Respublikanın kukla

teatrlarına dövlət qayğısı...

 

Dünyada qədim sayılan kukla teatrı ənənəsi Azərbaycana da yad deyil. Zaman-zaman ölkəmizdə də kuklaların, gəlinciklərin, müqəvvaların iştirakı ilə meydan tamaşaları göstərilib, hadisələr canlandırılıb. Bu tamaşalar əsasən kəndirbazların səyyar fəaliyyətində təqdim edilərdi.

Azərbaycan dövlətinin teatr sənətinə qayğısı, bu qayğının nəticə verməsi göz qabağındadır. Dövlətin teatrla bağlı həyata keçirdiyi siyasət təqdir olunasıdır. "Teatrteatr fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda teatrın bütün sahələrinin inkişaf prinsipləri, onların keçəcəyi yol, maliyyələşməsi, tərəqqisi və s. təsbit olunub. Çağdaş dünya teatrlarının inkişafında xüsusi seçilən bir sıra institutların da teatrlarımızda fəaliyyət göstərməsi qanunda əksini tapıb. Təbii, onlardan biriprodüsserlik institutudur ki, bu, teatrların inkişafına, yeni əlaqələr qurmasına, maliyyələşməsinə böyük təkan verir.

Azərbaycan teatrı dövlət tərəfindən maliyyələşir, onların yaşaması üçün dövlət büdcəsindən lazımi vəsait ayrılır. Azərbaycandakı dövlət kukla teatrları da bu qayğıdan kifayət qədər bəhrələnə bilir desək yanılmarıq. Onlar dövlətin ayırdığı vəsaitlə yaşayırlar.

Kukla teatrlarından danışarkən qeyd edək ki, Azərbaycan milli xalq oyun-tamaşalarının tədqiqata möhtac qollarından biri kukla teatrıdır. Onun da kökləri orta əsrlərdən çox-çox əvvəllərə gedib çıxır və milli mədəniyyətimizin çox qiymətli sərvətlərindən sayılır. Şərq mədəniyyətinin bilici mütəfəkkirləri İbn Əl Əsr, A.Mokovelski, M.Kolankatvatsi, A.Xodzko, Biruni, S.Marronlarca bu qəbildən olan alimlər Azərbaycan xalq oyun-tamaşalarından, teatr elementli mərasim şənliklərindən söhbət açanda kukla teatrı mənşəli və xarakterli göstərmələrdən də bəhs ediblər. İndiki kukla teatrının kökləri kilimarası və maral oyunlarından qaynaqlanıb. Tədqiqatçılar yazır ki, Abdulla Şaiq adına Dövlət Kukla Teatrının hazırda yerləşdiyi bina polşalı mülki mühəndis İosif Ploşko tərəfindən inşa edilib, "Fenomen" kinoteatrı kimi istifadəyə verilib (1908-1910). Müxtəlif illərdə bu binada kazino, "Satirogit" teatrı, Musiqili Komediya Teatrı və Kənd Təsərrüfatı Nailiyyətləri Muzeyi fəaliyyət göstərib. İndiki Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının əsasını 1931-ci ildə Molla Ağa Bəbirli qoyub. Tədqiqatçılar yazır ki, bu teatrın ilk tamaşası 1932-ci ildə ("Sirk" adlı tamaşa) göstərilib.

Tədqiqatçılar yazır ki, müxtəlif illərdə (1931-1941-ci illər), (1946-1950-ci illər) müstəqil teatr kimi, müəyyən dövrlərdə isə Azərbaycan Gənc Tamaşaçılar Teatrı (1941-1946-cı illər) və Azərbaycan Dövlət Filarmoniyasının nəzdində (1950-ci ildə) fəaliyyət göstərib. Azərbaycan və rus bölmələri var. Yazılana görə, 1964-cü il aprel ayının 15-də teatra dövlət statusu verilib. 1975-ci ildən teatrda böyüklər üçüntamaşalar göstərilir. Yarandığı gündən bu günə qədər teatrda yüzlərlə tamaşa hazırlanıb. Teatrın kollektivi müxtəlif illərdə Hindistan, Yəmən, İran İslam Respublikası, Türkiyə, Hollandiya, Moskva, Sankt-Peterburq, Türkmənistan, Gürcüstan, Arxangelsk, Krasnodar kimi ölkə və şəhərlərdə, eləcə də respublikamızda keçirilən beynəlxalq teatr festivallarında iştirak etmiş, bir çox festivalların qalibi və laureatı olub. Teatrın repertuarında Ü.Hacıbəyov "Məşədi İbad", Anar "Qaravəlli", H.X.Andersen "Bülbül", A.Şaiq "Tıq-tıq xanım", "Tülkü həccə gedir", M.Seyidzadə "Cırtdan", M.F.Axundov "Parisi dağıdanlar", "Xırs quldurbasan", V.Qauf "Yalançı şahzadə", E.Şayye "Od oğlan", R.Əlizadə "Keçəlin toyu", Ş.Perro "Qırmızı papaq", Min bir gecə nağılları əsasında "Ələddin", Ə.Səmədli "Cik-cik xanım", K.Ağayeva "Göyçək Fatma", Ə.Abbasov "Şəngülüm, Şüngülüm", rus bölməsi üçün R.Moskova "Keçilər", R.Pilo "Qoğal", A.S.Puşkin "Qızıl xoruz", K.Aslanov "Qızıl almalar" kimi tamaşaların adını qeyd etmək olar.

Respublikamızda fəaliyyət göstərən digər Kukla Teatrı isə Gəncədə yerləşir. Verilən məlumata görə, Gəncə Dövlət Kukla Teatrı fəaliyyəti müddətində ilk dəfə əsaslı təmir edilir.

Qeyd edək ki, dövlət xəttilə indiyədək bir neçə dəfə cari təmir olunan Kukla Teatrının binası ilk dəfə tam əsaslı şəkildə yenilənir.

1989-cu ildə yaradılan, 2004-cü ildən Məhəmməd Tağı Sidqinin adını daşıyan Naxçıvan Dövlət Kukla Teatrı uşaq və yeniyetmələrin milli, mənəvi-əxlaqi dəyərlər ruhunda tərbiyəsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan əsərləri tamaşaya qoyub. Teatr Naxçıvan Muxtar Respublikası ilə yanaşı, Azərbaycanın digər bölgələrində, Türkiyə Respublikası və İran İslam Respublikasının bir çox şəhərlərində qastrol səfərlərində olub.

Qax Dövlet Kukla Teatrı da ölkənin nüfuzlu mədəniyyət müəssisələrindəndir. Rəsmi məlumata görə, teatr 1974-cü ildə əməkdar mədəniyyət işçisi İsako Zeynalaşvili tərəfindən dərnək olaraq yaradılıb. "Xalq kukla teatrı" adlanan teatr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 14 aprel tarixli, 214 nömrəli qərarına əsəsən, Qax Dövlət Kukla Teatrı statusu alıb. Qax Dövlət Kukla Teatrı fəaliyyətə başladığı dövrdən 50-yə yaxın əsər səhnələşdirərək rayonda, respublikamızın digər bölgələrində, hətta Türkiyədə, Gürcüstanda, Estoniyada tamaşaya qoyub. Təkcə son bir ildə 4 əsər səhnələşdirilib. Axırıncı dəfə teatr Həmdiyyə və Süleyman Lapupovların "Kral və əks-səda" əsərini səhnələşdirərək tamaşaçılara təqdim edib. Əvvəllər həvəskar artistlərlə fəaliyyətə başlayan teatr gərgin əməyi, yaradıcı axtarışları nəticəsində respublikamızda fəaliyyət göstərən dövlət kukla teatrları arasında ön sırada dayanan mədəniyyət ocağına çevrilib. Kollektivin səhnələşdirdiyi əsərlərdə həmişə uşaqlarda milli-mənəvi dəyərlərimizə hörmət ruhunun aşılanması, onlarda sağlam dünyagörüşün formalaşması ön plana çəkilib.

Məlumatlara görə, teatr 2005-ci ildə Türkiyənin İzmir şəhərində keçirilən 7-ci uluslararası "Kukla və kölgə oyunları" festivalında respublikamızı ləyaqətlə təmsil edərək bir sıra mükafatlara layiq görülüb. Kollektiv 2009-cu ildə Estoniyada keçirilən "Vilyam teatrı çamadanda" beynəlxalq teatr festivalında da yüksək mükafatlara layiq görülüb. Kollektiv 2000-2005-ci illərdəki fəaliyyətinə görə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Qızıl Dərviş" mükafatına layiq görülüb. Teatrın repertuarında Əli Səmədlinin, Abdulla Şaiqin, Rəhman Əlizadənin əsərlərinə, Azərbaycan və dünya xalqları nağıllarına geniş yer verilir. Uşaqlarda müasir dünyagörüşün formalaşmasında, onlarda vətənə, torpağa məhəbbət, milli dəyərlərimizə hörmət ruhunun aşılanmasında böyük rolu olan tamaşaların hazırlanmasında bu mədəniyyət ocağının direktoru Nazim Mahmudovun, baş rejissor Nazim Abdurahmanovun, quruluşçu rejissor İsako Zeynalaşvilinin, bədii rəhbər Osman Abdullayevin, rəssam Mais Abdullayevin, aktyorlardan Araz Mehrablının böyük əməyi olub.

Məlumatlara görə, dövlətimiz və rayon ictimaiyyətinin diqqət və qayğısı ilə əhatə olunan Qax Dövlət Kukla Teatrının kollektivi daim öz peşəkarlığını artırmaqla dinamik inkişaf yolunda olan respublikamızda mədəniyyətin inkişafına öz layiqli töhfəsini verməkdədir.

Bilirik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı" çərçivəsində, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə "II Respublika Kukla Teatrları" festivalı Qaxda keçirilib. Bunun da əhəmiyyəti böyükdür. Festivalda Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının, Qax, Naxçıvan, Gəncə, Salyan dövlət kukla teatrlarının kollektivləri iştirak edib.

Kukla teatrları sırasında Salyan Dövlət Kukla Teatrı da var. Bu teatr 1973-cü ildə yaradılıb. Verilən məlumata görə, ilk illərdə bədii özfəaliyyət dərnəyi kimi fəaliyyət göstərən, sonralar hər yerdə tanınacaq bu kollektiv yaradıcılıq birliyi əslən Salyandan olan, Bakı Dövlət Kukla Teatrında aktyor işləmiş, mədəniyyət işçisi Cahangir Qaraşovun təşəbbüs və dəstəyi ilə yaradılıb. O, tez bir zamanda ətrafına istedadlı həvəskarları toplayaraq Əli Səmədlinin "Artıq tamah baş yarar" əsərini tamaşaya qoyub. İlk addımın uğurları davamlı olduğundan, dərnək 1975-ci ildə "Xalq kollektivi" adına layiq görülüb. Teatrın kollektivi tezliklə festivallarda, müsabiqələrdə, şəhər və rayonlarda tamaşaçılar qarşısında layiqincə çıxış edərək müxtəlif mükafatlarla yanaşı, geniş tamaşaçı auditoriyasının sevgisini də qazanıb. Sənət aləmində özlərini kifayət qədər doğruldan kollektivə 1994-cü il iyulun 4-də Dövlət Teatrı statusu verilib. Bu illər ərzində teatrın kollektivi Əli Səmədlinin "Artıq tamah baş yarar ", Mirmehdi Seyidzadənin "Ata məhəbbəti ", Rəhman Əlizadənin "Keçəlin toyu", Rafiq Savalanın "Qayğıkeş Nigar", "Tələ quran özü düşər ", Abdulla Şaiqin "Danışan kukla", İsgəndər Coşqunun "Tülkü həccə gedir", Tofiq Kərimin "Quyruqlu ulağın sərgüzəştləri", Əli Əlizadənin "Keçəl Həmzənin hiyləsi", Həsənağa Hüseynovun "Ulamaqdan mələməyə", Firudin Ağayevin "Cırtdan və Sehrbaz", Rafiq Mirzənin "Yetim fatma", R. Kipinqin "Başlı başına gəzən pişik" və başqa 60-a qədər əsəri səhnələşdirərək tamaşaçıların zövqünü oxşayıb. Bu tamaşalar təkcə Salyanda deyil, ətraf bütün rayonlarda nümayiş etdirilib. Teatr kollektivi rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə hər zaman yaxından iştirak edir. Teatrın kollektivi öz tamaşaları ilə uşaqların mənəvi tərbiyəsində, onların mədəni səviyyəsinin, dünyagörüşünün formalaşmasında böyük rol oynayır.

Rəsmi məlumata görə, ümumiyyətlə, Salyanda teatr ənənələri daha qədimdir. 1944-1949-cu illərdə Salyanda Dövlət Dram Teatrı fəaliyyət göstərib. Müharibə dövründə açılan bu teatr dövrünün nümunəvi teatrlarından olub. Dram Teatrı olmasına baxmayaraq, yaradıcı heyətin güclü olması ilə əlaqədar səhnəyə operamusiqili komediya tamaşaları da qoyulub. Bu gün hamının tanıdığı görkəmli şəxsiyyətlərin bir qismi bu teatrın yetirmələridir. Onlardan Rübabə Muradova, Qulu Əsgərov, Sənan Ağabəyli, Muğbil Dadaşov, Əliağa Kürçaylı, Əflatun Ağayev, Rza Şıxov və başqalarını göstərmək olar. 1949-cu ildə bir sıra əyalət teatrları ilə yanaşı, Salyan teatrı da öz fəaliyyətini dayandırmağa məcbur olub. Hazırda Salyan Dövlət Kukla Teatrına Yavər Cəbrayılov rəhbərlik edir. Teatrın baş rejissoru isə Rafiq Mirzədir.

Gördüyümüz kimi, Azərbaycan dövləti kukla teatrlarına da ayrıca diqqət-qayğı göstərir, onların inkişafı üçün yardımlar edir, kukla teatrı festivalları keçirir, teatrların xarici ölkələrə qastrollarını təşkil edirs. Bu da onu göstərir ki, Azərbaycan teatr sənətinin bütün profil və istiqamətləri dövlət tərəfindən inkişaf etdirilir, burada çalışan sənətkarlara böyük diqqət-qayğı göstərilir.

 

İradə SARIYEVA

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

 

Bakı Xəbər.- 2015.- 8 oktyabr.- S.15.