Dünya şöhrətli müğənnimiz
Rəşid Behbudovun
100 illik yubileyi...
Milli musiqi sənətimizin
görkəmli simalarından biri, Azərbaycan
musiqisini bütün dünyada böyük sevgi ilə tərənnüm edən Rəşid
Behbudovun 100 illik yubileyidir. Görkəmli müğənni, aktyor, Sosialist Əməyi
Qəhrəmanı, xalq artisti
Rəşid Behbudovun xatirəsi hər zaman böyük ehtiramla yad edilir.
Azərbaycan dövləti Rəşid Behbudov
sənətinə, Rəşid Behbudov
şəxsiyyətinə, onun mədəni
irsinə həmişə qayğı ilə yanaşıb.
2005-ci ildə dövlət xəttilə dünya şöhrətli Rəşid Behbudovun 90 illik yubileyi Azərbaycanın bir sıra şəhər və rayonlarında yüksək səviyyədə qeyd edildi.
2005-ci ildə Gəncədəki mərkəzi kitabxanada görkəmli müğənni, SSRİ xalq artisti Rəşid Behbudovun anadan olmasının 90 illik yubileyinə həsr olunan tədbir keçirilib. Ecazkar səsə, böyük aktyorluq məharətinə malik Rəşid Behbudovun həyat və yaradıcılığı olduqca dəyərlidir. O da məlumdur ki, hələ sovetlər birliyi zamanı Azərbaycanın və eləcə də milli musiqimizin dünyaya tanıdılmasında böyük sənətkarın xidmətləri danılmazdır.
2010-cu ildə isə Rəşid Behbudovun 95 illik yubileyi keçirildi. Yubiley tədbirləri çərçivəsində "Rəşid Behbudov və Azərbaycan bəstəkarları" mövzusunda konfranslar, tədbirlər keçirilib.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə "Rəşid Behbudov Azərbaycanın ən parlaq simalarından biridir" deyə qeyd edirdi.
Rəşid Behbudovun yubileyləri hər zaman dövlət xəttilə keçirilir.
Qeyd etdiyimiz kimi, bu il R.Behbudovun 100 yaşı tamam olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin mart ayında Rəşid Behbudovun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: "2015-ci ilin dekabr ayında dünya şöhrətli musiqi xadimi, görkəmli müğənni və tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Məcid oğlu Behbudovun anadan olmasının 100 illiyi tamam olur. R.Behbudov Azərbaycanın çoxəsrlik mədəniyyəti tarixinin yetirdiyi böyük simalardandır. Özünəməxsus ifaçılıq tərzinə və həzin lirizm çalarlı ecazkar səsə malik sənətkar təkrarolunmaz yaradıcılığı boyunca sənət aləminə gətirdiyi yeniliklərlə milli musiqi salnaməsini xeyli zənginləşdirmişdir. Çoxşaxəli fəaliyyəti dövründə özünün qurduğu və bu gün də adını daşıyan Azərbaycan Dövlət Mahnı Teatrı mədəniyyətə sanballı töhfə təşkil edir. R.Behbudovun kino aktyoru kimi canlandırdığı unudulmaz obrazlar ölkə kinematoqrafiyasının parlaq səhifələridir. Vətənə və xalqa son dərəcə bağlı olan sənətkar dünyanın ən məşhur teatr səhnələri və konsert salonlarındakı rəngarəng repertuarlı saysız çıxışları ilə Azərbaycan mədəniyyətinə geniş şöhrət qazandırmışdır".
Bu ilin mart ayından imzalanan Sərəncamdan irəli gələrək respublikamızın bütün mədəniyyət ocaqlarında R.Behbudovun anadan olmasının 100 illiyi qeyd olunur. Bu il belə silsilə tədbirlər çox keçirilib və onlardan biri də Lənkəranda baş tutub. Lənkəran şəhərindəki Mərkəzləşdirilmiş Kitabxanada baş tutan yubiley tədbirində rayonun mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Musiqişünaslar qeyd edir ki, özünəməxsus ifaçılıq tərzinə və həzin lirizm çalarlı ecazkar səsə malik sənətkar təkrarolunmaz yaradıcılığı boyunca sənət aləminə gətirdiyi yeniliklərlə milli musiqi salnaməsini xeyli zənginləşdirib. Vətənə və xalqa son dərəcə bağlı olan sənətkar dünyanın ən məşhur teatr səhnələri və konsert salonlarında rəngarəng repertuarlı saysız çıxışları ilə Azərbaycan mədəniyyətinə geniş şöhrət qazandırıb.
Tələsin, insanlar, şadlıq görməyə,
Qəm-qüssə görməyə gecikin bir az.
Tələsin, insanlar, deyib-gülməyə,
Göz yaşı tökməkdən bezikin bir az...
"Tələsin insanlar" mahnısını Rəşid Behbudovun ifasında yüz dəfələrlə dinləmişik, amma hər dəfə bizə elə gəlir ki, bu mahnını ilk dəfə dinləyirik.
Azərbaycan mədəniyyətini və incəsənətini dünya arenasına çıxarmaqda misilsiz xidmətləri olan, milli musiqimizin gücü və Tanrının bəxş etdiyi ecazkar səsinin sehri ilə milyonların, milyardların qəlbini ovsunlayan bənzərsiz sənətkar R.Behbudovun irsi tükənməzdir.
R.Behbudov SSRİ-nin bütün respublikalarında, eləcə də Albaniya, Bolqarıstan, ərəb ölkələri, Hindistan, Çin, Finlandiya, İran, İraq, Türkiyə, Çili, Argentina və s. ölkələrdə dəfələrlə qastrol səfərlərində olub.
"R.Behbudov nadir bir
insandır, nadir şəxsiyyətdir. Azərbaycan mədəniyyəti
tarixində bənzərsiz
bir incəsənət
ustasıdır"-deyə
Azərbaycan Respublikasının
sabiq Prezidenti, mərhum Heydər Əliyev bildirirdi. R.Behbudov sənətinə yüksək
dəyər verən Heydər Əliyev bu böyük sənətkarı hər
zaman qiymətləndirirdi.
Xalq artisti, sənət dostu Lütfiyar İmanov da R.Behbudov sənətinə
yükək qiymət
verirdi: "Sevimli sənətkarımızın Azərbaycan
şəlalələrinin şırıltısı
kimi könül aşan
ecazkar səsinin xoş sədası hələ bundan sonra da neçə-neçə
ürəkləri fəth
edəcək".
"Eşq olsun
ürəyində xalqını
gəzdirən, əməllərində
xalqının ruhunu yaşadan Vətən oğullarına! Belə oğullar hər yeni nəsillə birgə yenidən doğulur, ömrü xalqın ömrünə
qarışır, yaşı
da şərtiləşir"
- deyə xalq şairi Bəxtiyar Vahabzadə
bildirirdi. O, Rəşid
sənətinin böyüklüyünü
bir daha bəyan edirdi.
Qeyd edək ki, Rəşid
Məcid oğlu Behbudov 1915-ci il
dekabrın 14-də Tiflisdə
xanəndə Məcid
Behbudalı oğlunun
ailəsində dünyaya
gəlib. Anası Firuzə xanım
Vəkilovlar nəslinə
mənsub idi. Uşaq yaşlarından məktəb
xorunda oxuyan Rəşid 1933-cü ildə
Dəmir yolu Texnikumuna daxil olub. Təhsili dövründə tələbə özfəaliyyət
orkestrində çalışıb.
Tədqiqatçılar yazır ki, hərbi xidməti zamanı ordu ansamblının solisti olan R.Behbudov
əsgəri xidmətdən
sonra Tiflis estrada
qruplarından birində
solistlik edir və tezliklə bəstəkar A.Eyvazyanın
rəhbərlik etdiyi Ermənistan Dövlət Caz Orkestrində solistliyə başlayır.
30-cu illərdə Ermənistan Dövlət
Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyur.
1939-cu ildə həmin teatrın truppası ilə birlikdə Moskvada Ermənistan incəsənəti
günlərində iştirak
edir. 1942-ci ildə kollektivlə birgə Krım cəbhəsinə yollanır.
1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun
eyniadlı operettasının
motivləri əsasında
çəkilən "Arşın
mal alan" filmində baş rola dəvət alır. 1945-ci ildə
film efirə çıxır
və çox tez bir zamanda
nəinki Azərbaycanda,
bütün Sovet İttifaqında böyük
populyarlıq qazanır.
1946-cı ildə bu filmdəki Əsgər roluna görə R.Behbudov
"Stalin mükafatı" ilə təltif olunur. 1949-cu ildə Budapeştdə keçirilən Gənclərin
və Tələbələrin
Ümumdünya Festivalında
çıxış edir.
Onu da bildirək ki, "Arşın mal alan" filmindən
sonra R.Behbudov yenidən filmə çəkilir. 1955-ci ildə görkəmli rejissorumuz Lətif Səfərovun ekranlaşdırdığı
"Bəxtiyar" filmində
baş rola çəkilən R.Behbudov
burada həm bir aktyor, həm
də müğənni
kimi özünü ifadə edə bilib. Bilirik ki, R.Behbudov
haqqında ayrı-ayrı
dönəmlərdə çoxlu
verilişlər, sənədli
filmlər çəkilib.
Bunların hər biri Azərbaycan tamaşaçısı
üçün çox
dəyərlidir.
1953-1960-cı
illərdə fasilələrlə
M.F.Axundov adına
Azərbaycan Dövlət
Opera və Balet Teatrının solisti,
1957-1959-cu illərdə Azərbaycan
Dövlət Konsert Ansamblının təşkilatçısı
və rəhbəri olub. 1966-cı ildən musiqi və estrada sənətinin
caz, balet, pantomim kimi müxtəlif
janrlarını üzvi
surətdə birləşdirən
Azərbaycan Dövlət
Mahnı Teatrını
təşkil edir və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olur.
Tədqiqatçılar qeyd edir ki, bütün
sovet respublikaları ilə yanaşı,
Argentina, Bolqarıstan, Belçika,
Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə
geniş repertuarla çıxış edən
R.Behbudov Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal
əsərlərinin xarici
ölkələrdə populyarlaşmasında
çox böyük rol oynayıb. R.Behbudov Hindistana səfəri haqqında "Uzaq Hindistanda" kitabını
yazıb.
Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində
vəfat edib. Məzarı
I Fəxri Xiyabandadır.
Qeyd edək ki, 1959-cu ildə R.Behbudova SSRİ xalq artisti adı
verilib, 1978-ci ildə Azərbaycan SSR Dövlət
mükafatına,
24 aprel 1980-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb, həmin
vaxt "Lenin", "Qırmızı
Əmək Bayrağı"
ordenləri ilə təltif edilib.
R.Behbudovun ifa etdiyi hər bir əsər, mahnı yaddaşlarda yaşayır. Bilirik ki, bir sıra bəstəkarların əsərlərinin ilk ifaçısı və həmin əsərlərə dünya şöhrəti qazandıran R.Behbudov olub. Tədqiqatçılar bildirir ki, Azərbaycan musiqi və estrada sənətinin müxtəlif janrlarını birləşdirərək incəsənətimizin yeni, orijinal və pozulmaz səhifələrini yazdı. Dahi sənətkarın yadigar və nişanə qalan Mahnı Teatrı bu gün böyük müğənninin adını daşıyır və yaşadır. R.Behbudov elə böyük ürək sahibi idi ki, həmişə özündən sonra gələnləri düşünürdü. İndi onun yaratdığı bu sənət məbədində məhz Rəşid məktəbinin davamçıları fəaliyyət göstərir. R.Behbudov Azərbaycan incəsənətinin dünyada tanınan iki-üç simasından biri olub.
Vətənpərvər, Azərbaycansevər olan sənətkar ölkəmizin müstəqillik qazanmasına fədakarlıqla əmək verən sənətkarlardan olub. Azərbaycan naminə dünyanın ən müxtəlif ölkələrində konsertlər verən R.Behbudov anamız Azərbaycanı yüksək səviyyədə təbliğ edib.
Böyük müğənninin, dahi sənətkarın yaratdığı məktəb bu gün də mövcuddur, yüzlərlə musiqiçi, müğənni onun yolunu davam etdirir. Sevindirici haldır ki, böyük sənətkarı dünyanın bir çox yerində tanıyır, ifasında səslənən əsərləri dinləyirlər.
Ölməz R.Behbudov yüz yaşına çatsa
da, hələ də ürəklərdə,
könüllərdə gənclik eşqi,
həvəsi ilə oxuyan böyük
sənətkar kimi yaşayır.
İradə SARIYEVA
Yazı Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə çap
olunur.
Bakı Xəbər.- 2015.- 13
oktyabr.- S.11.