Bəxtiyar Vahabzadə irsinə dövlət qayğısı...

 

Azərbaycan ədəbiyyatında elə simalar var ki, onların yaradıcılığı, fəaliyyəti birbaşa xalqın, dövlətin, milli mədəniyyətin inkişafına yönəlib. Bu yaradıcı şəxsiyyətlərin fəaliyyətində, yaratdığı ədəbiyyatda xalqı, dövləti müstəqillik vüsalına qovuşdurmaq üçün uzunillik cəhdlər var. Azərbaycan poeziyasının, dramaturgiyasının, elminin görkəmli nümayəndələrindən biri xalq şairi Bəxtiyar Vahabzadədir. Ədəbi yaradıcılığını Azərbaycan dövlətçiliyinin qurulmasına, inkişafına, tərəqqisinə həsr edən B.Vahabzadə ədəbiyyatımızda, ictimai fikrimizdə, elmimizdə elə bir zirvə fəth edib ki, o yer əlçatmazdır.

 

Azərbaycan dövləti B.Vahabzadə yaradıcılığına, onun fəaliyyətinə, şəxsiyyətinə hər zaman sayğı bəsləyib və ədibin əməyi, zəhməti dövlət tərəfindən qiymətləndirilib.

B.Vahabzadənin bir neçə dəfə yubileyi qeyd edilib, 85 illiyi dövlət xəttilə müxtəlif qurumlar tərəfindən keçirilib. Bu il isə görkəmli ədibin 90 illik yubileyidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

B.Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. 14 yanvar 2015-ci ildə imzalanan sənəddə qeyd edilir ki, 2015-ci ilin avqust ayında Azərbaycanın xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim, SSRİ-nin və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 90 illiyi tamam olur.

Sənəddə vurğulanır ki, B.Vahabzadə Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli simalarındandır: "Sənətkarın insanı daim mənəvi ucalığa səsləyən poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynamışdır. Tarixi-mədəni dəyərlərə ehtiramana dilinin saflığının qorunması B.Vahabzadənin fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edirdi".

Ölkə başçısı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə Milli Elmlər Akademiyası və AR Təhsil Nazirliyi ilə birlikdə (Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla) yubileyin yüksək səviyyədə təşkil edilməsi üçün göstəriş verib.

Bu il ölkəmizin bir çox yerində, elm və mədəniyyət müəssisələrində, məktəblərdə görkəmli şairin 90 illik yubileyi ilə bağlı silsilə tədbirlər keçirilir. Şübhəsiz ki, B.Vahabzadə poeziyası Azərbaycan xalqına doğmadır, əzizdir.

Yubiley çərçivəsində bir neçə tədbir keçirilib. Onlardan biri bu ilin yayında baş tutan "Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı və mədəniyyətinin fenomeni kimi" mövzusunda elmi konfransdır.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli B.Vahabzadənin həyat və yaradıcılığından, onun XX əsr Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışıb: "Azərbaycan ədəbiyyatının inkişafına dəyərli töhfələr bəxş edən xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2015-ci il 14 yanvar tarixli Sərəncamı ədəbiyyatşünas və ictimai xadimin əməyinə verilən yüksək qiymətin bariz nümunəsidir. Azərbaycan fəlsəfəsini, dilini, poeziyasını dünyaya çatdırmaq üçün söz daşıyıcısı B.Vahabzadənin yaradıcılığını öyrənmək zəruridir. Azərbaycançılıq fəlsəfəsi mövcud olduğu təqdirdə bu fəlsəfənin tərkib hissəsinə çevrilən dahi Bəxtiyar Vahabzadənin yaradıcılığı da daim yaşayacaq".

Professor Şirindil Alışanlı "Bəxtiyar Vahabzadə XX əsr ədəbiyyatının fenomeni kimi" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə bildirilib ki, XX əsrdə Azərbaycan xalqının dünya poeziyasına bəxş etdiyi korifey sənətkarlar arasında xalq şairi B.Vahabzadə önəmli yer tutur. B.Vahabzadə təkcə milli Azərbaycan bədii təfəkkürünün fenomeni deyil, ümumtürk bədii-fəlsəfi hadisəsidir: "Zamanı qabaqlayan idrak, tarixi həzm edən fəlsəfi düşüncə, milli əxlaq, ali türkçülük qayəsi, ideala sədaqət bir şair-mütəfəkkir kimi onu səciyyələndirən, ona nüfuz gətirən başlıca xüsusiyyətlərdir. Kökləri dahi Füzulidən qaynaqlanan fəlsəfi-intellektual poeziya təmayülünü XX əsrdə yekunlaşdırmaq səadəti ona nəsib olub".

Tədbirdə professor Sevil Mehdiyevanın "İstiqlal şairi B.Vahabzadə", filologiya üzrə elmlər doktoru Sara Osmanlının "B.Vahabzadənin ədəbi-estetik görüşləri", filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərlinin "B.Vahabzadə poeziyasında vəzn və janr müəyyənliyi" və sənətşünaslıq üzrə fəlsəfə doktoru Məlahət Ağayevanın "B.Vahabzadə pyeslərinin səhnə təcəssümü" mövzusunda məruzələri dinlənib.

Qeyd edək ki, Vahabzadə Bəxtiyar Mahmud oğlu 16 avqust 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olub. Kiçik yaşlarında ikən ailəsi ilə Bakıya köçüb (1934). Burada orta məktəbi qurtarandan sonra ADU-nun filologiya fakültəsində təhsil alıb (1942-1947). Universitetin aspiranturasında saxlanıb, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib (1951). Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlayıb. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunub. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapıb. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad" və "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərib. "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə edib (1964). Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışıb (1950-1990). 1990-cı ildə təqaüdə çıxıb. Azərbaycan MEA-nın müxbir üzvü (1980), sonra həqiqi üzvü (2000) seçilib. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilib. O, həmçinin, Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqqallar Şurasının üzvü idi (1991). Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı. Azərbaycan KP Bakı şəhər Komitəsinə üzvbir neçə çağırış Bakı Xalq Deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə, 1995 və 2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilib. 1976-cı ildə "Leninlə söhbət" və "Muğam" poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülüb. "Qırmızı Əmək Bayrağı" və "İstiqlal" (1995) ordenləri ilə təltif olunub.

Tədqiqatçılar bildirir ki, B.Vahabzadə 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirib, rusfars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulub. Tədqiqatçılar yazır ki, bu poemaya görə 1962-ci ildə şair "millətçi" damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılıb, yalnız 2 ildən sonra işə bərpa edilib. O dövrün mənzərəsi haqqında görkəmli alim, professor Şirməmməd Hüseynov yazırdı: "Bəxtiyarı işdən çıxara bilməzdilər, çünki bu, ciddi ajiotaja səbəb ola bilərdi. Məcburən onu doktorluq müdafiəsi üçün elmi məzuniyyətə göndərdilər. Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, irihəcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir. Birbaşa sovet diktaturasını ifşa edən əsərlərini isə şair Sovet İttifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirmişdir".

Onu da qeyd edək ki, Bəxtiyar Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tariximüasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir. Şairin əsərləri - şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilib.

Bildiyimiz kimi, görkəmli ədib 2009-cu il fevral ayının 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib və I Fəxri Xiyabanda dəfn olunub.

B. Vahabzadə Azərbaycan ədəbiyyatında xidmətlərinə görə "SSRİ Dövlət mükafatı", "Azərbaycan SSR Dövlət mükafatı", "Azərbaycan SSR əməkdar incəsənət xadimi", "Azərbaycan SSR xalq şairi", "Qırmızı Əmək Bayrağı" ordeni, "İstiqlal" ordeni kimi mükafatlarla təltif edilib.

Azərbaycan ədəbiyyatında, ictimai fikir tariximizdə müstəsna rol oynayan B.Vahabzadə özündən sonra böyük bir irs qoyub. Həm şair, həm alim, həm də ictimai xadim kimi Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin inkişafına bənzərsiz töhfə verib. Onun qələmindən çıxan hər bir iri və kiçikhəcmli əsərlər böyük missiya daşıyır. İnanırıq ki, bugünkü nəsil kimi gələcək nəsillər də B.Vahabzadəni oxuyacaq.

 

İradə SARIYEVA

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

 

Bakı Xəbər.- 2015.- 6 oktyabr.- S.15.