General Səməd bəy Mehmandarov - 160
Onun adı ancaq
Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində
məşhurdur. Xalqımızın fəxri olan görkəmli
dövlət, hərbi xadimlər sırasında özünə
parlaq yer tutan Səməd bəy Mehmandarov unudulmazdır.
Qüdrətli sərkərdə, dünya hərb tarixində
xüsusi yeri olan Mehmandarov ilk müstəqil Azərbaycanın-Azərbaycan
Xalq Cumhuriyyətinin ordusunu quranlardan olub.
Onun yaratdığı dəmir nizami ordu öz peşəkarlığı ilə seçilib. Səməd bəy Mehmandarov Azərbaycan dövlətçiliyi, hərb qüdrətimizin artırılması, ordu quruculuğu sahəsində böyük işlər görüb.
Dövrünün görkəmli şəxsiyyətlərindən olan generalın taleyi sonradan üzünə gülməyib. Bolşeviklərin təzyiqi ilə üzləşən general Mehmandarov ömrünü xoşbəxtliklə başa vurmayıb. Həyatında çox savaşlar, müharibələr görən Səməd bəy bolşeviklərin həyata keçirdiyi terrorun qurbanı oldu. Qırmızı terror bizim əlimizdən çox böyük insanları aldı, amma onları könüllərdən qopara bilmədi.
Azərbaycan dövləti hər zaman hərb tariximizi yaradanlara, dövlətçiliyimizin inkişafında əməyi olan insanların xatirəsinə xüsusi qayğı ilə yanaşır. General Səməd bəy Mehmandarov da dövlətimizin qiymətləndirdiyi, fəaliyyətinə qiymət verdiyi, ruhuna hörmət etdiyi şəxsiyyətlərdəndir.
Məlum olduğu kimi, 2015-ci il 29 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, 2015-ci ildə görkəmli hərbi xadim, Azərbaycan Xalq Cumhuriyyətinin hərbi naziri, general Səməd bəy Sadıq bəy oğlu Mehmandarovun anadan olmasının 160 illiyi tamam olur.
Sənəddə yazılır ki, general Səməd bəy Mehmandarov döyüş meydanlarında yüksək peşəkarlığı və zabit şərəfinə hədsiz sədaqəti ilə Azərbaycan xalqının hərb salnaməsinə unudulmaz səhifələr yazıb. Azərbaycan Xalq Cumhuriyyəti yaradılarkən ordu quruculuğu prosesinin bütünlüklə milli zəmin üzərində həyata keçirilməsi, hərbi potensialın məharətlə istiqamətləndirilməsi və konkret tarixi şəraitdə ölkənin ərazi bütövlüyünün, hərbi təhlükəsizliyinin layiqincə təşkil edilməsi məhz onun fəaliyyətinin nəticələridir.
Məlum olduğu kimi, bu günlərdə görkəmli hərbi xadim, general Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2015-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar tədbirlərin planlaşdırılması və keçirilməsi məqsədilə müdafiə nazirinin əmrilə Təşkilat Komitəsi yaradılıb. Xəbərə görə, Təşkilat Komitəsinin ilk iclasında Silahlı Qüvvələrin birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində tədbirlərin keçirilməsi ilə bağlı qarşıda duran tapşırıqlar müzakirə edilib.
Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin təklifləri də nəzərə alınmaqla hazırlanan tədbirlər planına əsasən, qarnizonlarda, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi birlik, birləşmə və hissələrdə, eləcə də ölkənin təhsil və mədəni-maarif ocaqlarında minlərlə hərbi qulluqçu və mülki əhalinin iştirakı ilə elmi-praktik konfrans, yubiley mərasimləri, yarış-müsabiqələri, viktorinalar, səyyar foto sərgilər və müxtəlif tədbirlər keçiriləcək.
İlin sonunadək davam edəcək silsilə tədbirlərə artıq Silahlı Qüvvələrdə start verilib.
Qeyd edək ki, Səməd bəy Mehmandarov - Rusiya İmperator ordusunun artilleriya generalı, Azərbaycan Xalq Cumhuriyyətinin hərbi naziri, sovet hərb xadimi kimi tarixə düşüb. Tədqiqatçıların yazdığına görə, Səməd bəy Mehmandarov 1855-ci il oktyabrın 16-da Lənkəranda anadan olub. Məlumata görə, Bakıda gimnaziya təhsili alıb, 16 yaşında Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olub. 1875-ci ilin dekabrında podporuçik rütbəsi alır və üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilir. 1890-cı ildə kapitan, 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor rütbəsi alıb. Tədqiqatçılar bildirir ki, Azərbaycanın qəhrəman oğlu Rus-Yapon müharibəsində böyük rəşadət göstərib. Qəhrəmanlığına görə S.Mehmandarova 1908-ci ildə tam artilleriya generalı rütbəsi verilib. Tədqiqatçılar onu da qeyd edir ki, I Dünya Müharibəsi başlanarkən Varşava ətrafında xidmət edən general S.Mehmandarovun komandir olduğu 21-ci piyada diviziyasının tərkibində dörd alay var idi: 81-ci Abşeron alayı, 82-ci Dağıstan alayı, 83-cü Samur alayı və 84-cü Şirvan alayı. Visla çayı yaxınlığındakı İvanqorod rayonunda da 21-ci diviziya 52-ci piyada diviziyası tərkibində 205-ci Şamaxı və 206-cı Salyan alayları da var idi. Diviziya komandiri S.Mehmandarov Lodz istiqamətində aparılmış döyüşdə alman generalı Makenzonun ordusu üzərində qələbə əldə edib.
1915-ci ildə general S.Mehmandarov korpus komandiri təyin
edilmişdi. 1917-ci ilin əvvəlində Rusiyanın
bütün hərbi ordenləri ilə, eləcə də
İngiltərənin, Fransanın, Rumıniyanın bir
neçə hərbi ordeni ilə təltif edilib.
1917-ci il fevral burjua inqilabı baş verərkən
S.Mehmandarov Qafqazda idi. Həmin ilin aprel ayında
o, vəzifəsini həmişəlik tərk edib istefaya
çıxmış, bir müddət Vladiqafqaz şəhərində
yaşamış, sonra Azərbaycana gəlib.
General S.Mehmandarov Azərbaycan Xalq Cumhuriyyəti hökumətində
1918-ci ilin 25 dekabrından hərbi nazir vəzifəsini
tutmuş və müstəqil Azərbaycanın qısa
müddətdə 30 minlik ordusunu yaratmağa nail olmuşdu. 1919-cu ilin yazında ingilis hərbi
hissələri Azərbaycanda olduğu dövrdə hərbi
nazir S.Mehmandarov Azərbaycan Xalq Cumhuriyyəti hökuməti
başçısı Nəsib bəy Yusifbəyliyə
göndərdiyi rəsmi məktubda bildirmişdi ki, ingilis hərbi
dəstələri Azərbaycanda məskun olduqları yerlərdə
talanlar edir, kəşfiyyat işi aparırlar. Bunlara
etiraz olaraq S.Mehmandarov İngiltərə hökumətinin I
Dünya Müharibəsi illərində ona verdiyi ordenləri
İngiltərə hökumətinə qaytarmağı Azərbaycan
hökumətindən xahiş etmişdi.
Sovet hakimiyyəti qurulduqdan sonra Nəriman Nərimanovun
şəxsi zəmanəti əsasında hərbi fəaliyyətini
davam etdirmiş və Azərbaycanda yaradılmış hərbi
komandirlər məktəbində 1921-1928-ci illərdə
müəllimlik edib. Qafqaz ordusunun komandiri olmuş birinci dərəcəli
ordu komandiri İ.Ç.Yakir 1925-ci ildə yazmışdı:
"Mehmandarov nadir artilleriyaçıdır".
Tədqiqatçılar yazır ki, general Səməd bəy
Mehmandarov 1924-1927-ci illərdə Azərbaycanda hərbi sahədə
aparılan geniş islahatlarda və tədbirlərdə fəal
iştirak edib.
1919-cu
ilin sentyabrında Bakıda olan ingilis hərbi müxbiri
Skotland Liddel öz təəssüratlarında yazırdı:
"Mənə deyirdilər ki, burada
qarışıqlıqla rastlaşacağam, amma heç bir
qarışıqlıq görmədim... Yol boyu biz Azərbaycan
ordusunun yüzlərlə cavan əsgəri ilə
qarşılaşdıq, onlar iki il əvvəl
gördüyüm əsgərlər deyildilər. Hətta bir ay əvvəlkilərə belə
oxşamırdılar. Azərbaycan ordusu
sürətlə təşkil olundu, sürətlə də
lazımi şəklə düşdü. Azərbaycan dərk etdi ki, intizamsız ordu sadəcə
olaraq yaşaya bilməz. Azərbaycanda dəmir
intizam hökm sürür, elə bir intizam ki, Rusiyada belə
yoxdur".
1920-ci ilin Novruz bayramı günlərində Ermənistanın
daşnak hərbi hissələri Xankəndi qarnizonuna hücum
etdi. Bu hücum dəf edildikdən sonra onlar Qarabağa
yeganə keçid olan Əsgəran qalasını ələ
keçirdilər və Xankəndində olan Azərbaycan ordu
hissələrini mühasirəyə aldılar. Belə bir vəziyyətdə Azərbaycan rəhbərliyi
ölkənin şimalında olan milli ordunun böyük bir
hissəsini general Həbib bəy Səlimovun
komandanlığı altında Qarabağa göndərməyə
məcbur oldu. Nəticədə daşnak
ordusu hissələri və Qarabağın erməni
qiyamçıları darmadağın edilərək
yuxarı Qarabağ düşməndən azad olundu. Hərbi
nazir general Səməd bəy Mehmandarov bu qələbə
münasibətilə Azərbaycan əsgərlərinə
müraciətində demişdi: "Qəhrəman əsgərlər!
Mən şəxsən Almaniya cəbhəsində
bir çox müharibələrdə olmuşam, fəqət,
sizin qədər qəhrəmanlıq göstərən əsgərlərə
nadir halda təsadüf etmişəm. Siz mənim
ümidlərimi qüvvətləndirdiniz. Siz qanınızla gənc Azərbaycan Ordusunun
namusunu mühafizə etdiniz".
Onu da
vurğulayaq ki, mətbuatda Səməd bəy Mehmandarovun
1920-ci il 28 apreldən sonrakı həyatı
barədə oğlu Pirin fikirləri yer alıb: "Atam
aprelin 27-də parlamentin iclasından evə qayıdıb
özümüzlə aparmaq üçün anamın
hazırladığı çemodanları gördükdə
dedi: "Bunları boşalt, çünki biz heç yerə
gedəsi deyilik". Anam təəccüblə soruşdu:
"Necə yəni gedəsi deyilik? Bilmirsən ki, səni
güllələyəcəklər?".
Atam anama cavab verdi ki, parlamentin son
iclasında "Hümmət" fraksiyasının lideri
Əliheydər Qarayev mənə yaxınlaşıb əmin
etdi ki, "Səməd bəy, başınızdan bir tük
belə əskik olmayacaq. Bizimlə qalıb
işləməyinizi təklif edirəm". Anam yenə
etiraz edərək dedi: "Bəs oğlunun taleyi, gələcəyi?
Axı qatar Biləcəridə gözləyir".
Atam bu dəfə daha qətiyyətlə bildirdi ki, biz
heç yana getməyəcəyik.
Deyilənə
görə, həmin gün Biləcəridə Müsavat
hökumətinin rəhbərlərini Tiflisə aparacaq qatar atama görə saat yarım gözləmişdi.
Mehmandarov Şıxlinski ilə birgə Nəriman
Nərimanovun köməyi sayəsində ölümdən
xilas edilərək Moskvaya göndərilir. Şıxlinski Ali Artilleriya Məktəbində gələcəyin
marşalları Qovorov, Yakovlev, baş artilleriya marşalı
Voron və başqalarına dərs deyib. Mehmandarov
Hərbi Akademiyada taktikadan dərs deyib. Bir
ildən sonra Bakıya qayıdan generallar Azərbaycan Komandirlər
Məktəbində dərs deyiblər. 1928-ci
ildə səhhətinə görə istefaya çıxan
general Səməd bəy Mehmandarova dövlət 100 manat
pensiya kəsmişdi. Generalın həyat
yoldaşı Yelizaveta Nikolayevna və yeganə oğlu Pir o
zaman sürgünə göndərilir, qocalmış və əldən
düşmüş Mehmandarov isə Bakıda qalır.
Ömrünün son üç ilində islam
tarixi və fəlsəfə ilə məşğul olur. Şahidlərin dediyinə görə, sovet hökuməti
onu Müsavat hökumətinin hərbi naziri işlədiyi
binanın - sonralar "Azneft" kimi tanınan o tikilinin ətrafını
süpürməyə məcbur edirmiş. Hamıya
görk olsun deyə...
1931-ci ildə Bakıda vəfat edən Səməd bəy
Çəmbərəkənd qəbiristanlığında
(indiki Şəhidlər Xiyabanında) dəfn edilir. 1939-cu ildə
bolşevik Kirova heykəl qoyulanda həmin qəbiristanlıq
dağıdılır və yerində istirahət parkı
salınır. İmkanı olanlar əzizlərinin
qəbrini bu ərazidən başqa yerə
köçürür. Azərbaycanın dünya
şöhrətli generalının qəbrinə isə sahib
çıxan tapılmır...
General S.Mehmandarov dövrünün görkəmli şəxsiyyətlərindən
biri olub. O,
türk və fars dillərini yüksək
səviyyədə bilirdi.
Tədqiqatçılar
Səməd bəy Mehmandarov haqqında yazırlar: "Rus
imperiyasının qoşunları Mancuriya ərazisində yerləşdirilmişdi.
Həmin illərdə rus-yapon münasibətləri
artıq kəskin vaziyyət almışdı. Qoşunlara rəhbərlik güclü şəxslərdən
təşkil edilsə də, yapon casuslarını sıradan
çıxarmaq müşkül məsələ idi. Hazırlanan hücum planları nə qədər
gizli saxlansa da, son anda məxfiliyin pozulduğu ortaya
çıxırdı. 1901-ci ildə
podpolkovnik Səməd bəy Mehmandarovun artilleriya batalyonu
Mancuriya ərazisində idi. Onun taktikasının
yüksək səviyyədə olduğunu və verilmiş hərbi
tapşırıqların öhdəsindən həmişə
uğurla gəldiyini bilən ordu generalı Rennenkampf çox
götür-qoy edəndən sonra adyutantına
tapşırıq verdi: - Podpolkovnik
Mehmandarovu yanıma çağırın!
Az
keçməmiş ortaboylu, qara saqqalı səliqə ilə
daranmış ciddi görkəmli podpolkovnik qərargaha daxil
oldu və məruzə etdi:
-
Əmrinizlə hüzurunuzdayam!
- Cənab
Mehmandarov, xunxuzları sıradan çıxarmasaq, müharibəni
uduzacağıq. Buna görə də komandanlıq sizə
etimad göstərib mühüm tapşırığı həyata
keçirmək üçün əmr verir: Siyan-Sin rayonunda
yapon casuslarını sıradan
çıxarmalısınız.
- Oldu cənab
general! - Mehmandarov cavab verdi.
Generalın yanından çıxdıqdan sonra Səməd bəy Mehmandarov artilleriya batareyasına qayıtdı. Çox düşünüb-daşındıqdan sonra qərara gəldi ki, ən yaxın silahdaşları olan zabitlərə belə etibar etmədən görüləcək işlərin planını təkcə özü hazırlasın və bu planı həyata keçirilməsi lazım bildiyi an açıqlasın. Gecə hamı yatdıqdan sonra kağız üzərində mürəkkəblə təkcə özünün anlaya biləcəyi cızmaqaralar etməyə başladı. Sonra da guya həmin "plan"ı stolun üstündə "unudub" yatmağa getdi. Ertəsi gün hücuma hazırlıq məqsədilə topların yerləşməsinə nəzarət edən Mehmandarov "plan"da qeyd olunan nöqtələrə az sayda uzaqvuran top yerləşdirdi. Əməliyyata başçılıq edəcəyini bildirib hər bir detalı diqqətlə düşündü. Şər qarışandan sonra isə düşmənin arxasına keçib çoxsaylı toplarını gecə ilə qazılan səngərlərdə gizlədib üzərini sıx ağac budaqları ilə örtdürdü. Ertəsi günü qızğın döyüş başladı. Rusların zəif atəşini görən yaponlar irəliləməyə başladılar. Elə bu vaxt podpolkovnik Mehmandarov hücum əmri verdi:
- Artilleriya, düşmən üzərinə atəş!
Gözlənilməyən hücumdan özünü itirmiş yaponlar pərən-pərən düşdülər.
Qısa zaman ərzində quldurların dəstəsini sıradan çıxaran podpolkovnik Mehmandarov xunxuz generalı Gembeyini də əsir götürdü. Onun göstərdiyi şücaət haqqında soraq imperator II Nikolaya da çatdı. Döyüşdə fərqlənənlər təltif edilərkən podpolkovnik Mehmandarov III dərəcəli "Müqəddəs Vladimir" ordeni ilə mükafatlandırıldı. Təntənəli təqdimetmə mərasimində II Nikolay ona yaxınlaşdı və qırmızı döşəkçə üzərində gətirilən brilyantlarla bəzədilmiş qızıl qılıncı Mehmandarova təqdim etdi. Təqdimat mərasimi bitdikdən dərhal sonra Səməd bəy Mehmandarov qulluq etdiyi Uzaq Şərqə yollandı".
Səməd bəy Mehmandarov Azərbaycan hərb
tarixində müstəsna rol oynayıb və görkəmli
şəxsiyyətin 160 illik yubileyi dövlət səviyyəsində
qeyd ediləcək.
İradə
SARIYEVA
Yazı Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə çap
olunur.
Bakı Xəbər.- 2015.- 21
oktyabr.- S.15.