Bölgə teatrlarına dövlət
qayğısı –
Gəncə Dövlət Dram Teatrına
yeni bina tikilir...
Azərbaycan teatr
sənəti qədim ənənələr üzərində
pərvəriş tapıb. 1873-cü ildə Azərbaycanda
peşəkar teatrın əsası qoyulub. Ona qədərki əsrlər,
dövrlər ərzində meydan tamaşaları və s.
teatr rolunu oynayıb. O dövrdən indiyə kimi 142 ildən
artıq vaxt keçib. Artıq Azərbaycanın çox
yerində müxtəlif profilli teatrlar fəaliyyət göstərir.
Bu gün respublikamızda 27 dövlət
teatrı fəaliyyət göstərir və bu şəbəkəyə
daxil olan digər qurumların səmərəli fəaliyyətini
təmin etmək məqsədilə dövlət onlara hər
cür qayğı göstərir.
Teatrlara dövlət qayğısı ilbəil
güclənir, bu sahədə olan problemlər sıradan
çıxır. Bilirik ki, son illər həm paytaxt, həm də
bölgə teatrları təmir edilir, əsaslı şəkildə
yenidən qurulur, bəzilərinə isə yeni bina tikilir. Artıq
respublikada təmirsiz teatra çox nadir halda rast gəlmək
olar. Belə bir teatr varsa, dövlət həmin teatrın
qayğısına qalır. Məlum
olduğu kimi, Azərbaycan teatrına Heydər Əliyevin
qayğı və diqqəti misilsiz olub. Məhz
onun respublikaya rəhbərlik etdiyi dövrdə teatrların
inkişafına xüsusi önəm verilib. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev də bu qayğı siyasətini davam etdirir. Bu illərdə "Teatr və teatr fəaliyyəti
haqqında" Qanun qəbul edilib. Prezidentin 19 fevral
2007-ci il tarixdə imzaladığı
"Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi
haqqında" Sərəncamda milli mədəniyyətimizin
inkişafında böyük rol oynayan teatrların maddi-texniki
bazasının möhkəmləndirilməsi və
yaradıcılıq potensialının
yaxşılaşdırılması üçün bir
sıra tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulurdu. Dövlət
başçısının teatrla bağlı
imzaladığı hər bir sənəddə teatrın
inkişafı, tərəqqisi, işıqlı gələcəyi
yolları qeyd edilib.
Onu da bildirək ki, dövlət başçısı
İlham Əliyev tərəfindən "Azərbaycan
teatrı 2009-2019-cu illərdə" Dövlət
Proqramı"nın təsdiq edilməsi haqqında imzalanan Sərəncam
təqdirəlayiqdir. Azərbaycan teatrının zəngin bədii
irsinin və yaradıcılıq ənənələrinin
qorunması, milli-mənəvi dəyərlərin təbliği
və dünya mədəniyyətinə inteqrasiyanı təmin
etmək, milli teatr sənətinin davamlı
inkişafını dəstəkləmək məqsədilə
dövlət proqramı təsdiqlənib. Proqramda
mövcud vəziyyətə uyğun olaraq Azərbaycan
teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi,
yaradıcılıq potensialının inkişaf etdirilməsi,
habelə teatr təhsil sisteminin
yaxşılaşdırılması məqsədilə
onillik müddətinə bir sıra vacib tədbirlərin
hazırlanıb həyata keçirilməsi nəzərdə
tutulub.
Bu da faktdır ki, ölkəmizdə teatrların
maddi-texniki bazasının
yaxşılaşdırılması, yeni və təmirli
binalarla təmin edilməsi, teatrlara dövlət
qayğısının artırılması yüksək qiymətləndirilməlidir. Xatırladaq ki, bir neçə
il bundan əvvəl bəzi
teatrlarımızın, məsələn, Bakı Bələdiyyə,
Pantomima, Şuşa teatrlarının öz binaları yox idi.
Lakin bu teatrlar öz binalarından məhrum
olsalar da, böyük zəhmət nəticəsində
mövcudluğunu və tamaşaçılarını
saxlaya biliblər. Teatrların əhəmiyyətini
bilən ölkə rəhbəri dəfələrlə
bildirib ki, Azərbaycanın heç bir teatrı binasız
qalmamalıdır. Bütün bunları nəzərə
alaraq Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü
ilə adları çəkilən teatrlara kinoteatr
binalarında yer verilib. Belə ki, Bakı Bələdiyyə
Teatrına "Drujba", Pantomima teatrına "Şəfəq",
Şuşa teatrına isə "Savalan" kinoteatrlarında
yer verildi. Bu teatrlara kinoteatr binasında yer verilməsi
müsbət hal kimi qiymətləndirilməlidir.
Sözügedən Dövlət Proqramında təkcə
paytaxtda deyil, Naxçıvan Muxtar Respublikasında, həmçinin
digər bölgələrdə, o cümlədən
qaçqın və məcburi köçkünlük şəraitində
fəaliyyət göstərən dövlət teatrlarına
da hər cür zəruri qayğının göstərilməsi
nəzərdə tutulub. Əlbəttə, ilk növbədə,
bu mədəniyyət ocaqlarında maddi-texniki bazanın
möhkəmləndirilməsi ön plana çəkiləcək.
Çünki teatr sahəsində tədbirlərin
uğurlu keçməsi üçün maddi-texniki
bazanın günün tələbləri səviyyəsində
qurulması çox vacibdir. Prezidentin təsdiq
etdiyi proqramların, imzaladığı sərəncamın və
bu sahədə həyata keçirilən layihələrin məqsədi
odur ki, bütün sahələrdə baş verən
güclü inkişaf teatr aləmində də öz əksini
tapsın. Mədəniyyət
ocaqlarının salonları tamaşaçı sarıdan
korluq çəkməsin. Təqdim olunan əsərlər
müasir dünyagörüşünü əks etdirsin,
sanballı, mükəmməl təsir
bağışlasın. Yəni Azərbaycan
teatrı gələcəkdə istənilən
tamaşası ilə dünya səhnəsinə
çıxa bilsin. Müasir
inteqrasiyanın tələbi budur.
"Teatr
müqəddəs yerdir, tərbiyə ocağıdır,
orada çalışanlar fədakardırlar, fədaidirlər...
Teatr xadimləri tamaşaçıya bir söz
demək üçün, onu irəliləyişimizə mane
olanlara qarşı mübarizəyə qaldırmaq
üçün nə qədər çalışırlar.
Heç kim bilmir ki, aktyor səhnəyə
çıxıb rolu tamaşaçı qarşısında
oynadığı vaxta kimi nə qədər həyəcan,
sevinc keçirir. Mən həmişə teatra
yaxın və bağlı olmuşam. Bu,
ötəri hiss deyil, içimdən gələn bir məhəbbətdir.
Teatrı çox sevirəm. Teatra məhəbbət mənim içimdə
var"- bu fikrin müəllifi isə Heydər Əliyevdir.
Qeyd etdiyimiz kimi, paytaxt teatrları ilə bərabər
olaraq bölgə teatrlarına da qayğı davam etdirilir. 2014-cü ildə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə
Dövlət Dram Teatrının yeni binasının təməlqoyma
mərasimində iştirak edib. Gəncə
Dövlət Dram Teatrının yeni binası Gəncə
çayının sağ sahilində, Əhməd Cəmil və
Mirzə Abbas Abbaszadə küçələrinin kəsişməsində,
Məhsəti Gəncəvi Mərkəzinin
qarşısında tikilir. Yeni binanın
inşası üçün bir hektar torpaq sahəsi
ayrılıb. Ümumi sahəsi 13 min
kvadratmetr olacaq Gəncə Dövlət Dram Teatrının
binası müasir standartlara cavab verəcək.
O da
vurğulanır ki, binanın tamaşaçı zalı 520 nəfər
üçün nəzərdə tutulub. Burada
150 yerlik yeraltı avtomobil dayanacağı, birinci mərtəbədə
100 yerlik restoran, çayxana, kafe və digər iaşə
obyektləri fəaliyyət göstərəcək.
Ölkə həyatının bütün istiqamətlərində
olduğu kimi, mədəniyyət sahəsi də yüksək
səviyyədə dövlət qayğısı ilə əhatə
edilib.
Məlum
olduğu kimi, mədəniyyət və incəsənətin
inkişafına diqqət mədəniyyət ocaqlarına və
bu sahədə çalışan insanlara göstərilən
qayğıda, həmçinin ölkəmizin beynəlxalq səviyyəli
tədbirlərə ev sahibliyi etməsində
özünü büruzə verir. Dövlətimizin
başçısının mədəni həyatımızın
inkişafına qayğısı Azərbaycanda sənət
adamlarının yaradıcılıq əhval-ruhiyyəsini
artırıb. Prezident İlham Əliyevin
sərəncamlarına əsasən son illər
çoxsaylı tarixi abidə, monumental bina, maddi-mədəniyyət
ocaqlarında əsaslı təmir və yenidənqurma işləri
aparılır və ya onlar üçün yeni binalar
inşa olunur. Bu işlər bölgələrdə
də uğurla davam etdirilir. Gəncə Dövlət
Dram Teatrının yeni binasının inşası da bunun əyani
sübutudur.
Qeyd edək
ki, Gəncə Dövlət Dram Teatrı 1932-34-cü illərdə
Qırmızı bayraqlı Türk İşçi
Teatrı, 1934-35-ci illərdə Qırmızı bayraqlı
Kirovabad Teatrı, 1935-39-cu illərdə Qırmızı
bayraqlı Kirovabad Dövlət Dram Teatrı, 1939-52-ci illərdə
L.Beriya adına Qırmızı bayraqlı Kirovabad Dövlət
Dram Teatrı, 1952-64-cü illərdə Qırmızı
bayraqlı Kirovabad Dövlət Dram Teatrı, 1964-90-cı illərdə
Cəfər Cabbarlı adına Kirovabad Dövlət Dram
Teatrı, 1990-cı ildən isə Gəncə Dövlət
Dram Teatrı kimi adlandırılıb.
XIX əsrin sonlarında Gəncənin bir sıra maarifpərvər
insanlarının xüsusi təşkilatçılığı
və həvəskarların iştirakı ilə ilk dəfə
burada oynanılan tamaşalar dövrünün mütəfəkkir
və ictimai xadimi olan M.F.Axundov və N.Vəzirovun pyesləri
olub. Tədqiqatçılar
yazır ki, 1906-cı ildə yaradılmış "Gəncə
müsəlman məclisi"nin bu sahədə
xidmətləri daha önəmlidir. Ə.Haqverdiyevin 1910-cu ildə
yerli həvəskarlardan ibarət təşkil etdiyi teatr
truppasında "Ağa Məhəmməd şah Qacar"
"Dağılan tifaq",(Ə.Haqverdiyev ), "Əl-Mənsur"
( N.Heyne), "Nadanlıq" (N.Nərimanov), "Vətən"
(N.Kamal) və başqa əsərlər onların əsas
repertuarı olub. Bu illərdə Gəncədə
yaşayıb yaradan maarifpərvər ziyalı, dramaturq,
dövrünün mükəmməl teatr nəzəriyyəçisi
olan Mirzə Məhəmməd Axundzadə bir neçə
yeni dram əsərləri yazmaqla yanaşı, əcnəbi
müəlliflərin pyeslərini tərcümə edir və
teatr sənətinin dövrü üçün nəzəri
problemlərini əks etdirən "Teatro nədir?" elmi əsərini
yazır və çap etdirir. Bütün
bunlarla yanaşı, həmçinin qeyd etmək
lazımdır ki, 1915-ci ildə ilk dəfə olaraq Gəncədə
"Qız məktəbi" tələbələrinin ilk
dram truppası da yaradılır. Burada
M.C.Əmirovun "Seyfülmüllük" operası ilk dəfə
1916-cı ildə tamaşaya qoyulur. Bu illərdə
həmçinin həmkarlar klubu nəzdində dram dərnəyi
fəaliyyət göstərir. Bu dərnək
istedadlı aktyor truppası ilə yanaşı, rəngarəng
repertuarı olan, lakin dövlət statusu almamış bir
teatr idi. Burada görkəmli rejissor Adil
İsgəndərov, tanınmış sənətkarlardan
Barat Şəkinskaya, rejissor və aktyor Mir İbrahim Həmzəyev
və başqaları fəaliyyət göstərib. Tədqiqatçılar yazır ki, məhz bu truppada
fəaliyyət göstərən yaradıcı kollektivin bir
sıra aktyorları sonradan respublikanın bir sıra
teatrlarında uğurlu yaradıcılıq fəaliyyəti
göstərib.
Tədqiqatçılar
yazır ki, 1932-ci ilin dekabr ayından Gəncədə fəaliyyət
göstərən teatrın tarixi XX əsrin əvvəllərində
Bakıda yaradılmış, 1921-ci ilin noyabr ayının
13-də görkəmli aktyor Hacıağa Abbasovun təşəbbüsü
və rəhbərliyi ilə "Azad Tənqid-Təbliğ
Teatrı" kimi fəaliyyətə başlayan, sonradan
"Bakı İşçi Teatrı"nın tarixi ilə
üzvü şəkildə bağlıdır. Belə ki, məhz 1932-ci ilin dekabr ayında bu
teatrın yaradıcı kollektivi bütünlükdə Gəncəyə
köçürülür və "Tənqid-Təbliğ"
teatrı kimi fəaliyyətini Gəncədə davam etdirir.
Bu teatr haqqında bir vaxtlar görkəmli səhnə xadimi
Mehdi Məmmədov belə danışırdı:
"Teatrın yaradıcılıq yoluna nəzər salanda
iftixar hissi duyursan. Teatr daima müasirlik ruhu ilə
yaşayıb, hər zaman müasir fikirlər irəli
sürməyə can atıb". Forma
etibarilə kiçik dram əsərlərinə səhnə
təcəssümü verən, ətrafına müxtəlif
nəsli cəlb edən bu teatr özünə tam yaşama
hüququ qazandıraraq çox qısa vaxt məkanında
maraqlı repertuarı ilə tamaşaçı
auditoriyası toplaya bilib. Teatr Gəncəyə
köçdükdə Abbas Mirzə Şərifzadə,
Ağasadıq Gəraybəyli, Fatma Qədiri, İsmayıl
Talıblı, Əhməd Salahlı, İsmayıl Əfəndiyev,
Atamoğlan Rzayev kimi sənət fədailəri də Gəncəyə
köçür və öz fəaliyyətini burada davam
etdirirlər.
Gəncədə
milli professional teatr sənətinin yaranması və
inkişafında, teatrın yaradıcılıq istiqamətinin
müəyyənləşdirilməsində aktyorlardan
Kazım Ziya, Ağasadıq Gəraybəyli, Barat Şəkinskaya,
Ətayə Əliyeva, İsmayıl Talıblı, Ələkbər
Seyfi, Kərim Sultanov, Rəmziyyə xanım Veysəlova,
Əşrəf Yusifzadə, Ələddin Abbasov, Məhəmməd
Bürcəliyev, Sədayə xanım Mustafayeva,
Zülfüqar Baratzadə, rejissorlardan Mehdi Məmmədov,
Yusif Yıldız, İsmayıl Əfəndiyev, sonradan Həsən
Ağayev, Nəsir Sadıqzadə, Yusif Bağırov, gənc
rejissorlardan Vaqif Şərifov, Hilal Həsənov və
başqalarının əməyi böyük olub. Bu aktyor və rejissorlar Gəncə teatrının səhnəsində
müxtəlif səpkili pyeslərlə maraqlı obrazlar
qalereyası yaratmaqla, fundamental repertuar siyasətinin əsasını
qoymuşlar. Belə ki, "Aslan yatağı" (M.H.Təhmasib),
"İntizar" (İ.Əfəndiyev və M.Hüseyn),
"Bizim şəhərli oğlan" (K.Simonov), "Od gəlini"
(C.Cabbarlı), "Madrid" (M.İbrahimov),
"İntiqam" (Z.Xəlil), "Nə əldən qoyur, nə
yardan doyur" (Lope De Veqa), "Müfəttiş" (Qoqol),
"Ölülər" (Cəlil Məmmədquluzadə),
"Kəllə"(Nazim Hikmət), "Tülkü və
üzüm" (G.Fiqeyerdo), "Bahar" (M.H.Təhmasib),
"Böyük ürək" (H.Seyidbəyli və
İ.Qasımov), "Nəsrəddin şah"
(C.Cabbarlı), "Qoca" (M.Qorki) "Üç qəpiklik
opera" (Brext), "III-Riçard" (V.Şekspir),
"Antiqona" (Esxil), "Medeya" (Evripid), "Yad
qızı" (Orxan Kamal) tamaşaları
orjinallığı və səhnə tamlığı ilə
fəqlənmiş və yaradıcı kollektivin böyük
potensial bir qüvvəyə malik olduğunu göstərə
bilib.
2002-ci ildə
teatrın səhnəsində tamaşaya qoyulan İlyas Əfəndiyevin
"Mahnı dağlarda qaldı" tamaşası Azərbaycan
Teatr Xadimləri İttifaqının təsis etdiyi
"Qızıl Dərviş" mükafatının
"Qran Pri"sinə layiq görülüb.
2007-ci ildə gənc rejissor İ.Gözəlovanın
tamaşaya hazırladığı "Qəribə
oğlan" pyesi "Gənc rejissorların teatr
festivalı"nda uğur qazanıb.
2009-cu il. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev Azərbaycan teatrlarının inkişaf
etdirilərək sivil dövlətlərin teatrları səviyyəsinə
qaldırılması məqsədilə bir çox sərəncamlar
verib ki, onlardan biri də "Azərbaycan teatrı 2009-2019-cu
illərdə Dövlət Proqramı"nın
təsdiq edilməsi haqqında imzalanan Sərəncamdır. Həmin Sərəncamda dünya teatrlarının
iştirakı ilə elmi-praktiki konfransların, bədii qiraət
müsabiqələrinin, yeni teatr festivallarının
keçirilməsi və xarici ölkələrdə
keçirilən festivallarda iştirak etmək nəzərdə
tutulub. Mədəniyyət və Turizm Nazirliyi
də həmin sərəncamlar çərçivəsində
bu qəbildən olan silsilə tədbirləri
reallaşdırmaqdadır. Belə ki, 23-28 iyun 2009-cu il tarixlərində ilk dəfə Gəncədə
"Yeni Teatr" respublika festivalı keçirildi. Gəncə
Dövlət Dram Teatrı həmin festivala ev
sahibliyi etməklə yanaşı, Ə.Əmirlinin
"Varlı qadın" tamaşası ilə
qatılıb. 2010-cu ildə isə
yaradıcı kollektiv Elçinin "Ölüm
hökmü" tamaşası ilə "Respublika teatr
festivalı"nda uğurla çıxış edib.
2011-ci ilin aprel və may aylarında, Mir Cəlal Paşayevin doğum günü ərəfəsində teatr əməkdar artist Loğman Kərimovun quruluş verdiyi Mir Cəlal Paşayevin "Ərik ağacı" tamaşası ilə respublikanın bir çox şəhər və rayonlarında tamaşaçılar qarşısında çıxış edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramını təsdiq etməsindən sonra Gəncə Dövlət Dram Teatrı öz tarixində ilk dəfə, Mədəniyyət və Turizm Nazirliyinin birbaşa dəstək və yardımı ilə, Əli Qasımovun teatra rəhbərliyi dövründə xarici ölkəyə səfər etdi.
Teatrın olduqca uğurlu qastrol səfərləri olub. Sağlıq
olsun, başqa yazılarımızda bu uğurlara da
toxunacağıq.
İradə SARIYEVA
Yazı Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə çap
olunur.
Bakı Xəbər.-
2015.- 2 oktyabr.- S.15.