Xalqın mənəvi irsinə dövlət
qayğısı...
Hər bir xalqın özünəməxsus həyat tərzi, dünyagörüşü, mədəniyyət sistemi var. Əlbəttə, bunlar bir ilə, beş ilə formalaşmayıb, onların sistem halına düşməsinə yüzillər gərək olub. Xalqımızın məişət tərzi, məşğuliyyəti, eləcə də yaratdığı maddi-mənəvi nümunələr etnoqrafiya adlandırılıb.
Etnoqrafiya haqqında yazan tədqiqatçılar qeyd edir ki, etnoqrafiya elmi xalqı, xalqın özünəməxsus xüsusiyyətlərini öyrənir, tarix, arxeologiya, eləcə də başqa elm sahələrinin əldə etdiyi nəticələri araşdırır, tamamlayır, bütövləşdirir. Nəticədə etnik-milli özünüdərkin, özünütanımanın əsasını yaradır. Tədqiqatçılar yazır ki, maddi və mənəvi mədəniyyət əsasında milli kimlik formalaşır, etnoqrafiya elmi isə minilliklərin bu milli-etnik kimliyini üzə çıxarmaqla məşğuldur.
Alimlərin bildirdiyinə görə, Qafqazın cənub-şərqində geniş ərazini əhatə edən Azərbaycan əlverişli təbii-coğrafi və iqtisadi-strateji məkanda yerləşib. Ona görə də burada maddi mədəniyyətin təşəkkül tapması, inkişafı və yayılması üçün hər cür imkan və mövcud şərait olub.
Tədqiqatçılar qeyd edir ki, xalq bu zənginliklərdən bəhrələnərək minilliklər boyu özünün çoxşaxəli və dərin məzmunlu maddi mədəniyyət sahələrini yaradıb və inkişaf etdirib. Heç şübhəsiz, maddi və mənəvi mədəniyyətin qarşılıqlı əlaqəsi hər iki sahənin yüksək səviyyəyə çatmasına zəmin yaradıb. Azərbaycan haqlı olaraq bəşər sivilizasiyasının ilkin ocaqlarından sayılır.
Azərbaycan ərazisinin son dərəcə əlverişli iqlim şəraiti, zəngin flora və faunası, yerli əhalinin qədimliyi, təsərrüfat məişəti, çoxsahəli sənətkarlığı, maddi və mənəvi dünyası onun etnoqrafik baxımdan daha çeşidli və məzmunlu olmasına əsaslı zəmin yaradıb. O da həqiqətdir ki, xalq minilliklərdən başlayaraq Qafqaz, Yaxın Şərq və başqa ölkələrin xalqları ilə davamlı və arasıkəsilməyən sıx iqtisadi və mədəni əlaqədə olub. Yaranan bu qarşılıqlı təmasdan, qovuşuqluqdan çox şey əxz edib, faydalanıb və zənginləşib. Xalqın etnoqrafiyası Qafqaz, bir qədər də geniş mənada Yaxın və Orta Şərq xalqlarının etnoqrafiyasının ayrılmaz tərkib hissəsidir. Hər bir xalqın maddi mədəniyyəti yalnız onun özünəməxsus spesifik-lokal cəhətləri və fərdi xüsusiyyətləri ilə seçilir. Bu isə bir etnosa məxsus mədəniyyəti digər etnosun mədəniyyətindən əsaslı surətdə fərqləndirir. Bu baxımdan Azərbaycan xalqının çoxəsrlik empirik təcrübə, bilik və vərdişlərə əsaslanan maddi mədəniyyət tarixi zəngin olub, özünün spesifikasını və milli xüsusiyyətlərini maddi mədəniyyətin bütün sahələrində bariz şəkildə nümayiş etdirir.
Etnoqraflar yazır ki, əsasən XIX əsrin ortalarında maldar elatların oturaq həyata keçməsi nəticəsində salınan kəndlərdə icma münasibəti qalıqları daha çox mühafizə olunduğundan, oturaqlaşma zamanı qohumluq prinsipi üzrə yerləşmə ənənəsinə ciddi əməl edilib. Oturaqlaşma prosesi isə nəsli icmalardan ibarət olan qışlaqlar arasında getdiyindən, yeni yaranan kəndlər, müstəsna olaraq qohum patronimik qruplardan təşkil olunub. Nəticədə formalaşan adət-ənənələr bütün xalq üçün xarakterik olub.
Azərbaycan ərazisində ailənin təşəkkül prosesinin Eneolit dövrünün sonunda baş verdiyi ehtimal edilir.
Azərbaycan ailəsi və ailə məişəti haqqından mənbələrdə, yazılı abidələrdə və qaynaqlarda, XIII əsr böyük Azərbaycan alimi Nəsrəddin Tusinin, Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərində, şifahi xalq ədəbiyyatı nümunələri olan dastanlarda əhəmiyyətli məlumatlar var. Azərbaycanlıların ailə və ailə məişətinə dair maraqlı materiallar XI-XVIII əsrlərə aid mənbələrdə öz əksini tapıb. Azərbaycanda ailə və ailə məişəti məsələləri XVIII əsrin sonundan başlayaraq XIX əsr və XX əsrin başlanğıcında yazılmış etnoqrafik səpkili rusdilli ədəbiyyatda da öz əksini tapıb. Həmin materialların müqayisəli təhlili aydın surətdə göstərir ki, Azərbaycanda orta əsrlərin ailə məişəti ilə yeni dövrün ailə məişəti arasında kəskin fərqlər olmayıb, yəni Azərbaycan xalqının ailə məişətində varislik ənənələri müşahidə edilir. Deməli, Azərbaycan xalqı ailə və ailə məişəti ilə bağlı olan adət-ənənələrini əsrlər boyu qoruyub saxlaya bilib, onları təkmiləşdirib, inkişaf etdirib və bu ənənələr tarixin sınaqlarından keçərək zamanımızadək gəlib çatıb.
Azərbaycan etnoqrafiyası nəinki Qafqazın, ümumilikdə dünya etnokulturologiyasını zənginləşdirən bir məxəzdir. Məhz buna görə də Azərbaycan dövləti maddi və mənəvi mədəniyyətin qorunmasına, inkişafına və təbliğinə yüksək səviyyədə diqqət yetirir. Tədqiqatçılar yazır ki, dövlət etnoqrafiya sahəsinin inkişafı üçün böyük işlər görür və bütün eksponatların yüksək səviyyədə qorunmasını təmin edir. Sözsüz ki, bu gün də xalqımızın etnoqrafiyası öyrənilir. Amma təəssüflər olsun ki, tədqiqatlar əsasən hazır yazılar, kitablar əsasında həyata keçirilir, camaatla ünsiyyət aşağı səviyyədədir. Bir vaxtlar etnoqraflar el-el, oba-oba dolaşıb insanlarla görüşür, onların canlı həyatını qələmə alır, informasiya verirdi. Bu gün də Azərbaycanda elat həyatı var, yayı yaylaqda, qışı qışlaqda keçirən ellərimiz az deyil. Yaxşı olardı ki, bu barədə də geniş tədqiqat işləri aparılsın.
Bilirik ki, Azərbaycan dövləti etnoqrafiya sahəsinin öyrənilməsinə böyük şərait yaradır. Buna misal olaraq Arxeologiya və Etnoqrafiya Muzeyinin yaradılması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 iyul 2008-ci ildə imzaladığı Sərəncamını xatırlatmaq kifayətdir.
Sözügedən muzey İçəri Şəhərdə yerləşir və muzeydə Azərbaycanın qədim daş dövründən son orta əsrlərədək tarixinin bütün mərhələlərini əks etdirən arxeoloji tapıntılar, XIX əsr - XX əsrin əvvəllərinə aid etnoqrafik materiallar nümayiş etdirilir. Muzeydəki eksponatlar Azərbaycan ərazisindəki ibtidai insan düşərgələri, oturaq əkinçi-maldar əhaliyə məxsus yaşayış məskənləri və qəbir abidələri, erkən şəhər mədəniyyəti, qədim dövlətlərin tarixi və maddi mədəniyyəti, Azərbaycanın qədim dövr incəsənəti, azərbaycanlıların ulu əcdadlarının həyat tərzi, təsərrüfatı, mənəvi mədəniyyəti haqqında dolğun təsəvvür yaradır.
Onu da qeyd edək ki, Azərbaycanda dövlət qayğısı ilə yaradılan arxeoloji, tarixi, etnoqrafik muzeylər, qoruqlar xalqımızın etnoqrafik külliyyatını qoruyub təbliğ edir.
Bildirək ki, bu muzeylərdən biri Xınalıq tarix-etnoqrafiya muzeyidir. 2001-ci ildə Quba rayonunun Xınalıq kəndində yaradılan muzey 14 ildir fəaliyyət göstərir. Muzeyin saytında verilən məlumata görə, Xınalığın köklü və nəcib ailələrindən gələn Xəlilrəhman Cabbarovun rəhbərliyi altında yerli əhalinin köməyi ilə kənddə qurduqları muzeydə çox maraqlı əsərlər nümayiş etdirilir. Məlumata görə, Xınalığın qədim dövrlərindən qalmış arxeoloji və etnoqrafik materiallar, o cümlədən kilim və xalçalar, gil və mis qablar, müxtəlif ev və məişət əşyaları, daş kitabələr və daha bir çox əşyalar Xınalığa gələnlərə burada vaxtilə mövcud olmuş yüksək bir mədəniyyətdən xəbər verir. 160 kvadratmetrlik iki zaldan ibarət olan bu muzey sanki muzey içərisində muzeydir: "Muzeydə diqqətçəkən ən önəmli bölmə əlyazma kitabların olduğu hissədir. XV əsrdən XX əsrin əvvəllərinə qədər tarixləşən bu kitablar sovet dövrünün qorxusundan damlarda, qəbirlərdə saxlanıb və müstəqillik dövründə ortaya çıxarılmış qiymətli əlyazma əsərlərdir. Burada olan kitablardan aydın olur ki, kəndin keçmişi elmlə sıx bağlı olub, vaxtilə Xınalığın mühüm bir elmi mərkəz olduğundan xəbər verir. Tarix, dil, məntiq, riyaziyyat, təbabət kimi elmlərə aid olanlar ilə birlikdə fiqh, kəlam, təfsir, hədis kimi dini elmlərlə əlaqəli yüksək səviyyəli kitabların varlığı bunu sübut edir. Bu qiymətli əsərlərin tədqiq edilərək kataloqunun hazırlanması ve nadir nüsxələrin surətlərinin çıxarılması təcili görülməli işlərdir.
Kənd ağsaqqallarının deyinə görə, bir vaxtlar bu yerlərə İstanbul, İzmir kimi şəhərlərdən çox sayda kitablar gətirilib".
Qeyd etdiyimiz kimi, respublikamızın bir çox yerində etnoqrafik qoruqlar, muzeylər, mədəniyyət məkanları fəaliyyət göstərir. Qala Dövlət Tarixi-Etnoqrafiya Qoruğunun rəsmi saytında qeyd edilir ki, qoruq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 aprel 1988-ci il, 135 saylı Qərarı ilə Qala qəsəbəsinin tarixi hissəsində yaradılıb. Qoruğun ərazisi 156 hektardır. Bu ərazidə 216 memarlıq və arxeoloji abidə qorunur. Ən qədim aşkar edilən abidə e.ə III minilliyə aid olan qədim insan yaşayış məskənidir. Deməli, 5 min il ərzində Qala kəndində insanlar yaşayıb fəaliyyət göstərmişlər. Qala kəndi ərazisində olan memarlıq abidələri arasında 5 məscid, 3 hamam, yeraltı kəhrizlər, 4 ovdan qəsrin qalıqları, məqbərə, sərdabələr və yaşayış evləri mövcuddur. Bakı kəndləri arasında Qala kəndi həm tarixinə, həm də Abşeronun mədəni irsində tutduğu yerinə görə seçilir. Ən maraqlısı da odur ki, paytaxt şəhərə, iri sənaye mərkəzi olan Bakıya yaxın olmasına baxmayaraq, Qala kəndinin infrastrukturu və abidələri kompleks şəkildə olduğu kimi qalmaqdadır. Bundan başqa, yaşayış mühiti də öz əksini qoruyub saxlayıb. Məlum olduğu kimi, qala sözü alınmaz, məğlubedilməz yer mənasındadır (bir sıra fərziyyələrə əsasən, kəndin adı qəllə sözündəndir, yəni qəllə-taxıl mənasında işlənir). Qala Abşeronun digər kəndlərindən taxıl ehtiyatının çox olması ilə də tanınırdı. Qalalıların əsas məşğuliyyətindən biri də əkinçilik olub. Yerli əhali Qalanı "Taxıl kəndi" və ya "Taxıl Qələ" adlandırırmış. Kəndin ərazisində taxıl quyuları, taxıl zirzəmiləri və tikili anbarlar var. Qala kəndində həmçinin taxıl və un anbarları ilə yanaşı, duz quyuları da var. Qalada onlarla misgər, dulusçu, dərzi, dəmirçı emalatxanaları var idi. Qala kəndi faktiki olaraq kiçik şəhər kimi olub, əhalisinin böyük hissəsi kənd təsərrüfatı ilə məşğul olmasına baxmayaraq, kəndin daxilində əkin sahələri olmayıb. Bütün əkin sahələri kənddən kənarda olub. Qəsəbənin yaşayış evləri üçün kiçik bağlı həyətlər xarakterikdir. Bu həyətlərdə əsasən bir neçə ağac əkilərdi. Xüsusilə tut və püstə ağacı əkmək tamamilə ənənəvi hal idi. Qaydaya görə, hər həyətdə daş hovuz olardı. Bu hovuzlar bəzən yumru, bəzən də kvadratşəkilli olarmış. Həyətlərdə su quyusu taxıl üçün zirzəmi və duz üçün quyu da olub. Abşeron qumluq və susuz yer olduğundan, ağac məhsullarının qıtlığından burada tikinti materialları kimi əhəng daşından istifadə edilirdi. Evlərin tikilişində daşların üstünlük təşkil etməsi tağ və günbəzli evlərin yaranmasında müəyyən rol oynayıb. Qala kəndində olan evlərin əksəriyyətinin tavanları tağ formasındadır. Yəni həmin konstruksiya bütövlükdə tağın mərkəzində yerləşən qıfıl daşın üzərində qurulub. Bu daş trapesiya şəklindədir. Həmin tağ gil vasitəsilə tikilib. Evlərin damı üst hissədən gil vasitəsilə çəkilir, su gillərin üstündən navalçalar vasitəsilə süzülürdü. Hər mənzilin qarşısında mütləq 80 sm -1 m hündürlüyündə səki olurdu. Qalanın özündə yaşayış evləri iki, bəzi hallarda isə üç otaqdan ibarət olub. Şərti olaraq otağın birini mətbəx və ya təsərrüfat hissəsi adlandırmaq olar. Digər hissə qonaq, yaxud yataq otağı kimi istifadə olunurdu.
Mətbəx hissədə təndir, ocaq və "suaxan" yerləşib. Ən maraqlı memarlıq abidəsi burada suaxan adlanan yerdir. Qeyd etdiyimiz suaxan adlanan yerdən qüsl vermək, namaz qılmamışdan əvvəl dəstəmaz almaq və məişət məqsədləri üçün də istifadə olunub. Mətbəxin içərisində gildən təndir və ocaq olurmuş. Evlər plan quruluşuna görə elə inşa edilib ki, mətbəx hissədə xörək hazırlayanda həm ocağın, həm də təndirin tüstüsü onların üzərində yerləşən xüsusi baca (dubla) vasitəsilə çıxırmış...
(Ardı var)
İradə SARIYEVA
Bakı
Xəbər.- 29 oktyabr.- S.15