Davud Əhmədovsuz 40 gün yaşadıq, ailəsi də, pərəstişkarları da...

 

 

Dəyirman daşı kimi ağına-bozuna baxmadan hərlənir ayrılığın çarxı. Hər hərləndikcə ürək əzir, gözdə yaş bulandırır, könül bulağının hər damlasını nisgilə, ağrıya, möhnətə çevirir, qətrə-qətrə içirdir adama. Nə acıdır bu ayrılıq... Bu acını hava kimi udum-udum ciyərlərinə çəkir, qolları ayrılığı qucayır, göz yaşları şəkillərin, vərəqlərə hopan şeirlərin üzərinə tökülür.

Hər göz yaşı damlası bir köz olub şəkilləri yandırır, yanaqlara od vurur. İstəyir ki, qapıya qaçsın, pəncərədən boylansın, onu nar kollarının arasında, gül butalarının içində gəzsin, birdən yadına düşür ki, əbədi qonağı ayrılıq atında xəyal kimi gəlib keçib. Başı yığınaqlı, evi qonaq-qaralı, hay-küylü, sevincli-şadlıqlı günləri arxada qalıb Xalidə Gözəlin. Yarını, ürəyinin parasını, bəxtinin tacını itirib. Həmişə cüt durnaya bənzədərdilər onları, sənət səmasında qoşa süzərdi, bu ahəngdən nəğmə yarandı, bir ömürlük nəğmə.

Xalidə və Davud bir-birinə elə bağlandı ki, bu bağlılıq bioloji cəhətdən 45 il davam etdi. 40 gündür Xalidə özündə deyil, sanki özünü itirib, Davudun şəkillərində özünü axtarır... Şəkillərdən boylanan gözlərdən bunlar oxunur:

Kədərlənmə, səndən uzaqdayam mən.

Günəş bizdən uzaqlarda yanmırmı?

Kədərlənmə, görmürsən gözlərimi,

Ay da buludlarda daldalanmırmı?

Şəkillər xatirələri daha sədaqətlə canında, ruhunda saxlayır. Bəzən üşüyən ruhlara istilik saçır, bəzən nigaran baxışlara xoş təbəssüm çiləyir, bəzən də adamı təpədən-dırnağa yasa batırır. Davud müəllimin şəkillərindən isə Xalidə xanım və doğmalarına müsbət enerji gəlir.

Davud Əhmədov Azərbaycan radio və televiziyası tarixində əbədi yaşayacaq bir səs, yaddaşlara həkk olunan sima, unudulmaz, müqtədir sənətkardır. Ömrünü bu müqəddəs işə həsr edən Davud Əhmədov fəxri adlarla, titullarla dünyanı tərk etməsə də, onun qazandığı xalq məhəbbəti minlərlə titulu əvəz edir.

"Fəxri adım olmasa da, xalq məni sevib və ürəyində saxlayıb" deyirdi Davud müəllim. O, ömrünün böyük hissəsini xalq üçün yaşadı, mədəniyyətimiz, mənəviyyatımız naminə fəaliyyət göstərdi, hara getdisə könlündə Azərbaycanı da apardı.

Hərdən fikirləşirəm ki, Davud Əhmədov diktor olmasaydı, mütləq çox şöhrətli aktyor ola bilərdi. Bu mütləq belədir.

Davud müəllim televiziyaya, radioya, kameraya, mikrofona munis insan idi. Görəsən, uzun illər mikrofondan, kameradan uzaq düşərkən necə yaşayıb sənətkar, müqtədir diktor? Yəqin ağrı-acı ilə keçib günləri.

Davud Əhmədov doğma vətənimizə sadiq olub həmişə.

Davudam, qurbanam hər kəlməsinə,

Uşaq tək sığınım gen sinəsinə.

Ana nəfəsinə, ana səsinə,

Ana baxışına ehtiyacım var.

Davudun Xalidəsi...

Davud Əhmədovun qırxı ərəfəsində ömür-gün yoldaşı Xalidə xanım Gözəl "Bakı-Xəbər"ə gəldi. Xalidə xanımla söhbətimiz kövrək notlar üzərində alındı. 45 il birgə yaşadığı, ömür-gün yoldaşı Davud Əhmədov haqqında danışarkən gözlərinin yaşını saxlaya bilmədi Xalidə Gözəl. Əlbəttə, ölüm Allah əmridir, amma ayrılıq işgəncədir. Dünyalar qədər sevdiyi insanın ölümünü görmək insan üçün böyük ağrıdır. Ölümün gətirdiyi ayrılıq dolu işgəncə bu gün Xalidə xanımın canı boyu dolaşır. Xalidə xanım dedi ki, Davud müəllim həmişə "mənim ölümüm sənin qabağında olsun, Xalidə" deyirdi, elə də oldu.

Xalidə xanımın sözlərinə görə, son vaxtlar Davud müəllimin səhhətində problem olub, buna baxmayaraq, həkimə getməkdən imtina edib: "Son vaxtlar ağrıyırdı, bronxlarında problem vardı. Dedim ki, Davud, gedək xəstəxanaya, qoy müalicə yazıb bronxlarını təmizləsinlər. Mənə çox sərt cavab verdi, dedi ki, məni öldürməyə aparırsan? Bayramın günü qoy evimdə olum, ölsəm də balalarımın yanında ölüm. Sentyabrın 24-də gecə dedi ki, özümü pis hiss edirəm, divana uzandı və getdi... Nə söz dedi, nə də bir kəlmə kəsdi. Getdi. Davud müəllimdən mənə maddi baxımdan 10 manat 50 qəpiklik bir şəkər dərmanı qaldı, ancaq mənəvi baxımdan böyük xəzinə saxladı mənim üçün. Bu onun tükənməz eşqi, məhəbbəti, əbədi sevgisi, şeirləri, saysız şəkilləri, ev-eşiyi, bir də üç balamızdır. Bundan başqa, böyük xalq məhəbbəti qazanmışdı, onu da bizə miras qoydu. İnanın ki, Davud müəllim vəfat edəndə qapımızı tanıdığımız və tanımadığımız çoxlu adamlar açdı. Onun nə qədər dostu, pərəstişkarı var. Hamı deyir ki, heyif sizdən, Davud müəllim. Çünki Davud həqiqətən də insanpərvər, sadə, insanlara hər zaman dayaq olan bir insan olub. Davud sədaqətli adam idi, həm eşqinə, məhəbbətinə sədaqətli idi, həm el-obasına, vətəninə vəfalı idi. Sevgisi təmiz, saf idi. Mən onu həmişə aşıq Qəribə, Kərəm, Məcnuna bənzətmişəm, çünki bütün ürəyi ilə sevirdi məni. Mən də onu sevirdim. Amma bir dəfə də olsun bu sevgini dilimə gətirmədim. Həmişə deyirdi ki, o günə qurban kəsərəm, sən mənə sevirəm desən. Əslində mənim könlümün sultanı, sevgisi Davud olub və heç vaxt etiraf etməmişəm, qadın qüruru deyilən bir şey var, onu aşa bilməmişəm. İndi Davudu itirmişəm, ancaq özümü danlayıram ki, niyə bir dəfə ona sevdiyimi söyləmədim. Davud bütöv şəxsiyyət idi. Onun üçün ailə, Vətən, sevimli peşəsi çox önəmli idi. Onsuz yaşamaq, onun ölümünü, yoxluğunu qəbul etmək ağılasığmazdır. Sağ olsun övladlarımı, nəvələrimi, ancaq heç kəs Davudun yerini verməz".

Suların zümzüməsi,

Bülbüllərin nəğməsi,

Davudun Xalidəsi,

Söylə, unudularmı?

Yağışlı günün

simfoniyası...

Ömür yoldaşını belə vəsf edirdi şair könlü ilə Davud Əhmədov. Xalidə xanım deyir ki, Davud müəllim sandıq şairi olub və şeirlərinin böyük hissəsi sandıqdadır, çap olunacağı günü gözləyir. Davud müəllimin ilinə qədər bu şeirləri kitablaşdıracağını deyən Xalidə Gözəl bildirdi ki, həyat yoldaşının arzuları böyük idi, qarşıda görməli olacağı çox işləri vardı.

Xalidə xanımdan soruşdum ki, Davud müəllimlə necə tanış olubsunuz? Gülümsündü, xəyalları onu uzaqlara, neçə on illər əvvələ apardı. Onda Xalidə zərif, incə bir qız idi, istedadlı idi, "Lalə" qızlar ansamblının solisti və aparıcısı kimi konsertlərdə iştirak edirdi. Bu çıxışlardan birində də Davud müəllimlə rastlaşır və təsadüf onları illərlə bərabər edib: "Mən çox ərköyün, çox çılğın bir xanımam, məni ram edib saxlamaq hər həyat yoldaşının işi deyildi. Bunu Davud kimi kişi edə bilərdi ancaq. Mən onun evinin xanımı, uşaqlarının anası oldum. Xoşbəxtəm ki, Allah mənim qarşıma Davud kimi bir şəxsiyyət çıxardı, o da mənim qiymətimi bildi, sevdi. Biz bir-birimizə o qədər bağlı idik ki, tək heç yerə çıxmırdıq. Hər yerə əl-ələ qoşa getmişik. Tanışlığımıza gəlincə, mən o dövrdə, 1969-cu ildə "Lalə" qızlar ansamblının solisti idim. O çağlarda televiziya və radio bayramı mayın 7-də qeyd edilirdi. "Lalə" qızlar ansamblını dəvət etdilər ki, onlar üçün Dövlət Filarmoniyasında konsert verək. Mən həm ansamblın solisti idim, həm də aparıcısı. Konsertdə qabaq sırada gözəgəlimli, yaraşıqlı, baxımlı bir oğlan oturmuşdu. Mən də solistləri təqdim edib sonra otururdum. Növbə mənim oxumağıma çatdı və o vaxt bir türk mahnısı oxuyurdum -"Qəlbi qırıq sərsəri". Orada maraqlı sözlər var:

Sevgi Tanrı əsəri,

Sevdim oldum sərsəri.

Həmin göyçək oğlan yerində aktyorluq etdi, özünü göstərib "məni" dedi. Mən də ona cavab olaraq başımı tərpədib "bəli, səni" eyhamını vurdum. Əslində hər ikimiz aktyorluq etmişdik. Mən hər dəfə çıxış edənləri elan etdikdən sonra gəlib onun yanındakı boş yerdə otururdum. O mənə telefon nömrəsi verdi, altından da yazmışdı ki, Davud diktor. Dedim bu, radionun diktorudur ki, mən də onun səsinin heyranıyam, aşiqiyəm. O görüşün üstündən bir ay keçdi. Bizim Xanım Hüseynova adlı bir solistimiz vardı, çox yaxşı qız idi. Onun Aslan adlı nişanlısı vardı və hər gün məşqdən sonra qoluna girib aparırdı. Bir dəfə məndə ona əməlli-başlı həsəd yarandı, dedim ki, mənə nə olub, kor deyiləm, keçəl deyiləm, gözəl qızam. Davud düşdü yadıma, götürüb zəng vurdum, dedim sizi görmək istəyirəm. Dedi bir saatdan sonra "Baksovet"də görüşək. İnan ki, həmin gün də bir yağış yağır, tut ucundan göyə qalx. İkimiz də elə islanmışdıq ki, sözlə deyiləsi deyil. Fikirləşdik ki, bu yağışda hara gedək? Davud təklif etdi ki, Xalidə xanım, "Məhəbbətin gözəlliyi" adlı yaxşı bir ərəb filmi gəlib "Azərbaycan" kinoteatrına, gedib baxaq. Film başladı, bir də gördüm ki, Davud ekrana yox, mənə baxır. Kinodan çıxdıq. Davud məni ötürdü, avtobusun yanına çatanda o mənə dedi ki, Xalidə xanım, mən uşaq deyiləm, səninlə qol-qola girib gündə bir kinoteatra, restorana gedim, sənin haqqında ciddi düşünürəm və sənə evlənmək təklif edirəm. Biz evlənəcəyik, ancaq mənim bir eyibim var, onu qəbul edərsən?

Dedim nədir eyibiniz? Cavab verdi ki, dörd ay evli olmuşam. Güldüm, dedim ki, nə olsun, burda nə var, adam evlənər də, boşanar da. Ondan sonra cəmi iki dəfə görüşdük. Bir dəfə gördüm ki, qapımız döyülür, Davud özü elçiliyə gəlib, sonra da qohumları gəldi, valideynlərim narazılıq edib vermək istəmədilər. Mən Davuda qoşulub qaçdım. Çox xoşbəxt idik. İki aydan sonra Lənkərana getdik və orada bizə yığıncaq etdilər. Belə evləndik".

Xalidə xanımın sözlərinə görə, Davud Əhmədov yalnız diktor olmayıb, o həm gözəl aktyor, həm redaktor, müəllif olub. D.Əhmədovun Azərbaycanın Levitanı adlandırıldığını deyən Xalidə xanım bildirdi ki, sənətkarın qeyri-adi səs tembri, istedadı onun istənilən məzmunda, janrda olan materialı efirdə oxumasına şərait yaradırdı: "Davud öz sənətini ürəkdən sevir, ona bütün varlığı ilə bağlı idi. Ona verilən, həvalə edilən hər bir materialı ürəyinin süzgəcindən keçirib oxuyardı. Onu da bildirim ki, Davud diktor olmaqla yanaşı, həm də istedadlı aktyor olub. Azərbaycan Televiziyasında, eləcə də Lənkəran Dövlət Dram Teatrında bir neçə tamaşada rol oynayıb. Davud Lənkəranın sayılıb-seçilən ailələrindən birinin övladı idi. Ziyalı ailədən çıxmışdı. Atası Vəliəd Əhmədov aktyor idi. Lənkəran Teatrında işləyirdi. Hətta bir neçə tamaşada Davudla tərəfmüqabil olmuşdu. "Vaqif" tamaşasında Vəliəd Əhmədov Vaqifi, Davud isə Əli bəyi oynayırdı. Azərbaycan Televiziyasında çəkilən Süleyman Sani Axundovun "Laçın yuvası" tamaşasında Ədil bəy, "Romeo və Culyetta" əsərində Romeo obrazlarını yaradıb. Bilirsiniz adamı ağrıdan nədir? Bu tamaşaların heç birini tapa bilmirəm, hamısını pozublar. Davud ömrünün böyük bir hissəsini Azərbaycan radio və televiziyasına verib. 1962-ci ildən 1992-ci ilə qədər AzTV-də çalışıb. 1962-ci ildə o dövrki Mirzağa Əliyev adına Azərbaycan İncəsənət Universitetinin tələbəsi kimi radioya praktikaya gedib, orada Əminə Yusifqızı ilə birgə "Ulduz" jurnalını aparıb, sonra onu işə götürüblər. 1987-ci ildən isə Azərbaycan Televiziyasında çalışıb. Çünki onun səsi, görünüşü televiziyaya çox yaraşırdı. Bir şeyə heyfslənirəm ki, Davud enerjisini tam xərcləyə bilmədi. O yaratmaq, efirə çıxmaq həvəsində idi. Amma qismət olmadı. Bir də ona yanıram ki, bu qədər əmək çəkdi, yaratdı, xidmət etdi, ancaq fəxri adı olmadı, heç Prezident təqaüdü ala bilmədi, sənədləri təqdim edilmişdi, lakin ölüm hər şeydən güclü çıxdı, Davudu vaxtsız apardı. Ümumiyyətlə, Davud müəllim çox qürurlu adam idi, heç kəsə ağız açmağı sevməzdi. Başqasının işinə görə hər yerə gedərdi, ancaq öz işinə görə heç kimin qapısını döyməzdi. O, ömrünün sonuna qədər dövlətinə, dövlətçiliyinə, Prezidentinə sədaqətli oldu, bu torpağı sevdi. Ailəsinə, xalqına sədaqətli oldu".

Bəli, bu dünyadan xalqını, dövlətini, ailəsini, dostlarını, yaxınlarını sevən Davud Əhmədov da köçdü. Adı əbədi olaraq milli diktorluq məktəbinin salnaməsinə qızıl hərflərlə həkk olunub. Heç bir güc, qüvvə o adı silə bilməz, çünki Davud müəllim bunu əməyi, istedadı ilə qazanıb.

Allah rəhmət eləsin!

 

İradə SARIYEVA

Bakı Xəbər.- 2015.- 31 oktyabr.- S.13