Müstəqillik
dövrünə qədərki Azərbaycan kinosu
elmi tədqiqatda...
Müstəqillik dövrü Azərbaycan kinosu haqqında danışarkən çağdaş kinomuza verilən dövlət dəstəyini mütləq qeyd etməliyik. Özünün yeni dövrünü yaşayan Azərbaycan kinosunun xeyli uğurları var və yeni filmlər çəkilib. Dövlətin kinoya göstərdiyi davamlı maddi yardım sayəsində Azərbaycanda kino sənayesi yenidən qurulur. Artıq kinonun bir sıra vacib xətləri inkişaf etməkdədir. Milli kinomuzun ən parlaq dövrlərindən olan keçən əsrin 80-ci illərini də xatırlamalıyıq.
Çünki müstəqillik ideyasının cücərtiləri həmin filmlərdə təcəssüm olunub.
Azərbaycan kinosunun keçən əsrin 80-ci illər dövründən müasir çağlara qədərki mərhələsini araşdıran əməkdar incəsənət xadimi, görkəmli kinoşünas Aydın Kazımzadə çox maraqlı tədqiqat materialı ortaya qoyub.
A.Kazımzadə qeyd edir ki, ötən yüzilliyin 80-90-cı illərində çəkilən filmlərdə bu məsələlərin necə həll olunduğunu görmək çətin deyil. Ekspert bildirir ki, Tofiq Tağızadənin "Babamızın babasının babası", "Bağ mövsümü", Rasim Ocaqovun "Bağlı qapı", "Park", "Özgə ömür", "Həm ziyarət, həm ticarət", "Ölsəm, bağışla", "İşgüzar səfər" (rej. R.İsmayılov), "İmtahan" (rej. G.Əzimzadə, Ş.Ələkbərov), "Sahilsiz gecə" (rej. Ş.Ələkbərov), "Gecə qatarında qətl" (rej. Ə.Mahmudov), "Sarı gəlin" (rej. Y.Rzayev), "Gümüşgöl əfsanəsi", "Nə gözəldir bu dünya" (rej. E.Quliyev), "Göz qabağında şeytan" (rej. O.Mir-Qasım), "Fəryad" (rej. C.Mirzəyev) filmlərində kinematoqraflar kinonu real həyata bir qədər də yaxınlaşdıra bilib, kinoda uydurma personajlar canlı insanlarla əvəz olunub: "Biz bu filmlərdə ideoloji kinonun personajlarını, demək olar ki, görmürük. Rasim Ocaqovu bir rejissor kimi daim psixoloji, materialına görə sadə, lakin düşündürən, məzmunca dərin dramaturgiya maraqlandırırdı. "Ad günü" televiziya filmindən başlayaraq onun çəkdiyi kinolentlər materialına, janrına, bədii səviyyəsinə görə müxtəlifdir. Amma bu filmləri bir amal birləşdirir: insan mənəviyyatını tədqiq etmək, insanların psixologiyasını və onların mühitini öyrənmək. "İstintaq" və sonrakı filmlərində çalışıb ki, ölkədəki sistemin çürüklüyünü, bürokratçılığı, insanların çətin həyat tərzini və bununla bağlı onların mənəvi-əxlaqi keyfiyyətlərini göstərsin. Bu günün tamaşaçıları "Bağlı qapı" kino əsərinə baxarkən personajların yaşayıb yaratdıqları zamanın ovqatını duyub hiss edir, sosial şəraitlərini, məişət qayğılarını görüb müəyyən nəticəyə gələ bilirlər. Belə bir yalançı "əxlaq qaydaları" şəraitində yaşayıb fəaliyyət göstərən "Bağlı qapı" filminin gənc qəhrəmanı müxtəlif vəziyyətlərə düşsə də, hər addımda çətinliklər qarşısında qalsa da, öz mənliyini, insanlıq ləyaqətini qoruyub saxlaya bilir. Film aktual sosial-mənəvi problemlər qaldırır, əxlaqi mahiyyət daşıyır, ibrətamiz, bir növ, eyhamlı hekayə təsiri bağışlayır. "Park" filmində qəhrəmanın üzləşdiyi sınaqlar daha mürəkkəbdir. Bu sınaqlar Maratın daxili aləmində ziddiyyətlərin yaranmasına səbəb olur. Qəhrəman ətrafındakılardan deyil, özü-özündən, daxilində gedən münaqişədən mənliyini qoruyub saxlamaq məcburiyyətində qalır. Psixoloji kinodram olan bu film sosial və mənəvi problemlərə toxunmaqla yanaşı, gənclərin dünyagörüşündən, onların həyat mövqeyindən danışır. Burada həyata baxışlar, məhəbbət, dostluq, xarakterlər toqquşur, qorxaqlıqla cəsarət, yalanla həqiqət, mənəviyyatla mənəviyyatsızlıq bir-biri ilə mübarizə aparır. Gənc fəhlə Marat ümumi vacib işin naminə şəxsi maraqdan yüksəkdə durur. "Park"dan fərqli olaraq "Özgə ömür" filmində şəxsiyyətin ikiyə bölünməsi faktı ilə üzləşirik. Bu dramatik film Bakıda ali məktəblərdən birinə rəhbərlik edən Fariz Rzayevin, təzadlı həyat sürən insanın faciəsindən bəhs edir. Bir tərəfdən iş yoldaşı ilə sevişən əməkdaşın məsələsini özü üçün ayırd etmədən onu əxlaq pozğunluğu adı altında işdən qovur, digər tərəfdən özü tənha qonşu qadınla gizli yaxınlıq edir, bu qadınla oğrun-oğrun yaşayır. Necə deyərlər, öz gözündə tiri görmür, başqasında tük axtarır. Film insanlar arasında, ələlxüsus da ailədə qarşılıqlı münasibətlərin vacibliyindən söhbət açır. Filmə baxarkən belə nəticəyə gəlirsən ki, bu, həyatın mənası, ikili həyat keçirməyin faciəsi haqqında psixoloji düşüncələrdir".
Tədqiqatçı yazır ki, tamaşaçıları 1947-ci ilin Bakısına qaytaran və müharibədən çıxmış, onun ağrı-acılarını görmüş adamların həyatından bəhs edən "Ölsəm, bağışla" filmi məhəbbət və ölüm haqqındadır. Elə bir məhəbbət ki, insan qəlbini pis fikirlərdən, pis əməllərdən xilas edir, onu təmizləyir, paklaşdırır: "Rejissor bu filmində də mənəvi saflaşma probleminə toxunub. Həyat filmin qəhrəmanı Yusifi ağır sınaqlardan çıxarır, onu sərtləşdirir. Filmin sonunda qəhrəman həlak olur. Lakin onun qəlbi hər cür natəmiz fikirlərdən təmizlənir. Axı o, ölümündən bir qədər əvvəl sevib-sevilib... Baş qəhrəmanları itlər olan filmlər kinematoqrafiyada az deyil. İlk baxışda "Bağ mövsümü" bədii filmi də bu kateqoriyaya aiddir. Çünki burada Toplan adlı itin taleyindən danışılır. Bu iti küçük ikən Abşeron kənd sakini, sürücü Ağababa tapıb evinə gətirib və it böyük, mehriban ailənin üzvü olub. Lakin müəlliflərin qarşısında qoyulan məsələ daha mürəkkəb idi. Toplanın hərəkətləri vasitəsilə kinopovestin dərin mənasını açmaq, mənəvi - əxlaqi problemlərə toxunmaq, yoldan çıxmanın nə kimi ağır nəticələr verdiyini və mənən alçalmanı göstərmək, tamaşaçı qarşısında belə bir sual qoymaq: Ağababanın evində baş verən dramatik hadisəyə görə kimdir günahkar?
İlk baxışda heç də mürəkkəb bir süjetə, dramaturgiyaya malik olmayan bu filmin çox qüvvətli və aktual ideyası var: mənəvi saflıq, mənəvi yüksəklik! Filmdə rəmzi xarakter daşıyan və əsərin ideyasının açılması üçün vasitə olan Toplanın aqibəti, onun yağlı tikələrə şirnikləndirilməsi səhnələri təsadüfən düşünülməyib. İtin tədricən ona doğma həyətdən didərgin düşüb, özgə qapılarda sülənməsi tamaşaçını dərin düşüncələrə sövq edir. Hər bir sənət adamını müasir mövzu, insani münasibətlər, hər bir kəsin həyatda öz yerini axtarıb tapması problemləri daim düşündürür. "Gümüşgöl əfsanəsi" filmindən göründüyü kimi, müəllifləri gənclərimizin bir hissəsinin infantilliyi, uşaqlıq dövrünün xüsusiyyətlərini özlərində saxlamaları çox ciddi narahat edib. Həyatda hamı büdrəyə bilər: zəiflər də, güclülüər də. Lakin öz xalqına arxalananlar büdrəsələr də, mənəvi təmizlik zirvəsinə yüksəlmək üçün böyük imkana malikdirlər. Filmin hikməti bundadır. Azərbaycan kino tarixində filmin nümayişi ilə bağlı kütləvi tamaşaçı fəallığına nadir hallarda rast gəlmək olardı. Əlbəttə, vaxtilə dövlət əhəmiyyətli siyasi filmlərə kütləvi baxışlar keçirilir, sonra da mətbuat səhifələrində müxtəlif peşə adamlarının çıxışları təşkil olunurdu. Bütün bunlar ictimai rəy kimi oxuculara təqdim edilirdi. Amma yazıçı Elçinin "Toyuğun diri qalması" povesti əsasında ekranlaşdırılmış "Sahilsiz gecə" televiziya filmi tamamilə başqa məqsədlə tamaşaçı fəallığına səbəb olmuşdu. Film 30-cu illərin repressiyasının qurbanlarına, "xalq düşməni"nin qızının acı taleyinə həsr olunub. Zibeydənin həyat nümunəsində film aktual əxlaqi-etik problemlərə toxunur. Ehtiyac yetim qızı öz taleyini istədiyi kimi qurmağa imkan vermir. Riyakarlıq, idealların satqınlığı cəmiyyətdə fahişəlik kimi təzahürü yaradır. Dürdanə mənəvi və fiziki pozğunluğun caynağından canını qurtara bilir, öz çətin səadətinə qovuşa bilir. Zibeydə isə axına düşüb gedir. Yalnız qoca vaxtında tənhalığın acısını dadır. Bu filmin yaranması Azərbaycan kinosunda bir çox mövzulara qoyulan qadağaların ləğv edilməsi sayəsində mümkün olub. Qəhrəmanların faciəli talelərindən söhbət açaraq, filmin müəllifləri əxlaqsızlıq kimi sosial bəlanın səbəblərini araşdırmağa səy göstərmiş, öz qəhrəmanlarına ürək ağrısı və mərhəmətlə yanaşıblar. Filmin mövzusu əvvəlcədən çoxlarını çaşdırmışdı. Lakin kimsə bu mövzunu işləməli idi. Bu cəsarətli və qətiyyətli addımı rejissor Ş.Ələkbərov atdı və gözlənildiyi kimi, tamaşaçılar, xüsusilə qadın tamaşaçıları tərəfindən böyük hay-küyə səbəb oldu. Qeyd etmək lazımdır ki, filmdə heç də söhbət iki-üç əxlaqsız qadından deyil, qadınları bu yollara salan səbəblərdən gedir. Digər tərəfdən filmdə qaldırılan problemlər təkcə Azərbaycana aid deyil. Kinoşünas Ə.Hüseynov çox doğru olaraq yazır ki, "Sahilsiz gecə" filmində gördüklərini yalnız təmkinlə, ağılla təhlil edən tamaşaçı duya bilər ki, burada bizim əxlaqımızı Zibeydələr yox, Ağagüllər, Nisələr, qardaşı Zibeydəyə vurulan tələbə oğlanın bacısı kimi təmiz insanlar təmsil edirlər. Bunun üçün isə "məhdud baxış bucağının" məngənəsindən çıxıb filmin təsvir bölümlərini ayrı-ayrılıqda yox, bir kül halında qavramağa çalışmaq lazımdır".
Tədqiqatçılar qeyd edir ki, keçən əsrin 80-ci illərinin sonunda Moskvanın irəli sürdüyü "Yenidənqurma modeli" təkcə Rusiyaya yox, bütün müttəfiq respublikalara, o cümlədən Azərbaycana da şamil edildi. Onun qeyd etdiyinə görə, az vaxtdan sonra məlum oldu ki, bu model istənilən nəticələri vermədi: "Bütün bu özfəaliyyətlərin - yenidənqurma adı altında həyata keçirilən layihələrin praktik əhəmiyyəti yox idi. Həmin dövrdə çəkilən filmlərdə yaxın keçmişdən həyatımızın eybəcər cəhətləri aydın şəkildə öz əksini tapırdı. Cəmiyyət bu eybəcərliklərdən xəbərdar idi. Ancaq ikili həyat yaşayaraq bütün bunlara göz yumurdu. Vicdanı təmiz adamlar zahiri təmtərağa və gurultulu şüarlara elə alışmışdı ki, nəyin doğru, nəyin yalan olduğunu seçə bilmirdilər. Kinematoqraflarımız filmlərində belə ağır və mürəkkəb mövzunu komediya janrında həll etməyə çalışırdılar. Çünki kinokomediya güldürür, düşündürür, yumor vasitəsilə çox ciddi məsələlərə toxunur. Rejissor Vaqif Mustafayevin "Yaramaz" satirik kinokomediyasının personajı Hətəmi həyatda işi düz gətirməyən adam adlandırırlar. Sadəlövhlüyü, təmizliyi ucbatından belələri "işgüzar adamlar" tərəfindən lağa qoyulur, ələ salınır. Hər tərəfdə alver gedir, oğurluq edilir, adamlar bir-birini aldadırlar. Bütün bunlar Hətəmin gözləri qarşısında baş verir. Nəhayət Hətəm də "ağıllanmağı" qərara alır və gözlənilmədən çox qısa müddət ərzində ağlasığmaz uğurlar qazanır, suvenir fabrikinin direktoru olur. Eyni zamanda "işgüzar" adamlara xas olan keyfiyyətlərə yiyələnir, yalançılıq, amansızlıq və satqınlıq onun iliyinə işləyir. Pul onun qəlbinin təmizliyini əlindən alır. Yaxşı adamın pis adama çevrilməsi prosesi haqqında olan bu film ekssentrik komediya, qrotesk və satira dili ilə, özünəməxsus formada danışır. Filmdə fantaziya, yumor, həyat müşahidələri, dəqiq zarisovkalar yerində işlənib. "Yaramaz", qeyri-şərtsiz, biz tamaşaçılara çox vacib mənəviyyat dərsi verir. Sənətdə, o cümlədən kinoda yüksək əxlaq vətəndaşlığın ifadəsidir. Baş verən hadisələrdə mənəviyyatın təcəssüm olunması vasitəsilə film qarşısına qoyduğu vəzifəni - tərbiyəvi funksiyasını yerinə yetirir. Mənəviyyat insanın hərtərəfli həyat fəaliyyətini - onun gördüyü işləri, adamların ünsiyyət saxlamalarını, bir-birinin işinə yaramalarını, insanın ətraf aləmlə əlaqəsini əhatə edir".
Müstəqillik dövr Azərbaycan kinosunun bir qismini təhlil edən tədqiqatçı bildirir ki, onların əksəriyyəti janr baxımından yaxındır. Onun yazdığına görə, biz bunu müxtəlif janrlarda - sosial dramda ("Sahilsiz gecə", "Otel otağı", "Odla qol-boyun"), psixoloji dramda ("Ovsunçu", "Güllələnmə təxirə salınır", "Vahimə"), lirik komediyada ("Yuxu), satirik melodramda ("Nə gözəldir bu dünya"), faciəvi komediyada ("Sarı gəlin", "Həm ziyarət, həm ticarət") və digər janrlarda çəkilmiş filmlərdə görə bilərik: "Bu və son illərin digər filmlərində kino işçiləri ekranı real həyata bir qədər də yaxınlaşdıra bilmiş, uydurma kino personajları canlı insanlarla əvəz olunmuşlar. Bu filmlərdə ideoloji kinonun personajları, demək olar ki, görünmür. Bu qəbildən olan kino əsərlərində faktlar, həyat və insanlar mənəviyyat prizması vasitəsilə göstərilir. Müasir həyatımızın problemlərindən bəhs edən "Nə gözəldir bu dünya" satirik melodramında göstərilir ki, bazar iqtisadiyyatına keçəndən sonra ruhi xəstəliklər xəstəxanası vəsaitsiz qalır. Baş həkim xəstələri evlərinə buraxır. Lakin məlum olur ki, ətraf bu xəstələrdən betər xəstədir. Film ruhi xəstələrin həyatından danışsa da, əslində burada cəmiyyətimizdə, elə ətrafımızda baş verən eybəcərliklər, çatışmazlıqlar acı gülüşlə tamaşaçılara çatdırılır. Biz filmdə iki aləmlə qarşılaşırıq. Biri ruhi xəstələrin yaşadıqları xəstəxanadır. Digəri isə xəstəxanadan kənarda olan şəhər evləri, ofislər, qaynar küçələrdir, kapitalist həyat tərzinə uyğunlaşmağa çalışan insanlardır, cəmiyyətin özüdür. Dərman olmadığına görə evə buraxılmış xəstələr bu həyat tərzinə, öz qohumlarının, yaxınlarının qeyri-insani rəftarlarına, onların mənəviyyatsızlıqlarına, etik qaydalara riayət etməmələrinə dözməyib xəstəxanaya - "bu gözəl, gözəl həyata" qayıdırlar. Əgər kino sənətinin daha yaxşı xarakterik xüsusiyyətlərini təyin etməyə çalışsaq, ilk növbədə, yaradıcılıq axtarışlarının müxtəlifliyi ilə qarşılaşacağıq. Kinematoqraf bu günün ən vacib problemlərini əhatə etməyə, tarixi tədqiq etməyə, gələcəyə nəzər salmağa çalışır. Bütün bunların arxasında kino sənətinin mənəvi həyatın, əxlaqın və mənəviyyatın problemlərinə xüsusi bağlılığını görmək çətin deyil. Həmin mövzuda filmlər kəmiyyətcə çoxalıb, ən əsası isə müxtəlif nəsillərdən olan sənətkarların bu sahədə bədii axtarışlarının səmərəliliyi xeyli yüksəlib.
Biz bunu ailə-məişət mövzusunda çəkilən, lakin böyük əksəriyyəti bir-birini təkrarlayan və son vaxtlar televiziya ekranlarında nümayiş etdirilən seriallar haqqında deyə bilmərik. Çünki müəlliflər bu seriallarda insan amilini, insan mənəviyyatını ön plana çəkməyə
İradə SARIYEVA
Bakı
xəbər.- 2015.- 18 noyabr.- S.- 15