Vəfasız yubiley...
Akademik Milli Dram Teatrda Vəfa Fətullayevanın
70 illik yubileyi qeyd edildi
Məryəm
Əlizadə: "Təəssüf ki,
ağır xəstəlik Vəfanı vaxtsız apardı, çox böyük
arzuları vardı..."
Azər Paşa Nemət: "Vəfa obrazı səsi,
baxışı ilə dəyişərdi..."
Vəfa Fətullayeva
artıq əfsanəyə çevrilib, yaddaşlarda, xəyallarda qeyri-adi
bir aktrisa kimi yaşayır. Səhnə
kraliçası Hökumə Qurbanovanın və görkəmli
teatr rəssamı Nüsrət Fətullayevin
nikahından, daha dəqiq desəm, məhəbbətindən,
sevgisindən doğulan Vəfa Fətullayeva
gerçək bir sənət, səhnə
ulduzu kimi parladı, o ulduz bu
gün də parlayır, yeni
açılan sabahlar da
parlayacaq. Sevgidən doğulduğu
üçün bir nur torası idi Vəfa...
Adını Vəfa qoysalar da, ömür vəfasızlıq etdi sənətkara. Görürsünüz, bəzən ad da insanı dar ayaqda qoyur. Vəfa ayrı bir sənətkar idi. Naşı adamlar arada bir deyir ki, Vəfa Fətullayeva Hökumə Qurbanovaya görə tanınırdı, rollar oynayırdı. Kökündən yanlış fikirdir. Vəfa sənət səməndəri idi və o, bütün rollarını böyük istedadı, gözəl oyunu, obrazlara gerçək yaşantı xalları toxuya-toxuya yaradırdı. Maraqlıdır, lent yaddaşında qalan bütün rollarında biz əsərin qəhrəmanından çox Vəfa Fətullayevanı görürük, qrimsiz, bəzək-düzəksiz, sadə bir xanım kimi səhnəyə daxil olan aktrisa tamaşaçı qarşısında xarüqələr yaradırdı desəm, yəqin ki, mənə irad tutan olmaz.
42 yaşı tamam olmamış dünyadan köçən, xərçənglə mübarizədə aciz qalan Vəfa Fətullayeva 28 ildir həyatda yoxdur. 28 il əvvəl həyata "əlvida", yeni həyatına "xoş gördük, məni qarşıla" deyib o. 28 ildə bir dəfə də olsun yaddaşlardan çıxmayıb, bir dəfə də olsun unudulmayıb. Bir əfsanə kimi, bir nağıl kimi yadda qalıb. Sanki o, bu dünyaya gəlməli, yaşamalı, bənzərsiz rollar oynamalı, obrazlar yaratmalı, ona verilən missiyanı yerinə yetirməli və tez bir zamanda da getməli idi. Bəlkə də orada daha xoşbəxtdir indi...
Yaddaşlarda 42 yaşda qalan, heç zaman qocalmayan, gözəlliyini, zərifliyini, şaqraqlığını şəkillərə hopduran Vəfa xanım Fətullayevanın 70 yaşı tamam oldu. Bu il sənətkarın 70 illik yubileyidir.
Sentyabrın 30-da Mədəniyyət və Turizm Nazirliyinin və SV Media Qrupunun təşkilatçılığı ilə Akademik Milli Dram Teatrında respublikanın əməkdar artisti, Dövlət mükafatı laureatı, unudulmaz aktrisa Vəfa Fətullayevanın 70 illik yubileyi qeyd edildi.
Gecəni görkəmli teatrşünas, Vəfa Fətullayevanın uşaqlıq, gənclik dostu Məryəm xanım Əlizadə aparırdı. Yubiley gecəsində ilk olaraq Vəfa Fətullayevanın xatirəsinə həsr olunan film nümayiş olundu. Sənətkarın uşaqlığından, yeniyetməliyindən, gəncliyindən (əslində o, qocalmadı da-İ.S) soraq verən filmin kövrək səhnələrini çoxlarımız göz yaşı ilə izlədik. Film boyu tamaşaçıların üzündə sakit bir təlatüm müşahidə olunurdu. Sakit baxırdılar, ancaq gözlərdən axan yaş onu deməyə əsas verirdi ki, hər kəs ağlayır... Xoşbəxt o sənətkardır ki, onun yoxluğuna tamaşaçı göz yaşı və alqışlarla münasibət bildirir.
Biz onu Hüseyn Cavidin "İblis" pyesinin tamaşasından Rəna kimi, İslam Səfərlinin "Göz həkimin"dən İradə kimi, İlyas Əfəndiyevin "Atayevlər ailəsi" tamaşasından Lətafət kimi, Mehdi Hüseynin "Alov" tamaşasından Rəfiqə kimi yadımızda saxlamışıq. Onun daha böyük rolları olub və bütün obrazları da yaddaşlardadır. Bu rollardan başqa o, Milli Dram Teatrının səhnəsində İ.Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsərində Fəridə, "Mahnı dağlarda qaldı" tamaşasında Gülgəz, M.F.Axundovun "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyasında Şərəfnisə, M.İbrahimovun "Kəndçi qızı" əsərində Bənövşə, Anarın "Sizi deyib gəlmişəm" tamaşasında Zeynəb və s. maraqlı obrazlar yaradıb.
Gecənin aparıcısı professor Məryəm xanım Əlizadənin kövrək notlar üzərində köklən xatirələrinə qulaq asmaq həqiqətən də xoş oldu. Məryəm xanımın hər bir sözü, hər bir kəlməsi Vəfa Fətullayevanın işıqlı ömrünə ayna tuturdu.
M.Əlizadə gecəni təşkil edən qurumlara, tədbir iştirakçılarına öz təşəkkürünü bildirərək qeyd etdi ki, Vəfa Fətullayevanı uşaqlıqdan tanıyıb, bir məktəbdə oxuyublar, uzun illər rəfiqəlik ediblər: "Vəfa həqiqətən də çox gözəl, çox saf, çox mehriban bir qız idi. Şəvə kimi qara saçları, gözəl gözləri vardı. Çox nikbin idi, həyatı çox sevirdi. Mən o fikirdə deyiləm ki, Vəfa xoşbəxt deyildi. O, çox xoşbəxt idi. Böyük sənətkarın, Azərbaycan səhnəsinin görkəmli simalarından birinin, şəxsiyyətin, böyük ananın-Hökumə Qurbanovanın övladı idi. Bir məqamı da deyim ki, çox zaman anasının şöhrəti, adı ona mane olurdu. Bəzən internet saytlarında yazırlar ki, guya Vəfanı Hökumə xanıma görə səhnəyə gətirmişdilər, anasına görə ona rol verirdilər. Qətiyyən belə deyil. Onu səhnəyə Tofiq Kazımov gətirmişdi. Hökumə xanım elə əyilməz bir qadın idi ki, o, doğma balasından ötrü belə heç kəsə xahiş etməzdi. Vəfa çox istedadlı, gözəl idi, onun gözəlliyi saf, pak, bakirə idi. Mübaliğəsiz deyirəm, Vəfa səhnədə təmizliyin, paklığın heykəli olub. Düz 28 ildir dünyadan köçüb. Amma tamaşaçılar bu gün də onu unutmayıb. Elə danışırlar ki, sanki o dünən dünyadan köçüb. Vəfa səhnədə heç kəsi təqlid etməyib. Səhnəyə təmizlik, bakirəlik, gözəllik gətirib. Təəssüflənirəm ki, bəzən onun haqqında şər-böhtan, həqiqətə uyğun olmayan yazılar yazırlar. Bir dəfə oxudum ki, guya Hökumə xanım brilliant yığırmış, daş-qaş toplayırmış, onu da bir mücrüdə saxlayırmış, bir dəfə Vəfa ilə Moskvaya gedəndə o mücrünü oğurlayıblar. Vəfanın xəstəliyinə də səbəb həmin hadisə olub. Yalandır. Hökumə xanımın bəzək əşyaları çox idi. Həmin mücrü onların evində idi. Bəzən biz o bəzəklərdən istifadə edirdik. Şər yazmaq lazım deyil. Bu sözləri ona görə deyirəm ki, Vəfaya qarşı olan şər-böhtan örtüyü birdəfəlik götürülsün. Olmaz elə. Onun çox xoşbəxt həyatı olub, səhnəyə çox bağlı idi. Vəfa İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsərində Fəridə rolunu oynayıb. İnanın ki, ondan sonra heç kəs o obrazı Vəfa qədər gözəl yaratmadı. Vəfa çox dolğun həyat yaşadı. 37 yaşında əməkdar artist fəxri adına layiq görüldü, Mehdi Məmmədovun quruluş verdiyi "İblis" tamaşasında Rəna roluna görə Dövlət mükafatı aldı. O, həmçinin, komik obrazları da böyük ustalıqla yaradırdı. Hökumə xanımın vaxtilə oynadığı bir neçə rolu oynamaq Vəfaya qismət oldu. "Kəndçi qızı"nda Bənövşə, "Şöhrət və ya unudulmuş adam"da qız və başqa rolları oynadı. O heç bir vaxt Hökumə xanımı təqlid etmədi. Bəzən yazırlar ki, Vəfanın nitqində ciddi qüsur olub. Yalındır".
M.Əlizadə qeyd etdi ki, sadə, səmimi, gülərüz, mehriban Vəfa Fətullayeva həm də kübar qadın olub. Bu keyfiyyətin onun gen yaddaşı ilə bağlı olduğunu qeyd edən teatrşünas bildirdi ki, bu onun ailəsindən gəlir: "Onun atası görkəmli teatr rəssamı Nüsrət Fətullayev, əmisi aktyor Fateh Fətullayev idi. Anası Hökumə xanım böyük bəstəkarımız Müslüm Maqomayevin bacısı qızı idi. Bu ailə bütövlükdə sənətə, teatra bağlı olub. Vəfanın valideynləri ayrılmışdı, ancaq o həm atasını, həm anasını, həm də bütün qohumlarını çox sevirdi. Vəfa bu teatrda böyüyüb. O hələ 8-9 yaşında olarkən ilk dəfə səhnəyə çıxıb. Şekspirin "Qış nağılı" əsərində oğlan rolunu oynayıb. Hökumə xanım həmin tamaşada Hermiona rolunu oynayırdı. Vəfa heç kəs haqqında pis danışmazdı. İnsanları çox sevirdi, bu sevgidən ətrafına pay verməyi bacarırdı. Təəssüf ki, ağır xəstəlik Vəfanı vaxtsız apardı. Çox böyük arzuları vardı...".
Xalq artisti, görkəmli müğənni Flora Kərimova da gecədə iştirak edirdi: "Mən bu gecəyə Vəfa xanımın tamaşaçılarından biri kimi gəlmişəm. İllər nə tez keçdi. Vəfa xanımın nə tez 70 yaşı oldu. Vəfa çox maraqlı sənətkar idi, özündən sonra maraqlı rolları qalıb. Təəssüf ki, övladı olmadı, Allah ondan bunu əsirgədi". Sonra görkəmli müğənni mahnı ifa etdi.
Gecədə həmçinin Vəfa Fətullayevanın gənclik dostu, Akademik Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru Azərpaşa Nemət də çıxış etdi. O, vurğuladı ki, Vəfa Fətullayeva Azərbaycan teatrının görkəmli xanım aktrisalarından biri olub: "Vəfa xanım oynadığı rolların öhdəsindən gələn, maraqlı fikirləri olan, ehtiraslı, çılğın xanım olub. Mən və valideynlərim bu ailə ilə çox yaxın olmuşuq. Mən Hökumə xanımla yaxınlıq etməyə həmişə çəkinərdim. Bizim Hökumə xanımla münasibətlərimizin kökü də məhz Vəfa xanımla bağlıdır. Vəfanın böyüklüyü indi görünür. O, qrimdən, qeyri-adi bəzəkdən istifadə etməzdi. Vəfa obrazı səsi, baxışı ilə dəyişərdi. Bu gün belə aktrisamız çatmır".
Tədbirdə həmçinin Vəfa Fətullayevanın sənət dostu, xalq artisti Ramiz Məlik, Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Rafiq Əzimov və başqaları da çıxış etdi.
Qeyd edək ki,
Vəfa Fətullayeva 1945-ci il avqustun 25-də Bakıda anadan
olub. O, 1970-ci ildən Akademik
Milli Dram Teatrında
çalışıb. Yaradıcılığının
çiçəklənən dövründə ağır
xəstəliyə düçar olan əməkdar artist
1987-ci il mayın 21-də 42 yaşında
vəfat edib.
İşıq kimi gəldi dünyaya, işıq kimi yaşadı, işığını bu dünyada qoyub əbədiyyətə qovuşdu. Səhnə kəhkəşanında yanan çoxsaylı ulduzlardan birinin adı Vəfa Fətullayevadır.
70 yaşınız mübarək, unudulmaz Vəfa xanım!
İradə
SARIYEVA
Bakı Xəbər.- 2015.- 2
oktyabr.- S.14.