Azərbaycan xalçaçılığı: keçmişdən gələcəyə...

 

İlmənin sanı, ərişin sonu...

 

İlmənin sanı yoxdu,

Ərişin sonu yoxdu,

Məst olarsan ətrindən -

Çiçəkdi, canı yoxdu...

Milli folklorumuzda özünəməxsus yer tutmuş, əsrlərdən süzülüb gələn bu səpkidə bayatılar Azərbaycanda xalçaçılıq sənətinin, qədim olmaqla yanaşı, həm də sevilən bir sənət növü olduğu barədə təsəvvür yaradır. Sanki zamanında öz "sehrli" barmaqları ilə "möcüzə" toxuyan xalçaçı xanımlar yaratdıqları əsrarəngiz gözəlliklərdən zövq alaraq "toxuyub" bu sözləri də...

Azərbaycan

xalçaçılıq sənətinin qürur verən tarixi

Azərbaycanın klassik mədəniyyət nümunələrindən danışarkən onun qədim və unikal qolu olan xalçaçılıq sənətindən söz açmamaq reallıqdan yan keçmək demək olardı. Çünki hər bir xalqın mədəniyyət tarixində onun mənəvi dünyasına işıq tutan, sahib olduğu intellektin, dünyagörüşünün, estetik düşüncənin və həyati fəlsfənin köklərini təcəssüm etdirən bir incəsənət sahəsi var ki, Azərbaycan xalqı üçün bu sahə onun dünyanı dolaşan xalçaçılıq sənətidir. Azərbaycanda xalçaçılıq sənətinin yaşının yüzilliklərlə ölçülməsi barədə deyilənlərə bu sənətin ölkəmizdəki inkişafı barədə Herodot, Klavdi Elian, Ksenofont kimi qədim dünya tarixçilərinin məlumat verməsi tutarlı sübutdur. Azərbaycan xalçaçılıq sənətinin ən geniış inkişaf dönəminə qədəm qoyduğu mərhələ isə Sasanilər dövrü (III-VII əsrlər) sayılır. Həmin dövrdə Azərbaycanda xalçaçılıq sənəti inkişaf edərək, ipək saplarla yanaşı, qızıl və gümüş saplardan da xalçalar toxunub. Bu barədə VII əsrdə yaşamış alban tarixçisi Musa Kalankatlı da özünün yazılarında məlumat verir. O, Azərbaycanda ipək parçalar və rəngarəng xalçaların toxunduğu haqda ilk yazılı mənbələrin müəllifidir. Ümumiyyətlə isə, Azərbaycanda qızıl-gümüş saplarla toxunan və daş-qaşla bəzədilən xalça istehsalı XVI-XVII əsrlərdə çox inkişaf edib. Əsas istehsal mərkəzləri Təbriz, Bərdə və Şamaxı şəhərləri sayılan bu xovsuz xalçaların istehsalı çox baha başa gəldiyindən, o yalnız feodallar üçün hazırlanır, sarayların ayrılmaz bəzək atributu hesab olunurdu. Diplomatik əlaqələr zamanı feodalların bir-birinə etdiyi hədiyyələr sırasında öndə gələn bu sənət nümunələri "zərbaf" adlanırdı. XIII əsrdə bütün Şərqi gəzib-dolaşmış məşhur venesiyalı səyyah Marko Polo Azərbaycan sənətkarlığını yüksək qiymətləndirərək yazırdı":Azərbaycanda bütün dünyada şöhrət qazanmış parçalar, xalçalar və qılınc tiyələri hazırlayan xeyli gözəl sənətkar var".

Azərbaycan

tarixinin bənzərsiz çeşnilərimizdəki

izləri...

Azərbaycan xalçaları yarandığı dövrdən onun əsas bəzək ornamentini həndəsi çeşnilər təşkil edib. Hələ tunc dövründən izlənən təsvirlərin mücərrəd-həndəsi formalarının, onların rəmzi mənasının eyni stilistik təsvirdə bu gün də qorunduğu faktdır. Lakin maraqlıdır ki, xalqın mədəni, mənəvi təfəkküründə baş verən istənilən dəyişikliklər zamanla bu ornamentlər arasında özünə yer tapırdı. Buna misal olaraq islamın gəlişi ilə Azərbaycan dekorativ-tətbiqi sənətində yeni ornamental motivin - Quran (Kufi) yazılarının meydana gəlməsini göstərə bilərik. IX-X əsrlərdə bütün müsəlman şərqində, o cümlədən Azərbaycanda əlyazma və memarlıqda Qurandan surələr yer almağa başlayır ki, bu ümumi tendensiya xalçalardan da yan keçmir. Xalçaçılıqda bu özünü haşıyələrin tərtibatında göstərir və çox keçmədən Azərbaycan milli ornamentlərinin tərkib hissəsinə çevrilir. Bu məqsədlə, bir qayda olaraq, ərəb kalliqrafiyasının ən qədim tərzindən - Kufi üslubundan istifadə olunur. Bunun bir səbəbi də o idi ki, Kufi yazısında düz xətlər və künclər üstünlük təşkil edir. Bu isə Azərbaycanın tarixi xalçaçılıq stili olan həndəsi çeşniyə yaxın idi, eyni zamanda ornamentalistika baxımından da olduqca cəlbedici sayılırdı.

Azərbaycan xalçaçılıq sənətinin daha bir özəlliyi onun ornamentləri arasında səkkizguşəli ulduzun yer almasıdır. Strukturunun əsasında Türk tenqrian xaçının durduğu bu ornament ürək çakrası - sevgi mərkəzini simvolizə edir. "Şirvan" xalçasında o, medalyonların mərkəzində yerləşən səkkiz ləçəkli kiçik çiçək formasındadır. Bununla onun təsəvvüf "ürək" zikrində olduqca böyük əhəmiyyət kəsb edən müqəddəs mənasına diqqət çəkilir. Bəllidir ki, ruhi enerjinin, firavanlığın mənəvi mərkəzdən gəlməsi səkkiz ləçəkli gül (lotos) şəklində ifadə edilir. Səkkizguşəli ulduz, eyni zamanda, "səmavi" ya "günəş qapıları"nın rəmzi rolunda çıxış edir ki, bu həm səkkiz cənnət qapısına işarədir.

Ümumiyyətlə, Azərbaycan xalçaçılıq tarixi haqqında məlumat verən mənbələrlə tanış olduqca Azərbaycanın bu sahədə böyük bir məktəbi olduğu qənaətinə gəlirsən. Məsələn, X əsrə aid, müəllifi bəlli olmayan "Hüdud əl-Aləm" tarixi mənbəyində qeyd olunur ki, Azərbaycanın Mərənd, Gəncə və Şəmkir şəhərlərində yüksək keyfiyyətli yun məmulatlar istehsal edilirdi, Naxçıvan, Xoy, Muğan, Səlmas və Ərdəbildə toxunan xalça və palazlar böyük şöhrət qazanmışdı. Eyni sözlərə IX-X əsrlərdə yaşamış ərəb tarixçisi Təbərinin yazılı mənbələrində də rast gəlinir. X əsr ərəb səyyahı Əl-Məsudi yazır ki, Mərənddə, Təbrizdə, Ərdəbildə "Məxfur" adlı xalçalar istehsal edilir. X əsrdə yaşamış ərəb müəllif Əl-Müqəddəsi isə misilsiz Qarabağ xalçaları, xüsusilə "tayı-bərabəri olmayan" Bərdə xalçalarından yazır.

Maraqlıdır ki, o zaman Azərbaycan sənətkarlarının xalçaparça istehsalında istifadə etdiyi boyaq maddələri də bir çox ölkələrdə tanınmayıb və həmin ölkələr onu Azərbaycandan idxal edib. Buna misal olaraq Əl-İstətri adlı müəllifin Bərdədən Hindistana ixrac edilən qızılı boyaq maddəsi (boyaqotu-marena) barədə, Əl-Müqəddəsi, Gövhəl kimi digər müəlliflərin isə al qırmızı rəng alınan və hətta Avropaya ixrac edilən "qırmız" adlı xüsusi qurdlar haqqında yazdıqlarını göstərə bilərik.

Azərbaycan xalçalarının gözəlliyi yüksək bədii-estetik zövqə malik Avropa rəssamlarının da diqqətindən yayınmayıb. Artıq XV əsrdən başlayaraq Avropanın ünlü rəssamlarının tablolarında Azərbaycan xalçalarının təsvirləri yer almağa başlayıb. Bu əsərlər sırasında Hans Holbeynin "Elçilər", Yan Van Eykin "Keşiş Vander Pale madonnası" yer alır. Qeyd edək ki, sonuncu rəsm əsərini Niderland rəssamı Azərbaycanın "Quba" xalçaları fonunda çəkib.

XVI-XVII əsrlər Azərbaycan xalçaçılıq sənətinin ən coşqun inkişaf mərhələsinin yaşandığı dövr sayılır. Həmin dövrdə Şah İsmayıl Xətainin şərəfinə toxunmuş "Şeyx Səfi" xalçası bu gün də Azərbaycan xalçaçılıq sənətinin dəyərli incisi statusunu qoruyub saxlamaqdadır. Lakin təəssüf ki, o hələ də Azərbaycanın Xalça Muzeyini bəzəmir. İngilislərin İrandan apardığı bu sənət incisi Londonun "Viktoriya-Albert" muzeyində saxlanır.

Əslində "Şeyx Səfi" xalçası Azərbaycan incəsənətinin xarici ölkə muzeylərində saxlanan yeganə nümunəsi deyil. XVIII-XIX əsrlərdə Qarabağda, Gəncədə, Qazaxda, Qubada, Şamaxıda və Bakıda toxunmuş bir neçə xovluxovsuz nadir xalça hazırda, ölkəmizdə olduğu kimi, xaricdə də muzey və şəxsi kolleksiyalarda saxlanmaqdadır. Gəncə tarix-diyarşünaslıq muzeyində isə XİX əsrdə Qarabağda toxunmuş atlı və itli xalça muzeyin ən maraqlı eksponatlarındandır.

Milli xalçaçılıq

sənətimizin bu günü...

Sevindirici haldır ki, əsrlər boyu dünya miqyasında zəngin keçmişimizi, inkişaf mədəniyyətimizi və milliliyimizi layiqincə təmsil edən Azərbaycan xalçaçılıq sənəti sahəsində bu günqürur duyacağımız nailiyyətlərimiz var. Bu nailiyyətlərin ən böyüyü isə bu sahəyə göstərilən dövlət qayğısıdır. Bəllidir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra, bir çox sahələr kimi, milli xalçaçılıq sənəti də özünün intibah dövrünə qədəm qoydu. Bu sektor üzrə qanunvericilik bazasının yaradılması, "Azər-İlmə" elm-istehsalat birliyinin təsis olunması ilə dirçəlməyə başlayan Azərbaycan xalçaçılıq sənəti 16 noyabr 2010-cu ildə Mehriban xanım Əliyevanın dəstəyilə YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edildi ki, bununla da dünya miqyasında özünü təsdiqləmək üçün geniş imkan əldə etmiş oldu. Bu həqiqətən böyük nailiyyət idi, çünki buna qədər Azərbaycan xalçaları dünya miqyasında yalnız Qafqaz xalçaları adı altında təqdim olunur, Azərbaycanın sənət inciləri ümumiləşdirilmə nəticəsində sanki milli kimliyini itirirdi. Sevindirici haldır ki, bu gün "Azər-İlmə"nin genişlənən beynəlxalq əlaqələri bu kontekstdə bütün stereotipləri qıraraq Azərbaycanın bu unikal sənət nümunələrinin yolundakı maneələri aradan qaldırmağa və onu dünya incəsənət bilicilərinin qiymətləndirməsinə verilməsinə nail oldu. Nəticədə "Viktoriya-Albert", "Metropolitan" kimi Avropa muzeylərinin ekspozisiyasını bəzəyən Qarabağ, İrəvan, Naxçıvan, Gəncə, Bakı, Quba, Qazax-Borçalı, Təbriz, Şirvan qruplarına aid Azərbaycan xalçaları və xalça məmulatları doğru adı ilə çağırılmağa başlandı. Bu sahədə "Azər-İlmə"nin fəaliyyəti yüksək qiymətləndirilməlidir. Belə ki, şirkət əməkdaşlarını həmin muzeylərə ezam edərək, bu xalça nümunələrimiz, onların ekspozisiyalarda hansı adlarla saxlanması, saxlanma şəraiti, bədii və texniki göstəriciləri haqqında məlumatlar əldə edib ki, həmin məlematlar "Azərbaycan xalçaları" jurnalında geniş işıqlandırılıb.

Hazırda "Azər-İlmə" geniş əlaqələr qurduğu Rusiya dövlət Şərq muzeyində nümayiş etdirilən xeyli sayda Azərbaycan xalçasını araşdırır. Belə ki, bu muzeydə bir çox xalçalarımız yanlış adlarla, bəziləri isə hətta digər xalqların maddi-mədəniyyət nümunəsi kimi təqdim olunur. Şirkətin rəhbəri, professor Vidadi Mahmudovun başçılıq etdiyi tədqiqat qrupuna həm Azərbaycanın, həm də Rusiyanın elmi-tədqiqat mərkəzlərindən tarixçilər, etnoqraflar, xalçaçılar, sənətşünaslar cəlb olunaraq hazırda müştərək tədqiqat işləri aparılır.

Görünür bütün bunların nəticəsidir ki, "Azər-İlmə"nin fəaliyyəti qonşu ölkələrin də mətbu orqanlarının diqqətini cəlb edir. Buna misal olaraq Gürcüstan Respublikasının iki mətbu orqanında - "Gürcüstandünya" və "Ümumi qəzet"də "Azər-İlmə" barədə xoş sözlərin yer aldığı yazıları göstərə bilərik. Sözügedən məqalələrdə "Azər-İlmə"nin nəinki Azərbaycanda, ümumən Cənubi Qafqaz regionunda qədim xalçaçılıq ənənələrinin bərpa olunmasında, genişlənməsində və təbliğində oynadığı rola diqqət çəkilir. Azərbaycan Respublikası Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Mahmudovun "Azərbaycan xalçaları bütün qrupları ilə" adlı fundamental elmi-tədqiqat layihəsi çərçivəsində Azərbaycan, ingilisrus dillərində nəşr olunmuş "Qazax-Borçalı bölgəsinin xalçaçıları" adlı dərs vəsaiti isə həm də Azərbaycanla Gürcüstan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsində, bu bölgə sənətkarlarının tarixi və mədəni irsinin araşdırılmasında önəmli hadisə kimi qiymətləndirilib.

Lakin bütün bunlarla yanaşı demək olmaz ki, Azərbaycan xalçaçılıq sənəti bu gün heç bir problem yaşamır. Hər sahədə olduğu kimi, milli xalçaçılıq sektorumuzda da bəzən arzuolunmaz hallara rast gəlinir ki, bunlardan ən əsası bəzi hallarda bu sənət nümunələrinin təbiiliyinə xələl gətirilməsidir. Məsələ burasındadır ki, bu gün xalça istehsalımızda bəzən ərişin süni liflərlə əvəzlənməsi və yaxud iplərin boyanması zamanı süni-kimyəvi boyaq maddələrindən istifadə olunması hallarının olduğu barədə də ara-sıra məlumatlar verilir. Bilərəkdən, ya bilməyərəkdən milli koloritimizə vurulan bu "yamaq" isə zamanla dünya şöhrətli xalçaçılıq sənətimizin bu günə kimi qazandığı reytinqin üzərinə ciddi şəkildə kölgə salmaq iqtidarındadır. O üzdən əlaqədar qurumların üzərinə bu istiqamətdə ciddi məsuliyyət düşür. Lakin inanıram ki, sözügedən sektorda bu ulu sənətimizin yaşamasında və gələcək nəsillərimizə heç bir "yamaq"sız çatdırılmasında maraqlı olan milli vətənpərvərlərimiz yetərincədir və onlar bu məsuliyyətin öhdəsindən layiqincə gələcək.

 

Samirə SƏFƏROVA

 

Yazı "Azər-İlmə" Xalçaçılıq Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.

 

Bakı Xəbər.- 2015.- 8 oktyabr.- S.12.