Xalq yazıçısı
Qılman İlkinin xatirəsinə
dövlət qayğısı...
XX əsr Azərbaycan ədəbiyyatının yeni bir dövrüdür. Bu dövrdə milli poeziya, nəsr və dramaturgiya sahəsində unikal nümunələr yaranıb. Bəzən biz bu əsərlərin əksəriyyətini qəbul etmək istəmirik, adını da qoyuruq ki, bolşevizm ideologiyasına xidmət edib və sosrealizm nümunələridir. Səhvə yol veririk.
Əslində yüksək bədii keyfiyyətlə yazılan, ana dilimizin bütün gözəlliyi əks olunan, yüksək ideyalar tərənnüm edilən əsərlər gərəksiz ola bilməz. Əsas odur ki, o əsərlər yüksək istedadla, sənətkarlıqla yazılıb.
Azərbaycan ədəbiyyatında elə ədiblər var ki, onların yaradıcılığı, demək olar ki, başdan-başa sosrealizm notlarında yazılıb, amma ana dilimiz, adətlərimiz, mədəniyyətimiz orada lazımi səviyyədə əks olunub.
Xalq yazıçısı Qılman İlkin Azərbaycan ədəbiyyatının görkəmli simalarından biridir və bolşevizm ideologiyasının yayılması istiqamətində əsərləri böyük təbliği işlər görüb. Onu da qeyd edək ki, Lenin obrazını milli nəsrimizə ilk dəfə Qılman İlkin gətirib. Bir neçə il əvvəl qəzetimizə verdiyi müsahibədə bildirirdi ki, Lenin obrazını nəsrimizə gətirdiyinə peşiman deyil və o, Leninin yaratdığı ideologiyaya inanıb və yazıb. Bu da yazıçının özünə, qələminə böyük hörmətindən irəli gəlir. Demək, nə yazıbsa, səmimi olub yazdıqlarında.
Keçən il Qılman İlkinin 100 yaşı tamam oldu. Uzun ömür yaşayan
görkəmli qələm
adamı, xalq yazıçısı Qılman
İlkin hər zaman Azərbaycan ədəbiyyatına bağlı
olub və xalqımızın həyatını
tərənnüm edib.
Qılman İlkinin 100 illik yubileyinin keçirilməsi
haqqında Azərbaycan
Respublikası Prezidentinin
8 iyul 2014-cü ildə
verdiyi Sərəncamı
çoxlarımız xatırlayır
və bunu milli ədəbiyyatımıza
böyük qiymət
sayırıq.
Sənəddə qeyd edilir ki,
Qılman İlkin ədəbiyyat tarixində
özünəməxsus mövqeyə
malik sənətkarlardan
biri kimi uzun illər ərzində çoxcəhətli
səmərəli fəaliyyət
göstərmiş və
zəngin Azərbaycan
nəsrinin realist ənənələri
zəminində yaratdığı
qiymətli əsərləri
ilə milli mədəniyyətin inkişafına
töhfələr verib.
Azərbaycan ədəbiyyatının inkişafında
böyük rolu olan Qılman İlkinin 100 illik yubileyi ölkənin müxtəlif təhsil ocaqlarında, mədəniyyət
qurumlarında keçirilib.
Qeyd edək ki, Azərbaycan nasiri, 1950-ci ildən AYB-nin üzvü, 1969-cu ildə M.F.Axundov adına Dövlət mükafatı laureatı olan, 1989-cu ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülən Musayev Qılman İsabala oğlu (Qılman İlkin) 1914-cü il aprelin 11-də Bakının Mərdəkan kəndində anadan olub. 1932-ci ildə daxil olduğu indiki Pedaqoji Universitetin dil-ədəbiyyat fakültəsini 1936-cı ildə bitirib, indiki Bakı Dövlət Universitetində baş müəllim işləyib, "Azərbaycan" jurnalının baş redaktoru, "Uşaqgəncnəşr", "Azərnəşr" nəşriyyatlarının direktoru (1966-1971) olub. Xidmətlərinə görə "Qırmızı əmək bayrağı", "İkinci dərəcəli Böyük Vətən Müharibəsi" ordenləri, iki dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və medallarla təltif olunub. Qafqaz xalqları Ali Dini Şurasının "Paklıq" mükafatına layiq görülüb.
Xalq yazıçısının "Qalada üsyan" (1959), "Şimal küləyi" (1962), "Hədiyyə" (1969), "Dağlı məhəlləsi" (1978), "Dəniz qapısı" (1984), "Madam Qədri" (1988) və s. kitabları olduqca məşhur olub. Onu da vurğulayaq ki, "Kölgələr sürünür", "Yenilməz batalyon" bədii filmlərinin və bir neçə televiziya filminin ssenarisini də Qılman İlkin yazıb.
Bir məsələni də qeyd edək ki, Q.İlkin 1926-1929-cu illərdə Bakı şəhər Pedaqoji Texnikumunda oxuyub, sonradan, yəni 1932-1936-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində ali təhsil alıb. Qılman İlkin əmək fəaliyyətinə Xaçmaz rayonunun Əhmədoba kəndində məktəb müəllimi kimi başlayıb. 1931-1932-ci illərdə "Gənc işçi" qəzeti redaksiyasında ədəbi işçi, 1938-ci ildən isə "Uşaqgəncnəşr"də məsləhətçi, baş redaktor və direktor vəzifələrində çalışıb. İkinci Dünya Müharibəsində iştirak etmiş, keçmiş sovet ordusunun tərkibində Qafqaz cəbhəsində və İranda hərbi qəzetlərdə müxbir kimi çalışıb. O, bədii yaradıcılıqla yanaşı, uzun müddət mətbuat sahəsində fəaliyyət göstərərək, 1960-1963-cü illərdə "Azərbaycan" jurnalının baş redaktoru, 1967-1971-ci illərdə isə yenidən Azərbaycan Dövlət Nəşriyyatında direktor vəzifələrində işləyib. Müasir Azərbaycan nəsrinin tanınmış nümayəndələrindən olan Qılman İlkin 1943-cü ildən etibarən ədəbi yaradıcılığa başlayıb. O, altmış ildən artıq bir dövr ərzində çox sayda hekayə, povest və romanlar yaradıb. Son illər "Sən Bakını tanıyırsanmı?", "Bakı və bakılılar", "Tovuz lələyi" kitabları kütləvi tirajla onun yaradıcılığında yer alıb.
"Cərrahlar", "Tayqa nağılı", "Əsgər müharibədən qayıdırdı", "Geriyə yol yoxdur", "Baba və nəvə" televiziya pyesləri uzun müddət mavi ekranda göstərilib, "Təzə şagird" pyesi tamaşaya qoyulub.
Tədqiqatçılar yazır ki, yazıçının əsərləri xarici dillərdə çap edilib, 30-a qədər kitabı işıq üzü görüb. Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan Qılman İlkin 2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub, 2003-cü ildə "Azərbaycanın xalq yazıçısı" fəxri adını alıb. Qılman İlkin 2009-cu il noyabrın 6-da vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.
Bildiyimiz kimi, keçən il xalq yazıçısı Qılman İlkinin anadan olmasının 100 illiyi ilə bağlı mədəniyyət ocaqlarında, kitabxanalarda da silsilə tədbirlər, sərgilər keçirilib. Sərgilərdə yazıçının kitabları, onun haqqında nəşr olunmuş kitab və dövri mətbuat materialları, şairin fotoşəkilləri yerləşdirilib.
Onu da vurğulayaq ki, kitabxanalarda, xüsusən də Firudin bəy Köçərli adına Mərkəzi Uşaq Kitabxanasında, digər görkəmli yazıçılar kimi, Qılman İlkinin bədii irsinin oxuculara çatdırılması üçün əyani və şifahi təbliğat aparılır.
Kitabxanalardan bildirilənə görə, yazıçıların əsərlərinin təbliği üçün kitab sərgiləri, kitabxana plakatları, stend, albom, ədəbi-bədii əsərlərin müzakirəsi, söhbətlər, oxucu konfranslarının, biblioqrafiq icmalların keçirilməsi, disputların, ucadan oxular keçirilməsinin əhəmiyyəti olduqca böyükdür. Həmçinin yazıçının həyat və yaradıcılığından bəhs edən fotoslaydların nümayişi də əhəmiyyətlidir. Keçirilən tədbirlər içərisində kitab müzakirələri xüsusi yer tutur. Çünki kitablar oxucu zövqünün baxışlarının, hisslərinin tərbiyə edilməsində qüdrətli amildir. Kitab təbliğinin əyani təbliğat formalarından biri isə kitab sərgiləridir.
Firudin bəy Köçərli adına Mərkəzi Uşaq Kitabxanasında Qılman İlkinin yaradıcılığına həsr olunmuş bir kitab sərgisində "Qələmlə çarpışan mücahid ömrü -"Qılman İlkin -100" başlığı, "Sən Bakını tanyırsanmı?", "Bakı və bakılılar", "Seçilmiş əsərləri (I cild), "Seçilmiş əsərləri (II cild)", "Dağlı məhəlləsi", "Tayqa nağılı" kitablarından sitatlar təqdim edilib.
Qılman İlkin haqqında ən dəyərli fikirlərdən birini dahi şairimiz Səməd Vurğun deyib: "Qılman, mən sənin istedadına inanıram. Bəzi əsərlərini də oxumuşam. Ümumi mədəni səviyyən etibarilə diqqətəlayiqsən. Özün də təvazökar yoldaşsan".
"Qılman Musayev ədəbiyyatımızın yorulmaz mücahididir" fikri isə xalq yazıçısı Süleyman Rəhimova aiddir.
"Yazıçının müvəffəqiyyətindən biri, bəlkə də birincisi Bakı şəhərini, Xəzər dənizini, Abşeron kəndlərini, bağlarını yana-yana, sevə-sevə göstərməsidir. Mən inqilabdan qabaqkı Bakını görməmişəm. Bu şəhərdə yaşamamışam. Qılmanın əsərlərini oxuyandan sonra həm şəhəri, həm də hadisələrin cərəyan etdiyi şəraiti görməyə başladım"- xalq yazıçısı Əli Vəliyev belə yazırdı. Onu vurğulayaq ki, Q.İlkinin əsərlərində köhnə Bakı obrazı olduqca maraqlıdır. Biz Bakının gözəlliyini, qədimliyini duyur, onun əhəmiyyətini anlayırıq bu əsərlər vasitəsilə. Bakının tarixini bilən azsaylı yazıçılardan biri kimi Qılman İlkinin bu sahədə xidmətləri əvəzsizdir.
Xalq yazıçısı Hüseyn Abbaszadə isə Qılman İlkin yaradıcılığını "Hamıya nəsib olmayan səadət" kimi qiymətləndirib: "İnsan üçün uzun ömür sürmək, həm də bu dövrdə gümrah, ləyaqətlə yaşamaq, bir əsrin doqquz, on ilini arxada qoyub, sonuncu on ilini gənclərlə bir sırada addımlamaq hamıya nəsib olmayan səadətdir".
Bakı haqqında nə qədər yazsaq yenə azdır. Qılman İlkini Bakı tarixinin bilicisi kimi hər kəs xatırlayır. Onun "Bakı və bakılılar" kitabında Bakı və onun qədim tarixi haqqında çox maraqlı məlumatlar əldə edəcəksiniz. Bakı milyonçuları və ziyalıları, ruhaniləri, qoçuları və hambalları, Bakı mətbuatı, təhsil və maarifin səviyyəsi xanlıqlardan tutmuş bu günümüzə qədər paytaxtımızın mənzərəsini ustalıqla təsvir edən yazıçımızın bu əsəri oxucuya geniş məlumat verir.
Bakını sevmək, onu təsvir etmək bacarığı böyük istedadın və sevginin bulağından su içməlidir.
Qılman İlkin Azərbaycan ədəbiyyatının, ədəbi-bədii jurnalistikanın inkişafında böyük xidməti olan yazıçı kimi hər zaman dövlət tərəfindən qiymətləndirilib. 101 yaşlı yazıçının xatirəsi dövlət səviyyəsində hər zaman əziz tutulur.
İradə
SARIYEVA
Yazı Azərbaycan
Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.
Bakı Xəbər.- 2015.- 23
oktyabr.- S.15.