Vahid əlifba və vahid türk dili

 

Bu gün hər hansı bir Azərbaycan, Anadolu, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan türkünə":Koroğlu kimdir" - deyə soruşsan, hamısı: "O bizim xalqın qəhrəmanıdır," - deyər. Yəni hər bir türk Koroğlunu öz qəhrəmanı kimi görür... Azərbaycanda "Koroğlu" dastanını dinləyib yola çıxsanız və Anadoluda nəfəs dərsəniz, burada da "Köroğlu" dastanını dinləyə bilərsiniz. Buradan özbək, qırğız, qazax, türkmən elinə getsəniz, yenə də qarşınıza Koroğlu çıxar...

Baxın, ayrı-ayrı bayraqlar altında yaşayan türklər qəhrəmanlarını belə paylaşa bilmir. Bu, millətin birliyindən iləri gəlir. Anadoluda yaşayan Anadolu türküdür, Azərbaycanda yaşayan Azəri türküdür, Qırğızıstanda yaşayan Qırğız türküdür, Türkmənistanda, Özbəkistanda, Qazaxıstanda yaşayanlar xalis türkdür... Millət birdir! Biz soyu bir, dili bir, dini bir, tarixi bir, mədəniyyəti bir uca millətik. Təəssüflər olsun ki, hər hansı bir Anadolu türkü Qırğızıstana getdiyi zaman oradakı türklərlə bir-birini yüzdə 15-20% anlaya bilir. Hətta 1938-ci ildən əvvəl Anadolu türkləri ilə Azərbaycan türklərinin bir-birini yüzdə 75-80% anladıqlarına baxmayaraq, sonralar bu rəqəm yüzdə qırxlara enib. Doğrudur, sərhədlər açıldıqdan sonra bu gün bu rəqəm daha yüksəklərə qalxıb.

Bu yazdıqlarımızın səbəbini açıqlamaq üçün bizim 1938-ci ilin sonrasına dönməyimiz lazımdır. Çünki 1938-ci ildən sonra Türkiyədə Türk Dil Qurumunun başında duranlardan biri olan Akop Dilaçar adında bir erməni Mustafa Kamal Atatürk dünyasını dəyişdikdən sonra bu təşkilatı quruluş qayəsindən uzaqlaşdırmaqla kifayətlənməyərək, elmi tanımaz bir yola azdırıb. Nəticədə, əsli türk dilindən olmayan və türk dilinə uyğun olmayan yeni kəlmələr uydurulub, musiqi kimi səslənən türkcə kəlmələr dəyişdirilməyə başlanıb. Guya bu kəlmələr İslam mədəniyyətinin təsirilə gözəl türkcəmizə keçmiş ərəb və fars əsilli kəlmələrdir. Məsələn, "bağışlayın, üzr istəyirəm" yerinə, müsəlmanlara aid olmayan o qorxunc "pardon" kəlməsinin istifadə edilməsi, siz "mədəniyyət" deyil, "kültür" deyəcəksiniz, "mərmər" deyib, "mermer" yazacaqsınız kimi dəyişikliklər türk dili üzərində və türk cəmiyyətlərində dərin yaralar açıb. Gözəl məqsədlərlə qurulan Türk Dil Qurumunun çatısı altına sığınan pis niyyətli Akop və əlaltıları türk dili və qrammatikası üzərində böyük təxribatlar ediblər: Osmanlı dövlətinin xarici işlər naziri olan Norandukyanın təmsil etdiyi dövlətə qarşı törətdiyi təxribatlar kimi. Bu təxribatlar nəticəsində, qırğızla Anadolu türkü bir yana dursun, hətta baba ilə nəvə bir-birlərini anlaya bilməz hala gətirilib. Bu xəyanətin açdığı yara yazı dilini xeyli qarışdıraraq pozub. 1980-ci illərdə dayandırılan bu pozulmalar Türkiyə türkcəsindəki kəlmələrin sayını 40 minə qədər endirib. Şükürlər olsun ki, bu gün artıq bir aradayıq və nəyin nə olduğunu ortaya qoya bilirik. Artıq Türk Dil Qurumu tərəfindən 1996-cı ildə nəşr edilən orfoqrafiya lüğətindəki kəlmələrin sayı 61 min civarındadır. Bu da bir həqiqətdir ki, türk dünyası üçün ortaq əlifba qəbul edib türk boylarının önəmli kəlmələrini bir araya gətirdiyimiz zaman türkçəmizdəki kəlmələrin sayı 100 mini aşır.

Türk milləti nə zaman birləşib böyük dövlətlər qurubsa, müstəqil yaşayıb, hətta ətrafına hökm edib; nə zaman ayrılığa düşüb, bölünüb, parçalanıbsa, düşmənləri fürsəti qaçırmayaraq müxtəlif qarışıqlıqlar yaradıblar, - bu gün yaratdıqları kimi. Bu qısa tarix xülasəsindən ortaya çıxan budur ki, türk milləti mutləq bir araya gəlməli, hər hansı bir məsələnin həllində ortaq hərəkət etməlidir. Bu da, hər şeydən əvvəl, dil birliyindən ortaya çıxar. Yəni Adriatikdən Çin səddinə qədər olan sahədə yaşayan türk milləti eyni əlifbadan istifadə etməli, eyni dildə danışmalıdır. Beləcə, gözəl türkcəmiz bütün türk dövlət və cəmiyyətləri arasında birləşdirici rol oynayar, mədəni və iqtisadi inkişafda önəmli bir yer tutar.

Bir millətin ən böyük dayağı dilidir. Hər bir millət öz varlığını və birliyini dili ilə qoruyar, başqalaşmaqdan və dağılıb yox olmaqdan qurtular. Dil - milli dəyərləri təşkil edən mədəniyyətin ilk təməl ünsürüdür, bir millətin səs dünyası, düşüncəsinin aynası, milli kəşflərinin ortaq xəzinəsidir. Türk milləti bir bütündür. Coğrafi ayrılıqlar, dildəki ləhcə fərqlilikləri bu millətin fərdlərinə birlik mövzusunda mənfi təsir göstərməməlidir. Türk dili parçalanmış halda yaşayan türk millətinin fərdləri arasında ən güçlü bir bağ olmalıdır. Bakıdakı, Ankaradakı, Aşqabaddakı, Daşkənddəki və Astanadakı bir türk İstanbulda və Bişkekdə yayımlanan hər hansı bir kitabı rahatlıqla oxuya bilməlidir.

İlk dövrləri qaranlıq olmaqla yanaşı, əldə olan sənədlər və məlumatlar dilimizin keçmişinin tarix öncəsinə getdiyini göstərməkdədir. Orhun abidələrində işlənmiş bir türkcə ilə qarşılaşmaq türklüyün özünə xas əlifba, dil və tarix şüurunun olmasını, türk dilinin tarix etibarilə çox keçmiş zamanlara uzandığını göstərir.

Köhnə türkcədən sonra türk yazı dili qərb və şimal-şərq türkcəsi olaraq iki ana qola ayrılıb. Bu ayrılma Qərbdə Osmanlı və Azərbaycan türkcəsini ortaya çıxararkən, şimal-şərq türkcəsi də şimalda Qıpçaq, şərqdə Çağatay türkcəsini meydana gətirib. Bunlardan Osmanlı türkcəsi türklüyün uzunömürlü və kəsintisiz olan ən böyük yazı dilidir. Qərb türkcəsinin şərq dairəsini meydana gətirən Azərbaycan türkcəsi isə şifahi ədəbiyyatın və şeir ənənəsinin təsiri ilə varlığını sürdürüb.

XV əsrdən sonra ortaq türkcə yerini yeni türkcəyə verib. Bu dövrdə türklüyün bir əlifba sistemi olub. Bütün türk dünyası islami türk əlifbasından istifadə edib və bu əlifba ilə asanlıqla anlaşıb. Bu dövrün türkcəsi ən böyük dil yadigarlarını Osmanlı və Azərbaycan türkcəsi ilə verib. Ancaq türkcənin xarici və daxili quruluşundan dəyişməyə başlaması dildə müxtəlif axınların əmələ gəlməsinə səbəb olub.

Qərb türkcəsinin şərq qolu olan Azərbaycan türkcəsi Təbriz ağzına dayanmaqla yanaşı, Bakı ağzının yayılması ilə ikili bir mədəniyyət mərkəzinə sahib olub: Bakı - şimal, Təbriz isə cənub qolunu meydana getirib. Bu ayrılma daha çox Azərbaycan türklüyünün siyasi parçalanması ilə ortaya çıxıb. Bu gün Şimali Azərbaycan türkcəsi, xüsusilə qrammatika baxımından çox irəliləyib. Amma Cənubi Azərbaycan türkcəsi farsların qadağaları nəticəsində istifadə olunmayıb, yəni əsl Azərbaycan türkcəsi Cənubi Azərbaycanda inkişaf etmədən "mühafizə olunub" və əslinə daha yaxındır.

"Oğuzca" adı ilə yad edilən qərb türkcəsi zamanla iki ana dövrəyə ayrılıb. Bu ayrılma Qərbdə Osmanlı türkcəsini, Şərqdə də Azərbaycan türkcəsini əmələ gətirib. Əslində, istər şərq, istərsə də qərb oğuzcası XIII-XV yüzillərdə o qədər də fərqlilik göstərməyib. Ona görə də köhnə Anadolu türkcəsi deyə adlandırdığımız qərb türkcəsi Azərbaycan türkcəsi ilə eyni xüsusiyyətə sahibdir. Osmanlıların Azərbaycan türkləri ilə olan münasibətləri bugünkü qardaş türk dili və ədəbiyyatının təməlini təşkil edir.

Cənubi Azərbaycanda farscanın hakimiyyəti Azərbaycan türkünün şair və yazıçılarını farsca yazmağa yönəldib. Türk dünyasında tanınan dahi şairimiz Şəhriyar da farsca yazırdı.

O, çox maraqlı bir hadisə nəticəsində öz şirin dilimizdə yazmağa başlayıb. Bu hadisə dil və türklük baxımından çox maraqlı olduğu üçün oxucularımızın nəzərinə çatdırmağı uyğun gördük:

"Gün batmışdı... Axşamın səssizliyi yavaş-yavaş çökürdü Təbrizin üzərinə. Küçələrdəki ayaq səsləri rəsmi dairələrdən evlərinə gedən məmurların ayaq səsləri idi. "Banki Kışavarzi" bankında (Kənd təsərrüfatı bankı) yorucu bir gün keçirmiş Şəhriyar bir an əvvəl evə çatıb anasının gözəl yeməklərlə bəzədiyi süfrəsinin başında oturmağa tələsirdi. Evlərinin yerləşdiyi küçəyə döndüyü zaman dünən gecə yarımçıq qalmış şeiri yadına düşdü. O an onun nə yorğunluğu qaldı, nə də ağlına gələn anasının yeməkləri... Durdu, cibindən dünən yazdığı şeiri çıxarıb kürəyini divara söykədi və yarımçıq qalan şeirini tamamlamağa başladı. Axşam çöküb qaranlıq Təbrizi bürüyəndə o da şeirinin son misrasını yazdı və evlərinə yollandı. Çox böyük sevinclə qapıdan içəri girdi. Bu sevinc yaşlı anasının yeməyini dadmaq istəyindən doğmurdu, şeirini bitirmişdi, coşqusu bundan irəli gəlirdi. Süfrə başında oturmadan cibindən çıxardığı şeirini anasına oxumağa başladı. Şeirini oxuyub bitirdikdə anasının üzünə baxdı, onun üzündə hər zamankı təbəssümü yox idi. Halbuki, hər şeirini anasına oxuduqda onun sevincini hiss edərdi. Şəhriyar anasının bu soyuqluğuna dözə bilməyib:

- Anacan, yoxsa xəstələnmisən? - deyə soruşdu.

Anası farsca xəstə olmadığını söylədi. Şəhriyar bu cavaba çaşıb qaldı. Anası evdə farsca danışırdı! Özünü tanıdığı gündən bəri evdə hər kəs türkcə danışardı. Hələ rəhmətlik atası buna çox diqqət edərdi.

Şəhriyar heyrət dolu baxışlarla anasından soruşdu:

- Ana, sən nə üçün farsca danışdın?

Yaşlı qadın oğlunun üzünə baxmadan duyğulu bir səslə:

- Sən türkcə şeir yazmırsan ki, mən də sənə türkcə cavab verəm. Evimizə həbs etdin türkcəni. Ot kökü üstə bitər. Türkcə ilə böyüdün, farsca yazırsan. Artıq şeirlərini dinləməyəcəyəm, - deyərək cavab verdi.

Şəhriyarın rəngi qaçdı, əlindəki farsca yazdığı son şeirinin barmaqları arasından yerə düşdüyünü hiss etmədi. Yavaş-yavaş yandakı otağa keçdi. Onun fikri qarma-qarışıq olmuşdu. Üzünə bir ana silləsi dəymişdi. Yeməyi unutdu. Keçmiş günlərə daldı. Atasının əlindən tutub Heydərbaba dağı ətəklərindəki kəndləri dolaşdığını xatırladı. Xoşgenabı, Güllücəni gəzdiklərini düşündü. Oralarda dinlədiyi türkcə kəlmələr, maşallah, zehninin gizli xəzinəsindən bir-bir çıxıb beyninə hakim olurdu... Oturduğu sidrə uzandı. Öz-özünə inləyərcəsinə: "Türkcə yazacağam... Bundan sonra türkcə yazacağam!" - deyirdi Şəhriyar. Və ilk türkcə şeirini Heydərbaba dağına həsr etdi:

Heydərbaba, ildırımlar çaxanda,

Sellər, sular şaqqıldayıb axanda,

Qızlar ona səf bağlayıb baxanda,

Salam olsun şövkətüzə, elüzə,

Mənim də bir adım gəlsin dilüzə.

 

Heydərbaba, kəkliklərin uçanda,

Kol dibindən dovşan qalxıb qaçanda,

Bağçaların çiçəklənib açanda,

Bizdən də bir mümkün olsa yad elə,

Açılmayan ürəkləri şad elə.

 

Heydərbaba, gün daluvı dağlasın,

Üzün gülsün, bulaqların ağlasın,

Uşaqların bir dəstə gül bağlasın,

Yel gələndə ver gətirsin bu yana,

Bəlkə mənim yatmış bəxtim oyana.

 

Qarı nənə gecə nağıl deyəndə,

Külək qalxıb qapı-bacanı döyəndə,

Qurd keçinin şəngülüsün yeyəndə,

Mən qayıdıb bir də uşaq olaydım,

Bir gül açıb, ondan sonra solaydım.

 

Göz yaşına baxan olsa, qan axmaz,

İnsan olan xəncəri belinə taxmaz,

Amma heyif, kor tutduğun buraxmaz,

Behiştimiz cəhənnəm olmaqdadır,

Zilhiccəmiz Məhərrəm olmaqdadır.

Biz türklər qloballaşma dövründə bugünün və sabahın tələblərinə yalnız türk birliyinin qurulması halında tam mənada cavab verə bilərik. Yəni biz türklər türk birliyini qurmalı, türk mədəniyyətini canlandıraraq türklüyümüzə layiq rifah içərisində yaşamalıyıq.

Bu qeyd etdiklərimizi ciddi-ciddi düşündüyümüz zaman belə bir sual ortaya çıxır: Türk dövlətləri müstəqil olduqları halda nə üçün türk dövlətlərinin birliyi yaranmadı? Heç şübhəsiz, bu sualın cavabı Türk dövlətlərinin ortaq ideologiyasının olmamasıdır. Əslində Nürk dünyasının birliyi üçün bir ideologiya, bu ideologiyanın təməlində isə dünyaya bir nöqtədən baxış sistemi olmalıdır. Yaxşı, bəs biz ortaq ideologiyamızı necə hazırlaya bilərik? Bax, bu sualı elm adamlarımız, tarixçilərimiz, yazıçılarımız, şairlərimiz bir-birinə verməli, bu önəmli məsələnin təməlini atmalıdırlar!.. Hesab edirəm ki, bu sualın cavabı türk dünyasının birlikdə hərəkət edib ortaq türk dilinin yaradılmasında və müəyyən strategiya ilə formalaşmasındadır.

Bu gün təxminən 11 milyon kvadrat kilometrlik geniş bir əraziyə, yəni Avropanın ərazisindən təxminən 3 dəfə çox olan bir əraziyə yayılmış 265 milyonluq türk dünyası parça-parça halında yaşayır, mən türkəm deyir, kökünün türk olduğunu qeyd edir, bu ifadədən qürur hissi keçirir. Laylası, əfsanəsi, qəhrəmanı və tarix birliyi olan bu insanlar sabaha inamla baxır. Bu da bir həqiqətdir ki, türk cəmiyyətlərini ilk növbədə bir-birindən ayıran əlifba birliyinin olmamasıdır. Mən, bütün türk cəmiyyətləri bu mövzuda ortaq razılığa gəlməlidirlər, düşüncəsindəyəm. Əslində, bu işə Sovet İttifaqının dağıldığı gündən sonra dərhal başlanmalı idi.

Yaxşı, biz türk dillərimi, yoxsa türk dilimi deməliyik? Bir çox tanınmış elm adamları bügünkü türk ləhcələrinə türk dilləri adını verir, onları ayrı-ayrı bir dil kimi göstərirlər. Aradakı fərqliliklər səs, şəkil və bəzi qrammatik xüsusiyyətlərə əsaslanır. Onu da qeyd etmək lazımdır ki, bu fərqlər ingilis dili ilə rus dili arasında olan fərqliliklər kimi deyil. Heç şübhəsiz, türk dilləri arasındakı fərqliliklər türk dilinin parçalanması məqsədilə edilib. Doğrusu, düşmənlərimiz bu işi müvəffəqiyyətlə yerinə yetirə bilib: bu gün Türk dünyasının 15-ə yaxın əlifbası, 20-yə yaxın ləhçəsi var. Mən bunu millətimə yaraşdıra bilmir, "Bütün türk dünyası bir əlifbadan istifadə edib, bir dildə danışmalıdır," - deyirəm. Və bu dil birliyi nə qədər tez yaradılarsa o qədər yaxşı olar düşüncəsindəyəm.

Yaxşı, bəs bu birlik necə yaradılmalıdır? Heç şübhəsiz, hər şey əlifba birliyindən başlayır. Yəni bir millətin bir əlifbası, bir dili olmalıdır. Türk dünyası bu çox önəmli və ciddi mövzuda ortaq razılığa gəlməlidir. Doğrudur, bu çox ciddi və önəmli məsələnin həyata keçirilməsində narazılıqların, ayrılıqların yaranacağı bir aksiomadır. Amma dil birliyinə doğru irəliləyişdə ilk addımın ortaq əlifba olduğu şübhəsizdir. Yəni türk xalqları arasında ortaq əlifba mövzusu ciddi bir şəkildə gündəmə gətirilməli, layihələr hazırlanmalı, ümumi lüğətin tərtibinə başlanmalıdır. Beləcə, ortaq türk dili məsələsi xəyali olmaqdan çıxıb reallaşar. Bu da bilinməlidir ki, ortaq dil ortaq əlifba ilə reallaşa bilər. Dünyada heç bir millətin iki əlifbası yoxdur.

Doğrusu, türk xalqları, türk boyları ifadələri mənim ürəyimcə deyil. Anadoluda yaşayan Anadolu türküdür, Azərbaycanda yaşayan Azərbaycan türküdür, Altayda yaşayan Altay türküdür, Türkmənistanda yaşayan türkmən türküdür, qazax, qırğız, özbək, başqırd, qaqauz, qaraqalpaq, qaraçay-balkar, kumık, yakut, noqay, tuvin, uyğur, xakas, çuvaş... - bunların hamısı türk millətinə mənsubdur. İfadəmiz türk xalqı, türk milləti olmalıdır! Biz bir millətik, adımız türkdür. Bizim bir əlifbamız, bir dilimiz olmalıdır! Biz gec-tez türk birliyi yaradacağıq. Mən bundan əminəm. Bunun üçün ortaq əlifba yaratmalıyıq, ortaq əlifbamız olduqda ortaq dilimiz də olacaq. Doğrudur, dilimiz üzərində çox təxribatlar törədilib, erməni Akop Dilaçarın Anadolu türkcəsi üzərində törətdiyi təxribatlar kimi. Əgər heç bir şey etmirsinizsə, o zaman təbii olaraq heç nəyə nail ola bilməzsiniz. Atalarımız doğru deyib: "Nə əkərsən, onu da biçərsən."

1990-cı illərdən dağılmağa başlayan Sovet İttifaqından ayrılan türk respublikaları yeni ünsiyyət vasitəsinə ehtiyac duydular. Beləcə, ortaq türk dili ideyası yarandı, qurultaylar, konfranslar, simpoziumlar keçirildi, Azərbaycan əlifbasına iki hərf əlavə etməklə bir əlifba qəbul edildi, fəqət türk dünyasının bu mövzuda qəbul etdiyi ortaq bir fikir olmadı, olacaq kimi də görünmür. Mənə görə, türk dünyası vahid əlifbası, orfoqrafiyası və terminologiyası olan ortaq türk dili qəbul etməlidir. Bunun üçün türk dünyasının müxtəlif dilləri əsasında yeni bir dil yaratmağa ehtiyac yoxdur. Hesab edirəm ki, türk dünyası xalqlarının dillərindən biri ortaq türk dili olaraq seçilməli və seçilən bu dil digər dillərdən daha şirin səslənən kəlmələrlə zənginləşdirilməlidir. Heç şübhəsiz, bu seçim obyektiv şərtlərə əsaslanmalı - dilin səslənməsi, öyrənilmə imkanları, həmin dildə danışanların sayı, fonetik və qrammatik quruluşunun asanlığı kimi amillər nəzərə alınmalı, vahid əlifba, orfoqrafiya və terminologiya qəbul edilməlidir.

Hesab edirəm ki, ortaq türk dilinin yaranmasında türk dünyasının yarısından çoxunun istifadə etdiyi Oğuz türkcəsinin ən böyük bölgələri olan Türkiyə türkcəsi, Azərbaycan türkcəsi və türkmən türkcəsindən əmələ gələcək ortaq dil digər şirin şivə və ləhcələrlə zənginləşdirilməli, İsmayıl Qaspıralı kimi tarixi atalarımızın arzu və diləkləri həyata keçirilməlidir. Yəni 265 milyonluq türk dünyası bir əlifbadan istifadə edib, bir dildə danışmalıdır.

Bu da bir həqiqətdir ki, türk dünyasının çox böyük potensialı var və türkdilli dövlətlər siyasi və iqtisadi cəhətdən sürətlə inkişaf edir. Hesab edirəm ki, türk dövlətləri arasında biznes mühitinin inkişaf etdirilməsi, iş adamlarının bir araya gətirilməsi qoyulmuş hədəflərə çatmaq üçün əlverişli zəmin yarada bilər. Yəni türkdilli dövlətlərarası ticarət həcminin genişlənməsi ölkələrimiz arasında birliyin möhkəmləndirilməsinin mühüm amili olar. Heç şübhəsiz, türkdilli dövlətlər arasında vizasız gediş-gəliş sistemi tətbiq olunmalıdır. Yəni viza sisteminin aradan qaldırılması ölkələrimiz arasında əhalinin sərbəst hərəkətinə imkan yaradar, bu da cəmiyyətin hər sahəsində əlaqələrin, milli məsələnin belə, inkişafına gətirib çıxarar.

Heç şübhəsiz, hər şey dil birliyindən başlayır. Tam mənada birlik yaratmaq üçün də, rəhmətlik İsmayıl Qaspıralının dediyi kimi, "Dildə, fikirdə, işdə birlik" yaratmalı, eyni əlifbadan istifadə etməli, bir dildə danışmalıyıq. Bu birliyi yaratmaq üçün isə, ilk növbədə aşağıda qeyd etdiyimiz təkliflər nəzərə alınmalıdır düşüncəsindəyik:

1. Yabançı güclər Türküstanı parçalamadan və türk topluluqlarına yeni isimlər vermədən əvvəl dilimizin ismi türkcə olub, bu gün də bütün türk dünyasında türkcə olaraq qəbul olunmalıdır.

2. Türk dünyasının ortaq əlifbası qəbul olunmalıdır.

3. Ana dildə təhsilə önəm verilməli və bütün türk dünyasında ortaq təhsil kitabları istifadə olunmalıdır.

4. Türk cumhuriyyətləri və topluluqlarında ləhcələrimizin fonologiya və morfologiyasındakı fərqlər aradan qaldırılmalıdır.

5. Türk dünyası üçün ümumi bir orfoqrafiya lüğəti hazırlanmalıdır.

 

Fazil QARAOĞLU

Professor

 

Bakı Xəbər.- 2015.- 6 oktyabr.- S.12.