Maestro Niyazi - Heydər Əliyevin

qiymətləndirdiyi böyük musiqiçi...

 

Azərbaycan musiqi mədəniyyəti tarixində maestro Niyazinin qoyduğu izlər hər zaman yaşayır. Azərbaycan dövlətinin mədəniyyət xadimlərinə verdiyi yüksək dəyər haqqında çox danışıb, çox yazmışıq. Təbii ki, mədəniyyət xadimlərinə göstərilən qayğı, diqqət, onların xatirəsinin əbədiləşdirilməsi, xatirə və yubiley tədbirlərinin qeyd edilməsi hadisədir.

Bu mənada ki, bu insanlar heç vaxt unudulmur və dövlət onlara sağlığında və dünyasını dəyişdikdən sonra da dəyər verir.

Niyazi Azərbaycan mədəniyyətinin görkəmli simalarından biri kimi fəaliyyət göstərib, böyük musiqiçi ordusu yetişdirib, yüzlərlə bəstəkarın əsərinə nəfəs verib, onların ifasında yaxından iştirak edib. Niyazi yaradıcılığına, şəxsiyyətinə Azərbaycan Respublikasının sabiq Prezidenti mərhum Heydər Əliyevin də böyük qayğı və diqqətlə yanaşdığı bəllidir. Bunun bariz nümunəsi kimi Heydər Əliyevin Niyazi ilə bağlı həyata keçirdiyi yaddaqalan işləri qeyd etmək olar. Niyazi sənətini yüksək qiymətləndirən Heydər Əliyev böyük sənətkarın 90 illik yubileyi ilə bağlı tarixi sərəncam verdi və bu sərəncam indi də xatırlanır, onu sənətə verilən ən yüksək dəyərlərdən biri adlandırmaq olar.

Heydər Əliyevin Niyazinin 90 illik yubileyi haqqında imzaladığı sərəncamda bildirilirdi ki, 2002-ci ilin avqust ayında Azərbaycanın görkəmli dirijoru və bəstəkarı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ xalq artisti, Dövlət mükafatları laureatı Niyazinin (Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyovun) anadan olmasının 90 illiyi tamam olur.

Bəstəkarlıq və dirijorluq fəaliyyətinə keçən əsrin 30-cu illərindən başlayan Niyazinin yaradıcılığı milli musiqi mədəniyyətimizin tarixində silinməz izlər buraxıb: "Azərbaycan ifaçılıq sənətinin inkişafında, milli musiqinin təbliğində onun böyük xidmətləri vardır. Milli dirijorluq məktəbinin formalaşması və inkişafı məhz Niyazinin adı ilə bağlıdır. Azərbaycan bəstəkarlarının bir çox simfonik və musiqili səhnə əsərlərinin, kantata və oratoriyalarının ilk ifaçısı olmuş dirijorun yüksək sənətkarlığı sayəsində bu əsərlər çoxsaylı dinləyicilər tərəfindən böyük rəğbət və məhəbbətlə qarşılanmışdır. Niyazinin gərgin əməyi nəticəsində yaranmış və uzun illər ərzində onun rəhbərlik etdiyi simfonik musiqi kollektivləri xarici ölkə klassiklərinin və müasir bəstəkarların əsərlərinin də Azərbaycanda uğurla təbliğ olunmasında mühüm rol oynamışdır. Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən biri kimi Niyazinin milli simfonizmin təşəkkülü və inkişafında böyük rolu olmuşdur. Onun opera, balet, simfonik muğam, fortepiano ilə orkestr üçün konsert və mahnıları, dram tamaşalarına və kinofilmlərə bəstələdiyi musiqi məzmun dolğunluğu, güclü emosional təsiri və zəngin melodiyası ilə həmişəlik yaddaşlara həkk olunmuşdur.

Müxtəlif illərdə Azərbaycan Dövlət Simfonik Orkestrinə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına və Azərbaycan Dövlət Filarmoniyasına rəhbərlik etmiş Niyazinin ictimai fəaliyyəti də çox zəngin olmuşdur".

H.Əliyevin sərəncamı ilə onun yubileyi də keçirildi, sağlığında yaşadığı Bülbül prospekti, 21 ünvanına xatirə lövhəsi vuruldu. Bundan başqa, Mədəniyyət Nazirliyi tərəfindən, sərəncama əsasən, Niyazinin seçilmiş əsərlərinin dördcildliyi çap olundu, kompakt-diski buraxıldı və bəstəkar haqqında kitab nəşr olundu.

Sənəd 19 avqust 2002-ci il tarixində imzalanıb.

Heydər Əliyevin sənətə, sənətkara, mədəniyyət xadimlərinə bəslədiyi nəcib münasibət davamlı xarakter daşıdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də sənətkarlara, mədəniyyət xadimlərinə böyük diqqət və qayğı ilə yanaşır. Prezident İlham Əliyevin də Niyazi ilə bağlı gördüyü işlər var. Bildiyimiz kimi, 20 may 2010-cu il tarixində Niyazinin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalayıb. Sənəddə qeyd edilirdi: "2012-ci ilin avqust ayında Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, tanınmış dirijor və bəstəkar, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı, Azərbaycan Dövlət Mükafatı və Beynəlxalq Nehru Mükafatı laureatı Niyazinin (Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyovun) anadan olmasının 100 illiyi tamam olur. Niyazinin Azərbaycan incəsənətinin çiçəklənməsi yolunda zəngin fəaliyyəti müasir mədəniyyət tariximizin parlaq səhifələrini təşkil edir. Milli dirijorluq məktəbinin formalaşması və az bir vaxtda böyük inkişaf yolu keçməsi bilavasitə onun adı ilə bağlıdır. Niyazi Azərbaycan musiqisində bitkin və dolğun məzmunlu simfonik əsərlərin müəllifi kimi də milli simfonizmin təşəkkülünə dəyərli töhfələr vermişdir".

Bilirik ki, ölkə səviyyəsində və eləcə də qardaş Türkiyə Cumhuriyyətində Niyazinin 100 illik yubileyi ilə bağlı müxtəlif istiqamətdə tədbirlər keçirilib. 2012-ci ilin sentyabr ayında Ankara Dövlət Rəsm və Heykəl Muzeyinin böyük konsert zalında cümə günü türkdilli ölkələrin mədəniyyət təşkilatı TÜRKSOY tərəfindən dahi Azərbaycan sənətkarı maestro Niyazinin anadan olmasının 100-cü ildönümü münasibətilə planlaşdırılan konsertlər silsiləsinin ilk tədbiri təşkil olundu.

Azərbaycanda da Qəbələ şəhərində Niyazinin 100 illik yubileyi ilə bağlı festival keçirildi. Yəni Niyazinin 100 illiyi 2012-ci ildə yüksək səviyyədə qeyd edildi.

Qeyd edək ki, Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov 1912-ci il avqustun 20-də Tiflis şəhərində dövrünün tanınmış bəstəkarı Zülfüqar Hacıbəyovun ailəsində anadan olub. Çox kiçik yaşlarından ətrafında məşhur musiqi xadimlərini görən Niyazidə də musiqiyə böyük maraq oyanır. O, ilk təhsilini Bakı Musiqi Texnikumunda alır, lakin sonra təhsilini davam etdirmək üçün Moskva və Leninqrad (indiki Sankt-Peterburq) şəhərlərinə gedir. Niyazi 1984-cü il avqustun 2-də Bakı şəhərində vəfat edib.

Tədqiqatçılar yazır ki, Niyazi "Xosrov və Şirin" operasının (1942), "Zaqatala süitası" (1934), "Qaytağı" (1939), "Konsert valsı" simfonik əsərlərinin, "Rast" simfonik muğamının (1949), "1920-ci ildə" opera-kantatasının, simfonik orkestr üçün "Rəqs süitası"nın və sairə musiqi əsərlərinin müəllifidir.

Niyazinin gənclik illərini araşdıran tədqiqatçılar yazır ki, o, musiqi ilə yanaşı, ağır atletika ilə də maraqlanıb.

Tədqiqatçıların yazdığına görə, uşaq ikən hərbçi olmağa hazırlaşırdı, kadet məktəbində dərs alırdı. Yaxşı futbol hakimliyi, təyyarə idmanına marağı vardı. Niyazi "Dinamo" cəmiyyətinin ağır atletika üzrə birinciliklərində dəfələrlə iştirak edib. 16-18 yaşlarında 56 kq çəki dərəcəsində bir neçə dəfə Bakı və Azərbaycan çempionu, medalçısı olmuş maestro həm də bir neçə ölkə rekordunu vurmuşdu. Sonradan Konservatoriyaya daxil olan və diqqətini əsasən musiqiyə yönəldən maestro, buna baxmayaraq, idmandan soyumayıb. Bu illərdə idman sevgisinin musiqidən heç də az olmadığını sübut edən görkəmli ictimai xadimimiz onu tanıyanlar arasında böyük rəğbət hissi oyadıb. Niyazi II Dünya Müharibəsindən sonra - 1946-60-cı illərdə Azərbaycanın Ağır Atletika Federasiyasına da rəhbərlik edib. O vaxtlar bu qurum başqa cür adlanırdı-Azərbaycan SSR İdman Nazirliyinin nəzdində ağır atletika şöbəsinin sədri. Uzun müddət bu postu tutan maestro bir çox idmançıların yetişməsi, onların ittifaq və beynəlxalq səviyyəli yarışlara qatılmasına kömək edib. Bütün bunlar onun bu idman növünə böyük sevgisindən xəbər verir. Amma bir çox ağrılar, şəxsi problemlər maestroya bu işini davam etdirmək imkanı verməyib.

Tədqiqatçıların yazdığına görə, Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi xadimi, görkəmli mütəxəssis, ağır atletika üzrə dəfələrlə Azərbaycan və İttifaq çempionu, veteran idmançı və müəllim Mirzə Hüseynov maestro Niyazini belə xatırlayır: "O biz uşaq olanda-təxminən 40-cı illərin sonu, 50-ci illərin əvvəllərində Azərbaycan ağır atletikasına rəhbərlik etmişdi. Çox güclü, enerjili, eyni zamanda idmansevər bir insan idi. Az qala hər gün bizim məşqlərimizi izləyər, uğurlar qazanmağa ruhlandırardı. Səmimi adam idi. Mən uşaq olmağıma baxmayaraq, bunu yaxşı xatırlayıram. O özü uşaqlıqda ağır atletika ilə məşğul olmuş, şəhər və ölkə birincisi olmuşdu. Həm fiziki, həm də mənəvi cəhətdən güclü insan idi".

Niyazinin musiqi yaradıcılığı haqqında yazan tədqiqatçılar bildirir ki, Niyazi Z.Hacıbəylinin "Aşıq Qərib", Ü.Hacıbəyovun "Arşın mal alan" və s. əsərlərinin yeni redaksiyalarını hazırlamış, Azərbaycan xalq mahnılarını ("Xumar oldum", "Qaragilə", "Ay bəri bax", "Küçələrə su səpmişəm" və s.) simfonik orkestr üçün işləmiş, 1935-ci ildə "Rast" və "Şur" muğamlarını nota salıb. Niyazi 1934-cü ildə "Zaqatala süitası"nı yazmış, 1944-cü ildə ikihissəli "Qəhrəmanlıq" simfoniyası üzərində işini bitirib. Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən olan Niyazi milli simfonizmin təşəkkülü və inkişafında əhəmiyyətli rol oynayıb. Niyazinin 1942-ci ildə yazdığı "Xosrov və Şirin" operası musiqi dramaturgiyasının çoxplanlı olması, psixoloji gərginliyi, xor səhnələri və opera epizodlarının ifadəliliyi ilə fərqlənir. Onun 1949-cu ildə yazdığı "Rast" simfonik muğamı dramaturji bitkinliyi, güclü emosional təsiri, zəngin melodikası, xüsusilə harmonik dilinin əlvanlığı və ifadəliliyi ilə fərqlənir. "Rast" bir çox xarici ölkələrdə səslənib, Çexiyada "Suprafon", ABŞ-da "Rikordi" musiqi şirkətləri tərəfindən qrammofon valına yazılıb. 1951-1952-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru işləmiş Niyazi 1951 və 1952-ci illərdə SSRİ Dövlət mükafatına layiq görülüb. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır. Onun yozumunda milli bəstəkarların bir çox əsərləri, o cümlədən Ü.Hacıbəyovun "Koroğlu" operası dünya musiqisinin qızıl fonduna daxil olub. Niyazi M.Maqomayevin "Nərgiz", Q.Qarayev və C.Hacıyevin "Vətən", F.Əmirovun "Sevil", P.Çaykovskinin "Qaratoxmaq qadın", A.Borodinin "Knyaz İqor", J.Bizenin "Karmen", C.Puççininin "Bohema", B.Smetananın "Satılmış gəlin" operalarını, S.Hacıbəyovun "Gülşən", Q.Qarayevin "7 gözəl", "İldırımlı yollarla" baletlərini tamaşaya hazırlayıb. 1959-cu ildə SSRİ xalq artisti adına layiq görülən Niyazi 1961-ci ildə S.M.Kirov adına Leninqrad Opera və Balet Teatrının baş dirijoru təyin olunub. SSRİ-nin ən məşhur teatrlarından birinə rəhbərlik etmək o dövrdə onun bir musiqiçi kimi böyük nüfuzundan xəbər verirdi. O burada A.Məlikovun "Məhəbbət əfsanəsi" baletinin ilk tamaşasını hazırlayıb. Həmçinin P.Çaykovskinin "Yatmış gözəl" və S.Prokofyevin "Daş çiçək" baletlərinin yeni quruluşuna dirijorluq edib, həmin baletlərlə Parisin "Qrand-Opera", Londonun "Kovent-Qarden" teatrlarında qastrol tamaşaları verib və böyük uğur qazanıb. Müqavilə əsasında xarici ölkələrdə işləmək təklifi alan dirijor ona bir azərbaycanlı kimi doğma olan Türkiyəni seçib. Niyazi P.Çaykovskinin "Yevgeni Onegin" və "Qaratoxmaq qadın", C.Verdinin "Aida" operalarına Ankara Opera və Balet Teatrında, türk bəstəkarı Ə.Sayqunun "Koroğlu" operasına İstanbul Opera Teatrında ilk quruluş verib, onun ilk tamaşasına və "Yunus İmrə" oratoriyasına dirijorluq edib. İfaçılıq sənəti tanınmış sənətkarlar D.Şostakoviç.

Ş.Q.Şarayev, K.Sekki, B.Tarcan, V.Dobiaş və b. tərəfindən yüksək qiymətləndirilən Niyazi Azərbaycana qayıdaraq Dövlət Akademik Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru təyin edilib. Niyazinin "Konsert valsı" və s. simfonik əsərləri, fortepiano ilə orkestr üçün konserti klassik musiqi əsərləri hesab olunur. O, "Təbrizim", "Dağlar qızı", "Vətən haqqında mahnı", "Arzu" mahnılarının müəllifidir. Niyazi Ə. Haqverdiyevin "Dağılan tifaq", C.Cabbarlının "Almas", S.Vurğunun "Vaqif", A.Korneyçukun "Polad qartal" dram tamaşalarına, həmçinin "Almas", "Kəndlilər", "Fətəli xan" və s. kinofilmlərə yazılmış musiqilərin müəllifidir.

Tədqiqatçıların verdiyi məlumata görə, Niyazi Avropa və Asiyanın bir sıra ölkələrində dirijor kimi müvəffəqiyyətli çıxışlar edib. Niyazi məşhur hind filosofu R.Taqorun "Çitranqoda" fəlsəfi dramı üzrə "Çitra" baletini yazıb. Bu balet böyük uğurla bir çox şəhərlərdə nümayiş etdirilib. Baletdə Niyazi hind xalq musiqisinin ritm və intonasiyalarından, orkestrovkada hind musiqi alətlərinin səslənməsini xatırladan tembrlərdən istifadə edib.

Niyazi Azərbaycan musiqisinin ifaçılıq problemlərinə dair bir çox məqalələrin müəllifidir. O, həmçinin, Azərbaycan Sovet Ensiklopediyasının redaksiya şurasının üzvü olub. 1979-cu ildə Niyazi Azərbaycan Dövlət Filarmoniyasının direktoru təyin olunub.

Fəaliyyəti dövründə Niyazi 2 dəfə "Lenin" ordeni, "Oktyabr İnqilabı", "Qırmızı Əmək Bayrağı", "Şərəf nişanı" ordenləri, Bolqarıstanın "Kirill və Mefodi" ordeni, Macarıstanın B. Bartok adına medalı ilə təltif edilib, 1982-ci ildə Tiflisin fəxri vətəndaşı seçilib. 1972-ci il 26 dekabr tarixində Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına layiq görülüb.

Görkəmli dirijor 1958-ci ildən ömrünün sonuna qədər Bakıda Bülbül prospekti 21 ünvanındakı mənzildə yaşayıb. Muzeyin açılmasında Heydər Əliyevin xüsusi təşəbbüsü olub. 1994-cü il sentyabrın 18-də mənzil-muzey fəaliyyətə başlayıb.

 

İradə SARIYEVA

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

 

Bakı Xəbər.- 2015.- 7 oktyabr.- S.15.