İlham Əliyevə və Mədəniyyət
və Turizm Nazirliyinə öz təşəkkürünü
bildirib: "Çox xoşbəxt insanam ki, mənim
L.Abdullayev kimi atam olub. O zamanlar atamın bu cür sənətkar
olduğunu tam anlaya bilmirdim. Atamla harasa gedəndə
çox narahat idim. Çünki diqqət
mərkəzində olurduq. Deyə bilərəm
ki, L.Abdullayev Azərbaycan komediyasının
simasıdır".
Məlumat
üçün qeyd edək ki, L.Abdullayev 1914-cü il 22 martda Nuxa şəhərində (indiki
Şəki) doğulub. Oradakı yeddillik məktəbi
bitirib. Bir neçə ay Şəki fəhlə
gənclər klubunun dram dərnəyində
çalışıb. Burada kiçik məsxərələrdə
və vodevillərdə oynayıb.
Tədqiqatçılar yazır ki, 1928-ci ilin
sentyabrında Bakıya gələn L.Abdullayev Dövlət
Konservatoriyasının valtorna sinfinin məşğələlərində
iştirak etməyə başlayıb. Vokal sənətinə
marağı olduğuna görə paralel olaraq Berolskinin
kursunda ifaçılıqla məşğul olub, səsinin
oxu ölçü-quruluşunu cilalayaraq müəyyən qəlibə
salıb. Dərslərinin
gedişatını müəyyən yönə salıb
sistemləşdirdikdən sonra, yaşının
azlığına baxmayaraq, müsabiqə ilə opera
teatrının xor heyətinə qəbul olunub. Tezliklə
o, yardımçı aktyor kimi sözsüz və epizod
rollarda, qısa vaxtdan sonra "Arşın mal alan"
operettasında Vəli rolunda oynayıb. 1938-ci
ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı
yarananda L.Abdullayev truppaya qəbul edilib. Teatr
1949-cu ilin yazında maliyyə çətinliyi ilə
bağlı fəaliyyətini dayandırmalı olanda
L.Abdullayev Milli Dram Teatrına keçib. Burada Tulio
("Rəqs müəllimi", Lope de Veqa), Rəşid
("Kimdir müqəssir?", Georgi
Mdivani), Tağı ("Köhnə duman", Əbdürrəhim
bəy Haqverdiyev), Oddamdı ("Od gəlini", Cəfər
Cabbarlı), Nadir ("Çiçəklənən
arzular", Məmmədhüseyin Təhmasib) rollarında
çıxış edib. İki ildən sonra o, Azərbaycan
Dövlət Filarmoniyasının nəzdində estrada ansamblı kimi çıxış edən
muskomediya truppasında işləməyə başlayıb. 1956-cı ildə Azərbaycan Dövlət Musiqili
Komediya Teatrının Azərbaycan və rus bölmələri
Şəmsi Bədəlbəylinin bədii rəhbərliyi ilə
yenidən fəaliyyətə başlayıb. L.Abdullayev teatrın aparıcı sənətkarı
kimi Musiqili Komediya Teatrının, demək olar, ən populyar,
uğurlu və uzunömürlü tamaşalarında
çıxış edib.
Tədqiqatçılar yazır ki, onun
yaradıcılığını üç bölümə
ayırmaq olar-klassik operettalarda oynadığı rollar, tərcümə
əsərlərində ifa etdiyi səhnə surətləri,
çağdaş bəstəkarların musiqili
komediyalarında yaratdığı koloritli personajlar.
Böyük
sənətkarın klassik operettalardakı rollar
siyahısına Üzeyir bəy Hacıbəyovun əsərlərində
oynadığı Vəli və Soltan bəy
("Arşın mal alan"), Hambal, Cəfər və Məşədi
İbad ("Məşədi İbad"), Zülfüqar bəy
Hacıbəyovun əsərlərində ifa etdiyi Kəblə
Heydər ("Evliykən subay"), Vəli və Sandro
("Aşıq Qərib"), Qulu ("Əlli
yaşında cavan") obrazları daxildir. Tədqiqatçılar
yazır ki, aktyorun milli və tərcümə klassik əsərlər
əsasında müasir bəstəkarların musiqi bəstələdikləri
komediyalardakı Kərim ("Lənkəran xanının vəziri",
Mirzə Fətəli Axundov və Niyazi), Qulaməli ("Dərviş
Məstəli şah", Mirzə Fətəli Axundov və
musiqi tərtibçisi Şəmsəddin Fətullayev),
Trufaldino ("İki ağanın bir nökəri", Karlo
Haldoni və musiqi tərtibçisi Şəmsəddin Fətullayev),
Hacı Qara ("Hacı Qara", Mirzə Fətəli Axundov
və Vasif Adıgözəlov ilə Ramiz Mustafayev), Baqqal
("Keçmişin məişət səhnələri",
Mirzə Ələkbər Sabirin satirik şeirləri əsasında
libretto, müəllifi Soltan Dadaşov və bəstəkar
Vasif Adıgözəlov) rollarını da buraya daxil etmək
olar.
Tərcümə
edilən musiqili komediyada oynadığı komik personajlar:
Hamlet ("Tiflis nəğməsi", Levon Çubabiriya və
Şoto Milorava), Avo ("Şirin
arzular"), Çako ("Keto və Kote", Vladimir Dolidze).
Tədqiqatçıların yazdığına görə, aktyorun əlvan yaradıcılığında çağdaş sənətkarların yazdıqları musiqili komediyalarda oynadığı rollar çoxluq təşkil edir. Bunlardan əsasları Möhsün ("Beş manatlıq gəlin", Məmməd Səid Ordubadi və Səid Rüstəmov), Qoşun ("Toy kimindir?", Məhərrəm Əlizadə və Soltan Hacıbəyov), Qəhrəman ("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov), Dursun və Kərim kişi ("Durna", Süleyman Rüstəm və Səid Rüstəmov), Məhəmməd ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov), Güloğlan ("Kəndimizin mahnısı", Kərim Kərimov və Zakir Bağırov), Şakir ("Qızıl axtaranlar", Həsən Seyidbəyli və Tofiq Quliyev), Dilavərzadə ("Rəisin arvadı", Məhərrəm Əlizadə və Səid Rüstəmov), Səməndər ("Bir dəqiqə", Məhərrəm Əlizadə və Hacı Xanməmmədov), Hacı Kərim ("Hacı Kərimin Aya səyahəti", Qulamrza Cəmşidi ilə Əbülfəz Hüseyni və Azər Rzayev), Murtuzov və Alanzadə, Eynəkii ("Özümüz bilərik", "Olmadı elə, oldu belə" və "Milyonçunun dilənçi oğlu", Şıxəli Qurbanov və Süleyman Ələsgərov), Darçmov ("Səndən mənə yar olmaz", Məhərrəm Əlizadə və Əşrəf Abbasov), Səbrəli ("Bizə bircə xal lazımdır", Qulamrza Cəmşidi ilə Bəşir Səfəroğlu və Telman Hacıyev), Qüdrət Səda ("Haradasan, ay subaylıq?", Salam Qədirzadə və Süleyman Ələsgərov), Cabbar ("Axırı yaxşı olar", Rəfiq Zəka Xəndan və Ramiz Mustafayev), Məmmədəli ("Məmmədəli kurorta gedir", Atif Zeynallı və Tofiq Bakıxanov ilə Nəriman Məmmədov), Polad baba ("Dağlar qoynunda", Ədil İsgəndərov və Əşrəf Abbasov), Ələsgər ("Həmişəxanım", Salam Qədirzadə və Süleyman Ələsgərov), Mitoş ("Hicran", Sabit Rəhman və Emin Mahmudov (Sabitoğlu) obrazlarıdır.
Tədqiqatçılar yazır ki, L.Abdullayev həm də populyar kino aktyoru idi. Kinoda ilk və son dərəcə uğurlu işi Rza Təhmasibin 1945-ci ildə lentə aldığı "Arşın mal alan" filmində Vəli rolu olub. O bu rola görə 1946-cı ildə Stalin mükafatına (sonralar "SSRİ Dövlət mükafatı" adlanıb) layiq görülüb. L.Abdullayev həmçinin "Əhməd haradadır?" (Zülümov), "Ulduz" (Məhəmməd), "Qəribə əhvalat" (Kefçilov) filmlərinə çəkilib.
Öz yaradıcılığında "Qaravəlli" oyun-tamaşa estetikasının "açıq yumor" üslubundan daha çox bəhrələnən L.Abdullayev tipik xarakterlər yaratmağa üstünlük verib. Bu barədə yazan tədqiqatçılar qeyd edir ki, sözügedən istiqamətdə əsasən şarjla qroteskə əsaslanıb. Zil olmayan, lakin şirin ləhcəli avazını oynadığı obrazların xarakterinə uyğunlaşdırmağı məharətlə bacarıb.
Tədqiqatçıların qeyd etdiyinə görə, yaradıcılıq uğurlarına və Musiqili Komediya Teatrının inkişafındakı xidmətlərinə görə 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti və 24 may 1960-cı ildə ona xalq artisti fəxri adı verilib. Xalqın bütün zümrələrinin sevimli aktyorlarından olan L.Abdullayev 9 dekabr 1973-cü ildə Bakıda vəfat edib. Məzarı ikinci Fəxri Xiyabandadır. Bakıda adına küçə var.
Azərbaycan səhnəsinin bənzərsiz aktyoru L.Abdullayev yaddaşlarda həm böyük sənətkar, həm də gözəl ata, ləyaqətli insan, hər kəsə əl tutan, yardım edən şəxsiyyət kimi qalıb. Deyirlər çörək verən kişi olub Lütfəli müəllim. Onun süfrəsindən kasıb tələbələr, aktyorlar hər zaman bəhrələnib. L.Abdullayev ölməyib, yaratdığı obrazlarla əbədilik qazanıb.
İradə
SARIYEVA
Bakı Xəbər.-
2015.- 5 noyabr.- S.15.