Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi...
Tariximizə dövlət qayğısının daha bir nümunəsi...
Hər bir xalqın özünəməxsus həyat tərzi, dünyagörüşü, mədəniyyət sistemi var. Əlbəttə, bunlar bir ilə, beş ilə formalaşmayıb, onların sistem halına düşməsinə yüzillər gərək olub. Xalqımızın məişət tərzi, məşğuliyyəti, eləcə də yaratdığı maddi-mənəvi nümunələr etnoqrafiya adlandırılıb.
Qeyd etdiyimiz kimi, Qala qoruğunda tarixin böyük bir parçası qorunur. Etnoqraflar yazır ki, otaqların qızdırılması üçün kürsüdən, yaxud buxaradan istifadə edilirmiş. Otağın bir hissəsində mərkəzdə kürsü üçün yer ayrılırmış, ora manqal içərisinə isə qızmar kömür tökülürmüş və onun vasitəsilə otaqlar qızdırılırmış, kürsü qızdırılan zaman yaranan tüstünü evdən uzaqlaşdırmaq üçün dam örtüyündə kiçik bir boşluq-baca qoyulurdu. Yazılanlara görə, otaqların döşəməsi torpaq, bəzən də gillə örtülərmiş. Divarlarda müxtəlif ölçülərdə taxçalar düzəldilərdi. "Cumaxatan" deyilən yerdə sandıq və üzərinə yorğan-döşək qoyularmış. Divarın hündür hissəsində olan taxça özünəməxsus xüsusiyyətə malikdir. Bura müqəddəs kitab Quran, yaxud çıraq qoyulurdu. 1,8-2 m hündürlüyündə ləmə düzəldilərmiş. Ləməyə qab-qacaq düzərdilər və bu da evin gözəlləşməsinə xidmət edərdi.
Qala cins qoyunu öz keyfiyyətinə görə
məşhur idi. Bu cinsdən olan qoyunlar 80-90 kq ət verirmiş. Hətta
onların quyruğunun ağırlığı 15-20 kq olub.
Bəzən quyruq o qədər ağır
olurmuş ki, heyvan yatıb dura bilmədiyindən, hərəkətdən
qalırmış. Buna görə də
ağır quyruqlu heyvan üçün iki çarxlı
yeşikvari xüsusi sürüyücü araba hazırlayaraq
hərəkət zamanı quyruğu onun içinə
salırlarmış. Bütün bu cəhətlərinə
görə Qala qoyunu Abşeronda həmişə ən
yüksək qiymətləndirilib.
Tədqiqatçılar yazır ki, ən qədim
yaşayış formalarından biri də
"Samanlıqlar" olub. Onlar 2500-3000 il
bundan əvvəl qədim yaşayış məskəni kimi
istifadə olunub. Ümumiyyətlə,
Abşeron ərazisində meşə olmadığından,
bu cür yaşayış məskənləri əhəng
daşından tikilib. Sonradan cəmiyyət
inkişaf etdikcə, kəndin yeri dəyişəndən
sonra burada orta əsrlərə xas olan evlər tikilir, həmin
samanlıqlar isə kənd təsərrüfatı təyinatlı
obyektlər kimi, yəni bəziləri tövlə, bəziləri
isə samanlıq və taxıl anbarları kimi istifadə
olunmağa başlayır. Əslində
samanlıqların bir hissəsi yerin altında olmaqla iki hissəli
inşa edilirmiş. Aşağı enmək
üçün pilləkənlər qoyulurdu. Dam örtüyü daşların səliqə ilə
yığılmasından ibarət olurdu. Daşların
arasına gil çəkilirdi. Dam örtüyündəki qoyulmuş oyuq isə
havanın dövr etməsi və içərinin
işıqlandırılması üçün idi. Belə
tikililərin ilkin nümunələrində daşların
arasında gil örtüyü olmayıb. Deməli, əcdadlarımız bu tikililərin
inşasını mükəmməl düşünməyə
qadir olmuşlar. Qala kəndində 3 hamam
mövcud olub. "Şor hamamı", "Qum
hamamı" " Bayraməli
hamamı" adı ilə tanınan hamam. "Şor
hamamı" kəndin cənub hissəsində duz
gölünün yaxınlığında yerləşirdi.
Oraya göldən su çəkilib. Bu hamamın suyu duzlu olduğundan, daha çox
müalicəvi məqsəd daşıyıb. Bu su daha çox dəri xəstəlikləri
zamanı istifadə olunardı. Hamam
dağılmış, lakin özülü bu günədək
qalıb. Digər hamamlardan biri də
"Qum hamamı"dır. Bu hamam daha qədimdir,
təsadüfən bərpaçılar tərəfindən
tapılıb. Tamamilə zibil və torpaq
altında uzun müddət qalıb. Təmizlənmə
aparıldıqdan sonra məlum olub ki, hamam XII-XIV əsr
memarlıq quruluşuna malikdir. Hamam
torpağın altında yerləşdiyindən, "Qum
hamamı" adlandırılıb. Etnoqrafların
yazdığına görə, sanitar-gigiyena məqsədlərindən
əlavə, hamamda istirahət otaqları var. Hamamın
özünəməxsus xüsusiyyəti yer səthindən 1,5-2 m aşağı olmasıdır ki, bu da
istiliyin saxlanması rolunu oynayır. Bu
hamamın arxasında qazanxanası var. Divarların içindən
və döşəmənin altı ilə saxsı (keramik)
borular vasitəsilə hamamı
qızdırırlarmış. Hamam
soyunmaq otağı və hovuzla yanaşı, 8 otağı
özündə birləşdirir. Hamamda
olan hovuz əhəng daşından yumru şəkildə
yonulub və soyuq su üçün nəzərdə tutulub.
Hər otağın giriş hissəsində ayaqqabı
üçün xüsusi taxçalar var. Qaynar sudan qorunmaq üçün xüsusi
ayaqqabı-başmaq geyinirlərmiş. Hamamdan təkcə
yuyunmaq üçün yox, dincəlmək üçün də
istifadə olunurdu. Burada görüşlər
keçirilir, ticarət edilir, nərd oynanılır və
çay içirmişlər. Otaqların
biri mehrab üçün nəzərdə tutulub və namaz
qılmaq üçün istifadə olunub. Avstriya səyahətçisi Q.Vamberi göstərirdi
ki, hamamlar bütün müsəlmanlar üçün həm
daxili tələbatı ödəmək üçün, həm
də dini məqsədlər rolunu oynayıb. Yuyunmaq üçün otaqlarda hovuz olurmuş.
Müsəlman adətinə görə, su
başqasının bədəninə dəydikdə təmiz
su sayılmırmış, isti və soyuq suyun saxlanması
üçün lap arxada kiçik otaqlardan istifadə
edilirmiş. Qala kəndində olan
hamamlardan yalnız biri bu günədək fəaliyyət
göstərir. Həmin hamam çox vaxt
"Cümə hamamı", yaxud da "Bayraməli
hamamı" adlanıb.
Tədqiqatçılar yazır ki, giriş hissəsindəki
epiqrafik yazıdan məlum olub ki, hamam 1881-ci ildə Bayraməli
adlı şəxs tərəfindən təmir edilib. Ehtimal var ki, hamam daha qədim
ola bilər. Hamam 2 hissədən ibarətdir:
soyunmaq və yuyunmaq yerləri. El hamamlarına gəlmək
üçün qadınlar və kişilər
üçün ayrıca günlər olardı. Bu hamamdan hazırda Azərbaycan xalqının adətlərindən
biri olan "Bəylik hamamı" kimi el adəti ilə
oğul evləndirəndə bəyi hamama gətirmək
üçün istifadə olunur. Keçmişdə
gəlinləri oğlanın anası, bacısı hamamda
görüb bəyənərdilər. Belə bir deyim də
var idi: "Qız bəyənəndə onu ya hamamda bəyən,
ya da səhər-səhər əl-üzünü
yuyanda".
Tədqiqatçılar yazır ki, Abşeronda, demək
olar ki, çay yoxdur, amma 40-dan çox duzlu göl var. Həmin
göllərdən biri də orta əsrlərdə Qala kəndinin
həyatında xüsusi rol oynayıb. Tədqiqatçılar
yazır ki, əsasən əvvəllər 2 göl olub.
Biri şor, digəri şirin sulu idi. Umumiyyətlə, XIX əsrdə bu yerlərdə
neft çıxarılmağa başlanıb. Neft istehsalı, sənayenin inkişafı ilə əlaqədar
sənaye tullantılarının gölə tökülməsi
nəticəsində suyun səviyyəsi qalxıb və 2
göl birləşib. Tədqiqatçılar
yazır ki, Qala kəndi ətrafında ovdanlar, quyular və su
üçün hovuz var imiş. Onların
çoxu hazırda itib. Əvvəllər
əhalinin su təchizatını ödəmək
üçün ovdanlardan, su quyularından və xaşa-xuna
bağlarından gələn kəhrizlərdən istifadə
edilib. Qeyd edək ki, kənddə indiyə
qədər su quyularının bir qismindən istifadə
olunur. Kənddə 4 ovdan və içməli
su quyuları indiyə kimi qalmaqdadır. Ən
qədim ovdanlardan biri II Şah Abbas dövründə tikilib və
XVII əsrə aid edilir. Ovdanın kitabəsi
Şirvanşahlar qoruğunda mühafizə edilir. Həmin
kitabənin ərəbcədən tərcüməsi belədir:
"Bu dövr ədalətli şah yer üzündə
böyük Allahın kölgəsi Şah Abbas Səfəvinin
hakimiyyətinə aiddir. Allah onun hakimiyyətini
daimi etsin". Tədqiqatçılar
yazır ki, bu ovdan kəndxuda Nurməhəmməd oğlu
Fuladın əmri ilə hicri 1065-ci ildə tikilib. Bu isə miladi təqvimlə 1655-ci ilə, Səfəvilər
nəslindən olan II Abbasın hakimiyyəti dövrünə
təsadüf edir. Ovdanlar əsasən
yeraltı torpaq sularından qidalanır. Ovdan
fars sözü olub, 2 sözdən ibarətdir."Ab-su,
"dan-göstərici", yəni "Su saxlanan yer" mənasında
işlədilir. Ovdana giriş əsasən
küləyin əks tərəfindən qoyulub. Ovdan 2 hissədən -yeraltı və yerüstü
hissələrdən ibarətdir. Üst
hissəsi əhəng daşı ilə örtülüb.
Bu tikiliş yan hissədən düzbucaqlı
üçbucağı xatırladır. Yeraltı
giriş pilləkənlər vasitəsilədir. Əgər ovdan yağış suyu
yığılması üçündürsə, pilləkənlərin
axırındakı hovuzlar quyularla əvəz edilir. Ovdanlar əsasən yolayrıcında, karvan yolunun
yaxınlığında tikilərmiş. Ovdanların yanında yolçuların istirahəti
üçün ağac əkilərmiş. Ovdanlar həmçini yolçuların
susuzluğunu aradan qaldırmaq üçün də nəzərdə
tutulurmuş. Orta əsrlərdə Qala kəndində
bir sıra məhəllələr olub. Bu məhəllələrdən
Balaverdi, Hacı Ramazan, Tərəkəmə, Çəmbərəkənd,
Tocuqla və s. qeyd etmək olar. "Tocuqla"
adlanan yerdə mərasimlər, bayramlar keçirilirdi. Hər məhəllədə isə ictimai mərkəz
kimi məscidin qarşısında kiçik meydança var
idi. Həmin meydançaya ağsaqqallar
yığışıb, kənd camaatı ilə söhbətlər
aparırmışlar. Ümumiyyətlə,
kənd yerlərində 1 məscid, bəzən 2 məscid
tikilərmiş. Ancaq Qalada Çəmbərəkənd
adlanan hissədə 2 məhəllə məscidi, qalan məhəllələrdə
isə hərəsində 1 məscid tikilib. Hazırda Qala kəndində 5 məscid var. Onlar
müxtəlif vaxtlarda tikilmişlər. Məscidlərdən
biri Tərəkəmə məhəllə məscididir.
Məscid orta gümbəzli tikilişə
malikdir. Giriş hissəsi tac şəklindədir.
Giriş hissəsinin üzərində ay və
8 guşəli ulduz təsvir edilib. Damın üzərində
ərəb dilində tikilişin tarixi 1911-ci ili
göstərir. İkinci məscid isə XVII əsrə
aid edilir. Dama çıxış
üçün həm daxili, həm də xarici tərəfdən
pilləkənlər var. Məscidin divarlarına fikir versək
görərik ki, yan hissələrdən daşlar yonulub.
Bu, arabaların dönə bilməsi
üçündür. Məhəllə
məscidlərindən biri də Balaverdi məhəlləsində
yerləşir. Onun tikilişi XIX əsrə
aid edilir. Məscidlərdən biri də
Çəmbərəkənd yaşayış sahəsində
yerləşib. Məscidin divarları
olduqca hamardır. Tədqiqatçılar qeyd edir ki,
giriş hissəsində məscidin tarixi hicri təqvimi ilə
1258-ci il, yəni 1842-1843-cü illəri əks
etdirir. İçəri hissədən məscid
yaşayış evlərindən heç nə ilə fərqlənmir.
Dama çıxış pilləkənlər
vasitəsilədir. Qalada olan məscidlərdən
biri də Cümə məscididir. Hacı
Ramazan məhəlləsində yerləşir. Bu məscid XVII əsrə aid edilir. Lakin bu məscid üzərində bu əsrdə bərpa
işləri aparıldığına görə onun tarixini
daha qədim hesab etmək olar. Maraqlı
fakt odur ki, sonradan məscid kimi istifadə olunan tikili müdafiə
qalası ilə bir kompleks təşkil edib. Məscid hazırda 90 dərəcəli
düzbucaqlı üçbucaq şəkillidir. Namaz qılan otağın cənub hissəsində
divarda mehrab var. Mehrab sadə ornamentlə bəzədilib.
Məscidin içərisindən dama yol var.
Hazırda dama çöl-cənub tərəfdən
çıxılır. Məscidlər
qarşısında quyu varmış. Məsciddən
mədrəsə - məktəb kimi də istifadə
olunurmuş.
Qala qoruğundan yazan tədqiqatçılar qeyd edir ki,
Azərbaycanda ən geniş yayılmış tikililərdən
biri də qəbirüstü məqbərələrdir. Məqbərələrin
üstündə saxlanan yazılar onların hansı feodal
sülalələrinə məxsus olduğunu göstərir.
Bu yazıların islamla heç bir əlaqəsi
olmadığı izah edilir. Adətən
məqbərələr həyatdan köçənin xatirəsi
üçün tikilirmiş. İslam
qanunlarına əsasən, müsəlman qəbri olduqca sadə
olmalıdır. Qala kəndində orta əsrlərə
aid edilən 2 məqbərə var. Bunlardan birinin tarixi XVII əsrə
aid edilir. Məqbərənin üst hissəsi
günbəz şəklindədir. Giriş
hissəsi tikilişində oxvari şəkilli olmuş, tədricən
sökülmə nəticəsində onu düzbucaqlı
şəklində düzəltmişlər. Giriş hissədə ərəbcə 2 cümlə
yazılıb. Burada deyilir: "Məqbərəni hicri
tarixinin 1034-cü ilində (yəni bizim tarixlə 1625-ci ildə
Şah Abbas Küsəyinin hakimiyyəti dövründə
Qalalı Məhəmməd tikdirib". Məqbərədə
qəbir yoxdur. İkinci məqbərə
daha gec tikilib və ondan dini məqsədlər
üçün istifadə ediblər. Yəni
qala qəsəbəsinin tarixi hissəsində "Qala"
Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində olan elmi,
tarixi, bədii əhəmiyyət daşıyan bütün
tarix və mədəniyyət abidələri dövlət tərəfindən
qorunur.
Məlum olduğu
kimi, 10 oktyabr 2008-ci il tarixində Qala
Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin açılışı
olub.
Açılış mərasimində Azərbaycan
Prezidenti İlham Əliyev və xanımı, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da iştirak edirdi.
Onu da
vurğulayaq ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən yeni layihə Azərbaycanın
tarixi keçmişinin qorunub saxlanması ilə
yanaşı, ölkəmizin turizm mərkəzlərindən
birinə çevrilməsinə də xidmət edir. Bu abidələrin qorunması, eləcə də
Abşeronda aşkar edilən arxeoloji tapıntılar
hesabına qoruğun daha da zənginləşdirilməsi məqsədilə
2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə
burada açıq səma altında ilk arxeoloji-etnoqrafik muzey
kompleksi yaradılıb. İki hektar ərazisi olan muzey
kompleksdə Abşeron yarımadasında tapılmış və
eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə
qədər dövrü əhatə edən qayaüstü rəsmlər,
qavaldaş, keramika, məişət və bəzək əşyaları,
silah və sikkələr, qədim yaşayış
kompleksinin konservasiya olunmuş qalıqları və sair yerləşdirilib.
Prezident
İlham Əliyev tədbirdə qeyd edirdi ki, Qobustanı
çox adam tanıyır, o, ölkə
daxilində və dünyada tanınır: "Çünki
qoruqdur. Amma Qala qəsəbəsində belə
yer qədim mədəniyyətimizin bir əsəridir, onu
göstərir ki, qədim dövrlərdə insanlar necə
yaşamışlar. Gərək bura muzey
kimi daim fəaliyyət göstərsin".
Muzey kompleksində Azərbaycanın ən qədim sənətkarlıq
növlərindən sayılan dulusçuluq emalatxanaları
da maraq doğurub.
Bakının yaxınlığında yerləşən
bu qoruq özündə Azərbaycan mədəniyyətinin,
etnoqrafiyasının böyük bir hissəsini əhatə
edir. Qalalar, qoruqlar, muzeylər tarixi yaşadan, təbliğ
edən məkanlardır. Tariximizi,
etnoqrafiyamızı, arxeologiyamızı öyrənmək
üçün o məkanlara tez-tez baş çəkirik.
İradə
SARIYEVA
Bakı Xəbər.- 2015.- 30
oktyabr.- S.15