6 noyabr - Azərbaycan radiosunun yarandığı tarix...

 

XX əsrin ikinci onilliyinin sonlarına yaxın ictimai-siyasi, sosial-mədəni həyatımızda böyük bir hadisə baş verdi. O hadisənin yaratdığı təsir günümüzə qədər öz gücünü, əzmini daşıyıb gətirə bilib. 6 noyabr Azərbaycan Respublikasında radio-televiziya işçilərinin peşə bayramı kimi qeyd edilir. Azərbaycan Dövlət Radiosunun yaranması bu mühüm sahənin ölkəmizdə əsasını qoydu.

Uzun illər bizimlə qulaq yoldaşı olan doğma Azərbaycan radiosunun bu il 89 yaşı, gələn il isə 90 yaşı olacaq.

Qeyd edək ki, Azərbaycan Dövlət Radiosu 6 noyabr 1926-cı ildə yaradılıb və hazırda Azərbaycan Dövlət Teleradio Şirkətinin tərkibinə daxil olan Azərbaycan Dövlət Radiosunun 3 proqramı və 1 səsyazma evi mövcuddur. Azərbaycan Dövlət Radiosu (indiki adı ilə Radio Respublika) 105 FM dalğasında yayımlanır. Azərbaycan Dövlət Radiosunda ictimai-siyasi proqramlar, ədəbiyyat və incəsənət, baş proqramlar direksiyası, musiqi verilişləri, təhsil və elmi-kütləvi proqramlar, Beynəlxalq Azərbaycan radiosu, xalq yaradıcılığı, gənclik və idman, uşaq verilişləri, xəbərlər, rejissorlar qrupu, direktorlar şöbəsi, rus dilində yayım şöbəsi fəaliyyət göstərir. Milli Televiziya və Radio Şurasının 31 avqust 2005-ci il tarixli qərarı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə radio yayımı üçün xüsusi razılıq (lisenziya) verilib.

 

"Danışır Bakı!"

Azərbaycan Radiosunun yaranması tarixi haqqında tədqiqat aparan alimlər yazır ki, Azərbaycan radiosu 1926-cı il noyabrın 6-da yaradılıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə "Danışır Bakı!" ifadəsi ətrafa yayıldı. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilirdilər. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.

Tədqiqatçılar yazır ki, ilk dövrdə Bakı studiyası indiki İstiqlaliyyət küçəsi 10 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasının (keçmiş İsmailliyyə) üçüncü mərtəbəsində, cəmi 3 otaqda fəaliyyət göstərirdi.

Şəhər yayım şəbəkəsinin mərkəzi məntəqəsi sayılan birinci otaqda bütün divar boyu böyük lampalarla təchiz olunan aparatlar qoyulurdu. İkinci otaq studiyaya giriş idi. Efirə çıxmaq üçün dəvət olunanlar burada öz növbəsini gözləyirdilər. Ondan sol tərəfdə kiçik bir kabinə var idi. Bu kabinədən studiyanın içərisini görmək və nəzarət etmək üçün balaca bir pəncərə açılırdı. Tədqiqatçılar yazır ki, pəncərənin qarşısında adi çemodanın içində qurulan aparat bir tərəfdən studiyanın mikrofonunu, digər tərəfdən isə nəqledici xətti birləşdirirdi.

Üçüncü otağın döşəməsinə türkmən xalıları salınmışdı, divarları tünd yaşıl məxmərlə örtülən studiya yerləşirdi. Otağın yuxarı tərəfində mizin üstündə kub şəklində bir mikrofon var idi. Studiyanın ortasında "Steinway" royalı qoyulmuş, divarlar boyu stullar düzülmüşdü.

Studiyanın giriş otağından soldakı kiçik otaqda müdir, hesabdar və yazı makinasında işləyən katibə otururdular. Həmin yerdəki B-4 tipli radioqəbuledici aparatın vasitəsilə müdir radio verilişlərinin texniki keyfiyyətini yoxlayırdı.

Tədqiqatçılar yazır ki, 1925-ci il aprelin 22-də Azərbaycan Xalq Komissarları Soveti Bakıda əhatə dairəsi 600 kilometr olan geniş yayımlı radio verilişləri stansiyası tikməyi qərara aldı. 1928-ci il mayın 13-də Azərbaycan Xalq Komissarları Soveti radionun əsasnaməsini təsdiq etdi.

1932-ci ilin aprelində radio yayımı orqanı Mərkəzi İcraiyyə Komitəsindən alınaraq Xalq Komissarları Sovetinin tabeliyinə verildi. 1932-ci il iyulun 5-də Azərbaycan MİK Radio Yayımı üzrə Mərkəzi Komitənin yaradılması barədə qərar qəbul etdi. 1933-cü il mayın 5-də Azərbaycan Xalq Komissarları Soveti yanında Radiolaşdırma və Radio Verilişləri Komitəsi yaradıldı. 1939-cu ilin avqustunda Radiolaşdırma və Radio Verilişləri Komitəsi Radioinformasiya Komitəsinə çevrildi. 1953-cü ildə Radioinformasiya Komitəsi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi və Mədəniyyət Nazirliyinin Radioinformasiya İdarəsi adlandırıldı.

 

Bölgələr də radiolaşır...

1957-ci ildə Radioinformasiya İdarəsi və Bakı Televiziya Studiyası birləşdirilərək Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsi yaradıldı.

1970-ci ildə Dövlət Radio və Televiziya Verilişləri Komitəsi təsis edildi. 1991-ci ildə Dövlət Televiziya və Radio Verilişləri Komitəsi şirkətə çevrildi. 2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti yaradıldı.

Tədqiqatçılar yazır ki, radio RV-47-dən beynəlxalq yayımadək böyük bir yol keçib. Qeyd edilənə görə, proqramlar zəif sayılan RV-47 stansiyası vasitəsilə yayımlanırdı. Studiyadan kənar 1 saatlıq veriliş yaymaq üçün 3 gün hazırlıq görülürdü. 1929-cu ildə radiostansiya Bakı Baş Poçt-Teleqraf binasına köçdüyü üçün radio əməkdaşlarının iş şəraiti yaxşılaşır, efirdə patefondan istifadə edilməyə başlanır, mikrofonlar, gücləndirici aparatlar təkmilləşdirilir. Həmin ilin sonuna yaxın RV-8 stansiyası istifadəyə verilir. Bundan sonra efirə gedən verilişlərin və proqramların forma və məzmununda dəyişikliklər baş verir.

1920-25-ci illərdə yalnız Bakıda və təkcə 1 ədəd 10 kilovat gücündə qığılcımlı stansiya işləyirdisə, radionun fəaliyyətə başlamasından bir il sonra respublikada artıq 110 stasionar və 36 səyyar radio qurğusu fəaliyyət göstərirdi. 1930-cu ildə ölkədə cəmi 269 radioyayım məntəqəsi olduğu halda, 1932-ci ilin sonunda onların sayı 20409-a çatmışdı. Həmin dövrdə radio artıq mənzillərə, fəhlə klublarına ayaq açaraq mədəniyyətin inkişafında özünəməxsus rol oynamağa başladı.

1933-cü ildə Azərbaycan radiosunun gündəlik verilişlərinin həcmi 8,5 saata çatdı. Bu dövrdə texniki vasitələrin inkişafı Azərbaycanın ucqar kənd və rayonlarının sakinlərinə də radioya qulaq asmaq imkanı yaratdı.

1936-cı ildə Bakıda 35 kilovat gücündə yeni radio stansiyasının işə salınması ilə Azərbaycan radiosunun verilişləri Qafqazda, Özbəkistanda, Türkmənistanda, hətta Qara dənizin şərq sahillərində eşidildi. 1940-cı ilin sonunda ölkə ərazisində radio nöqtələrinin sayı 51 minə çatdı. 32 rayonda yerli radio verilişləri redaksiyaları fəaliyyətə başladı. 1960-cı ilin noyabrında Bakı-Ağstafa radiorele xətti istifadəyə verildi. 1961-ci ildə Gəncə, Göyçay və Şuşada ötürücü stansiyalar işə düşdü. Azərbaycan radiosu yarandığı gündən indiyə qədər çox böyük inkişaf yolu adlayıb, çox qiymətli işlər görülüb burada. Radio hər birimiz üçün dəyərlidir. Bu sahəyə ömür verən fədakar insanların əməyi unudulmazdır. Radioda ilk cığırları açan şəxsiyyətlərin, demək olar ki, hamısı haqq dünyasındadır, ancaq onların ölməz sənətləri yaşayır.

Radionun cığıraçanlarından danışan tədqiqatçılar yazır ki,

əvvəlcə Bakı studiyası öz verilişlərini bir saat ərzində yayırdı. Bir aydan sonra bu verilişlərin həcmi 3 saata çatıb. Verilişlər və konsertlər Azərbaycan, rus və erməni dillərində yayımlanırdı. Gündəlik proqramı radionun ilk müdiri olan Verle özü tərtib edirdi.

 

Azərbaycan radiosunda yeni istiqamətlər...

Studiyadan əsasən partiya qəzetlərinin baş məqalələri oxunur, partiya konfransları, qurultaylar, konsert proqramları, xanəndələrin çıxışları, elanlar səslənir, ədəbiyyatımızda, incəsənətimizdə baş verən mühüm hadisələr radio verilişlərində öz əksini tapırdı. Radionun yaratdığı publisistik və ədəbi dram verilişləri Azərbaycan dilinin qorunmasında, onun inkişaf etdirilməsində böyük rol oynadı. Həftədə bir dəfə axşam saat 9-da tanınmış şairlər mikrofon qarşısında çıxış edirdilər. Efirdə "Satira atəşilə", "Ədəbiyyatın vəzifələri", "Yeni həyat uğrunda", "Radio saatı" kimi verilişlər səsləndirilirdi. Binanın Sabir bağına baxan tərəfində, ikinci mərtəbə səviyyəsində quraşdırılan iri reproduktor vasitəsilə radionun səsi ətraf küçələrə də yayılırdı. Sabir bağında həmişə böyük qələbəlik olurdu, skamyalarda yer tapa bilməyənlər verilən konsertlərə ayaq üstə qulaq asardılar. 1928-ci ildə Bakıya qonaq gələn Maksim Qorki ilə təşkil olunan görüş Azərbaycan Elmlər Akademiyasının böyük salonundan radio ilə yayımlanır. Azərbaycan sakinləri görüşdə çıxış edən yazıçının səsini radiodan dinləyirlər. İlk verilişlərin hazırlanmasında Azərbaycan ədəbiyyatı və incəsənətinin görkəmli xadimləri fəal iştirak edirdilər. Bədii və musiqili verilişlərin müəllifləri Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Səməd Vurğun, Hüseynqulu Sarabski, Bülbül, Mustafa Mərdanov və başqaları idi.

1927-ci ilin fevral-mart aylarında radioya yeni kadrların cəlb olunması prosesi başlanır. Həmin ilin ortalarında Zülfüqar Hacıbəyov radionun Şərq musiqisi, Presman isə Qərb musiqisi üzrə rəhbərləri təyin olunurlar. Diktor və aktyor qrupları yaradılır.

 

İlk azərbaycanlı diktorlarımız...

Radionun tarixini araşdıran tədqiqatçılar radionun ilk azərbaycanlı diktorlarından da bəhs edir. Onlar yazır ki, radionun ilk azərbaycanlı kişi diktoru Azərbaycan Politexnik İnstitutunun tələbəsi İsmayıl Əlibəyov, ilk azərbaycanlı qadın diktoru isə Azərbaycan Dövlət Darülfünunun hüquq-iqtisad fakültəsinin tələbəsi Raya İmanzadə olub.

1927-ci ilin payızında İsmayıl Əlibəyov baş diktor vəzifəsinə təyin edilir. Raya İmanzadə ilə Azərbaycan Dövlət Gənclər Teatrının əməkdaşı Ənvər Həsənov 1928-ci ildə radioda diktor kimi fəaliyyətə başlayırlar. Bu dövrdə məşhur şair Hüseyn Natiq (o, II Dünya Müharibəsində həlak olub), Səməd Səmədov (sonralar Buzovna qəsəbəsində birləşmiş xəstəxanada həkim kimi fəaliyyət göstərdi), hərbçi Əsgər Mövsümzadə, əməkdar artist Leyla Terequlova, filoloq Soltan Nəcəfov, şairə Mirvarid Dilbazi, Hüseyn Qafarlı, Rafiq Ağayev də diktor vəzifəsində çalışıblar.

Azərbaycan radiosunun inkişaf etdiyi sonrakı mərhələdə isə Fatma Cabbarova, Züleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Aydın Qaradağlı, Nizami Məmmədov, Sabutay Quliyev, Ramiz Mustafayev kimi ustad diktorlar yetişib.

 

Radionun Müslüm Maqomayev dövrü...

Tədqiqatçılar yazır ki, 1929-cu ilin oktyabrında məşhur bəstəkar Müslüm Maqomayev Bakı radiosunun musiqi rəhbəri təyin olunur. Həmin dövrdə Azərbaycan radiosunun verilişləri Müslüm Maqomayevin bəstələdiyi "RV-8" radio marşı ilə açılırdı. Bu məşhur əsər 1929-cu ilin sonunda işə salınan RV radiostansiyasına həsr edilib. Marş ilk dəfə elə həmin studiyada ifa olunub. 1932-ci ildə Müslüm Maqomayev Üzeyir Hacıbəyovla birlikdə Radio Komitəsində ilk notlu Şərq alətləri orkestrinin yaradılmasına nail olub. Bu orkestrin yaradılması radionun musiqi proqramlarının inkişafına böyük təsir göstərdi. Bir neçə il sonra məhz həmin orkestrin vasitəsilə Niyazi, Fikrət Əmirov, Səid Rüstəmov, Əşrəf Abbasov, Ağabacı Rzayeva, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Nəriman Əzimov kimi bəstəkarlar və çoxsaylı musiqiçilər radiodan böyük yaradıcı həyata qədəm qoydular.

Radioda o zamanın məşhur incəsənət xadimləri Cabbar Qaryağdıoğlu, Ələsgər Abdullayev, Keçəçi oğlu Məhəmməd, Seyid Şuşinski, Hüseynağa Hacıbababəyov, Hüseynqulu Sarabski, Bülbül, Qurban Pirimov, Niyazi, Səltənət Qacar, Zülfü Adıgözəlov, Zülfüqar Sarıyev, Əlövsət Sadıqov, Yavər Kələntərli, Cahan Talışinskaya, Cəvahir Firudinbəyli, Əhməd Bakıxanov, Bəhram Mansurov, Teyyub Dəmirov, Əhəd Əliyev, Azərbaycan Dövlət Opera və Balet Teatrının orkestri çıxış edirdi. 1933-cü il martın 8-i axşam saat 8-də Müslüm Maqomayevin təşəbbüsü ilə radioda "Çahargah gecəsi" adlı muğam konserti təşkil olunur. Konsertdə xanəndələr Cabbar Qaryağdıoğlu, Məşədi Bilal, artistlər Hüseynqulu Sarabski, Zülfü Adıgözəlov, Yavər Kələntərli, Zülfüqar Sarıyev, tarzənlər Qurban Pirimov, Əhməd Bakıxanov, Bəhram Mansurov, Xosrov Məlikov, kamançaçılar Qılman Salahov, Hafiz Mirzəliyev və başqaları iştirak ediblər. İki saata qədər davam edən konsertdə "Çahargah"ın "Bəstənigar", "Hisar", "Müxalif", "Mənsuriyyə", "Hüzzal" şöbələri və onlara uyğun təsniflər ifa edilib.

Tədqiqatçılar yazır ki, Hüseynqulu Sarabski, Hüseynağa Hacıbababəyov, Yavər və Münəvvər Kələntərlilər, Zülfüqar Sarıyev, Əlövsət Sadıqov və Bikə Səmədzadəni radioda işə məhz Müslüm Maqomayev götürür. O, radioda ən yaxşı musiqi əsərlərinin səsləndirilməsinə çalışır. Radioda verilən 400 musiqi əsəri araşdırılır və onlardan 100-ü saxlanır. Maqomayev müxtəlif bəstəkarlara yeni mahnılar və əsərlər yazmağı sifariş etməyi də unutmur.

 

Məmməd Səid Ordubadi radioda...

Tədqiqatçılar yazır ki, ədəbi verilişlər redaksiyasına rəhbərlik edən M.S.Ordubadi radio üçün şeir, hekayə, felyetonlarla yanaşı, tamaşalar da yazırdı. Hamının böyük məhəbbətlə "Mirzə" deyə müraciət etdiyi istedadlı ədib aktyorların və diktorların ifa edəcəkləri rolları qabaqcadan müəyyən edirdi. Ordubadinin təşəbbüsü ilə 1931-ci ilin iyun ayında radionun diktorlarından ibarət dram dəstəsi yaradılır. Soltan Nəcəfov, Leyla Terequlova, Məryəm Xudaverdiyeva, Həyat Musayeva, Yelena Orbeliani və Nina Petrova bu dəstənin fəal üzvü olurlar. Dəstəyə Leyla Terequlova rejissorluq edirdi. Dəstə üzvləri kiçikhəcmli radio kompozisiyaları, səhnəciklər hazırlayır, bədii qiraətlə məşğul olurdular. Səhnəciklərə musiqini Müslüm Maqomayev bəstələyirdi. Məmməd Səid Ordubadinin "Aprel gəlini", "İstiqraz", "Çobanlar", "6 nömrəli otaq", Soltan Nəcəfovun "Təchizat parazitləri", "Rot-front", "Orucunuz qəbul!" və "Din tacirləri" kimi səhnəciklərinə efir həyatı verilir. Ordubadi radioya Cəfər Cabbarlı, Hüseyn Cavid, Mikayıl Müşfiq, Seyid Hüseyn, Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, Mehdi Hüseyn, Sabit Rəhman, Mircəlal Paşayev kimi nasir və şairləri cəlb etməklə efirdə yeni əsərlərin tez-tez səslənməsinə nail olurdu. Artıq 20-ci illərin sonlarında bütün radio məhsulunun üçdə biri bədii verilişlərdən ibarət idi. Radionun fəaliyyət dövründə M.Ə.Sabir, Ü.Hacıbəyov, C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, M.Müşfiq, H.Cavid, S.Hüseyn, Ə.Cavad, M.C.Paşayev, S.Vurğun, M.Hüseyn, R.Rza, S.Rəhman, İ.Əfəndiyev, B.Vahabzadə, İ.Şıxlı, S.Dağlı, S.Qədirzadə, İ.Hüseynov, Anar, Elçin, H.Seyidbəyli, İ.Qasımov, İ.Məlikzadə və digər görkəmli nasir və şairlərimizin sənət əsərlərinin radiodan səsləndirilməsi ədəbi dilin inkişaf etməsinə, yad təsirlərdən qorunmasına xidmət edib.

İradə SARIYEVA

Baki öəbər.- 2015.- 6 noyabr.- S.- 15