"İmamzadə" kompleksinə
dövlət qayğısı...
Qədim Azərbaycan torpağında müqəddəs, qudsal ocaqlar, pirlər, türbələr, məbədlər, ziyarətgahlar minillərdən bəri mövcuddur. Xalqımızın milli-mənəvi dəyərlərinin əsaslarından birini təşkil edən müqəddəs ocaqlar hər zaman xalqın etiqad, inam, ehtiram ünvanı olub. Azərbaycan dövləti bu ocaqlara xüsusi dəyər verir, onların bərpası, təmiri və yenidən qurulması üçün vəsait xərcləyir, bu abidələri yenidən ucaldır. Məlum olduğu kimi, bu məkanlar həm də tarixi abidələrdir və bu abidələr Azərbaycan ruhunu, Azərbaycan mədəniyyətini, mənəviyyatını özündə ehtiva edir.
Qeyd etdiyimiz kimi, Azərbaycanda çoxlu sayda müqəddəs ocaq var ki, orada ucaldılan türbələri, abidələri xalqımız əsrlər boyu qoruyub, qiymətləndirib. Onlardan biri də Gəncədəki "İmamzadə" müqəddəs məkanıdır. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki "İmamzadə" kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması ilə bağlı əlavə tədbirlər haqqında 9 sentyabr 2015-ci il tarixli Sərəncam imzalayıb. Prezident Sərəncamı ilə Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki "İmamzadə" kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 4 milyon manat ayrılıb.
Məlum olduğu kimi, Prezident İlham Əliyev bu abidə-ziyarətgahın da təmiri və bərpası ilə bağlı xüsusi Sərəncam imzalayıb. Sərəncama əsasən, 2010-cu ildən kompleksin əsaslı şəkildə yenidən qurulması davam etdirilir. "İmamzadə"nin bərpası və təmiri üçün dövlətimizin başçısı İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Prezidentin ehtiyat fondundan 9 milyon manat, 2014-cü ilin mayında isə daha 3 milyon manat vəsait ayrılıb. Dövlət başçısı burada görülən işlərlə şəxsən bir neçə dəfə tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev keçən il Gəncə şəhərindəki "İmamzadə" kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış olub.
Abidənin tarixini öyrənən alimlərin bildirdiyinə görə, İmamzadə, yaxud Göy imam türbəsi Gəncə şəhərinin təqribən 7 kilometrliyində, qədim Gəncənin xarabalıqları yaxınlığında VIII əsrə aid tarixi memarlıq abidəsidir.
Tarixçilər bildirir ki, Gəncə şəhərinin ən maraqlı memarlıq abidələrindən biri xalq arasında Göy günbəz və Göy məscid (Göy İmam) kimi tanınan "İmamzadə" kompleksidir. Kərpicdən tikilmiş türbənin ətrafında kiçik məscidlər, təkyələr, karvansara tipli evlər, alaqapı və köməkçi binalardan ibarət dini kompleks yaradılıb, kompleksin ətrafına daş və kərpicdən hasar salınıb. Türbə bu kompleksin ən qiymətli abidəsidir. İmamzadə türbəsinin tikildiyi tarix dəqiq müəyyən edilməyib. Memarlıq quruluşuna görə türbənin XVI əsrin sonu-XV əsrin əvvəllərində, ətrafındakı kompleksin isə XVII əsrdə tikildiyi ehtimal edilir. Türbənin hündürlüyü 12 m, künbəzin hündürlüyü 2,7 m, diametri isə 4,4 m-dir.
Tədqiqatçıların verdiyi məlumata görə, günbəzə mavi kaşıdan üzlük çəkilib ("Göy imam" adı da bununla əlaqədardır). Bərdə və Naxçıvan imamzadə məscidlərində olduğu kimi, İmamzadə türbəsi ilə Bərdə türbəsi, həmçinin Axsadanbaba türbəsi arasında memarlıq cəhətdən üslub yaxınlığı var. Türbə sonralar (ehtimal ki, XVII əsrdə) bir ziyarətgah şəklini alıb və onun ətrafında dini mahiyyət daşıyan binalar inşa edilib. Gəncə İmamzadə piri memarlıq abidəsi kimi orta əsrlərə aid edilir. İmamzadə türbəsi kərpicdən tikilib, rəngarəng kaşılı, kərpic örtüklü günbəzə malikdir. Ətrafında isə məscid, sərdabə və digər türbələr tikilib. Müxtəlif vaxtlarda aparılan təmir-bərpa işləri onun görkəminin müəyyən qədər dəyişməsinə səbəb olub.
Türbə ilə bağlı tədqiqatçılar yazır ki, İbrahimin dəfn olunduğu qəbiristanlıq bir zamanlar Gəncə şəhərinin yaxınlığında olub. Bunu həmin ərazilərdə aparılan qazıntı işləri zamanı tapılan qədim əşyaların, şəhər xarabalıqlarının qalıqları da təsdiq edir. Tarixin müxtəlif dönəmlərində, müəyyən səbəblər üzündən Gəncə şəhərinin yeri üç-dörd dəfə dəyişdirilib. Hazırda ziyarətgah şəhərin 6-7 kilometrliyindədir. Azərbaycan ərazisindəki digər imamzadələrdə olduğu kimi, Gəncə İmamzadəsində də imam övladı İbrahimin dəfnolunma tarixi barədə ilkin kitabə yoxdur. Ancaq ziyarətgah haqqında yəqin ki, ən böyük həqiqətlərdən biri araşdırmaçı-alim Məşədixanım Nemət tərəfindən oxunmuş daş kitabədir. Kitabədə yazılıb:
"O, Allah əbədidir. Bu, İmam Məhəmməd Baqir-ona salam olsun -oğlu Mövlana İbrahimin müqəddəs məkanı (yerləşmiş) şərəfli (cənnət) bağıdır. Öz babasının köçməsindən 120 il sonra vəfat edib-Allahın ona salavatı olsun. Və ona görə də bu yüksək məqamlı yerin bərpa olunmasına tiflisli general-mayor İsrafil bəy Yadigarzadə hicri 1296-cı (1878-79) ildə əmr edib".
Tədqiqatçıların yazdığına görə, kitabə təsdiq edir ki, Gəncə İmamzadə pirində- V İmam Məhəmməd Bağırın oğlu Mövlana İbrahim dəfn olunub.
Abidə üzərində tədqiqat işi aparan tədqiqatçılar qeyd edir ki, "İmamzadə" Azərbaycan ərazisindəki müqəddəs ziyarətgahlardan biridir. Xüsusən aşura mərasimləri zamanı bura on minlərlə müsəlman toplaşır. Gəncə xüsusən yerli əhali tərəfindən İmam Hüseyn şəhəri də adlandırılır. Bu ifadənin "İmamzadə" türbəsi ilə əlaqədar olduğu bildirilir. Tarixçi-alim F.Əhmədov "Gəncənin tarixi yaddaşı" kitabında sözügedən ifadə haqqında maraqlı mülahizələr irəli sürüb. Müəllif 1803-cü ilin dekabrından 1804-cü ilin yanvarınadək Gəncəni mühasirəyə almış rus qoşunları komandanlığının şəhərin müdafiəçilərinin əzmini qırmaq üçün qalaya gedən yeraltı su borularının qarşısını kəsməsi haqqında göstəriş verməsindən yazır. İşğalçı tərəf bu "tədbiri" həyata keçirdikdən sonra şəhərdə susuzluq başlayır və bu səbəblə vəfat edənlərin sayı günü-gündən artır. Tədqiqatçılar yazır ki, hicrətin yüz on dördüncü ilində Mədinə şəhərində vəfat edən İmam Bağır Bəqi qəbiristanlığında öz atasının və babasının yanında dəfn olunub. Onun oğlu İbrahimə isə ata-babalarının məzarlarından çox-çox uzaqlarda-Gəncə torpağında dəfn edilmək nəsib olub. İmam Bağırın oğlu Mövlana İbrahimin də təzyiqlər üzündən bura gəldiyi söylənir. Bəzi mənbələrdə onun xəstəlikdən vəfat etdiyi bildirilir.
Mövlana İbrahim Azərbaycana gələn yeganə imam övladı deyil. Ondan başqa da bu ölkədə sığınacaq tapan peyğəmbər əsilli (s.ə.s.) müqəddəslər olub. İmam övladları yaşayış yeri kimi təsadüfən Azərbaycanı seçməyiblər. Peyğəmbər (s.ə.s.) nəslinin nümayəndələri burada böyük sevgilə qarşılanıb, böyük ehtiram görüblər. Onları xalq qoruyub.
İmamzadə vəqfi haqda yazan tədqiqatçılar bildirir ki, İmamzadə bir vaxtlar Gəncənin əsil-nəcabətli nəsillərindən sayılan Şeyxzamanlılara məxsus olub. Öz soyköklərilə həmişə fəxr edən Şeyxzamanlılar özlərini Şeyx Nizaminin nəslindən sayırlar. Mətbuatda gedən məlumatlara görə, din xadimi Hacı Əlisəftər Səfərəliyev bildirir ki, 1901-ci ildə Gəncə Xeyriyyə Cəmiyyəti ilə İmamzadə mütəvəlliləri, yəni baxıcıları arasında narazılıq yaranıb. Xeyriyyə Cəmiyyətinin üzvləri təkid ediblər ki, İmamzadəyə yığılan nəzirlər onların ixtiyarına verilsin, bunları yetimlər üçün açılan yerlərə, xeyriyyə işlərinə sərf etsinlər. İş o yerə çatıb ki, Tiflisdə Qafqaz Canişinliyinin dəftərxanasında bu məsələyə baxılıb. O vaxt 1586-cı ildə İkinci Şah Təhmasibin verdiyi fərmanın sənədi üzə çıxarılıb. Sənəddən məlum olub ki, həmin torpaqlar, o cümlədən, Gəncə İmamzadə pirinin yerləşdiyi ərazi Şeyxzamanlılar irsi malı olub. Yəqin buna görə o yerlərə gəncəlilər bu günədək "Şıxın düzü" deyirlər. Sovet hakimiyyəti dövrünədək Gəncə İmamzadə pirinə nəsil-nəsil Şeyxzamanlılar baxıcılıq ediblər. Bu nəslin nümayəndələrinin bir çoxunun məzarı da oradadır. Ümumiyyətlə, zaman-zaman Gəncə əhalisi, xüsusilə də yuxarı təbəqənin adamları, möminlər, din xadimləri qohumlarını, yaxınlarını ziyarətgahın yerləşdiyi qəbiristanlıqda torpağa tapşırıb, özləri də dünyasını dəyişəndə orada dəfn olunmasını vəsiyyət ediblər. Ona görə də İmamzadə türbəsinin ətrafındakı qəbiristanlıq da tarixi baxımdan əhəmiyyətlidir. Tədqiqatçılar yazır ki, bura gələnlər əvvəlcə türbəyə daxil olur, imam övladını ziyarət edirlər. Sonra isə İmamzadənin yaxınlığında dəfn olunan seyid övladlarının, müqəddəsliyinə inandıqları şəxslərin qəbirləri üstünə gedirlər. Məlumatlarda o da vurğulanır ki, onların bir çoxuna nəzirlər qoyur, şam yandırır, dualar oxuyur, dilək diləyirlər. Bu nəzirlər əsasən buğdadan ibarət olur. İmamzadədəki məzarlardan birinin üstünə gələnlər isə arzularının baş tutub-tutmayacağını sınaqdan keçirmək üçün başdaşına qənd yapışdırırlar... Tədqiqatçılar İmamzadə pirində dəfn olunan gəncəlilərdən də yazır. Onların bildirdiyinə görə, İmamzadənin həyətində üzərində Şıxzamanova Məşədi Zərri Məşədi Bayramxan qızı və Fəttahov Nəriman Qafar oğlu yazılmış kiçik türbələr də var. Məzarlıqda rus ordusunun polkovniki, seyid nəslindən olan Ağalarov öz xanımı ilə yanaşı dəfn olunub.
Tədqiqatçılar qeyd edir ki, SSRİ-də olan əksər ziyarətgahlar, ibadətgahlar kimi İmamzadə də bağlanıldı. Düzdür, İmamzadənin qapısına qıfıl vurulması barədə heç zaman rəsmi qərar verilmədi, tikilidən başqa məqsədlə istifadə olunmadı, amma insanların bura gəlməsinin qarşısını almaq üçün tədbirlər görüldü. Böyük Vətən Müharibəsi illərində isə İmamzadədəki zəvvarlar üçün tikilmiş hücrələrdə yetim uşaqlara sığınacaq verilib. Ukraynadan, Rusiyadan, eləcə də Azərbaycanın özündən və başqa respublikalardan bura qanlı-qadalı müharibənin ata-anasız, kimsəsiz qoyduğu balacalar gətirilib. Müxtəlif müllətlərin nümayəndələri olduqlarını, valideynlərinin başqa-başqa dinlərə iman gətirdiklərini anlamayan o günahsız, məsum körpələr ağır günlərində İmamzadəyə sığınıb. Bəzən hətta böyüklərin belə yanlarından keçəndə, istər-istəməz, vahimələndikləri qəbir daşlarının ətrafında dolanmaq o uşaqlar üçün xoş idi. Onlar, əslində, bu qəribə şəhərciyi də, buradakı qeyri-adi daşları da sevirdilər. Çünki tez-tez bura gələnlər, ən çox da qadınlar, onların yanına şirniyyatlar, konfetlər, noğullar qoyur, uşaqlar da yeyib, ac qarınlarını doydururdular. Amma anlamırdılar ki, ərzaqları həmin o qəribə daşların altında yatan insanların ruhlarını şad etmək, onları unudulmadıqlarını bildirmək üçün gətirirlər. Tədqiqatçılar yazır ki, 1946-cı ildən İmamzadə piri müstəqil ziyarətgah kimi fəaliyyət göstərib. Təxminən 1970-ci illərdə İmamzadənin idarə olunması Zaqafqaziya Ruhani İdarəsinə tapşırılıb. İmamzadə 1993-cü ilin iyulunda Hacı Vaqif tərəfindən təmir etdirilib. Sonuncu təmir-bərpa işləri isə təxminən üç il qabaq aparılıb. Rusiyada işləyən iki gəncəli öz vəsaitləri hesabına ziyarətgahın yalnız ibadətgah-kompleksini təmir etdiriblər.
İmamzadə türbəsinin bərpasından yazan tədqiqatçılar bildirir ki, son iki əsrdə İmamzadədə bərpa işləri 1878-79-cu illərdə polkovnik İsrafil bəy Yadigarzadənin və 1993-cü ilin iyulunda Hacı Vaqif Vəliyevin xeyriyyəçilik təşəbbüsləri ilə aparılıb. İmamzadə türbəsi kərpicdən tikilib, günbəzin xarici səthi kaşılı kərpiclə örtülüb.
Nəhayət, İmamzadənin həyatında yeni dövr başlayıb. Bu onun üçüncü böyük bərpası ilə bağlıdır. Yuxarıda qeyd etdiyimiz kimi, ziyarətgahın əsaslı təmir-bərpasına 2010-cı ilin aprelində başlanıb. Prezident İlham Əliyev bu abidə-ziyarətgahın da təmiri və bərpası ilə bağlı xüsusi Sərəncam imzalayıb. "İmamzadə"də hazırda təmir-bərpa işləri davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlətçilik, mədəniyyət, mənəviyyat tariximizdə böyük əhəmiyyəti olan müqəddəs ocaqlara, ziyarətgahlara hər zaman diqqət və qayğı ilə yanaşıb. Əlbəttə, bunu da həm ölkə dindarları, həm də sadə vətəndaşlar, dövlətçilik maraqlarına xidmət edən insanlar yüksək qiymətləndirir. Hesab edirik ki, bu böyük örnəkdir və dövləti, xalqı, xalq üçün müqəddəs olan özəkləri qorumaq naminə atılan addımdır.
İradə SARIYEVA
Bakı xəbər.-2015.- 12-14 sentyabr.- S. 15.