Xalq artisti, bəstəkar Vasif Adıgözəlovun irsinə dövlət qayğısı...

 

 

Azərbaycan bəstəkarlıq məktəbi olduqca zəngindir. Dahi Üzeyir Hacıbəyovdan başlayan bu yolun saysız istedadlı yolçuları olub. Bu bəstəkarlar sırasında Vasif Adıgözəlov imzası xüsusi ilə seçilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, dövlət mükafatı laureatı, professor Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Sənəddə qeyd edilir ki, Vasif Adıgözəlovun 80 illik yubileyi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunacaq. Artıq oktyabrın 25-dən başlayaraq yubiley tədbirlərinin keçirilməsinə start verilib. Yubileyin tədbirlər planına uyğun olaraq teatr-konsert müəssisələrində, musiqi məktəblərində, yaradıcılıq ittifaqlarında və digər mədəniyyət ocaqlarında Vasif Adıgözəlovun 80 illiyinə həsr olunan konsertlərin və tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Vasif Zülfüqar (Zülfü) oğlu Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olub. İlk musiqi təhsilini Konservatoriyanın nəzdindəki 10 illik musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirir. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirir.

Tədqiqatçılar yazır ki, V.Adıgözəlov əmək fəaliyyətinə 1958-ci ildən RadioTeleviziya Komitəsində musiqi redaktoru kimi başlayıb. O sonralar Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, M.Maqomayev adına Dövlət Filarmoniyasının baş musiqi redaktoru, A.Zeynallı adına Bakı Musiqi Məktəbinin direktorus. vəzifələrdə çalışıb. 1972-ci ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında əsas işçi kimi müəllimlik edirdi. 1990-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının I katibi seçilib. 1973-cü ildə əməkdar incəsənət xadimi, 1988-ci ildə respublikanın xalq artisti fəxri adlarına layiq görülüb. 1989-cu ildən professor, 1990-cı ildə dövlət mükafatı laureatı adlarını alıb. 1995-ci ildə "Şöhrət ordeni" ilə təltif olunub. Bakı Musiqi Akademiyasında xor dirijorluğu kafedrasına rəhbərlik edib. Görkəmli sənətkar 2006-cı ildə vəfat edib.

Tədqiqatçılar yazır ki, bəstəkar iki operanın - "Ölülər", "Natəvan", 5 musiqili komediyanın - "Hacı Qara (operetta)" (həmmüəllifi R.Mustafayev), "Nənəmin şahlıq quşu", "Boşanaq - evlənərik", "Lənət şeytana", 4 oratoriya - "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915", "Qəm karvanı" 3 kantata - "Novruzum", "Təntənəli", 4 simfoniya, 6 instrumental konsert kamera-instrumental musiqinin, kino-teatr musiqisinin, romans və mahnıların müəllifidir.

Onu da vurğulayaq ki, respublikamızda Vasif Adıgözəlovun 80 illiyi şərəfinə festival düzənlənib. Oktyabrın 26-dan xalq artisti Vasif Adıgözəlovun anadan olmasının 80 illiyi altıgünlük musiqi festivalı ilə qeyd edilir.

Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən "Vasif Adıgözəlov - 80" elmi konfransı kamera konserti ilə start götürüb. Oktyabrın 27-də Azərbaycan Milli Konservatoriyasında "Vasif Adıgözəlovun yaradıcılıq irsi" adlı konsert təqdim olunub. Oktyabrın 28-də isə Beynəlxalq Muğam Mərkəzində "Vasif Adıgözəlovun mahnı çələngi" adlı konsert olacaq.

Oktyabrın 29-da Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasında "Vasif Adıgözəlova ithaf" devizi ilə "Bakı-simfoniyetta" orkestrinin konserti (dirijor Cavad Tağızadə) keçiriləcək. Oktyabrın 30-da Azərbaycan Dövlət Filarmoniyasında bəstəkarın yubileyinə həsr olunmuş gecə planlaşdırılıb. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası (dirijor Yalçın Adıgözəlov) yubiley gecəsində çıxış edəcək. Festival oktyabrın 31-də Akademik OperaBalet Teatrında Vasif Adıgözəlovun "Natəvan" operasının tamaşası ilə sona çatacaq.

Qeyd edək ki, Vasif Adıgözəlov milli musiqi mədəniyyətimizə bir-birindən dəyərli sənət nümunələri bəxş edib. Onun irihəcmli simfonik əsərlərdən tutmuş mahnılaradək müxtəlif musiqi janrlarını əhatə edən yaradıcılığı öz yüksək peşəkarlıq səviyyəsi və musiqi dilinin orijinallığı ilə diqqəti cəlb edib, geniş dinləyici kütlələrinin rəğbətini qazanıb. Bəstəkarın əsərləri nəinki ölkəmizin, həmçinin dünyanın bir çox ölkələrinin, o cümlədən Almaniya, Bolqarıstan, Meksika, Kosta-Rika, Venesuela, Kuba, Türkiyə, İrankeçmiş Sovet İttifaqının bir çox şəhərlərinin musiqi salonlarında ifa olunub, dinləyici alqışları qazanıb. Bu gün də V.Adıgözəlovun əsərləri müxtəlif beynəlxalq musiqi festivallarında səslənir, görkəmli kollektivlərin və ifaçıların repertuarına daxil edilir, respublikamızın musiqi təhsili ocaqlarında tədris olunur, disklərə yazılır. V.Adıgözəlov Azərbaycan musiqi mədəniyyətimizin tarixində heç kəsə bənzəməyən, öz fərdi üslubu ilə seçilən qüdrətli bir sənətkar idi. Onun musiqisində Azərbaycan xalqının milli qüruru öz əksini tapıb. Bəstəkarın musiqisiözü kimi qürurludur. Bu qürur millətə və Vətənə sevgidən, dövlətçilik duyğusundan, əsil nəcabətdən, yüksək ziyalılıqdan və əlbəttə ki, şəxsiyyətin arxasında istedadla bərabər dayanan özünə inamından irəli gəlir. V.Adıgözəlovun irsi bizim milli-mədəni sərvətimizdir.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Bənövşə Rzayeva qeyd edir ki, müasir Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simalarından danışarkən bu məktəbin layiqli nümayəndəsi Vasif Adıgözəlovun yaradıcılığını xüsusilə qeyd etmək lazımdır: "Musiqi mədəniyyətimizə möhtəşəm töhfələr verən Vasif Adıgözəlov bu gün də incəsənət xadimləri, musiqiçilər tərəfindən böyük minnətdarlıqla xatırlanır, əsərləri repertuarlardan düşmür. Bu il görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı, professor Vasif Zülfüqar oğlu Adıgözəlovun anadan olmasından 80 il ötür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Vasif Adıgözəlovun 80 illik yubileyinin keçirilməsi haqqında" 2015-ci il 11 fevral tarixli Sərəncamında deyilir: "Vasif Adıgözəlov Azərbaycanın zəngin musiqi sənəti salnaməsinə yeni səhifələr yazmış şəxsiyyətlərdəndir. Bəstəkarın xalq mahnıları və muğam ənənələri zəminində dünya musiqisinin mühüm nailiyyətlərindən bəhrələnməklə ayrı-ayrı janrlarda meydana gətirdiyi çoxsaylı əsərlər Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutur".

Vasif Adıgözəlovun 80 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2015-ci il 18 fevral tarixli Sərəncamı ilə Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planında "Azərbaycan bəstəkarlığının inkişafında Vasif Adıgözəlovun rolu" mövzusunda konfransın keçirilməsi, görkəmli sənətkarın bəstəkar, pedaqoq və fəal ictimai xadim kimi hərtərəfli fəaliyyətinə həsr olunmuş tədbirlərin təşkili, tematik verilişlərin və qəzet materiallarının hazırlanması, musiqi məktəblərində bir dərs saatının Vasif Adıgözəlovun yaradıcılığına həsr olunması nəzərdə tutulub".

Tədqiqatçı yazır ki, bəstəkarın yaradıcılığının əsas hissəsini simfonik janrda yazılmış əsərlər təşkil edir. Onun daha bir operası isə Xurşudbanu Natəvanın 170 illik yubileyinə həsr olunan "Natəvan" operasıdır: "Bəstəkarın Xurşudbanu Natəvanın sözlərinə yazdığı "Qərənfil" əsəri instrumental solo ifaçılığında ən çox müraciət olunan əsərdir. Vasif Adıgözəlov dörd simfoniyanın, altı instrumental konsertin, beş musiqili komediyanın, "Segah" simfonik muğamın və dörd oratoriyanın müəllifidir.

Vasif Adıgözəlovun xalq musiqi nümunələrindən yüksək bəstəkarlıq bacarığı ilə yararlanmış məzmunca milli, vətənpərvər ruhda olan əsərləri musiqi fondumuzun ən qiymətli nümunələridir. Müəllifin "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala", "Qəm karvanı" oratoriyaları da məhz bu ruhda yazılmış əsərlərdəndir. Bəstəkarın "Odlar yurdu" oratoriyası 10 hissədən ibarətdir. Əsər Azərbaycan xalqının keçdiyi keşməkeşli yolu musiqinin dili ilə dinləyiciyə çatdırır, yaddaşları sanki yenidən oyadır, müasir nəslə onun keçmişini xatırladır. "Qarabağ şikəstəsi" oratoriyasında qələbə, qətiyyət və inam ifadə edilir. Bu əsər daim insanları düşündürən, həyəcanlandıran bir yaradıcılıq nümunəsidir. Əsərdə Azərbaycan xalqının öz torpaqlarını igidliklə azad etməsi yüksək bəstəkarlıq bacarığı ilə tamaşaçıya çatdırılır".

Bəstəkarın yaradıcılığında "Çanaqqala" oratoriyasının əhəmiyyətini xüsusi qeyd edən tədqiqatçının sözlərinə görə, bu əsəri V.Adıgözəlov yaradıcılığının zirvəsi saymaq olar. O qeyd edir ki, 1915-ci ildə Türkiyədə baş verən tarixi hadisəyə həsr edilmiş bu əsər türk xalqının cəsarətli oğlu Atatürkün xarici ölkələrin istilaçılarına qarşı mübarizəsindən və onun rəhbərliyi ilə müstəqil Türkiyə Respublikası yaradılmasından bəhs edilir: "Çanaqqala" oratoriyasını türk ruhunun yenilməzliyini əks etdirən musiqi abidəsi kimi qiymətləndirmək olar. Bəstəkarın "Qəm karvanı" oratoriyası bədii konsepsiyası və estetik qayəsinə görə rekviyemmemorial xarakter daşıyır. Vasif Adıgözəlovun kino musiqisi öz janr müxtəlifliyi ilə seçilir. Bu filmlərin içərisində bədii, sənədli, cizgimusiqili filmlər var. Bütün bunlar sənətkarın özünüifadə bacarığını göstərir. "Balaca çoban" (cizgi filmi), "Aktrisanın təbəssümü", "Cazibə qüvvəsi", "Hər şey olduğu kimi-Əminə Dilbazi", "Xidmət lifti", "Həyat bizi sınayır", "Kişi sözü", "Qəribə əhvalat", "Lahıc", "Mahnı qanadlarında", "Məhəbbət oratoriyası", "Skripkanın sərgüzəşti", "Şərikli çörək", "Zülfü ocağı" və sair kimi filmlər maraqlı kompozisiyalarla yaddaşlara həkk olunub. Kinoşünaslar hər bir filmin uğurlu olmasında musiqinin rolunu yüksək qiymətləndirir. Bu filmlərin hər birinin sevilməsində görkəmli bəstəkarın yaradıcılıq zəhmətini görürük. Xüsusilə uşaqlar üçün çəkilmiş "Balaca çoban", "Skripkanın sərgüzəşti", "Şərikli çörək" filmlərinin melodiyaları insanı vəcdə gətirir. Hamımızın dəfələrlə baxdığımız "Şərikli çörək" filmində uşaqların yaşadıqları çətin həyatı öz musiqisi ilə ifadə edən Vasif Adıgözəlov insanı düşündürə bilir. Əbədi çətinlik, fərəhsiz günlər ola bilməz, qarşıda gözəl günlər durur. Bütün bunları bəstəkar filmdə öz musiqi dili ilə deyir və aşılayır. Vasif Adıgözəlovun mahnıları bu gün də sevilə-sevilə ifa olunur. Bəstəkarın "Bakı", "Təkcə səndən xoşum gəlir", "Mən gəzirəm hər yanı", "Gözləməsin, neyləsin?", "Şuşam", "Qərənfil", "Naz-naz", "Unutdu məni", "Şair, nə tez qocaldın" və başqa mahnıları hamımızın sevdiyi nəğmələrdir. Bəstəkarın sözlərinə musiqi yazdığı şairlər də çoxdur. Görkəmli bəstəkarın yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib. Adıgözəlovlar nəsli Azərbaycan musiqisinə Zülfü Adıgözəlov, Vasif Adıgözəlov, Rauf Adıgözəlov kimi görkəmli simalar bəxş edib. Bu gün bəstəkarın oğlu Yalçın Adıgözəlov bu nəslin yolunu layiqincə davam etdirir. Zəngin sənət ömrü yaşamış və daim xalqına bağlı olan Vasif Adıgözəlovun musiqisi bu güninsanlara vətənpərvərlik, sevinc, inam, sevgi duyğuları bəxş edir. Bu mənada, sənətkar bu günbizim müasirimizdir. Onun musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri daim xatırlanır".

Tədqiqatçının fikirlərində böyük həqiqət varo, V.Adıgözəlov sənətini, şəxsiyyətini çox dəqiqliklə ifadə edə bilib.

Əlbəttə, son bir neçə gün Azərbaycan musiqi ictimaiyyəti tərəfindən Vasif Adıgözəlov günləri kimi qeyd edilir. Bütün musiqi ocaqlarında Vasif Adıgözəlovun ölməz, həmişəyaşar əsərləri səslənəcək. Dövlətin yüksək qiymət verdiyi Vasif Adıgözəlovun musiqisi mədəniyyət tariximizin işıqlı səhifələrinə yazılıb.

İradə SARIYEVA

Bakı Xəbər.- 2015.- 29 oktyabr.- S.15.