Müstəqillik dövrünün Azərbaycan kinosuna dövlət diqqəti...

Müstəqillik dövrü Azərbaycan kinosu haqqında danışarkən çağdaş kinomuza verilən dövlət dəstəyini mütləq qeyd etməliyik. Özünün yeni dövrünü yaşayan Azərbaycan kinosunun xeyli uğurları var və yeni filmlər çəkilib. Dövlətin kinoya göstərdiyi davamlı maddi yardım sayəsində Azərbaycanda kino sənayesi yenidən qurulur. Artıq kinonun bir sıra vacib xətləri inkişaf etməkdədir.

Müstəqil Azərbaycan inkişaf etdikcə, iqtisadi cəhətdən gücü artdıqca, bütün sahələrlə yanaşı, mədəniyyətə, onun vacib qollarından biri olan kinoya da diqqət, qayğı artırıldı. Azərbaycan kinosu son on-on beş ildə inkişaf relsinə düşdü. Ümidi tükdən asılı olan kino adamları bu qayğı sayəsində dirçəldi, yeni yaradıcılıq planlarını reallaşdırdı. Çoxları güman edirdi ki, Azərbaycan kinsu taqətdən düşüb və o bir daha ayağa qalxa bilməyəcək. Lakin dövlətin göstərdiyi güclü dəstək nəticəsində kinonun büdrəyən dizi gücləndi və irəliyə addımlamağa başladı. Son on beş il ərzində Azərbaycan dövlətinin kinoya qoyduğu vəsaitin məbləği davamlı şəkildə artırılır. Məlumat üçün qeyd edək ki, bu sahəyə 2000-ci ildə 600 min, 2004-cü ildə 850 min, 2005-ci ildə 1 milyon 400 min, 2006-cı ildə 2 milyon, 2007-ci ildə isə 3 milyon 300 min manat vəsait ayrılıb. Bu vəsaitə uyğun olaraq əvvəllər 3-4 ildə cəmi 1-2 bədii film çəkilirdisə və ya heç çəkilmirdisə, son 5-6 il ərzində "Ovsunçu", "Hacı Qara", "Küçələrə su səpmişəm", "Arxada qalmış gələcək", "Girov", "Əlvida, cənub şəhəri", "Cavid ömrü", "Hökmdarın taleyi", "Manifest", "Biz qayıdacağıq" kimi 15 bədii film, habelə bir neçə sənədli və cizgi filmləri çəkilib.

Onu da vurğulayaq ki, 2007-ci il fevralın 20-də Prezident İlham Əliyev "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" Sərəncam imzaladı. Bu sərəncam kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni bir təkan verdi. "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın icrası ilə əlaqədar işlər il ərzində davam etdirilib. Nazirliyin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında "Buta", "Tərsinə çevrilmiş dünya", "Əlavə təsir", "Vəkil haradadır?" filmləri, müstəqil kino şirkətlərində "Sahə", "Ölüm növbəsi", "Aktrisa", "Kabusun gözüylə" filmləri çəkilib. "Qisas almadan ölmə" filmi də son illərin maraqlı ekran işlərindəndir. Bundan başqa, "Ondan yaxşı qardaş yox idi", "Mən evimə qayıdıram", "Dolu", "Canlı" bədii filmlərinin də çəkilişləri həyata keçirilib. "Onun ürəyi" qısametrajlı musiqili nağıl filmi də dövlət büdcəsi hesabına ərsəyə gəlib.

"Salnamə" və "Yaddaş" studiyalarında bir sıra sənədli filmlər - "İz...Qala", "Qafqaz qartalının uçuşu", "Neft akademiyası", "Qarabağa gedən yollar", görkəmli sənət adamlarından Tahir Salahov, Elmira Şahtaxtinskaya və Cənnət Səlimovaya həsr olunan ekran əsərləri çəkilib.

Onu da vurğulayaq ki, son illər mütəmadi olaraq xarici ölkələrdə Milli Kino Həftəsi keçirilir. Özbəkistanda "Azərbaycan kinosu həftəsi", Bakıda isə "Özbəkistan kinosu həftəsi", həmçinin Rusiya kinosu günləri, Avropa filmləri festivalı, Yaponiya, Türkiyə kinosu həftələri gerçəkləşib. "Bu meydan, bu ekran" və "Vətən and yerimizdir" kino layihələri müsabiqələri keçirilib və onların nəticələrinə əsasən qısametrajlı bədii filmlər çəkilir. Kino sahəsində gənclərlə işə xüsusi diqqət ayrılır. Keçən illər ərzində kino istehsalına ayrılan ümumi vəsaitin 63 faizi debütantların filmlərinə yönəldilib.

Onu da vurğulayaq ki, 2011-ci il fevralın 14-də isə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin bazasında "Mədəniyyət" kanalı fəaliyyətə başlayıb.

Məlum olduğu kimi, son zamanlar müasir Azərbaycan kinosunun inkişafında dövlətin böyük rolu var. Son illər kino ilə bağlı böyük işlər görülüb, yeni filmlər çəkilib. Məlum olduğu kimi, SSRİ-nin dağılması ilə əlaqədar kino sahəsində kadrların hazırlanmasında da ciddi problemlər yaranıb və bu sahədə müəyyən çətinliklər yaşanırdı. Lakin ölkə başçısı İlham Əliyevin son illər verdiyi sərəncamlardan sonra kinonun bütün sahələrinin problemlərinin həllinə başlanıb.

Bu sərəncamlarda respublikamızda, eyni zamanda, dünyanın bir neçə ölkəsində Azərbaycan kinosu üçün kadrların hazırlanması məsələsi də öz əksini tapıb. Onu da qeyd edək ki, yerli və xarici filmlərin yüksək səviyyədə nümayiş etdirilməsi üçün kinoteatrların dünya standartlarına uyğun yenidən qurulması əsas vəzifə kimi qarşıya qoyulub. "Nizami" Kino Mərkəzi yalnız kinoteatr kimi deyil, həm də tarixi abidə kimi qorunduğu üçün ən müasir tələblərə cavab verən formada yenidən bərpa edilib, ən müasir texniki avadanlıqlarla təchiz olunub. Bəlli olduğu kimi, 2008-ci il avqustun 4-də cənab Prezidentin Sərəncamı ilə təsdiq olunan "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" artıq öz müsbət nəticələrini verməkdədir. Belə ki, proqramın qəbulundan sonra kino sənətimizdə əsaslı yeniliklər müşahidə olunmağa başlandı. Kinoda yeni inkişaf tendensiyası yarandı. Bu həm filmlərin çəkilişində, həm nümayişində, həm də texniki təchizatın gücləndirilməsində özünü büruzə verir. Onu da bildirək ki, son bir neçə ildə Azərbaycanda dövlət sifarişi ilə 70-dən çox sənədli, 30-dək tammetrajlı film çəkilib. "Sübhün elçisi", "Qırmızı bağ", "Qorxma, mən səninləyəm-2" filmləri müxtəlif mövzu və janrda istehsal olunan ekran əsərləridir. 2006-2011-ci illərdə ekran əsərlərimiz 40-dək ölkədə, 100-dən artıq festivalda uğurla iştirak edib. Təkcə ötən il gənc kinematoqraflarımızın çəkdikləri qısametrajlı bədii filmlər 25-dən artıq beynəlxalq kinofestivalda göstərilib.

64-cü Beynəlxalq Kann Kinofestivalında ilk dəfə olaraq Azərbaycan pavilyonu təşkil olunub. Londonda keçirilən "XV Rainbow" Beynəlxalq Film Festivalında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" Kinostudiyasında lentə alınmış "Çölçü" filmi "Ən yaxşı bədii film" nominasiyasında mükafatlandırılıb.

Kinoşünaslar bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ümumi iqtisadi, sosial və mədəni inkişafı kino sənətinin də böyük uğurlar qazanmasına şərait yaradacaq, Azərbaycan kinosu layiq olduğu yüksək sənət zirvələrinə ucalacaq. Ekspertlər bildirir ki, milli kinomuzun keçən illərdə çəkilən filmləri tamaşaçıların indi də sevdiyi filmlər sırasındadır. Yaşlı və orta nəslin nümayəndələri illər əvvəl çəkilən filmlərə indi də böyük maraq və nostalgiya hissilə baxır. Ancaq su bir yerdə dayana bilmədiyi kimi, kino mədəniyyətimiz də inkişafdan qala bilməz. Yeni kinonun tələblərilə köhnə kinonun şərtləri arasında böyük fərqlər var. Buna görə də onların bir-birindən seçilməsi təbiidir. Əslində çağdaş kino ilə illər öncə çəkilən filmlər arasında yaxınlıq və doğmalıq da var, olmalıdır da. Bu da ondan ibarətdir ki, milli kinomuzun seçdiyi dəst-xətt hər zaman milli olub və ictimai, eləcə də dövlətçilik maraqlarına xidmət edib. İstənilən filmimizdə ictimaiyyəti maraqlandıran məsələlər öz əksini tapıb. İndi çəkilən filmlərdə də o ideya davam etdirilir. Azərbaycan kinosunun günü-gündən inkişaf etməsi, özünə yeni yaradıcılıq xətti seçməsi diqqəti cəlb edir. Bir tərəfdən kino ictimaiyyətinin, başqa bir yandan dövlətin milli kinoya isti münasibət və qayğısı kinomuzun daha uzaqlara gedəcəyinə bir təkandır.

Kinoşünas Aydın Kazımzadənin bildirdiyinə görə, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamı kino sənətinin sürətli inkişafına böyük təkan oldu: "Sirr deyil ki, Dövlət Proqramına qədər kinomuzun perspektivi elə də ümid doğurmurdu. Hətta kino məmurları belə onun gələcəyinə ümid bəsləmirdi. Bu da faktdır ki, keçən əsrin 90-cı illərindən başlayaraq Azərbaycanda kommersiya filmlərinin çəkilişlərinə başlanıb. "Yarasa" və digər bir-iki filmi çıxmaq şərtilə, o biri filmlərin səviyyəsi elə də yüksək deyildi. "Yarasa"nın gücü onda idi ki, peşəkar rejissor tərəfindən ekranlaşdırılmışdı. Kommersiya filmlərinin kinomuzun inkişafına, milli kino industriyasının yaranmasına heç bir xeyri olmadı. Məlumdur ki, bu dövrdə kommersiya filmlərinin bir çoxunun çəkilməsində məqsəd heç də kinonun inkişafına nail olmaq deyil, kinodan pul qazanmaq idi. Bəllidir ki, kommersiya kinosunun gəlir gətirmək imkanı olmadı. Bu da kinomuzun dayaqlarının laxlamasına səbəb oldu. Sözsüz ki, bundan peşəkar kino işçiləri daha çox zərər çəkdi. Çətin dövr yaşamasına, bir sıra itkilərə məruz qalmasına baxmayaraq, Azərbaycan kinosu sınmadı, dövlət qayğısı nəticəsində yenidən həyata qayıda bildi".

Kino tarixçisinin sözlərinə görə, Azərbaycan kinosunun inkişafı dövlət qayğısı ilə bağlıdır. O bildirdi ki, uzun illər milli kinomuz qayğıdan məhrum edilib: "Hər kəsə bəllidir ki, Azərbaycan kinosunun ən böyük himayədarı ulu öndər Heydər Əliyev olub. Onun sovet dövründə Azərbaycan Respublikasına rəhbərlik etdiyi vaxt çoxlu filmlər çəkilib. Həmin filmlər də Azərbaycan ictimaiyyətinin, xalqının maraqlarını əks etdirib. Heydər Əliyev kinoya həmişə böyük qayğı və diqqət göstərib. Onun bu qayğı ənənəsi indi də davam etdirilir. Azərbaycan kinosu son beş-altı ildir ki, inkişaf yolunu tutub. Təbii ki, dövlət qayğısı olmadan buna nail olmaq çox çətin idi. Çünki kino sənayesinin yenidən qurulması üçün kinematoqraflara külli məbləğdə vəsait lazım idi. O vəsaitin isə kimlərsə tərəfindən kinoya ayrılması müşkül məsələ olduğuna görə kinomuzun gələcəyi sual altında idi. Maliyyə mənbəyi olmadan kino inkişaf edə bilməzdi. Kinonun ağır günündə dövlət ona yardım əlini uzatdı. Ümumiyyətlə, ən ağır dövrlərdə belə, dövlət büdcəsi hesabına, az da olsa, filmlər istehsal olunurdu. Bu filmlər də çox zaman nümayiş etdirilmədiyi üçün tamaşaçıların ondan xəbəri olmurdu. Ancaq "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamdan sonra kinomuzun həyatında yeni bir səhifə açıldı. Bunu kino yaradıcılığında böyük bir hadisə saymaq olar. Çünki bu Dövlət Proqramında kino yaradıcılığından tutmuş, onun texniki problemlərinə, kadr hazırlığı kimi gərəkli bir məsələyə geniş yer ayrılıb. Bu gün o proqramın müxtəlif bəndləri icra edilir. "Azərbaycanfilm" Kinostudiyası artıq təmir olunub, Dövlət Film Fondu üçün yeni bina tikilib. Azərbaycandan kənarda saxlanan filmlərimizin ölkəmizə gətirilməsi prosesinə başlanıb. Yeni filmlər çəkilir, gənclərə öz yaradıcılıq potensialını ortaya qoymaq üçün şərait yaradılır. Artıq gənc kinematoqraflar öz filmlərini çəkir. Bu gün dövlət sifarişi ilə ekranlaşdırılan filmlərə zəruri vəsait ayrılır, hətta xaricdən texniki avadanlıqlar da alınıb gətirilir. Filmlərin montaj prosesi bəzən xaricdə aparılır. Hər şey ideya və ssenaridən başlayır. Uğurun əsası budur. Yaxşı ssenari olmasa, istənilən texniki element, gözəl aktyor oyunu, ən müasir effektlər və s. kölgədə qalacaq. Bu gün çalışmaq lazımdır ki, dövlətin etimadı doğrulsun. Texnika sarıdan korluğumuz yoxdur, amma sirr deyil ki, peşəkarlıq problemləri hələ də mövcuddur".

Azərbaycan dövlətinin kino siyasəti peşəkarlar tərəfindən dəstəklənir. Onlar hesab edirlər ki, kinomuzun inkişafı üçün böyük şərait var və onun gələcəyi işıqlıdır.

Azəraycan dövlətinin kino sənətinə böyük qayğısını dəyərləndirən xalq artisti Hacı İsmayılov qeyd edib ki, Azərbaycan kinosuna qayğı siyasətinin əsasını Heydər Əliyev qoyub: "Ulu öndərimiz istənilən mədəniyyət hadisəsini yüksək qiymətləndirirdi. Yaradıcı insanlara xüsusi qayğı göstərirdi. Yadımdadır ki, "Ad günü" filminə baxıb çox bəyənmişdi. O vaxt SSRİ-nin İrandakı səfiri Vinoqradov Moskvaya gedərkən yolunu Bakıdan salmışdı. Ulu öndərimiz onunla birgə "Ad günü" filminə baxmışdı. Vinoqradov İrana qayıdanda ulu öndərimizdən xahiş etmişdi ki, filmin bir nüsxəsini onlara versinlər. Film həmin vaxt Dövlət Mükafatına layiq görülüb. O mükafatı ulu öndərimiz şəxsən özü bizə təqdim etdi. Həmin gün həyatımın ən unudulmaz günü kimi yadımda qalıb. Ulu öndərimiz yalnız kinoya deyil, Azərbaycanın bütün sahələrinə diqqət və qayğı göstərirdi. Bu diqqət və qayğı bu gün də davam edir. Onun siyasətinin layiqli davamçısı İlham Əliyev mədəniyyətimizin inkişafı üçün hər zaman diqqət və qayğı göstərir".

Azərbaycan kinosu dövlət qayğısı nəticəsində inkişaf edir və son illər olduqca maraqlı ekran əsərləri meydana gəlir və bu filmlərdə Azərbaycanın dövlətçilik tarixi, xanlıqlar dövrü, müstəqillik dövrünün hadisələri əksini tapır. Kino böyük mədəniyyətdir, bu mədəniyyətin isə Azərbaycan dövləti kimi hamisi var.

İradə SARIYEVA

Bakı xəbər.- 2015.- 18 noyabr.- S.- 15