Aşıq sənətinin Ərəbzəngisi

Ulduz Sönməzin yubileyindən...

 

Ədalət Vəliyev: "Ulduz xanım aşıq sənətinin çox ləyaqətli nümayəndəsidir"

 

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə çağdaş aşıq sənətinin nümayəndəsi, görkəmli aşıq, Azərbaycan aşıq sənətini dünyanın bir sıra ölkələrində ləyaqətlə təmsil edən, festivallarda iştirak edən aşıq Ulduz Sönməzin (Quliyeva) 65 illik yubileyinə həsr edilən gecə keçirildi. Aşıq Ulduzun sentyabrın 30-da Rəşid Behbudov adına Mahnı Teatrında təşkil olunan yubiley gecəsi olduqca maraqlı keçdi. Sazın-sözün hökmranlıq etdiyi gecədə könüllərimiz saz üstündə kökləndi.

Aşıq Ulduz Sönməz aşıq sənətini qeyrətlə, sözün əsl mənasında, Ərəbzəngi qüdrəti ilə yaşadan aşıqdır. Deyərdim ki, bu gün öz ifaçılıq, bilik səviyyəsinə görə ustad sənətkar kimi özünü təsdiqləyib. Uzun illərdir aşıq sənətinin təbliği, eyni zamanda da tədrisi istiqamətində yorulmadan çalışır.

Ulduz xanım nağıllardan, dastanlardan gələn gözəllərə bənzəyir. O, səhnəyə çıxanda adama elə gəlir ki, səninlə göz-gözə dayanan bu xanım minillərin o tayından gələn dastan qəhrəmanıdır. Oturuşu-duruşu, ləngəri, ifaçılığı, ləmisi mənə çox doğmadır. Onu da bildirim ki, o, cəngavər aşıqdır. Səsi Koroğlu havalarına biçilib. Bu yaşında da eyni şövqlə, şaqraqlıqla, əzəmətlə, ilhamla oxuyur, könüldən, ürəkdən, Allahın verdiyi istedaddan qaynaqlanıb oxuyur. Elə bil ki, Gədəbəydə coşğun dağ seli çöl-çəmənə, gül-çiçəyə, yal-yamaca nəğmə oxuyur. Zərif, incə, xanım-xatın Ulduz xanım aşıq sənətinin qiymətli incilərindəndir. İnanın ki, onun haqqında başqa cür düşünə bilmirəm. Səhnəyə yaraşan, səhnəni gözəlləşdirən, işıqlandıran aşıq Ulduz sənət aləmində doğrudan da ulduz parlaqlığı, öz əzəməti ilə seçilir. Aşıq sənətini ustadlardan öyrəndiyi üçün hər bir əhvalatı, dastanı, havacatları olduğu kimi ifa edir.

Qeyd edim ki, aşıq Ulduz Sönməz 1950-ci il iyun ayının 16-da Gədəbəy rayonunun Kərimli kəndində anadan olub. Orta məktəbi də Gədəbəydə bitirən Aşıq Ulduz Bakıya gələrək Asəf Zeynallı adına musiqi məktəbinin muğam sinfinə daxil olub. Sonra Azərbaycan Dövlət Filarmoniyasında solist kimi çalışıb. Səkkiz il isə "Lalə" qızlar ansamblında solist kimi fəaliyyət göstərib. O illərdə televiziyada yayımlanan "Klassik irsimizdən" adlı verilişdə Ulduz Quliyeva ən çox Rübabə Muradova, Əbülfət Əliyev, Şövkət Ələkbərova və başqa sənətkarlarla çıxış edirdi. Ulduz xanım ustad qızıdır, atası aşıq Əsgərin barmaqlarından su içib, sənətin sirlərini əvvəlcə ondan öyrənib, sonra başqa ustadlardan bəhrələnib. O elə bir sənətkardır ki, hər zaman öyrənir, öz üzərində işləyir. Ulduz xanım çox aşıqlarla yoldaşlıq-dostluq edib, bir səhnəni bölüşüb. Aşıq İmran Həsənov, aşıq Mahmud Məmmədov, aşıq Sədi Ağstafalı, aşıq Aydın Çobanoğlu və başqaları ilə çiyin-çiyinə olub, aşıq sənətini tərənnüm edib.

Onu da vurğulayım ki, Ulduz xanım 2000-ci il 18 martda Ədliyyə Nazirliyində qeydiyyatdan keçən "Ulduz" Birliyinə rəhbərlik edir. "Qopuz" jurnalının rəhbəridir. Ulduz Quliyeva Azərbaycan aşıqlarının 1984-cü il martın 19-da keçirilən IV qurultayında iştirak edib. Onu da qeyd edim ki, aşıqlıqla yanaşı, həm də bədii yaradıcılıqla məşğul olan Ulduz xanım 3 şeir kitabının ("Vüqarımı o dağlardan almışam", "Dastan", "Saz demirmi bəs?") müəllifidir.

Ulduz Quliyeva "Azərbaycanın əməkdar incəsənət işçisi" adına layiq görülüb.

Ulduz xanımın görüşünə gələn tamaşaçıların hər biri gerçəkdən saza, onun sənətinə vurğun olan insanlar idi. Yubiley gecəsində Ulduz xanımın ifasında lent yaddaşından "Ağır şərili" havası təqdim edildi.

Gecəni Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev açaraq aşıq sənətinin böyüklüyündən, qüdrətindən danışdı. Bu sənətin böyük ənənələrə söykəndiyini vurğulayan nazir müavini qeyd etdi ki, Azərbaycan dövləti, Heydər Əliyev Fondu aşıq sənətinə, aşıqlara böyük qayğı və diqqətlə yanaşır, onların yubileylərini keçirir, onları fəxri adlarla təltif edir, aşıq festivalları təşkil edir. "Aşıq Ələsgərdən aşıq Şəmşirə qədərki dövrdə nə qədər aşıqlar yetişib. Keçən əsrin 80-90-cı illəri çox təlatümlü, mürəkkəb bir dövr idi. Həmin illərdə "Dədə Qorqud" bədii filmi çəkildi. Əslində bu, aşıq sənəti haqqında filmin çəkilməsi idi. Ondan əvvəl "Koroğlu" filmi çəkilib, bu, aşıq sənəti haqqında idi. Aşıq Ulduz aşıq sənətinin çox ləyaqətli nümayəndəsidir. Keçən əsrin 60-cı illərində Sumqayıt mədəniyyət evində aşıq solist kimi çalışırdı. 70-ci illərdə Filarmoniyanın solisti oldu. Hesab edirəm ki, 70-ci illər aşıq sənətinin intibah dövrü olub. Ulduz xanım da o dövrdə fəaliyyət göstərirdi. Sonra mən onu keçən əsrin 90-cı illərində "Aşıq Pəri" Məclisində görürdüm, o məclisin ən fəal üzvlərindən biri idi. Aşıq Ulduzun bu məclisdə çox aktiv çıxış etdiyini vurğulamaq istəyirəm. Allah Narınc Xatuna rəhmət eləsin, o da aşıq sənətinin təbliğində böyük işlər görürdü".

Nazir müavini bildirdi ki, Ulduz Quliyevanı çoxdan tanıyır və onun sənətini hər zaman izləyir. Hətta o bildirdi ki, keçən əsrin 90-cı illərində Ulduz xanımın Azərbaycan Aşıqlar Birliyinə rəhbərlik etməsini də ona təklif edib: "O vaxt Aşıqlar Birliyinin ətrafında böyük problemlər vardı və orada ab-hava olduqca pis idi. Mən o zaman Ulduz xanımı nazirliyə dəvət edib onunla görüşdümbiz vəziyyəti müzakirə etdik. Ona təklif etdim ki, Aşıqlar Birliyinin sədri olsun. O dedi ki, gərək fikirləşim, bir neçə həftədən sonra yanıma gəldi və çox dəqiq, müdrik bir qərar verdi. Dedi ki, bu Birliyə həmişə kişilər rəhbərlik edib, mən qadınam, birdən-birə ora rəhbərlik etsəm yaxşı qarşılanmaz. Mən bu işin öhdəsindən gələ bilməyəcəyəm. O adam mənə həqiqəti dedi. Bu da mənim çox xoşuma gəldi. O söhbətdən sonra Ulduz xanım yadımda doğru danışan, çox ləyaqətli, işıqlı bir aşıq, söz xridarı, qadın, ləyaqətli insan, ana-bacı kimi qaldı".

Ə.Vəliyev qeyd etdi ki, aşıq Ulduz Sönməz bu gün də aşıq sənətini ləyaqətlə təmsil ediröz ustadlığı ilə sənəti yaşadır. O həmçinin vurğuladı ki, Ulduz xanımın təşəbbüsü ilə Sumqayıt Musiqi Kollecində aşıq sənəti tədris edilib, ilk proqramı da xanım sənətkar hazırlayıb. Onun dediyinə görə, bu gün dövlət xəttilə musiqi məktəblərində, Milli Konservatoriyada, kolleclərdə aşıq sənəti tədris edilir.

Sonra nazir müavini Ulduz xanıma nazir Əbülfəs Qarayevin imzası ilə fəxri diplom təqdim etdi.

Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub da Ulduz xanım haqqında danışdı: "Aşıq sənətinə şöhrət gətirən gözəl sənətkarın, aşıq Ulduzun yubiley gecəsinə yığışmışıq. Ulduz aşıq sənətinin ulduzlarından biridir". Xalq şairi qeyd etdi ki, sənətkarın yubiley gecəsi dövlət tərəfindən keçirilir.

Tədbiri aparmaq üçün səhnəyə dəvət edilən professor Məhərrəm Qasımlı isə bildirdi ki, Ulduz xanımın neçə yaşının olmasına baxmayaraq, o hələ də 17 yaşlı gənc bir qızdır: "O, 17 yaşın içindədir. Onun gözəl çöhrəsi, şaqraq səsi, məlahəti bunu deyir. Mən onun sinəsində saz görəndə "Dədə Qorqud" dastanı yadıma düşür, orada Burla xatun da aradabir qopuzu sinəsinə basıb oxuyur. Aşıq sənətində bir neçə tarixi qadın aşıqlar olub. Onlardan biri 18-ci yüzillikdə yaşayan aşıq Zərnigar Dərbəndli, o biri aşıq Diləfruz xanım Dərbəndlidir. Hər ikisi aşıqlıq edib, deyişiblər. Bu gün də qadın aşıq sənətinin ənənəsini davam etdirən Ulduz xanım kimi aşıqlar var. Onu da deyim ki, Ulduz xanım aşıq ocağından çıxıb, atası aşıq Əsgər dövrünün tanınan, bilikli aşıqlarından olub. Məlumatıma görə, Ulduz xanımın babası da aşıq kimi fəaliyyət göstərib. Bu gün övladı Sədaqət xanım müğənni-aşıq kimi fəaliyyət göstərir, anasının yolunu davam etdirir. Ulduz xanımın saza bağlılığı genetikdir. O çox gözəl ifaçıdır, aşıq kimi dövrünün bir çox sənətkarları ilə döş-döşə gəlib, deyişib, məclis aparıb. Mən onu Abbasın Gülgəzinə, Qurbaninin Pərisinə, Valehin Zərnigarına bənzədirdim. Onlara da buta sazla verilib. İndi mən Ulduz xanımı Şah İsmayılın Ərəbzəngisinə bənzədirəm. O, Azərbaycan aşıq sənətinin Ərəbzəngisidir. Ulduz xanım meydangir aşıqdır, İmran Həsənov, aşıq Mahmud Məmmədov, aşıq Murad Niyazlı kimi Koroğluxan aşıqlarla üz-üzə oxuyub".

Sonra səhnəyə çıxan gecənin səbəbkarı aşıq Ulduz Sönməz və aşıq Qələndər Zeynalov "Şah İsmayıl" dastanından deyişmə ifa etdilər. Onları balabanda əməkdar mədəniyyət işçisi Sərdar Məmmədli müşayiət edirdi. Gecədə Elçin Xalıqoğlu və Namiq Fərhadoğlu "Ruhani", Aşıq Mahmud Məmmədov "Şəbi hicran", Aşıq Əhliman Şirvanlı "Şirvan gözəlləməsi", aşıq Şaiq İncəli və aşıq Familə Göyçəli "Baş dubeyti", aşıq Dəmir Vəliyev və aşıq Altay Məmmədli "Oğuzoğlu" havası ilə çıxış etdilər. Ulduz xanımı həmçinin aşıq İlham Aslanbəyli, aşıq Familə, aşıq Əli Tapdıqoğlu, aşıq Səlcuq Şahbazinin rəhbərlik etdiyi İran Aşıqlar Birliyinin üzvləri, xanəndələr-Gülyaz Məmmədova, Gülüstan Əliyeva, zurna ustası Zahir Zülfüqarov da öz ifaları ilə təbrik etdilər.

Böyük sənətkara, görkəmli aşığa, "Sazçı qızlar" ansamblının yaradıcısı və rəhbərinə, əziz Ulduz xanıma can sağlığı, uzun ömür, gözəl günlər diləyirəm. Ad gününüz mübarək, Ulduz xanım!

 

İradə SARIYEVA

 

Bakı Xəbər.- 2015.- 2 oktyabr.- S.12.