Azərbaycanın müstəqilliyi uğrunda
mübarizənin Naxçıvan dövrü...
Dövr birmənalı Heydər
Əliyevin adı ilə bağlıdır
(Əvvəli
ötən sayımızda)
Azərbaycan dövlətçilik tarixi haqqında çox yazmışıq, ayrı-ayrı mərhələləri alimlərin iştirakı ilə təhlil etmişik. Tarix bir ibrət dərsidir və onu dərindən öyrənməli və təbliğ etməliyik.
XX əsrdə iki dəfə müstəqillik əldə edən, hazırda bağımsız dövlət kimi mövcud olan Azərbaycan Respublikası çox çətin sınaqlardan adlayaraq indiki vəziyyətinə gəlib.
...O dövrə aid mətnlərlə, rəsmi məlumatlarla tanış olduqca məlumat alırıq ki, Azərbaycanın üçrəngli bayrağı müstəqillik aktı qəbul olunmamışdan 11 ay əvvəl Heydər Əliyevin rəhbərliyi, göstərişi və təşəbbüsü ilə Naxçıvan Ali Məclisində qaldırılıb. Şərəfli dövlətçilik tariximizin unudulmaz hadisəsi olan bu məsələ qürurvericidir. Bu da onu göstərir ki, Azərbaycanın müstəqilliyinin qorunması, onun inkişaf etdirilməsi, dünyaya təqdim edilməsi Heydər Əliyevin xidmətləri sayəsində mümkün olub. Keçən əsrin 90-cı illəri Azərbaycanda təlatümlü, hərc-mərcliyin, özbaşnalığın hökm sürdüyü bir dönəm olub. Bu illərdə Azərbaycanın müstəqilliyi, bütövlüyü sınağa çəkilib, lakin Heydər Əliyevin iradəsi, nüfuzu, ağıllı siyasəti nəticəsində ölkəmiz xilas olub. Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrü doğrudan da yaddaqalandır. O burada yaşayıb çalışarkən çox böyük işlərə imza atıb.
Məsələn, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyasında müzakirə edilən ən mühüm məsələlər sırasında 1990-cı il 20 Yanvar faciəsi və Dağlıq Qarabağ münaqişəsi də var idi. Tədqiqatçılar yazır ki, 1990-cı ilin 21 noyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi böyük dövlət xadimi Heydər Əliyevin işləyib hazırladığı "1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" tarixi qərar qəbul edib. Ümumiyyətlə, həmin vaxt Heydər Əliyev Naxçıvanın ictimai-siyasi həyatında yaxından iştirak edir, xalqımızın demokratiya və müstəqillik uğrunda mübarizəsinə böyük xidmətlər göstərirdi.
Tədqiqatçılar qeyd edir ki, Muxtar Respublikanın əsl xilas və tərəqqisinin yalnız Heydər Əliyev dühası sayəsində mümkün olduğunu çox yaxşı bilən Naxçıvan əhalisinin təkidli tələbi ilə 1991-ci ilin 3 sentyabrında görkəmli dövlət xadimi Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədr seçilir. İki il Naxçıvana rəhbərlik edən Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi fəaliyyəti genişmiqyaslı olub.
Tədqiqatçılar yazır ki, 31 dekabrın "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" kimi qeyd olunması, keçmiş SSRİ-dən miras qalmış təhlükəsizlik orqanlarının ləğv edilərək milli maraqlara xidmət edən yeni müvafiq qurumun yaradılması, rus qoşun hissələrinin Muxtar Respublikadan çıxarılması, Naxçıvanın müdafiəsi üçün sistemli tədbirlərin görülməsi, nizami ordu hissələrinin təşkili, diyarımızın tarixi taleyi üçün müstəsna əhəmiyyətə malik Qars müqaviləsinin şərtlərinin beynəlxalq aləmin diqqət mərkəzinə çatdırılması, idarəetmə strukturlarında ədalətin, demokratiyanın, operativliyin və dinamikliyin təmin olunması, "hakimiyyət xalq üçündür" prinsipinə dönmədən əməl edilməsi, aqrar islahatların, özəlləşdirmənin uğurla aparılması, yeni iqtisadi münasibətlərin formalaşdırılması, əhalinin sənaye mallarına, ərzaq məhsullarına kəskin ehtiyacının ödənilməsi, enerji təminatı sahəsində böhranlı vəziyyətin aradan qaldırılması üçün layihələrin həyata keçirilməsi, ağıryüklü təyyarələrin qəbulu üçün aeroportun yenidən qurulması, mədəni mühitin dirçəldilməsi, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması üçün mühüm addımların atılması - sadalamadığımız yüzlərlə belə böyük tədbirlər məhz bu qısa müddətdə Naxçıvanda yüksək səviyyədə gerçəkləşdirilmişdi. Ölkəmizin ən kütləvi siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının təsis edilməsi, az vaxt ərzində böyük nüfuz qazanması da ulu öndərin fəaliyyətinin Naxçıvan dövrünə aiddir.
Tədqiqatçılar qeyd edir ki, həmin illərdə Muxtar Respublikanın sosial-iqtisadi, siyasi və mədəni həyatının bütün sahələrində əsaslı yüksəlişin baş verməsi istiqamətində həyata keçirilən möhtəşəm tədbirlər sistemliliyi və kompleksliyi ilə səciyyələnir. Ulu öndər Naxçıvanı düşdüyü blokada vəziyyətinin çoxşaxəli çətinliklərindən xilas etmək məqsədilə yerli imkanlardan maksimum dərəcədə yararlanmaq üçün ardıcıl tədbirlər işləyib hazırlayır, onları uğurla reallaşdırırdı. Məsələn, ölkədə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi 6 aprel 1992-ci il tarixdə "Zərərlə işləyən kolxoz və sovxozların özəlləşdirilməsi haqqında" Qərar qəbul etmiş, qısa müddət ərzində Muxtar Respublikada aqrar islahatlar yüksək səviyyədə aparılmış, yeni mülkiyyət münasibətləri formalaşdırılmışdı. Azərbaycanın əsas hissəsi ilə əlaqələrin bərpası üçün də müxtəlif vasitələrdən istifadə edilirdi. Hava limanının yenidən qurulması və digər analoji tədbirlər məhz bu məqsədə yönəldilmişdi. Həmçinin qonşu Türkiyə və İran dövlətləri ilə yaradılmış qarşılıqlı əlaqələr, təşkil olunan gömrük-keçid məntəqələri, tikilən körpülər də bu baxımdan özünəməxsus əhəmiyyət daşıyırdı. Naxçıvanda "Real" informasiya agentliyinin, Bakıda "Naxçıvan" qəzetinin fəaliyyətə başlaması, bölgədə baş verən proseslər, bədnam ermənilərin törətdiyi vəhşiliklər barədə dünyanın mötəbər beynəlxalq təşkilatlarına müntəzəm və təsirli məlumatların çatdırılması da bu qədim diyarın qorunmasına yönələn müdrik və qətiyyətli addımlar idi. "Naxçıvan Muxtar Respublikadır. Azərbaycanın tərkibindədir. Bu, beynəlxalq müqavilələr nəticəsində yaranmış statusdur, onu heç kəs dəyişdirə bilməz"-deyən Heydər Əliyev Naxçıvana rəhbərlik etdiyi dövrdə bu statusun işığında ciddi tədbirlər həyata keçirib, bölgəni işğaldan qoruyub.
Tədqiqatçı Hüseyn Həşimov qeyd edir ki, Ali Məclisin sədri seçilməsindən cəmi bir neçə gün sonra, 7 sentyabr 1991-ci il tarixdə Heydər Əliyevin imzaladığı Qərarla Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin təşkili də bu baxımdan çox mühüm tədbir idi: "Bütün digər sahələrlə yanaşı, humanitar məsələlər də görkəmli dövlət xadimi Heydər Əliyevin daim diqqət mərkəzində olub. Naxçıvanlı gənclərin Türkiyənin müxtəlif universitetlərində ali təhsil almaq üçün göndərilməsi, səhiyyənin, ədəbi-mədəni mühitin inkişafına böyük qayğı göstərilməsi və sair tədbirlər bu qəbildəndir. Təkcə bir faktı xatırladaq ki, 23 oktyabr 1992-ci ildə Naxçıvanda soyuq hava şəraitində ustad romantik ədib Hüseyn Cavidin 110 illik yubileyi qeyd olunub, ulu öndərimiz Heydər Əliyev tədbirdə iştirak və çıxış edib. Bu kimi onlarla fakt sadalamaq olar. Beləliklə, ümummilli liderimizin 22 iyul 1990-cı ildə Naxçıvana gəlişi, xalqın təkidli tələbi və istəyi ilə Muxtar Respublikanın rəhbəri seçilərək son dərəcə ağır vəziyyətdə olan bu ulu diyarı mətanətlə qoruması, əsl nicat yoluna çıxararaq hərtərəfli yüksəlişə qovuşdurması böyük əhəmiyyət daşımaqla, bütövlükdə, ölkəmiz üçün mühüm bir hadisəyə çevrilib.
Görkəmli siyasi xadim Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində 1993-cü ilin iyununadək çalışıb. Ölkənin ağır durumunda xalq təkidlə Heydər Əliyevi Bakıya, Azərbaycan rəhbərliyinə dəvət edib. 1993-cü ilin 9 iyununda Bakıya gələn ulu öndərin 15 iyunda Milli Məclisin sədri seçilməsi Vətənin və xalqın tarixində əsl qurtuluş gününə çevrilib. Həmin ilin 3 oktyabrında xalqın böyük dəstəyi ilə ölkə Prezidenti seçilən dahi şəxsiyyət on il ərzində neçə-neçə qərinəyə bərabər işlər görüb, müstəqil Azərbaycanın xilaskarı və qurucusu kimi böyük tarixi missiyanı uğurla həyata keçirib.
Ulu öndərimiz Heydər Əliyev Azərbaycana ikinci rəhbərliyi dövründə də Naxçıvana xüsusi diqqət və qayğı göstərib, blokadanın çətinliklərinin aradan qaldırılması, Muxtar Respublikanın inkişafı üçün mühüm tədbirlər həyata keçirib. Ümummilli liderimizin Naxçıvana hər səfəri tarixi hadisəyə çevrilib, regionun gələcəyi üçün tarixi qərarların qəbul edilməsi ilə yadda qalıb.
Azərbaycanımızın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası sürətli inkişaf yolunda olmaqla əsl intibah dövrünü yaşayır. Blokada şəraitinin yaratdığı çoxsaylı çətinliklərə baxmayaraq, ulu diyarımız gündən-günə çiçəklənir, həyata keçirilən böyük quruculuq işləri Muxtar Respublikamızın hərtərəfli inkişafını təmin edir. Ən ucqar dağ kəndindən başlayaraq Muxtar Respublikanın paytaxtınadək hər bir yaşayış məntəqəsində yenidənqurma, tikinti, abadlıq işlərinin aparılması, çəkilən yollar, salınan körpülər, gözoxşayan yaşıllıqlar, istifadəyə verilən çoxsaylı sosial obyektlər, istehsal müəssisələri, yaradılan on minlərlə yeni iş yerləri, əhalinin rifah halının yüksəldilməsi, mədəni mühitin əsaslı dirçəlişi, genişlənən xarici-iqtisadi əlaqələr və sair hamısı Muxtar Respublikamızın son iyirmi ilə yaxın müddətdə möhtəşəm inkişaf və yüksəlişinin parlaq təzahürüdür".
Məlum olduğu kimi, 1991-ci il oktyabr ayının 18-də müstəqilliyini elan etdikdən sonra Azərbaycan xalqı özünün çox çətin günlərini yaşayırdı. Bir tərəfdən 70 il davam edən kommunist üsul-idarəsindən miras qalmış zəhərli təbliğat,
iqtisadi gerilik, bir tərəfdən də müstəqillik qazanandan sonra hakimiyyət uğrunda kreslo çəkişmələri və bununla əlaqədar dağıntılar, ölkənin parçalanma vəziyyətinə düşməsi, eləcə də ölkəyə erməni təcavüzü Azərbaycanın əldə etdiyi müstəqilliyin məhvi təhlükəsini yaratmışdı.
Belə bir şəraitdə Azərbaycanı bu vəziyyətdən xilas etmək üçün geniş dünyagörüşə, möhkəm iradə, qeyrət, təşəbbüs və lazımi hazırlığa malik bir rəhbər tələb olunurdu. Ona görə uzun illər boyu xalqa ləyaqətlə xidmət edən, ürəyi vətən eşqi ilə döyünən, dünyaya öz qüdrətini nümayiş etdirən, Naxçıvan MR Ali Məclisinin sədri möhtərəm Heydər Əliyev xalqın tələbi ilə Bakıya dəvət olundu və 1993-cü ildə ikinci dəfə hakimiyyətə gətirildi. Heydər Əliyevin hakimiyyətə qayıdışı əslində Azərbaycanın özünə qayıdışı oldu. Onun hakimiyyətə qayıdışı ilə Azərbaycanda mövcud olan gərginlik aradan qaldırıldı.
Zəhmət Şahverdiyev və İsmayıl Zeynalovun 2002-ci ildə "Qismət" nəşriyyatında çap olunan "Naxçıvan Muxtar Respublikası 1991-2001-ci illərdə" kitabında yazılır ki,
Azərbaycan xalqı azad, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə irəliləyərək, bütün ölkələr və xalqlarla sülh, dostluq və əməkdaşlıq şəraitində yaşamağa başladı.
Müharibə şəraitinə,
ağır iqtisadi vəziyyətə,
1993-1995-ci illərdə olan təxribatlara
baxmayaraq, Azərbaycan yenidən bütün sahələrdə, o cümlədən dövlətçilik, ordu, mədəni, iqtisadi,
siyasi sahələrdə quruculuq
yoluna qədəm qoydu.
Çox keçmədi ki,
Azərbaycanın bütün regionlarında sabitlik
yarandı: "Yaradılmış bu sabitlik başqa regionlarda olduğu kimi, Naxçıvanda da quruculuq işlərinin aparılmasına geniş yol açdı. Bu quruculuq işlərinin
həyata keçirilməsində kadr məsələsi
xüsusi rol
oynayır. Ona görə möhtərəm
Heydər Əliyevin başqa regionlarda olduğu kimi, Naxçıvanda da
apardığı kadr siyasəti taleyüklü məsələlərin həllində
əsas rol oynadı".
(Ardı var)
İradə
SARIYEVA
Yazı Azərbaycan
Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
Bakı Xəbər.- 2015.- 16
oktyabr.- S.15.