Vaqif Sultanlının "İlan əfsanəsi" Böyük
Britaniyada...
Bu günlərdə yazıçı
Vaqif Sultanlının
"İlan əfsanəsi"
("The Legend of the Snake") adlı kitabı Böyük Britaniyada (London, 2015) nəşr
olunub. Müəllifin "İnsan dənizi"
romanının, müxtəlif
illərdə qələmə
aldığı hekayələrinin
daxil edildiyi kitab Cavid Abbasovun
tərcüməsi, tanınmış
ingilis yazıçı
və publisisti Michael Brannokun redaktəsi ilə nəşr edilib.
Xatırladaq ki, bu, Vaqif
Sultanlının dünya
oxucularına təqdim
olunan ilk kitabı deyil. Belə ki, yazıçının roman, povest
və hekayələrdən
ibarət olan "İnsan dənizi",
"Ölüm yuxusu",
"Tərs axın"
və digər kitabları ABŞ, İngiltərə,
Danimarka, Misir, Türkiyə, İran və başqa ölkələrdə nəşr
olunub, habelə onun tərtibatında (Dr.İrəc İsmaeli ilə birlikdə) "Müasir Azərbaycan nəsri" (Modern Azerbaijanian
Prose, Bloomington, 2012) və "Müasir Azərbaycan qadın nəsri"
(Modern Azerbaijani WomenTs Prose, Bloomington, 2014)
antologiyaları Amerika
oxucularına təqdim
edilib.
Vaqif Sultanlının
"İlan əfsanəsi"
kitabına daxil edilən "İnsan dənizi" romanında ölüm cəzasından
qaçaraq yad şəhərdə gizlənmiş
qəhrəmanın taleyi
fonunda cəmiyyətin
mənəviyyatına yoluxmuş
özgələşmə, yaddaşsızlaşma problemi
bədii həllini tapıb. Hadisə və əhvalatların
ötən əsrin səksəninci illərində
cərəyan etdiyi romanın süjet xətti real və şərti-metaforik üslubların
qovuşuğunda gerçəkləşir.
Kitabda yer alan "Yarpaqsız budaqların yaşıl nəşməsi",
"Kor düyün",
"Qütb gecəsi",
"Vətən", "Səhər dumanı",
"Mağara", "İlğım",
"Tərs axın"
və başqa hekayələr orijinal, bənzərsiz yazı tərzi ilə seçilməkdədir. Yazıçı qələmə aldığı
hekayələrdə mənsub
olduğu sosial mühitin əsirinə çevrilən insanların
həyəcan, sarsıntı
və qayğılarını
əks etdirməyə
çalışıb.
"İlan əfsanəsi"
kitabına daxil edilən roman və hekayələri birləşdirən
aparıcı təmayül
onların ruhi-psixoloji
ovqata söykənməsi,
mövzu və ideya baxımından aktuallıq kəsb etməsi, cəmiyyətdə
özünü büruzə
verən sosial və mənəvi-əxlaqi
problemlərə ciddi
etiraz motivləri ilə seçilməsidir.
Aynur İBRAHİMLİ
Bakı Xəbər.- 2015.- 29
oktyabr.- S.14.