Nakam bəstəkar, folklorçu, musiqişünas, rəssam Ərtoğrul Cavid irsinə qədirbilən münasibət...

 

 

Azərbaycan musiqi mədəniyyəti tarixində elə şəxsiyyətlər var ki, onlar az yaşayıb, ancaq çox yaradıblar. Nakam sənətkarlar sırasında bir imza da var. Parlaq istedadlı, ömrü gənc ikən xəzan olan Ərtoğrul Cavidi xatırlayırıq. O Ərtoğrul Cavidi ki, 24 il yaşayıb, amma yaratdıqlarının ömrü isə uzundur.

Dünən həmişə bahar sənətkarın 96 yaşı qeyd edildi. 1943-cü il noyabr ayının 14-də həyatı puç olan gənc bəstəkar, musiqişünas, tədqiqatçı Ərtoğrul Cavid dahi Azərbaycan şairi, repressiya qurbanı Hüseyn CavidinMüşkinaz Cavidin oğlu, Turan Cavidin isə qardaşıdır. Tədqiqatçılar yazır ki, Ərtoğrul Hüseyn Cavid oğlu 22 oktyabr 1919-cu ildə Bakıda anadan olub. 1940-cı ildə Azərbaycan Pedaqoji İnstitutunu (indiki APU) fərqlənmə diplomu ilə bitirib. 1941-42-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun sinfində oxuyub. Tədqiqatçılar yazır ki, onun ilk böyük əsəri fortepiano üçün yazılmış "9 Variasiya"dır. Əsər Ü.Hacıbəyova ithaf olunub. Musiqişünasların verdiyi məlumata görə, skripka ilə fortepiano üçün poema (1941), Nizaminin "Sevgili yar gəlmiş idi" qəzəlinə, Nigar Rəfibəylinin "Eşq olsun", türkmən şairi Kəminənin "Leylanın vəsfi", T.Rəsizadənin "Səninlə olaydım" və s. şeirlərinə romans və mahnılar bəstələyib. Böyük Vətən Müharibəsi başlarkən "Sərhəddən məktub" simfonik balladasını və marşlar yazmış, "Şeyx Sənan", "Məshəti" operaları, bir sıra kamerainstrumental əsərləri yarımçıq qalıb-öz ömrü kimi.

Tədqiqatçılar yazır ki, 1939-1942-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında Bülbülün rəhbərlik etdiyi xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetində çalışıb, burada musiqi folkloru nümunələrinin toplanmasında iştirak edib, 1941-1942-ci illərdə Konservatoriyanın nəzdindəki musiqi məktəbində dərs deyib. Onu da vurğulayaq ki, Azərbaycan xalq mahnılarını nota salmış, Avroparus bəstəkarlarının ayrıca notlar şəklində çap olunmuş romans və mahnılarını Azərbaycan dilinə tərcümə edib. Şeirləri, pyesi və rəsmləri var.

Bildiyimiz kimi, keçən əsrin 30-cu illərində Hüseyn Cavidin ocağında qara yellər əsdi, əvvəlcə özü bu tufanın qurbanı oldu, həbs olunaraq uzaq Sibirə sürgün edildi. Ailəsi isə narahat, dərdli-ələmli günlər yaşadı. İkinci Dünya Savaşının başlanması Cavidlərə yeni bir məşəqqətli günlər, illər yaşatdı. Tədqiqatçılar yazır ki, Ərtoğrul Cavid 1942-ci ildə tələbə olmasına baxmayaraq, ordu sıralarına çağırılıb, "xalq düşməni"nin oğlu olduğu üçün cəbhəyə deyil, Gürcüstanda yerləşən fəhlə batalyonuna işləməyə göndərilib.

Burada da sağalmaz xəstəliyə mübtəla olan Ərtoğrul yaşamaq istəyirdi, xəstəliklə mübarizə aparır, sabaha ümidlər arayırdı. Lakin zalım müharibə, o dövrki siyasi hakimiyyətin ailəsinə qarşı sərt mövqedə dayanması, aclıq-səfalət Ərtoğrulun ayağa qalxmasına, yarımçıq əsərlərinə qovuşmasına, anasına-bacısına qol-qanad verməsinə imkan vermədi. O, 14 noyabr 1943-cü ildə Naxçıvanda vəfat etdi. Müşkinaz xanımın dərdi təzələndi, yaraları deşildi, Turan xanımın ümidləri söndü. Ərtoğrul Cavidin məzarı Hüseyn Cavidin Naxçıvandakı məqbərəsində atasının və anası Müşkinaz Cavidin qəbirləri ilə yan-yanadır. Əslində ora birinci Ərtoğrul basdırılıb, sonra anası, sonra da Cavidin nəşi gətirilərək bu müqəddəs məkanda torpağa tapşırılıb.

Ərtoğrul Cavid Azərbaycan musiqi mədəniyyətinin, incəsənətinin hər səhifəsində yaşayır. Çünki çox az sahə var ki, orada onun adı ilə bağlı nə isə olmasın.

Ərtoğrul Cavidin anadan olmasının 95 illiyi münasibətilə filologiya elmləri üzrə fəlsəfə doktorları Sərxan Xavəri və Seyfəddin Rzasoyun "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid" 10 cildliyi haqqında maraqlı fikirləri var. Tədqiqatçılar yazır: "Bu yaxınlarda müasir milli mədəniyyətimizin hadisəsi adlandırıla biləcək layihə gerçəkəşdirilmiş, "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid" 10 cildliyi çapdan çıxıb. Bu nəşrin layihəçisi və tərtibçisi, ön sözlərin müəllifi Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz İbrahim qızı Babaxanlı, çoxcildlikdə əksini tapan zəngin folklor mətnlərinin redaktəsi, bədii-poetik və elmi-filoloji baxımdan bir çox dürüstləşdirmələr, izah və şərhlər A.Əliyeva-Kəngərli, G.Babaxanlı, T.Kərimli və M.Qasımlınındır.

Son illər qeyri-maddi mədəniyyət abidələrinin təbliği və tədrisi, həmçinin folklor nümunələrinin toplanması, kataloqlaşdırılması, nəşri və araşdırılması sahəsində kifayət qədər görülməsinə baxmayaraq, "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid" oncildliyini Azərbaycan xalqının zəngin qeyri-maddi mədəni irsinin geniş oxucu kütlələrinə akademik təqdimatda (elmi-filoloji izah və şərhlərlə, sistemli janr təsnifatında) çatdırılmasının növbəti fundamental nümunəsi hesab etmək olar.

Oncildlikdə görkəmli Azərbaycan şairidramaturqu Hüseyn Cavidin oğlu Ərtoğrul Cavidin ötən əsrin əvvəllərində geniş xalq kütlələrindən topladığı, sistemləşdirdiyi və tədqiq etdiyi zəngin qeyri-maddi mədəni irs (folklor nümunələri) və bu irslə bağlı müəllifin elmi-filoloji görüşləri əks olunub. Hüseyn Cavidin Ev Muzeyində saxlanan bu materialların içərisində xalq arasından toplanmış nağıllar, dastanlar, müxtəlif janrları əhatə edən aşıq poeziyası örnəkləri, bayatılar, laylalar, holavarlar, oxşamalar, xalq mahnıları, oyun havaları, toyyas mərasimlərinin təsviri və s. folklor-etnoqrafiya nümunələri var. Bu nümunələrin akademik nəşrinin əhəmiyyəti müasir Azərbaycan mədəniyyəti kontekstində əsasən iki amillə şərtlənir. Birincisi, bu nümunələr folklorun nəşri praktikasında özünə yer tutan əksər folklor mətnlərindən fərqli olaraq, kənar "ideoloji" və "mədəni" müdaxiləsiz, ilkin saflığında, xalq təfəkkürünün bütün sadəlik və müdrikliyini özündə qoruyub saxlamaqla, təbii dil-üslub koloritində təqdim olunur.

İkincisi, bu nümunələr həm də ona görə qiymətlidir ki, onlar Cavidlər nəslinin istedadlı nümayəndələrindən biri olan Ərtoğrul Cavidin bu gün də folklorşünaslıq və sənətşünaslıq araşdırmaları baxımından əhəmiyyətli olan elmi-filoloji və musiqişünaslıq görüşləri ilə birlikdə təqdim edilir. Bütün bu materialların və onlara yazılmış Ərtoğrul Cavid rəylərinin, elmi fikirlərinin əyani folklor materialları kontekstində çağdaş oxucuya çatdırılması, müstəqil respublikamızda gedən ədəbi-mədəni inkişafın göstəricilərindən biri olmaqla yanaşı, Cavidlər irsinə verilən qədirşünaslıq örnəyidir".

Tədqiqatçıların qeyd etdiyinə görə, folklor milli-mənəvi yaddaş kimi, etnosun fiziki və mənəvi təcrübəsinin ən funksional, dayanıqlı və dözümlü formullarını özündə yaşadır. Onlar yazır ki, folklor xalqın tarixi yaşam təcrübəsindən yalnız xalqı ayaqda saxlayan, yaşadan, epoxal dəyişmələrdə bir xalq kimi qoruyan, etnik-mədəni məhvolma təhlükələri zamanı xalqın bütün fiziki və mənəvi ehtiyatlarını səfərbər edə bilən milli mövcudluq düsturlarını öz yaddaşında saxlayır: "Bu cəhətdən "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid" oncildliyi, əslində, çağdaş Azərbaycan dövlətinin mədəni siyasətində folklorun prioritetə çevrilməsi istiqamətinə xidmət etməklə yanaşı, həm də milli düşüncənin yaşam və böyümə dinamikasının müəyyən mərhələsini özünə konsentrasiya, milli yaşam sistemi formullarıdır.

Məhz buna görə də görkəmli Azərbaycan şairidramaturqu Hüseyn Cavidin oğlu Ərtoğrul Cavidin təqdimatında Azərbaycanın qeyri-maddi mədəniyyət abidələrinin aşkarlanması, toplanması, akademik nəşri, professional prinsiplər əsasında tədqiqi müasir günümüzdə yalnız mədəniyyətşünaslıq baxımından deyil, həmçinin milli-ideoloji baxımdan da xüsusi əhəmiyyətə malikdir. Çünki bu nümunələr Azərbaycan xalqının zəngin etnik mental keyfiyyətlərini, adət-ənənələrini, şifahi sözmusiqi sənətini, ən ümumi şəkildə ifadə etsək, milli kimliyini özündə bütün çalarları ilə əks etdirir.

Müəlliflərin ön sözlərində, izah və şərhlərində folklorun həm küll halında ümumi mahiyyəti, həm də ayrı-ayrı janrlarının semantik strukturu, poetexnoloji konstruksiya spesifikası, milli özünüifadə səciyyəsi izah olunur. Ərtoğrul Cavidin təqdimatında qeyri-maddi mədəni irs nümunələrinə müəlliflər tərəfindən elə bir rakursdan baxış bucağı seçilir ki, bir tərəfdən folklorun yaradıcı subyekti olan xalqın etnik təfəkkür spesifikası həmin xalqa məxsus folklorun etnik özünəməxsusluğu kimi şərtləndirilir, digər tərəfdən etnik təfəkkürün özü folklor düşüncə modelləri ilə şərtlənən təzahür kimi çıxış edir. Bu cəhətdən birinci cildə yazdığı ön sözdə Ərtoğrul Cavidi ilk növbədə "Azərbaycan etnoqrafiyasının və musiqi folklorunun gözəl bilicisi" kimi səciyyələndirən G.Babaxanlının "Ərtoğrul Cavidin çoxyönlü istedadı Azərbaycan etnoqrafiyası və musiqi sənətini dərindən bilməsində, eləcə də onların estetik-tərbiyəvi dəyərlərinə tənqidi yanaşmaq bacarığında da özünü bariz şəkildə göstərməkdədir" fikri Ə.Cavidin yaradıcı subyektinə münasibətdə uzun müddət ərzində gerçəkləşdirilmiş ağır, gərgin intellektual işin məntiqi nəticəsi kimi səslənir. Bu cəhətdən biz oncildiyə yazılmış ön sözlərin simasında Ərtoğrul Cavid və "Azərbaycan folkloru" kimi aktual elmi problemin artıq nəzəri-metodoloji əsaslarının hazırlanması qənaətinə də gələ bilirik. İkinci cildə yazdığı ön sözdə Ərtoğrul Cavidin Azərbaycan klassik musiqi mətnləri ilə bağlı fəaliyyətini "şair ruhlu muğamşünas" paradiqmasında səciyyələndirən G.Babaxanlı öz möqeyini bununla əsaslandırır ki, sözün həqiqi mənasında, dərin bilikli bir Azərbaycanşünas kimi xarakterizə edilməyə layiq olan, Azərbaycan mədəniyyətinin göylərində bir ulduz kimi parlayıb sönən Ərtoğrul Cavidin çoxyönlü istedadının bir önəmli tərəfini də klassik Azərbaycan muğamlarını, təsniflərini, eləcə də hər iki dildəki (Azərbaycan və fars dillərində) muğam və təsnif mətnlərini incədən-incəyə bilməsi və araşdırması təşkil edir. "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrul Cavid" seriyasının ikinci cildini oluşduran qeyri-maddi mədəniyyət nümunələri ilə yanaşı, Ərtoğrul Cavidin yazdığı rəylər yetkin bir tədqiqatçının ciddi və sanballı fikirlərindən ibarətdir".

Tədqiqatçılar bildirir ki, oncildliyin III-VIII cildləri "Azərbaycan dastanları və Ərtoğrul Cavid" adlanır. G.Babaxanlı bu cildlərin hər birinə ön söz yazmış və burada hər cilddəki materialın ruhundan çıxış edərək Ərtoğrul Cavid fenomeninin çoxcəhətli xüsusiyyətlərini aşkarlamağa çalışıb. Ərtoğrul Cavidi "xalqın yaradıcı ruhuna dərin bələdlik örnəyi" kimi səciyyələndirən müəllif bunu onun hələ çox gənc olmasına baxmayaraq, artıq özünü yetkin bir folklorşünas kimi göstərməyə nail olması ilə əsaslandırıb: "G.Babaxanlıya görə, Ərtoğrul Cavid təhlil etdiyi dastanlara müxtəlif rakurslardan yanaşmaqla onların dəyərini obyektiv şəkildə üzə çıxarmağa çalışan alim, həm folklor nəzəriyyəçisi, həm şeirşünas, həm də dilçi kimi çıxış edərək, bu sahələrin hər birində öz sözünü deməyə nail olub. Ərtoğrul Cavid fenomenini "dastan poetikasının tədqiqatçısı" paradiqmasında təhlilə cəlb edən G.Babaxanlı belə hesab edir ki, bir araşdırıcı kimi qələmini müxtəlif folklor janrlarının öyrənilməsində sınaqdan keçirmiş Ərtoğrul Cavidin həcmcə ən böyük rəylərinin el dastanları haqqında olması heç də təsadüfi sayılmamalıdır. Belə ki, onun qısa bir müddət ərzində nəzərdən keçirərək elmi rəylərlə təchiz etdiyi folklor materiallarının əsas kütləsini məhz müxtəlif aşıqların repertuarından toplanmış dastanlar təşkil edir. G.Babaxanlı Ərtoğrul Cavidin dastan poetikasının dərin qatlarına bələdliyini "dastan mozaikasında seçim sərbəstliyi" paradiqmasında şərh edərək göstərir ki, o, dastanların ideya-estetik xüsusiyyətlərini araşdırarkən məhz səriştə nümayiş etdirmiş, hər bir əsərin fərqli cəhətlərinə daha çox diqqət yetirməklə onun şifahi ədəbiyyat tariximiz üçün əhəmiyyətini müəyyənləşdirməyə çalışıb. Məhz bu keyfiyyətlər G.Babaxanlıya Ərtoğrul Cavid dünyasına "sinkretik təfəkkürlü araşdırıcı", "tarixi mövzudakı nağıllarımızın tədqiqatçısı", "bədii dəyərin məhək daşı" kimi fərqli paradiqmalardan yanaşmağaonun düşüncə dünyasının fenomenal cəhətlərini üzə çıxarmağa imkan verib.

Oncildliyin son iki cildi "Azərbaycan aşıq yaradıcılığı və Ərtoğrul Cavid" adlanır. G.Babaxanlı bu cildlərə uyğun olaraq "Dahi şairin şeirşünas oğlu" və "Aşıq Ələsgər və poetik çevrəsi haqda qiymətli araşdırma" adları altında ön söz yazıb. Müəllif belə hesab edir ki, şeiri anlamaq, dəyərləndirmək, həqiqi söz incisini saxtasından ayırmaq üçün araşdırıcı və tənqidçi özü şeir yazmasa belə, ruhunun dərinliklərində şair olmalıdır. Ərtoğrul Cavidin ruhunun dərinliklərindəki bu şairlik, bu yaradıcılıq istedadı Azərbaycan poeziyasının ən qüdrətli nümayəndələrindən biri olan atası Hüseyn Cavidin genindən, qanından, ruhundan gəlmişdi. Ərtoğrul Cavid özüşair idi. Məhz buna görə onun xüsusən aşıq şeiri örnəklərinin tədqiqi və dəyərləndirilməsi zamanı necə incədən-incəyə poetik zövqduyum, yüksək peşəkarlıq örnəyi göstərməsinin şahidi olmaq mümkündür".

Tədqiqatçılar yazır ki, tərtibçi son cilddəki materiala münasibətdə göstərir ki, bu cildə daxil olan materiallar həddən artıq rəngarəng olsa da, gənc folklorşünas (Ərtoğrul Cavid - S.X., S.R.) bu mozaika arasında aparıcı istiqamətləri müəyyən edə bilib. Onların qeyd etdiyinə görə, məhz buna görədir ki, araşdırıcı əsas diqqətini Aşıq Ələsgər irsinin tədqiqinə yönəldərək, onun aparıcı istiqamətlərini və ən başlıcası isə, müasirliyini müəyyən etmək yolunda öz erudisiya və istedadını əsirgəməyib: "Sürətli sosial-iqtisadi inkişaf yolunda olan müstəqil Azərbaycan mədəni-mənəvi baxımdan da fasiləsiz tərəqqidədir. Müstəqil dövlətçiliyimizin gündən-günə möhkəmləndiyi indiki tarixi-siyasi şəraitdə, xalqımızın qeyri-maddi mədəni-mənəvi irsinin dünya ictimaiyyəti tərəfindən daha böyük maraqla qəbul edildiyi bir vaxtda bu işlərin həyata keçirilməsinin aktuallığının birəbeş artdığı aydın görünməkdədir. Respublika rəhbərliyinin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın sevgi və diqqətlə həyata keçirdikləri qayğı nəticəsində artıq Azərbaycan muğamı və Azərbaycan aşıq yaradıcılığı UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mənəvi sərvətləri siyahısına daxil edilib. 10 cildliyə daxil olan materialların əksəriyyəti məhz mədəni irsimizin bu iki qoluna aiddir və onların nəşri bu baxımdan təkcə ölkəmiz üçün deyil, bütün mütərəqqi bəşəriyyət üçün, başqalarının mədəniyyətinə hörməti öz mədəniyyətinə hörmətin təsdiqi kimi qəbul edən xalqlarinsanlar üçün əhəmiyyətlidir".

İradə SARIYEVA

Bakı Xəbər.- 2015.- 27 oktyabr.- S.15