Beynəlxalq Tolerantlıq
Günündə İlham Əliyevin dünyaya fakt nümayişi...
Adil Səmədov: "Dövlətin gücü
əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin,
mədəniyyətlərin və sivilizasiyaların birgə
yaşayışındadır"
"Azərbaycan Prezidenti bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır"
16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür. Beynəlxalq Tolerantlıq Günü 1995-ci ildə UNESCO-nun 50 illiyi münasibətilə təsis edilib. Bu əlamətdar gün ölkəmizdə də qeyd edilir. Bakı Slavyan Universitetində Beynəlxalq Tolerantlıq Gününə həsr edilmiş tədbir keçirilib.
Bununla əlaqədar BSU-nun professor-müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən "dəyirmi masa"da BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Aygül Hacıyeva günün əhəmiyyətindən danışıb. Bildirilib ki, 1995-ci ildə UNESCO tərəfindən qəbul edilən "Tolerantlıq prinsipləri Bəyannaməsi"nə əsasən, 16 noyabr Beynəlxalq tolerantlıq günü elan edilib. Azərbaycanda tarix boyu hökm sürən multikultural dəyərlər və tolerant mühitdən söz açan Aygül Hacıyeva mərhum Heydər Əliyev və onun siyasi kursunun davamçısı İlham Əliyevin bu sahədəki xidmətlərini diqqətə çatdırıb.
Tədbirdə BSU-nun Müasir Azərbaycan dili kafedrasının dosenti Şəkər Orucova multikulturalizm və tolerantlıq anlayışlarının mahiyyətini qeyd edib. Onun sözlərinə görə, multikulturalizm eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü olan siyasətdir. Multikulturalizmin əsasını tolerantlıq, qanunlara, bir-birinin azadlığına hörmət hissi təşkil edir.
Elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov, BSU-nun tədris şöbəsinin müdiri Məmmədtağı Rzayev və Multikulturalizm kafedrasının dosenti Rauf Hacı çıxışlarında multikultural, tolerant və humanist dəyərlərin Heydər Əliyev siyasətinin əsasında durduğunu vurğulayıblar. Natiqlər bildiriblər ki, ulu öndərin bu siyasəti XX əsrin 90-cı illərində Azərbaycanı nəinki vətəndaş müharibəsindən xilas etdi, hətta Azərbaycanın multikultural dəyərlərini bir model olaraq formalaşdırdı. Hazırda Azərbaycanda 30-dan artıq azsaylı xalq, etnik qrup və milli azlıq yaşasa da, onların çoxu respublikamızın qanunları çərçivəsində onlarçün yaradılmış azadlıqlardan bəhrələnməklə öz din, dil və mədəniyyətlərini inkişaf etdirir.
Azərbaycan tolerantlıq sahəsində daha nələri edib?
Tolerantlıq mövzusunda bir neçə kitabın müəllifi olan Adil Səmədov qəzetimizə açıqlamasında bildirdi ki, bu günün təsis edilməsində məqsəd, qurumun da nizamnaməsində qeyd olunduğu kimi, dünyada hamıya bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır: "Azərbaycan indi bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Ölkəmizin tolerantlığın qorunub saxlanması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır.
Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Prezident İlham Əliyevin dindarlarla keçirdiyi görüşlər, Ramazan bayramlarında ənənəvi olaraq din xadimləri ilə iftar süfrələrində birgə iştirakı və bu mərasimlərə Azərbaycanda mövcud digər dini icmaların nümayəndələrinin də qatılması ölkədə tolerant düşüncənin artıq tam bərqərar olduğunu göstərir. Prezident dindarlarla görüşlərində islam dininə elmi yanaşmanı, islam elminin və fəlsəfəsinin öyrənilməsini mühüm şərt kimi səciyyələndirir.
Prezident İlham Əliyev Bakıda keçirilən "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" beynəlxalq konfransda da bir daha bəyan edib ki, dünyada sülhün, əminamanlığın təmin edilməsi, asayişin qorunması üçün mütləq dinlərarası münasibət, dinlərarası dialoq gücləndirilməlidir.
Dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgə yaşayışında görən Azərbaycan Prezidenti bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır".
Məhəmmədəli
QƏRİBLİ
Bakı
xəbər.- 2015.- 18 noyabr.- S.- 3