Azərbaycan mədəniyyəti
UNESCO xətti ilə dünya müstəvisində...
Azərbaycan
dövlətinin mədəniyyət, elm və təhsil siyasəti
inkişafa, tərəqqiyə doğru istiqamət
götürüb. Məlum olduğu
kimi, Azərbaycan, bir
sıra sahələr kimi, bu
yöndə də beynəlxalq əlaqələr qurur. Burada UNESCO ilə əlaqələrə xüsusi
diqqət yetirməliyik. Ölkəmizlə UNESCO arasında
ikitərəfli əməkdaşlıq nəticəsində
Azərbaycan xalqının qədim milli-mənəvi dəyərləri,
xalçaçılıq, aşıq və muğam
sənəti, tarixi abidələrimiz bu qurumda qeydiyyata
alınıb.
Onu da vurğulayaq ki, bu sahədə Heydər Əliyev Fondunun gördüyü işlərin miqyası çox genişdir. Fondun xətti ilə Azərbaycan xalqının dəyərləri bu təşkilat tərəfindən qəbul edilib, dəyərləndirilib.
Bu günlərdə Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumu keçirilib. Həmin tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iştirak ediblər.
Onu da bildirək ki, bu il UNESCO-nun Nizamnaməsinin qəbulundan 70 il ötür. Təşkilatın yaradılmasının 70 illiyi münasibətilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Azərbaycan və UNESCO əlaqələri etibarlı zəmin üzərində pərvəriş tapıb.
Elm, təhsil və mədəniyyət üzrə beynəlxalq təşkilat 16 noyabr 1945-ci ildə yaradılıb, mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə yerləşib. Təşkilatın tərkibinə dünyanın müxtəlif hissələrində yerləşmiş 67 büro və alt bölmələr daxildir.
UNESCO-nun Nizamnaməsi 1945-ci ildə London konfransında qəbul edilib, 4 noyabr 1946-cı ildə qüvvəyə minib.
1972-ci ildə UNESCO tərəfindən "Ümumdünya Mədəni və Təbii İrsin Qorunması haqqında Konvensiya" qəbul edilib.
Bu təşkilatın nizamnaməsi 1945-ci ilin noyabr ayında Londonda 44 ölkənin nümayəndələrinin qatıldığı yığıncaqda qəbul edilib. Türkiyə bu sənədi imzalayan ilk iyirmi dövlət arasındadır (UNESCO Nizamnaməsi Türkiyədə 20 may 1946-cı il tarixli və 4895 saylı qanunla təsdiq edilib).
Bu təşkilatın ali məqsədi bütün dünya ölkələri arasında elm, təhsil və mədəniyyət körpüsü salmaq və bu vasitə ilə bütün dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək göstərməkdir. Hazırda 193 dövlətin üzv olduğu UNESCO öz üzvlərinə dünya səviyyəli elmi və pedaqoji kadrların hazırlanması imkanı verməklə yanaşı, qlobal elmi layihələrdə iştirak etmək şansını da təqdim edir.
Mədəniyyətşünasların yazdığına görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra, 1992-ci il 3 iyul tarixindən UNESCO-nun üzvüdür. UNESCO ilə Azərbaycan arasındakı əlaqələrin inkişafında ən mötəbər addım Azərbaycan Respublikasının sabiq prezidenti mərhum Heydər Əliyev 1993-cü ilin dekabr ayında Fransa Respublikasında rəsmi səfərdə olarkən UNESCO-nun sabiq baş direktoru Federiko Mayerlə görüşü zamanı atılıb. 1993-cü ildə baş tutan görüşdə UNESCO-nun Azərbaycanla əlaqələrini genişləndirməyin perspektivləri müzakirə olunub, Azərbaycanda gedən müharibə, qaçqınların problemləri, müharibənin elm, təhsil, mədəniyyət sahəsində yaratdığı çətinliklərin aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparılıb.
Mədəniyyətşünaslar qeyd edir ki, UNESCO-nun Nizamnaməsinə əsasən, üzv dövlət təhsil, elm və mədəniyyətlə məşğul olan qurumların fəaliyyətini UNESCO-nun işi ilə əlaqələndirmək üçün ilk növbədə Milli Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər həyata keçirməlidir. Bu səbəblə də görüş zamanı Heydər Əliyev belə milli komissiyanın yaradılmasının vacibliyini və bu məsələ ilə bağlı təxirəsalınmaz tədbirlər görəcəyini bəyan edib.
Mədəniyyətşünaslar qeyd edir ki, 21 fevral 1994-cü ildə Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində Milli Komissiya yaradılıb. Daha sonra respublikanın müvafiq nazirlik və idarələrinin rəhbərlərindən, ziyalılardan və ictimaiyyətin digər nümayəndələrindən ibarət Milli Komissiyanın 25 nəfərlik tərkibi və daimi katibliyi formalaşdırılıb.
Bu Milli Komissiya Azərbaycanın UNESCO-dakı siyasətinin əsas istiqamətlərini müəyyən edir. Heydər Əliyev Azərbaycan və UNESCO əlaqələrinin inkişaf perspektivlərini görür və bu sahəyə hər zaman nəzarət edirdi.
Tədqiqatçılar yazır ki, Azərbaycan-UNESCO əlaqələrinin inkişafında mühüm mərhələ hesab oluna biləcək tədbirlərdən biri 1996-cı ilin klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan Məhəmməd Füzuli ili elan olunması və dünyanın bir çox ölkələrində dahi şairin 500 illik yubileyi ilə bağlı tədbirlərin keçirilməsidir. Məlumatlara görə, keçirilən bu tədbirlərlə Füzuli kimi nəhəng elm və sənət xadiminin əsərləri UNESCO-nun vasitəçiliyi ilə bir daha dünyaya nümayiş etdirildi. Dahi şairin anadan olmasının 500 illik yubileyinə həsr edilmiş təntənəli gecədə çıxış edən mərhum Heydər Əliyev dünya mədəniyyətini zənginləşdirən Füzuli irsinə yüksək qiymət verib və bu sahədə UNESCO-nun keçirdiyi tədbirləri təqdirəlayiq hesab edib. Tədqiqatçılar yazır ki, daha sonra Heydər Əliyevin təşəbbüsü ilə UNESCO ilə əlaqələri möhkəmləndirmək və Azərbaycan elminin, təhsilinin və mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan UNESCO çərçivəsində qəbul edilən bir sıra konvensiyalara qoşulub. Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında 14 may 1954-cü il tarixli Konvensiya, Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında 16 noyabr 1972-ci il tarixli Konvensiya, Asiya və Sakit okean dövlətlərində tədris kurslarının, ali təhsil haqqında diplomların və elmi dərəcələrin tanınması haqqında 16 dekabr 1983-cü il tarixli Regional Konvensiya, Mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında 14 noyabr 1970-ci il tarixli Konvensiyası Azərbaycanın qoşulduğu UNESCO konvensiyalarından yalnız bir neçəsidir.
Mədəniyyətşünaslar qeyd edir ki, Heydər Əliyev bu konvensiyalara qoşulmağın ümummilli əhəmiyyətini dərindən duyur və Azərbaycan xalqının lehinə olan hər bir sənəddən yararlanmasını arzu edirdi.
Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyev 1997-ci il sentyabrın 3-də UNESCO-nun sabiq baş direktoru Federiko Mayerə ünvanladığı məktubunda UNESCO-nun İnsanların Sülh Hüququ haqqında Bəyannaməsinin qəbul edilməsi təklifini təqdirəlayiq hal hesab etdiyini və bəyannamə layihəsini dəstəklədiyini baş direktorun diqqətinə çatdırıb. Tədqiqatçılar bildirir ki, Azərbaycan Respublikasının demokratik, hüquqi, dünyəvi dövlət kimi bundan sonra da öz siyasətini yalnız sülhün bərqərar olmasına yönəldəcəyini qeyd edib. Heydər Əliyev məktubunda xüsusilə Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində ərazimizin 20 faizinin işğal edilməsinə, 1 milyondan artıq vətəndaşımızın öz yurdlarından didərgin düşməsinə, mədəni sərvətlərimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Respublikasının sülhsevər siyasət apararaq, ölkədə siyasi sabitliyə, vətəndaş həmrəyliyinə nail olduğunu və bu münaqişəni yalnız sülh yolu ilə həll etmək niyyətində olduğunu bildirib. Heydər Əliyev bütün bunların Azərbaycanın insan hüquqlarına nə qədər hörmət etməsinin əyani sübutu olduğunu və Azərbaycan Respublikasının demokratik, hüquqi, dünyəvi dövlət kimi bundan sonra da öz siyasətini yalnız sülhün bərqərar olmasına yönəldəcəyini qeyd edib.
Onu da vurğulayaq ki, Azərbaycan mədəni irsinin dünyaya çatdırılmasında növbəti addım Heydər Əliyevin 1997-ci il aprelin 20-də "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar imzaladığı Fərman olub. Yubiley çərçivəsində elmi, ictimai-siyasi və bədii nöqteyi-nəzərdən böyük işlər görülüb və bütün bunları yüksək qiymətləndirən Heydər Əliyev "Kitabi-Dədə Qorqud" ensiklopediyasının nəşrini böyük nailiyyət adlandırıb. Bu tədbirlərə UNESCO nümayəndələri də biganə yanaşmayıb və 2000-ci il "Kitabi Dədə Qorqud" dastanının 1300 illik yubileyi ilə əlaqədar UNESCO çərçivəsində, Drezdendə, Moskvada, Türkiyənin müxtəlif şəhərlərində yubiley tədbirləri təşkil olunub. Bu tədbirlər 2000-ci ilin aprelində Bakıda Türkdilli Dövlətlər Birliyinin VI zirvə toplantısına dəvət olunmuş dövlət başçılarının iştirakı ilə keçirilmiş təntənəli yubiley mərasimi ilə başa çatıb.
21 iyun 2003-cü ildə Heydər Əliyev Azərbaycan Respublikası Mədəniyyət siyasəti üzrə milli debatların iştirakçılarına ünvanladığı müraciətdə Azərbaycan və UNESCO əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini bir daha vurğulayıb. Müraciətdə qeyd olunduğu kimi, hər bir xalqın mədəni irsi onun milli sərvətidir. Azərbaycan xalqının mədəniyyəti dünyanın ən qədim mədəniyyətlərindən sayılır. Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi söz ustalarının və "Kitabi-Dədə-Qorqud" dastanının yubileylərinin UNESCO xətti ilə yüksək səviyyədə qeyd olunması, İçərişəhər tarix-memarlıq qoruğunun "Dünya İrs Siyahısı"na salınması milli mədəniyyətimizin zənginliyinin dünya ictimaiyyəti tərəfindən qiymətləndirilməsinin parlaq təzahürüdür. Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla mədəniyyət sahəsində qurduğu geniş əməkdaşlıq əlaqələri ölkəmizin milli-mədəni ənənələrə sadiq qalaraq dünya sivilizasiyasına inteqrasiyası üçün əlverişli şərait yaradıb. Azərbaycan mədəniyyət nümunələrinin dünyaya tanıtdırılması və təhsilin, elmin inkişafı üçün UNESCO-nun rolunu əvəzsiz hesab edən Heydər Əliyev bu münasibətlərin daha da inkişaf etdirilməsinin zəruriliyini anlayır və gənclərin bu sahədə çalışmasını ürəkdən arzu edirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu mötəbər təşkilatla əlaqələrin inkişaf etdirilməsinə böyük diqqətlə yanaşır. 15 sentyabr 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UNESCO ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yeni tərkibi müəyyənləşdirilib.
İradə SARIYEVA.
Bakı
xəbər.- 2015.-21-23 noyabr.- S. 15