Müasir Azərbaycan elminin dayağı müstəqil, milli dövlətimiz...

 

Çağdaş Azərbaycan elmi yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə bir sıra nailiyyətlərə imza atılıb. Əlbəttə, 15-20 il əvvəl Azərbaycan elmində durğunluq müşahidə edilirdi, elm müəssisələrinin maddi-texniki bazası olduqca zəif idi və mütəxəssislərin işləməsində ciddi əngəllər vardı. Bununla yanaşı, elm müəssisələrindəki vəziyyət elmi ictimaiyyəti, elm yolunun yolçusu olmaq istəyən gəncləri əndişəyə salırdı.

Lakin elm sahəsində durğunluq uzun sürmədi və dövlət elm sahəsinə xüsusi diqqət, qayğı göstərməyə başladı və ətalət, durğunluq inkişafla əvəzləndi. Sevindirici haldır ki, bu gün Azərbaycan elmi bütün cəhətlərinə görə irəlidədir, inkişaf edir və bu sahədə uğurlar az deyil. Sözsüz ki, bu məsələdə Azərbaycan dövlətinin qayğı və diqqəti, bu sahəyə xüsusi münasibəti özünü göstərir. Bu həqiqətdir ki, Azərbaycan elminin arxasında Azərbaycan dövləti dayanıb. Bu səbəbdən də elm dirçəlib.

Məlum olduğu kimi, Azərbaycanda elmə, təhsilə dövlət qayğısının əsası Azərbaycan Respublikasının sabiq Prezidenti, mərhum Heydər Əliyev tərəfindən qoyulub desək yanılmarıq. Çünki ölkə alimləri, mütəxəssisləri bu fikri irəli sürür və Heydər Əliyevin elmə qayğısından danışırlar.

Alimlər onu da vurğulayır ki, Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində elmə qayğının azlığı mütərəqqi, istedadlı elm adamlarının xaricə üz tutmasına səbəb olub. Ölkəmizdən xaricə beyin axını həqiqətən də elmimizə böyük zərbə vurub. Lakin Heydər Əliyev hakimiyyətə gəldikdən sonra beyin axını dayanıb və gedən alimlərin bir qismi vətənə qayıdıb. Məlum olduğu kimi, Heydər Əliyevin 15 may 2001-ci il tarixli Fərmanı Azərbaycanın elmi ictimaiyyəti üçün mühüm hadisə olub. Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası adının verilməsi Akademiyanın fundamental elmin inkişafında əldə etdiyi nailiyyətləri, Azərbaycan xalqının mədəni və mənəvi təşəkkülündə oynadığı rolu, respublika ictimaiyyətində olan nüfuzunu və akademik elmin ölkənin inkişafının əsas təminatçısı olduğunu bir daha təsdiqləyib.

Onu da vurğulayaq ki, Akademiyada çalışan işçilərin sosial müdafiəsini gücləndirmək, onların fəaliyyətinin səmərəsini artırmaq məqsədilə ümummilli liderimiz bir sıra mühüm qərarlar qəbul edib. 1997-ci ildə Akademiyanın işçilərinin əməkhaqları 50%, 2002-ci ildə isə 2 dəfə, Akademiyanın həqiqi və müxbir üzvlərinin rütbə maaşları 1997-ci ildə 10 dəfə, 2002-ci ildə isə 3 dəfə artırılıb.

Söz yox ki, Azərbaycan Prezidenti İlham Əliyev xalqın gələcəyinin elm və təhsillə bağlı olduğunu çıxışlarında dəfələrlə vurğulayıb, cəmiyyətdə dünya təhsil sisteminə inteqrasiyanı vacib sayıb. Bu diqqət və qayğının nəticəsi olaraq Azərbaycan Milli Elmlər Akademiyası ötən illər ərzində özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Elmin, təhsilin inkişafı üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin ildən-ilə artırılması, bu sahədə çalışan müəllimlərin əməkhaqlarında, tələbə, magistr və aspirantların təqaüdlərində özünü göstərən əsaslı artımlar bu əhəmiyyətli sahəyə dövlət başçısı tərəfindən göstərilən qayğının bariz ifadəsidir.

Mütəxəssislər bildirir ki, elmin inkişafına yönəldilən xərclər 2003-cü ildə 16,6 milyon manat təşkil edirdisə, 2011-ci ildə bu rəqəm 108,6 milyon manata qalxdı. Mütəxəssislər bildirir ki, bu rəqəm 2010-cu illə müqayisədə 5,6 faiz və ya 5,8 milyon manat çoxdur. 2011-ci ildə büdcədən elmə ayrılan xərclər ümumi büdcənin 0,9 faizini təşkil edir. Elm xərclərində elmi-tədqiqat layihələrinin Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu vasitəsilə həyata keçirilməsi üçün 7 milyon manat, latın qrafikalı kitabların çap edilməsinə 5 milyon manat, elmi obyektlərin yenidən qurulması və əsaslı təmirinə 3 milyon manat, elmi-tədqiqat müəssisələrinin maddi-texniki təminatının möhkəmləndirilməsinə 3 milyon manat, Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarına müasir tələblərə cavab verən laboratoriya avadanlıqlarının alınması xərclərinə 2 milyon manat vəsait nəzərdə tutulurdu.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun hüquqi yaradılması prosesi 2009-cu il 21 oktyabr tarixində başlayıb və təşkilatlanma mərhələsi faktiki olaraq 2010-cu il 30 aprel tarixində başa çatıb.

Fondun tarixi haqqında virtual məkanda yer alan informasiya toplusunda qeyd edilir ki, Elmin İnkişafı Fondunun yaradılması və təşkilatlanması ilə bağlı və fəaliyyətini tənzimləyən aşağıdakı sərəncam, fərman və qərarlar verilib.

Sənəddə qeyd edilir: "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 oktyabr tarixli, 1155 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 3 noyabr tarixli, 199 nömrəli "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" Qərarının 6-cı bəndinə əsasən, Elmin İnkişafı Fondunun işçilərinin aylıq vəzifə maaşları artırılıb və adıçəkilən Qərarın 16 nömrəli əlavəsinə uyğun olaraq Elmin İnkişafı Fondunun icraçı direktorunun və işçilərinin aylıq vəzifə maaşlarının yeni sxemi müəyyən edilib (Əlavə 8). Elmin İnkişafı Fondu öz fəaliyyətində Nizamnaməsini, "Qrant haqqında" Azərbaycan Respublikasının Qanununu və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 may tarixli, 255 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın məqsəd və vəzifələrini, "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın və qüvvədə olan müvafiq qanunvericilik aktlarının tələblərini də rəhbər tutur".

Bilirik ki, Prezident İlham Əliyev elmin inkişafı istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirib. Onu da vurğulayaq ki, dövlət başçısının "Alimlik dərəcələrinə görə vəzifə maaşlarına əlavələrin artırılması haqqında" 16 aprel 2004-cü il tarixli Sərəncamına uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyası sistemində, elmi-tədqiqat və təhsil müəssisələrində, habelə digər sahələrdə çalışan işçilərin elmlər doktoru və elmlər namizədi alimlik dərəcələrinə görə vahid tarif cədvəli üzrə vəzifə maaşlarına müəyyən edilmiş əlavələrin məbləği 2004-cü ilin iyulundan artırılıb. 2004-cü il 19 aprel tarixli "Aspirantlara, ali, orta ixtisas və peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" Sərəncam isə yetişməkdə olan gənc nəslin intellektual potensialını yüksəltmək, onların elmə olan marağını daha da gücləndirmək amalına xidmət edib.

Onu da qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası dövlət başçısının "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 24 noyabr 2003-cü il tarixli Fərmanını və "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında 21 oktyabr 2004-cü il tarixli Sərəncamını öz fəaliyyətində çox mühüm proqram kimi rəhbər tutur. Hazırda Akademiyada institutların və regional elmi mərkəzlərin müxtəlif dövlət proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etməsi, regionlarda elmin inkişaf etdirilməsi, elmi tədqiqatların regionların sosial-iqtisadi problemlərinin həllinə yönəldilməsi üçün müvafiq tədbirlər görülür. Sirr deyil ki, bu gün Azərbaycanda elmin inkişafına yüksək dövlət qayğısı var və bu qayğı davamlıdır.

Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov yerli mətbuata açıqlamasında müasir Azərbaycan elminin inkişafından danışıb. Ölkə başçısının imzaladığı sərəncamları, elm sahəsində görülən işləri Ə.Əmiraslanov xüsusi qiymətləndirib: "...Ümumiyyətlə, hər bir ölkənin inkişafının əsasında elm dayanır. Bu mənada ölkəmizin, cəmiyyətimizin inkişafı bu və ya digər dərəcədə elmin inkişafı ilə bağlıdır. Əgər bu gün biz fundamental elmləri inkişaf etdirməsək, ciddi elmi-tədqiqat işləri aparmasaq, gələcəkdə hər hansı böyük nailiyyətlərdən danışa bilmərik. Ona görə də cənab Prezident İlham Əliyevin Azərbaycan elminə, elmin inkişafına qayğısı yüksək dəyərləndirilməlidir. Dövlət başçısının son vaxtlar imzaladığı sərəncamlar onu təsdiqləyir ki, elmin inkişafı daim dövlətimizin diqqət mərkəzindədir".

Ə.Əmiraslanov Elmin İnkişafı Fondunun yaradılmasına da münasibət bildirib. Onun sözlərinə görə, fondun yaradılması elmimizin inkişafı ilə bağlı həyata keçirilən siyasətin tərkib hissəsidir: "Bu fondun yaradılması çox vacib bir məsələdir. Çünki biz həmişə deyirdik ki, perspektivi olan tədqiqat istiqamətləri, Azərbaycan üçün vacib olan elm sahələri, xüsusən də bizim ölkə üçün son dərəcə böyük əhəmiyyət kəsb edən elmin bu və digər sahələrini maliyyələşdirmək üçün qrant sisteminə keçmək lazımdır. Qrant sistemi dünyada mövcuddur və bu sistemdən Avropada, Amerikada geniş istifadə olunur. Yəni bu amil elmin inkişafına güclü təkan verən bir məsələdir. Azərbaycanda Elmin İnkişafı Fondunun yaradılması və bu sahədə qrantların ayrılması, pilot layihələrin həyata keçirilməsi elmin inkişafına xeyli təsir göstərən amillərdən biridir. Keçirilən müsabiqələr də çox obyektiv aparılır, seçilən işlərdə obyektivlik qorunur. Mən bütövlükdə bu fondun fəaliyyətini müsbət qiymətləndirirəm və fikrimcə, fondun əhatə etdiyi sahələr gələcəkdə genişləndirilməlidir... Azərbaycanda bütün sahələr sürətlə inkişaf edir. Təbii ki, bu inkişaf elmi cəhətdən əsaslandırılmış proqramlara söykənir. Ona görə də hər hansı proqram hazırlanarkən elm sahəsilə məşğul olan şəxslərlə məsləhətləşmələr aparılır. Xüsusilə AMEA-nın tərkibində sahə institutları var ki, proqramlar orada müzakirə olunur. Təbii ki, elmi əsasları təsdiq olunandan sonra həmin proqramlara yaşıl işıq yanır. Əgər elmi əsaslar üzərində qura bilməsək, proqramların yaxşı nəticəsi barədə düşünmək sadəlövhlük olardı. Mən hesab edirəm ki, müasirləşmə bilavasitə elmi-tədqiqatlarla bağlıdır. Hansı sahələr olursa-olsun - səhiyyə, təhsil, innovasiyalar, müasir texnologiyalar və s. sahələrin ölkəyə cəlb edilməsinin elmi əsasları olmalıdır. Bütün dünyada belədir ki, hər hansı bir sahədə müəyyən islahatlar həyata keçirəndə, köklü islahatlar aparanda, hətta ölkə rəhbərliyi səviyyəsində islahatlarla əlaqədar komissiya yaradılanda hökmən Akademiyanın bu və ya digər qurumları həmin prosesdə iştirak edir...".

Azərbaycan elminin inkişafı göz önündədir və bunu elm xadimlərinin müsahibələrində ifadə olunan fikirlərdən də görürük.

(Ardı var)

İradə SARIYEVA

Bakı Xəbər.- 2015.- 31 oktyabr.- S.15.