Milli opera sənətimizin
iki zirvəsi - Şövkət Məmmədova
və Fatma Muxtarova...
Şan-şöhrəti Azərbaycanın hüdudlarından kənarlara yayılan, şərəfinə əsərlər həsr edilən, səsi, görünüşü ilə səhnədə əfsanəyə çevrilən SSRİ xalq artisti Şövkət Məmmədovanın xatirəsi hər zaman hörmətlə anılır. O, dövrünün ən yüksək mükafatlarına layiq görülüb. "Lenin" ordeni, "Şərəf nişanı" ordeni, "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) və bir sıra ödüllər Şövkət Məmmədovanın irsinə verilən böyük töhfə olub.
Görkəmli müğənninin 100 illik yubileyi ölkəmizdə təntənə ilə qeyd edilib, Bakıda adına küçə var. Onun adını daşıyan studiyada gənc vokalçılar məşğul olur, təcrübəsini artırır.
Məmmədova Şövkət Həsən qızı ilk professional Azərbaycan qadın müğənnisi (lirik koloratur soprano) olaraq tarixə düşüb. 1938-ci ildə SSRİ xalq artisti fəxri adına layiq görülüb. Azərbaycan opera ifaçısı və müəllimi kimi şöhrət tapıb. Azərbaycan SSR Ali Sovetinin (1-4 çağırış) deputatı olub, 2 dəfə "Lenin" ordeni, 2 "Qırmızı Əmək Bayrağı" və "Şərəf nişanı" ordenləri ilə təltif edilib.
Ş.Məmmədova 18 aprel 1897-ci ildə Gürcüstanın Tiflis şəhərində kasıb pinəçi ailəsində anadan olub. Atası Şövkətin musiqiyə olan istəyini hiss edib, milyonçu H.Z.Tağıyevin köməkliyi ilə 1910-cu ildə onu Bakıya göndərir. 1911-ci ildə Zeynalabdin Tağıyev və həyat yoldaşı Sonanın köməyi ilə İtaliyada, Milan şəhərində musiqi məktəbinə daxil olur. Lakin 1912-ci ildə ona olan kömək kəsilir və Məmmədova Rusiyaya qayıtmalı olur. O, təhsilini Tiflis musiqi məktəbində davam etdirir. Həmin il Bakının Tağıyev teatrında ilk dəfə professional ifaçı kimi çıxış edir. Üzeyir Hacıbəyovun "Ər və arvad" operettasından bir neçə parça ifa edib. Konsertdən əldə olunan pul Məmmədovanın İtaliyada təhsilini davam etdirməsi üçün işlənməli idi. Lakin qadının səhnədə örtüksüz oxuması Bakının müsəlman icmasını xeyli qəzəbləndirdi. Namərd qoçular həm Şövkət Məmmədovanı, həm də onu səhnəyə buraxan dahi bəstəkər Hacıbəyovu öldürmək qərarına gəlirlər, lakin hər ikisi faytona minib Abşeron kəndlərinin birində gizlənirlər. Tədqiqatçılar yazır ki,
1915-ci ildə Ş.Məmmədova Kiyev Konservatoriyasına (indiki Kiyev Musiqi Akademiyası) daxil olur. 1915-ci ildə Kiyevdə oxuyarkən Milanda tanış olduğu mühəndis Yakov Lyubarski ilə ailə həyatı qurur. Tiflisdə musiqi məktəbini bitirdikdən sonra (1910) təhsilini davam etdirmək üçün 1911-ci ildə Milana gedir, burada məşhur müğənni D.Ambroziodan dərs alır (ikinci dəfə Milanda 1927-29-cu illərdə olub). 1917-21-ci illərdə Kiyev Konservatoriyasında oxuyub, burada R.Qlierlə birgə verdikləri konsertlərdə Azərbaycan musiqisini təbliğ edib. Onun təşəbbüsü ilə 1923-cü ildə Bakı Teatr Texnikumu (1923-25-ci illərdə direktoru olub) açılıb, not nəşriyyatı təsis edilib. Azərbaycan Opera və Balet Teatrının səhnəsində ilk dəfə 1921-ci ildə Violetta ("Traviata", C.Verdi) partiyasında çıxış edib, 1948-ci ilədək (fasilələrlə) teatrın solisti olub. Tədqiqatçılar yazır ki, Azərbaycan opera səhnəsində rus və dünya vokal sənətinin ən yaxşı ənənələrini milli musiqi xüsusiyyətləri ilə əlaqələndirib.
Tədqiqatçılar yazır ki, 1921-ci ildən başlayaraq o, Rusiyada, Fransada, İtaliyada, İranda və Gürcüstanda çıxışlar edir. İtaliyaya səfəri zamanı yenidən Milan musiqi məktəbinə daxil olub, orada 1912-ci ildə axıra çatdırılmamış təhsilini 1927-1930-cu illərdə tamamilə bitirdi. Sonralar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çıxış edir. 1923-də Azərbaycanda ilk not nəşriyyat idarəsini və Bakı Ali Teatr Məktəbini (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) yaradır. Həmçinin Azərbaycan Dövlət Konservatoriyasında son günlərinədək tələbələrə professional vokal dərsləri verirdi. 1923-cü ildə Ş.Məmmədovanın təşəbbüsü ilə Bakı Teatr Texnikumu açılır və o, 1923-1925-ci illərdə onun direktoru, həm də not nəşriyyatının müdiri vəzifəsində çalışır. Onun ifa etdiyi əsas partiyalar bunlar olub: Rozina ("Sevilya bərbəri", C.Rossini), Lakme ("Lakme", L.Delib), Cilda ("Riqoletto", C.Verdi), Olimpiya ("Hofmanın nağılları", J.Offenbax), Marqarita Valua ("Hugenotlar", C.Meyerber), Qar qız ("Qar qız", N.Rimski-Korsakov), Antonida ("İvan Susanin", M.Qlinka) və s. Yaradıcılığında Şahsənəm ("Şahsənəm", R.Qlier), Nərgiz, Gülzar ("Nərgiz", "Şah İsmayıl", M.Maqomayev), Gülçöhrə ("Arşın mal alan", Ü.Hacıbəyov) partiyaları xüsusi yer tutur. Repertuarına Azərbaycan xalq mahnıları, rus və Qərb bəstəkarlarının kamera-vokal əsərləri daxil idi. Tiflis, Odessa, Moskva, Kiyev, Leninqrad, Daşkənd, Paris və Təbrizdə çıxış edib. Azərbaycan Teatr Cəmiyyətinin ilk sədri olub (1945-52). 1945-81-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyət göstərib (1949-cu ildən professor olub).
Onun ifa etdiyi Rozina ("Sevilya bərbəri" C.Rossini), Lakme ("Lakme" L.Delib), Cilda ("Riqoletto" C.Verdi), Şahsənəm ("Şahsənəm" R.Qlier), Nərgiz ("Nərgiz" M.Maqomayev), Gülçöhrə ("Arşın mal alan" Ü.Hacıbəyov) və digər partiyaları Azərbaycanın opera sənəti tarixində yeni səhifələr açıb.
Ş.Məmmədova opera tarixində silinməz izlər qoyub. Onun açdığı cığırla istedadlı Azərbaycan qızları irəliləyib, səhnəni fəth edib. Onlardan biri də Azərbaycan səhnəsinin unudulmaz Karmeni Fatma Muxtarovadır. Mezzo-soprano səs tembrinə malik olan F.Muxtarova "Şərəf nişanı" ordeni, "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) ilə təltif edilib.
Qeyd edək ki, Muxtarova Fatma Səttar qızı 26 mart 1893-cü ildə Urmiyada doğulub. 19 oktyabr 1972-ci ildə Bakıda vəfat edib. Azərbaycan SSR xalq artisti (1940) və Gürcüstan SSR əməkdar artisti (1936) olub.
Kiçik yaşlarından ailəsi ilə birlikdə Rusiyaya (əvvəllər Rostova, sonra isə Peterburqa) köçən F.Muxtarova Saratov Konservatoriyasını bitirib (1914), Moskva, Saratov, Sankt-Peterburq, Kiyev, Xarkov, Odessa və başqa şəhərlərin opera teatrlarında oxuyub, 1938-53-cü illərdə AOBT-nın solisti olub.
Atasını erkən itirib, ailəsini saxlamaq üçün Rusiyanın şəhərlərində (Peterburq, Saratov və s.) "Katya" adı ilə şarmanka, eləcə də qarmonun müşayiəti ilə oxuyub, təlxək və oyunbazlarla birlikdə çıxış edib. "Saratovskiye vedomosti" qəzetinin redaktoru N.M.Arxangelskinin, Saratov Konservatoriyasının professoru M.Y.Medvedyevin köməyi ilə 1914-cü ildə Saratov Konservatoriyasını bitirdikdən sonra Moskvaya köçüb, F.İ.Şalyapinin vasitəsilə S.İ.Ziminin opera teatrına dəvət olunaraq 1917-ci ilədək burada oxuyub. 1920-ci ildən Kazan, Leninqrad, Kiyev, Xarkov, Odessa, Tiflis və s. şəhərlərin opera teatrlarında oxuyub.
Tədqiqatçılar qeyd edir ki, F.Muxtarova 1938-1953-cü illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. Əsas partiyaları: Marfa, Marina Mnişek ("Xovanşina", "Boris Qodunov", M.Musorqski), Lyubaşa ("Çar gəlini", N.Rimski-Korsakov), Amneris ("Aida", C.Verdi), Dalila ("Samson və Dalila", K.Sen-Sans), Aksinya ("Sakit Don", İ.Dzerjinskiy), Əzra ("Nizami", Ə.Bədəlbəyli) və s. Yaradıcılığının zirvəsi Karmen ("Karmen", J.Bize) partiyasıdır. Konsert proqramları ilə də çıxış edib. Tədqiqatçılar yazır ki, fitri istedada, güclü və gözəl səsə, yüksək aktyorluq məharətinə malik olan F.Muxtarova bir çox məşhur müğənnilərlə çıxış edib. Üzeyir Hacıbəyov onun sənətkarlığını yüksək qiymətləndirirdi.
Tədqiqatçı Nuridə İsmayılzadə Fatma Muxtarovanın anadan olmasının 110 illiyi münasibətilə yazdığı elmi məqalədə qeyd edir ki, Azərbaycanın tanınmış opera müğənnisi F.Muxtarovanın peşəkarlığa, şöhrətə aparan həyat və yaradıcılıq yolu çox mürəkkəb və ağır olub. Fatma xanımın parlaq şəxsiyyəti misilsiz istedadı və qeyri-adi xarici gözəlliyi bəstəkar və musiqişünasların, eləcə də musiqisevərlərin diqqət mərkəzində olub: "Teatr sənəti muzeyində Fatma Muxtarova haqqında müxtəlif vaxtlarda yazılan kifayət qədər material var. Bunların arasında görkəmli bəstəkar Ə.Bədəlbəylinin "Mahir opera müğənnisi" adlı böyük məqaləsi, R.Hüseynovun "1002 gecə" kitabında həsr edilmiş bölmə, "Ədəbiyyat və incəsənət" qəzetində musiqi tənqidçilərinin "Unudulmaz opera müğənnisi", "Bənzərsiz Karmen", "Füsünkar sənətkar" məqalələri diqqətəlayiqdir.
Lakin hələ 1929-cu ildə Bakıda nəşr edilən, qayğı ilə qorunub saxlanan "Fatma Muxtarova" adlı çox əhəmiyyətli bir kitabça da var. Buna görə F.Muxtarovanın nəvəsi Svetlana Kuroçkinaya sonsuz dərəcədə minnətdarıq. Burada F.Muxtarovanın çətin həyat yolu ilə yanaşı, o zaman yalnız Bakı opera teatrının səhnəsində deyil, həm də Rusiyanın bir çox şəhərlərinin səhnələrində çıxış edən bu gözəl müğənninin sənəti barədə mətbuatda nəşr edilən yazılar işıqlandırılır".
Tədqiqatçı qeyd edir ki, sənətkarın atasının əsl adı Abbas, soyadı isə Rzayeva olub, Səttar Muxtarov isə atalığı olub, Fatma xanıma da öz adını və soyadını verib: "Atasının ölümündən sonra onun atalığı Səttar Muxtarov öz nəğmə və rəqsləri ilə insanları cəlb edərək qəpik-quruş qazanan qızı qazanc dalınca, demək olar ki, küçələrə qovub. Zaman keçir və Fatma böyüyürdü. Artıq o, (qatarda gizlənərək) Volqa boyu Həştərxandan tutmuş, Yaroslavla qədər bütün şəhərləri müstəqil olaraq gəzə bilirdi. Bir qədər pul toplayaraq o özünə xalq arasında nəvazişli "katerinka" adlandırılan şarmanka alır. Elə məhz buna görə də şarmançı Fatma Muxtarovanı Katya Muxtarova çağırmağa başladılar".
Tədqiqatçı yazır ki, yay tətillərində F.Muxtarova Konservatoriyadan qovulmaq təhlükəsi altında qazanc dalınca müxtəlif antreprenyorlarla "Qaraçı romansları və rus mahnıları ilə" qastrollara getməyə məcbur idi. Bakı ona müstəsna müvəffəqiyyət gətirir və burada ona xüsusi diqqət yetirirlər: "Belə gəlişlərdən biri haqqında 21 iyun 1913-cü il tarixli "Kaspi" qəzeti xəbər verir: "Dünən Həştərxandan Bakıya yolüstü Zakaspiysk və Türküstan diyarında, Pavoljyedə məşhur olan xalq müğənnisi Muxtarova, xalq müğənnisi Anikina, xalq müğənnisi Kamil Mutıqi Tuxvatullin gəliblər. Müğənnilər yalnız cəmi bir konsert verməyi təxmin edirlər. Povoljye qəzetlərinin yazdıqlarına görə, onlar hər yerdə çox böyük müvəffəqiyyətə nail olurdular. Konsert rus və tatar dillərində veriləcək". Bir neçə gündən sonra "Kaspi" qəzetində yenə bir elan verilib. "Məşhur müğənni Katya (Fatma xanım) Muxtarova yenə bir konsert verəcək (kontralto)". Konsertlə bağlı şəhərdə vurulan afişalarda şarmankanın sədaları altında süzən qəşəng qız təsvir edilib. Bakıda verilən konsertlərlə yanaşı, povoljye artistlərinin vokal çıxışları xüsusi yer tuturdu, onlar müsəlmanların vokal sənətinə cəlb edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edirdilər. Ancaq Katya Muxtarovanın çıxışının, müğənninin vokal qabiliyyəti və səhnə ustalığının kifayət qədər təfsilatla təhlil edildiyi musiqi tənqidçisinin rəyində aşağıdakılar yazılıb: "Xanım Muxtarovanın vokal vasitələri nə qədər zəngindirsə, zövqü bir o qədər yoxsuldur. Bu onun bizə təqdim etdiyi repertuardan bəllidir. Repertuarda xalq mahnıları və qaraçı coşğunluğu ilə ifa edilən romanslar üstünlük təşkil edir. Ceyran otu kimi incə kontralto reqistrlərini nümayiş etdirmək imkanı olan yerdə müğənni, şübhəsiz, öz səsinin zənginliyini dəyərsizləşdirərək boğaz səsinə keçir". Daha sonra Muxtarovanın ünvanına (onun gəlməsinin əsl səbəbini anlamadan) o, Saratov Konservatoriyasındakı sistematik təhsilini konsert səhnəsinə çox erkən dəyişdi, deyə məzəmmət səslənirdi. Məlum olduğu kimi, vokalda bir əsas qayda mövcud idi: oxumaq öyrənənlərə romansların, xüsusilə də oxumaq tərzinə özünəməxsus çalar verən qaraçı romanslarının ifa edilməsi qadağan edilirdi. "Şübhəsiz müğənninin müvəffəqiyyətləri qeyd edilir və Muxtarovanın gözəl keyfiyyətlərə malik olması heç bir vəchlə şübhə yaratmır". Həqiqətən də F.Muxtarovanın konsertinə Azəbaycan incəsənətinin qabaqcıl xadimləri (M.Maqomayev və H.Sarabski) diqqət yetirir və gənc müğənninin ağır vəziyyəti barədə xəbər tutaraq ona kömək etməyi qərara alırlar. Hələ onda müğənninin yaradıcılıq mahiyyətini duyan H.Sarabski bu işdə çox enerji və işgüzarlıq göstərir. F.Muxtarovanı H.Z.Tağıyevin bağına gətirirlər, o, bağın təmtərağına heyran qalır və H.Z.Tağıyev üçün akkompanement altında bir neçə mahnı oxuyur. Ancaq Ş.Məmmədovanın İtaliyada təhsil alması üçün əvvəlcə təqaüd ayırmış, sonralar isə kəskin tənqidlərə görə yardımını kəsməyə məcbur olmuş Tağıyev acı təcrübədən sonra gənc müğənniyə Saratov Konservatoriyasında təhsil haqqını ödəməkdə yardım göstərməkdən imtina edir". Onda H.Sarabski digər Bakı mesenatına - Fatmanın eyni soyadlısı Murtuza Muxtarova müraciət etməyi qərara alır. Burada F.Muxtarova Bakı neft milyonçusu və onun xanımı Liza xanımla tanış olur. M.Muxtarov Bakı neft istehsalçısı kimi deyil, həm də öz xalqının rifahı üçün yardım göstərən səxavətli insan kimi tanınmışdı.
Onun "Nicat" müsəlman xeyriyyə cəmiyyətinin sədri qismində rolu yaxşı məlumdur (o, 1909-cu ildə, 2 iyun 1915-ci ildə fəxri sədr seçilib). Cəmiyyətin məqsədləri Azərbaycan incəsənətinin inkişafına yardım etmək və mədəniyyətin demokratikləşməsi prosesini gücləndirmək idi. Özü xalq arasından çıxan bir insan olduğu üçün o, gənc müğənniyə imtina edə bilmədi və Muxtarovanın təhsilini davam etdirməsi üçün hər ay Saratova təqaüd göndərməyi öhdəsinə götürdü. M.Süleymanovun "Eşitdiklərim, gördüklərim" kitabında yazılır ki, "M.Muxtarov Katya Muxtarovanı qızlığa götürür". Lakin onun nəvəsi bu faktı inkar edərək söhbətin M.Muxtarovun istedadlı aktrisaya etdiyi hamilikdən getdiyini deyir".
İradə
SARIYEVA
Bakı xəbər.-2015.- 1 sentyabr.-
S. 15.