"V mire jivotnıx" verilişini aparan alim Kürün 120 metr enində olan hissəsini üzüb o tərəfə keçdi"

 

 

Qara Mustafayev: "Əslində riyaziyyatçı olmalı idim..."

 

"Şöhrət" ordenli Prezident təqaüdçüsü, təbiət alimi...

 

"Mən getdiyim qoruğun rəhbərliyinə xəbərdarlıq etmirəm, qəfil gedirəm"

 

Fikrimizcə, Qara Mustafayevi təqdim etməyə ehtiyac yoxdur, çünki bütün təbiətsevərlər onu yaxından tanıyır. Çoxlarımız onu "Təbiəti sevənlər" verilişinin müəllifi kimi tanımışıq. Biologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin "Onurğalılar zoologiyası və bioekologiya" kafedrasının müdiri Qara Mustafayev 60 ildən artıqdır təbiəti, bu uca məfhumun açılmayan sirlərini qətrə-qətrə öyrənir.

Üzümüzə gələn il 85 yaşını qeyd edəcək 84 yaşlı təbiət və elm fədaisi Qara müəllim müsahibimizdir.

- Yaşınızın bu çağında belə gümrah qalmağınızın səbəbkarı yəqin ki, ana təbiətdir. Təsadüfi deyil ki, sizə təbiət oğlu deyirlər. Təbiətlə ülfətiniz illərdir davam edir. Dostluğunuzun sirri nədədir?

- Bilirsiniz, hamı təbiətə yaxın olmaq, onunla təmas qurmaq, dost olmaq istəyir. Düz deyirsiniz, amma bu çoxlarına müyəssər olmur. Hesab edirəm ki, mənimlə təbiət arasında yaranan dostluq təsadüfi deyil. Bu məndə genetikdir. Yəni ona yaxınlıq genetik olmalıdır. Təbiəti sevmək, qayğısına qalmaq aldığım tərbiyə ilə bağlıdır həm də. Hər bir insanın ilk müəllimi təbiətdir. Əvvəl belə bir termin vardı - təlim-tərbiyə. İndi isə deyirlər ki, tədrisə aid olanları öyrədin, ancaq tərbiyəni çıxın ordan, vətəndaş yetişdirməklə cəmiyyət özü məşğul olmalıdır. Bizə icazə vermirlər tərbiyə işi ilə məşğul olmağa, bu işi cəmiyyətin ixtiyarına verirlər. Əslində isə təlim-tərbiyə paralel olub və bunları bir-birindən ayrı təsəvvür etmirdik. Təlim-tərbiyə bir yerdə tətbiq olunanda uşaqlar daim nəzarət altında olurdu. Biz bu təsirə bir kəlmə ilə sosioloji şərait deyirik. Sosioloji şərait özü böyük şərtdir. Uşaq nəzarətdən çıxdısa, istər-istəməz, küçənin təsirinə düşəcək.

- Sözsüz elədir...

- Uşaqlar bilik almalıdır, bununla yanaşı, onların tərbiyə məsələsinə də xüsusi fikir verilməlidir. Ümumiyyətlə, tərbiyə məsələsində ailə, dövlət, təhsil müəssisəsi bir olmalıdır.

- Hətta sizin bir fikriniz var: bilik ailədən başlayıb inkişaf edər...

- Bəli. Peyğəmbərimiz Məhəmməd əleyhsalamın belə bir sözü var: bilmədiyini öyrənməyəni, bildiyini öyrətməyəni göydə uçan quşlar, dəryada üzən balıqlar da lənətləyir. Bu tezisin mənə çox böyük təsiri olub.

- Bayaq dediniz ki, təbiətə bağlılığınız genetikdir. Bu xətt kimdən başlayır?

- Valideynlərimdən. Bir məsələni də deyim ki, mənim beşinci babam çox qeyri-adi insan olub. Bir sıra müsbət xüsusiyyətlərin genetik olaraq ondan keçdiyinə əminəm. Deyirlər ki, o, Şirvan mahalında dindar olub, çox böyük hörmətə sahib imiş. 100 ilə qədər yaşayıb, həyatında bir amalı olub-zərərsiz yaşamaq, heç bir canlıya ziyan vurmadan həyatını sürüb. Çox halal adam kimi yaşayıb.

- Bioloq olmaq yəqin ki, uşaqlıq arzunuz olub?

- Əslində riyaziyyatçı olmalı idim. Çünki məktəbimizdə əslən Şəkidən olan Abid adlı riyaziyyat müəllimimiz vardı, olduqca yaxşı dərs keçirdi. Bir qız, mən də daxil olmaqla, üç oğlan şagirdi həmişə müdafiə edir, qayğımıza qalır, bizim hər yerdə irəlidə olmağımıza çalışırdı.

Yaxşı yadımdadır, coğrafiya müəllimi mənə 3 yazmışdı, 7-ci sinifdə oxuyurdum. Onda Abid müəllim pedaqoji şurada mənə 3 yazan müəllimlə dalaşıb ona demişdi ki, o uşaq riyaziyyatı əla bilir, yüksək qiymət alır, əgər sənin fənnindən 3 alırsa təqsir özündədir, fənnini sevdirə bilməmisən. Bioloq olmağıma gəlincə, 9-cu sinifdə oxuyanda bir kimya-biologiya müəllimim vardı. Əsilli-nəsilli adam idi, Kürdəmirin özündən idi. O məni bu sahəyə yönəltdi. Kür çayı ilə Kürdəmirin rayon mərkəzi arasında məsafə o qədər də uzaq deyil, maşınla, atla təxminən yarım saatlıq yoldur. Onuncu sinfi bitirənə qədər atam atla Kür qırağına getməyə qoymurdu, deyirdi, bala, birdən at səni yıxar, bədbəxtçilik olar, getməyin vacibdirsə, maşın tapıb səni ora göndərim. Mən ondan xəlvət atı minib çapırdım Kürqırağı meşəyə. Gedib Kürə, meşəyə baxırdım. Yaxşı ki, üzüb Kürü keçmək ağlıma gəlmirdi.

- Kürün o üzü gələcəyin bioloquna maraqlı gəlmirdi, yoxsa başqa səbəb vardı?

- Qorxurdum, qorxu olmasaydı, yəqin ki, üzüb keçərdim. Drazdov vardı, Moskvada "V mire jivotnıx" verilişini aparırdı. Bir dəfə onu Kürdəmirə aparmışdım, onu Kür qırağına gətirib demişdim ki, bir dəfə Kürü üzüb o yana keçmək istəyirdim, ancaq qorxub keçmədim. Dedi yaxşı edib qorxmusan, amma mən üzüb keçəcəyəm. Üzüb keçdi, çayın eni o hissədə 120 metrdir, yenidən üzüb geri qayıtdı.

-Ümumiyyətlə üzə bilmirsiniz?

- Üzürəm, ancaq 15-20 metr.

- Bildiyim qədər, Azərbaycanda biologiya sahəsində azsaylı alimlərdənsiniz ki, o dövrdə SSRİ məkanında aparılan ekspedisiyalarda iştirak etmisiniz. Bu ekspedisiyalarda iştirakınız necə mümkün olurdu?

- Mən özümün Moskvadakı zadəgan müəllimlərimə çox minnətdaram, məni bir alim kimi onlar yetişdirib. Müsbət keyfiyyətlərin əksəriyyətini onlardan əxz etmişəm.

Keçmiş SSRİ-də getmədiyim yer, iştirak etmədiyim ekspedisiya olmayıb. Adətən bir gün əvvəl zəng edirdilər ki, sabah axşam reysi ilə Daşkəndə uç, biz də Moskvadan gəlirik, Qızılqumu gəzməyə gedirik. Bu ekspedisiyalar sayəsində keçmiş SSRİ məkanında gəzmədiyim yer yoxdur. Hətta bir müddət akademik Sokolov Tropkaya getmək istəyirdi. Baxmayaraq ki, qayınatası Mərkəzi Komitənin katiblərindən biri idi, ancaq onu qoymadılar. Mərkəzi Komitədən dedilər ki, Arxangelskdən Alma-Ataya qədər dünyanın bütün iqlim formaları, bütün landşaftları var, bu sizə kifayət etmirmi, hələ bir Afrikaya getmək istəyirsiniz? Bizim özümüzün Afrikamız var, zəhmət çəkib onu öyrənin. Stalinin əmrində deyilirdi bunlar. Bax, XX əsrin ortalarında güclü tədqiqat aparılırdı. Qoyun bu yaşımda bir həqiqəti də deyim: çox təəssüf ki, XX əsrin ortalarına qədər təbiət haqqında heç elm qayğıkeş olmayıb. Elmin məqsədi o olub ki, təbii sərvətlərdən maksimum dərəcədə necə istifadə etsinlər.

- Təbiəti istismar ediblər...

- Burada təbiətə qəsd etmək məsələsi yox idi. Bu, Aristotel dövründən başlayaraq belə olub. Tüfəng çıxmamışdan əvvəl tərlanı, qızılquşu qol üstə qoyub ov ovlayan çağlarda məqsəd təbiətdən istifadə etmək idi. Belə bir yanaşma var: təbiətdə nə varsa, hamısı insan üçündür. İnsan təbiətin əşrəfidir. Əşrəf o deməkdir ki, qılıncını, tüfəngini götürüb təbiətə hücum etməlidir? Bilmək lazımdır ki, təbiəti məhv edən özünü də məhv etmiş olur. Mənim bir sözüm var: adamı tüfənglə öldürmək suyu, ərzağı zəhərləməkdən yaxşıdır. Tüfənglə bir güllə vurur, insan əzabsız ölür, amma ekologiya zəhərlənəndə insan tədricən məhv olur.

- Bakı Dövlət Universitetində neçə ildir işləyirsiniz?

- 1954-cü ildə Bakı Dövlət Universitetinə gəlmişəm. Sonra Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyət göstərmişəm. 2 il orada elmi işçi işləmişəm. 1960-cı ildən Bakı Dövlət Universitetində müəllim işləyirəm. Düz 55 ildir davamlı olaraq buradayam və qətiyyən də peşiman deyiləm. Mən BDU-nun biologiya fakültəsinin 3-cü kursunda oxuyanda bura yarımştat laborant götürüblər.

- 55 il az müddət deyil, hardasa bir insan ömrüdür. Siz burada işə başlayanda milli kadrlar çox idimi?

- Milli kadrlar vardı, amma çox deyildi, səviyyə çox zəif idi. Yüksək elmi dərəcəli iki nəfər erməni, bir nəfər rus işləyirdi, azərbaycanlılar əsasən aşağı vəzifələrdə çalışırdı, assisent, laborant kimi. BDU-da zoologiya üzrə ilk dəfə müdafiə edən Kamal Məmməd oğlu Qənbərov olub, Tovuzdan idi. O, dossent vəzifəsindən yuxarı qalxa bilmədi, imkan vermədilər. Birinci dəfə zoologiyadan doktorluq müdafiə edən qarşınızdakı Qara müəllimdir. Namizədlik dissertasiyasını Azərbaycan Elmlər Akademiyasında, doktorluq işimi isə burada yazıb 1985-ci ildə Moskva Dövlət Universitetində müdafiə etmişəm. Rus alimləri ilə sıx əlaqəmiz olub, məni həmişə bəyənib, mənimlə dostluq ediblər. Təsəvvür edin ki, 1988-ci ildə SSRİ Orintologiya Cəmiyyəti yaradılıb və onun təsisçilərindən biri mən olmuşam. Bu Cəmiyyətin Qafqaz üzrə kuratorluğu mənə həvalə edilib.

- Bəs müəllim kadrlarının hazırlığı hansı səviyyədədir?

- Bu gün Azərbaycanda güclü alim kifayət qədərdir. Yüksək ixtisaslı kadrlar çoxdur. Bu gün ölkəmizdə Həsən bəy Zərdabinin və digər maarifçilərin yolunu davam etdirən maarifçilər az deyil. Amma fikir vermişəm, bu günkülərə də, keçmiş insanlara da, hələ zirvəyə çatan çox azdır. Alimlərdə bir sahə inkişaf edib, o biri zəifdir. Mən elm sahəsində xeyli iş görmüşəm, 1000 məqaləm, 60 kitabım var, saysız maarifçilik işlərim, proqramlarım olub. Pedaqogika sahəsində də saysız iş görmüşəm, 20-yə yaxın yeni konsepsiya, istiqamət açmışam. Novator alim kimi öndə olmuşam. Elə bir insan göstərin ki, o, qırx il ayda iki dəfə yarım saat olmaqla proqram aparsın, əhalinin maariflənməsi ilə məşğul olsun. Mən bir elm adamı kimi üç cəbhədə çalışmışam və hamısında da insanlara gərək olmuşam. Fəaliyyətimlə yerli-yataqlı tanış olan bir türk alimi mənə sual verdi ki, nəyə nail ola bilməmisən? Dedim ki, müasir dövrdə ekologiyanın yüksək səviyyədə öyrənilməsini tədris planına saldıra bilməmişəm. Bir də islam dininin elminə vurğunam. O alimə dedim ki, bəzi təəssüflərim var. Soruşdu ki, təəssüfdür elə? Cavab verdim ki, islam dininin tələbləri ilə islam dininə tapınanların əksəriyyətinin tətbiq etdikləri uyğun gəlmir.

- Bəzi insanlar mənəvi dəyərlərə niyə ikinci dərəcəli bir məsələ kimi baxır?

- Narahatlığınızı bölüşürəm, indi insanlar maddiyyatın ardınca gedir, mənəvi dəyərləri unudur. Uzağa getməyək, toylara baxaq, görün, insanlar nə qədər israfçılıq edir, bir-birindən üstün olmaq üçün əldən gedirlər. Əslində isə insanda birinci keyfiyyət mənəvi keyfiyyət olmalıdır, mənəviyyat maddiyyatın kölgəsində qalmamalıdır.

- Qara müəllim, saysız kitablar, saysız məqalələr, təbiəti sevdirməklə bağlı təbliği proqramlar və s. sizin yaradıcılığınızı əhatə edir. Mən bura pedaqoji fəaliyyətinizi, yeni elmi kadrların yetişdirilməsi kimi nəcib işinizi də əlavə edirəm. Dövlət sizin əməyinizə qiymət veribmi?

- Sirr deyil ki, özünə alim deyənlərin bir qismini nə elm, nə də mənəvi dəyərlər maraqlandırır, onlar maddiyyata maraq göstərir...

- Doğru deyirsiniz. Təəssüf ki, bu hala da rast gəlirik. Hər diplomu olan alim deyil. Yenə də ulularımıza qayıdıram: alim olmaq asandır, insan olmaq çətindir. Sizin dediyiniz çatışmazlıq insanlığın zəifliyindən irəli gəlir.

- Mən universitetdən, onun rəhbərliyindən çox razıyam. Dövlətimiz də məni qiymətləndirib. "Şöhrət" ordeni ilə təltif edilmişəm, Prezident təqaüdünə layiq görülmüşəm. Bu mənim yaşamağıma ciddi dayaq durur. Vaxt vardı ki, kitab mağazasına girirdim və xoşuma gələn kitabları ala bilmirdim, ancaq bu gün təqaüd aldığım üçün istədiyim kitabları da alıram, dava-dərmanımı da. Razıyam.

- Siz bu yaşınızda da tez-tez bölgələrdəki qoruqlara gedirsiniz... Qoruqlarda vəziyyət necədir? Qanunsuz ovçuluq halları olurmu?

- Bu gün qoruqlara dövlət böyük qayğı ilə yanaşır. Qoruqların vəziyyəti yaxşılaşıb. Bu gün Azərbaycanda 12 qoruq, 9 milli park, 24 dövlət yasaqlığı, 12 dövlət ovçuluq təsərrüfatı var. Bunların hamısının rejimi, qayda-qanunu beynəlxalq tələblərə uyğundur. Hansı ölkə olursa olsun, onun ərazisinin 10 faizə qədəri xüsusi rejimlə qorunan ərazidirsə, o məqbul hesab olunur. Bizimki 11 faizdir. Ovçuluq müvəqqəti olaraq dayandırılıb. İstərdim ki, bu qadağa heç olmasa 20 il davam etdirilsin. Bu gün qadağanı 1-2 faiz pozur, əvvəlki dövrlərdə 50 faiz pozurdu. Bayaq sizə dedim ki, 20-ci əsrin 50-ci illərinə qədər bütün dünya elmi təbiəti istismarla məşğul olub. 50-ci illərdən sonra Avropa, sonra isə ABŞ qərara gəlib ki, əgər 50 il də bu qayda ilə bəşəriyyət təbiətlə rəftar etsə, məhv olacaq, planet idarədən çıxacaq...

Mən özüm tez-tez Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xəttilə qoruqlara gedir, oradakı vəziyyəti müşahidə edirəm. Hər dəfə də fikir verirəm, görüm, burada ov edilirmi. Belə hala rast gəlmirəm. Mən getdiyim yerin, qoruğun rəhbərliyinə xəbərdarlıq etmirəm, qəfil gedirəm, nazirlikdən icazə veriblər.

 

İradə SARIYEVA

Bakı Xəbər.- 2015.- 27 oktyabr.- S.13.