Azərbaycan uşaq filminin banisi - ilk qadın kinorejissor Qəmər Salamzadə...

 

Elə bir sahə yoxdur ki, Azərbaycan qadını orada öz sözünü deməsin, izini qoymasın. Xanımlarımız yalnız aktrisa kimi kinoya xidmət etməyib, ssenari müəllifi, rejissor, quruluşçu rejissor operator kimi bu sahədə böyük işlər görüb. Azərbaycanın ilk qadın kinorejissoru ilk qadın teatr rejissorları olub. İlk kinorejissor kimi kino tariximizə Qəmər xanım Almaszadənin adı yazılıb.

İlk qadın teatr rejissoru isə Ulduz xanım Əliyeva-Rəfibəylidir.

Onu da qeyd edək ki, görkəmli kino teatr rejissorları olan bu xanımların yubileyləri dövlət səviyyəsində qeyd edilib. Xüsusi vurğulayaq ki, Mədəniyyət Turizm Nazirliyinin Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə Azərbaycanın ilk qadın kinorejissoru ölkəmizdə ilk uşaq filminin yaradıcısı Qəmər Salamzadənin 100 illik yubileyi qeyd edilib. Onu da bildirək ki, əməkdar incəsənət xadimi Cəmil Quliyev yubilyar haqqında maraqlı fikirlər bildirib: "Hələ körpə ikən evlərində qırmızı cildli, qızıl xətli "Molla Nəsrəddin" jurnalını görən, Naxçıvanın, Tiflisin ədəbi mühitlərində böyüyən Qəmər xanım kinorejissorluq sənətini Azərbaycanda hələ qadınların köhnəlik buxovundan bütövlükdə xilas ola bilmədiyi bir vaxtda özünə peşə seçib. Q.Salamzadə Moskvada Ali Kinematoqrafiya İnstitutunu bitirib. Arzusu milli kinomuzun inkişafına xidmət olsa da, keçən əsrin 30-cu illərinin repressiyaları onun geniş fəaliyyət göstərməsinə imkan verməyib. Çox vaxt azərbaycanlı xanımı yeni çəkiləcək filmə rejissor təyin etsələr , son anda bu alınmayıb. Q.Salamzadənin əsas yaradıcılıq fəaliyyəti "Azərbaycanfilm" kinostudiyasından başlayıb. Mehdi Hüseynin "Səhər" romanının motivləri əsasında çəkilən filmdə, nəhayət ki, azərbaycanlı qadın - Q.Salamzadə kino sənətinə öz töhfəsini verə bilib".

Görkəmli qələm adamı Əliqulu Qəmküsarın ailəsində doğulan Q.Salamzadə ssenari müəllifi, rejissor olaraq özünü təsdiqləyib. 1908-ci ildə doğulan Qəmər xanımı əmisi Rzaqulu Nəcəfov tərbiyə edərək böyüdüb. Qəmər xanım Moskvada Ali Kinematoqrafiya İnstitutunu bitirib. O, ötən əsrin əvvəllərində dünyada məşhur olan rejissorlarla görüşüb, onlardan rejissorluq sənətini öyrənib.

Atası kimi Qəmər xanımın da mədəniyyətə marağı güclü olub. Hələ Bakıda Pedaqoji İnstitutda oxuduğu zamanlardan tamaşaya qoyulan əsərlərdə bir sıra rollar yaradıb. Sonralar isə nəcib insanların köməyi sayəsində Qəmər xanıma etimad göstərilib. Azərbaycanın ilk qadın kinorejissoru həm öz niyyətini, həm də ömrü yarıda qırılan atası Əliqulu Qəmküsarın arzularını həyata keçirməyə qismən nail olub. 2008-ci ildə Dövlət Film Fondunda Q.Salamzadənin 100 illiyi ilə bağlı xüsusi tədbirlərin keçirildiyi haqqında qeyd etdik. Maraqlı kino axşamının keçirildiyi yubiley tədbirində Q.Salamzadənin 1936-cı ildə çəkdiyi və elə həmin ildə də it-bata düşmüş "Dəcəl dəstə" filmi Azərbaycan tamaşaçılarına ilk dəfə təqdim olunub. Bu film keçən əsrin 40-cı illərində etinasız münasibət ucbatından Azərbaycanda qorunub saxlana bilməyib. Rusiya Dövlət Film Fondunda saxlanan film nəhayət ki, ölkəmizə gətirilib. "Molla Nəsrəddin"çi şair-publisist, aktyor Əliqulu Qəmküsarın gəncliyindən səhnəyə meyl edən, Bakı pedaqoji təhsilini yarımçıq qoyub Moskvada kinorejissorluq sənətinə yiyələnmiş qızı Q.Salamzadənin ikinci rejissor Aleksandr Popovla birgə quruluş verdiyi "Dəcəl dəstə" (ssenari müəllifi-Yuri Fidler) 1937-ci ildə Bakı kinostudiyasında çəkilən yeganə bədii-oyun film kimi kino tariximizin ikinci uşaq filmi oldu. Titrlərdən göründüyü kimi, Bakıdakı beynəlxalq məktəbdə cərəyan edən hadisələr burada ən çox sevilən coğrafiya dərsində baş verir. Hindistan cəngəlliklərindəki vəhşi pişiklərin ov axtarmasından danışan müəllimi dinləməklə xəyala dalıb özünü ovçu kimi görən Heydərin yanındakı Olyaya o yerlərə getməyi təklif etməsi ilkin süjeti yaradır. Xəritədə Hindistanı göstərməli olan Heydərin müəllimin tapşırığını Olyanın yerindən göstərdiyi işarələr hesabına yerinə yetirməsi komizmi artırır. Heydərin Olyaya evdə Hindistan oyunu oynamağı təklif etməsilə epizod tamamlanır. Kanitapin küçəsindəki 21 saylı evin həyətində Olyanın gətirdiyi dibçəkdəki bitkipalaz ilə ağaca söykənmiş nərdivana dırmaşan Heydərin cəngəllik yaratmaları şərti mühiti reallaşdırır. Xəyalpərvərlikdən uzaq ölkələr haqqında təsəvvürdən uzaq olan Mişa ilə Qrişanın onları lağa qoyması ziddiyyətin tərəflərini nizamlayır. Rəngləməklə pələngə bənzədən Bobik adlı itin arxasınca düşən Heydərin dərsdən əlavə vaxtlarda kimya ilə məşğul olan Yusifə rəğmən bekarçılıqdan havaya köpük uçuran Mişa ilə Qrişanı da ovçuluq oyununa cəlb etməsi tamaşalılığı artırır. Beləliklə, hər gün dərsdən sonra dəridən paltarlar geyinib özlərini pələngə bənzədən Mişa ilə Qrişanın məktəbin qarşısında Olyanın üzərinə cummasına maraq göstərən sinif rəhbəri Anna Pavlovnanın şagirdlərin bu oyunu pioner düşərgəsində davam etdirəcəyinə söz verdikdə Heydərin ətrafında artan həvəskarların əllərinə "nizə" götürüb cəngəllik oyununa qoşulması kütləviliyi artırır. Titrlərdən göründüyü kimi, bu oyuna qoşulmayıb evdə kimyəvi təcrübələrilə məşğul olan Yusifin atasının (Ağasadıq Gəraybəyli) yanına gələn Olya ilə Heydəri gülərüz qarşılaması valideynlərin də bu işə rəvac verdiyini təsdiqləyir. Hazırladığı sehrli rəngin tərkibini öyrənmək istəyən Olyaya məhəl qoymadan kitab uzatmaqla kifayətlənən Yusifin sirri bir kimsəyə açmamaq şərtilə yalnız Heydərə açması uşaqların arasında daxili ziddiyyət yaradır. Bazar günü dəniz gəzintisinə çıxan altıncı sinif şagirdlərinin gəmidə udun, tarın, dəfin sədaları altında çırtma vurub mahnı oxuması, rəqs etməsi tamaşalılığı artırır. Evdə Yusifin təcrübəsini təkrarlayan Heydərin çimərlikdəki dostlarına bacarığını nümayiş etdirmək üçün qızlardan birinin paltarına əcaib rəsm çəkməsi, Olyanın isə bunu Yusifin etdiyini Anna Pavlovnaya çatdırması dövrün mənzərəsini də yaradır. Anna Pavlovna anasını məktəbə çağırtdırsa da, məktəb yığıncağında töhmət alsa da, tərəddüdlər keçirib əzab çəksə də, dostunu satmayan Yusifin anasının oğlunun günahsızlığına inanması və həqiqəti açmaq üçün bir neçə gün möhlət istəməsi dövrün modelini yaradır. Bulvarda Heydərlə vaxtını şən keçirən Olyanın gəmidə baş verənlərlə bağlı etirafını eşitdiyi Heydəri Anna Pavlovnanın yanına aparmaq cəhdi baş tutmadıqda qəzəblənərək evinə qaçdığı müəllimənin körpəsini təknədə çimizdirən görməsi və son anda satqınlıqdan daşınması mövzunu genişləndirir. Heç nə olmayıbmış kimi, begemotlar haqda kitab istədiyi Yusifə riyaziyyat dərsindən yoxlamada köməklik göstərməyən Olyasız heç bir misalın həll edilməməyi səbəbindən vərəqə təəccüblə baxan müəllimənin heyrəti gərginliyi yarada bilir. Növbəti epizodda xəstələnib yatağa düşən Olyanın yanına gələn Anna Pavlovnadan Heydərin onu axtarıb-axtarmadığını soruşması, bir dostunun bəd hərəkətini gizlətməklə digərinə qarşı haqsızlıq etdiyini anlaması ilə dövrə hakim kəsilən cəza mexanizmi işə düşür. Dərsdə Heydərə köməkdən vaz keçib yalnız Yusifin qarşısında günahını etiraf etdiyi təqdirdə onunla dostluq edəcəyini bildirməklə savadına görə şəriksiz liderə çevrilən Olya ideya daşıyıcısı funksiyasını da öz üzərinə götürür. Ninanın, Mişanın, Qrişanın da yoxlama zamanı köməklik göstərmədiyinə görə ittiham etdikləri Olyanın tərəfini tutaraq uşaqlara oxuyub özlərinə güvənməyi məsləhət görən Yusifbu dramaturji yükə şərik qoşulur. Coğrafiya fənnindən yoxlamaya hazırlaşmaq üçün bazar günü Yusifgilin evində Hindistanla bağlı oyuna hazırlaşanlardan fərqli olaraq, çıxış yolunu şparqalkada görənlərə qoşulub Nina ilə dondurma yeyən Heydərin uzaqdan gördüyü, ardınca qaçsa da, çatmadığına təəssüfləndiyi Olyaya qarşı pis münasibətdə olanlara qarşı çıxması onun daxilində gedən təbəddülatlardan xəbər verir. Oyuna hazırlaşan Olyaya köməklik göstərən Heydərin haqsız olduğuna görə üzr istəməsi, qızın təkidinə baxmayaraq, Yusifə və hətta onun sonra atasına yaxınlaşıb günahını boynuna ala bilməməyi əsas mətləbə işıq salır. Minlərlə günahsızın repressiyalara məruz qaldığı bir dövrdə paltara ləkə salmaq üstündə uşaqların da cəza mexanizmi yaratması dövrün mənəvi məngənəsinin təzahürünə çevrilir. Tənbəllərdən uzaqlaşıb coğrafiyadan yoxlamaya hazırlaşaraq Ninanın yerindən köməyinə məhəl qoymadan, xəritə qarşısında bütün suallara cavab verən Heydərin əla qiymət alması savadla əməyin qələbəsi kimi səslənir. Yay tətilinə çıxan uşaqların pioner düşərgəsində oynadıqları Hindistan oyununda əllərindəki nizələr, üzlərindəki maskalar, əyinlərindəki geyimlərlə döyüş səhnələrini canlandırmaları, guya yaralanmış "döyüşçü"nün üzünü nizə ilə qaşıması, ulağın başına şlyapa qoyulması, Qrişa ilə Mişanın oyun zamanı da yeməkdən qalmağı tamaşalılığı artırır. Və uşaqların dənizə baş vurması ilə Olyanın şahidliyi ilə Yusifə üz tutan Heydərin etirafı, üç dostun dənizə üz tutması filmi bitirir.

Tədqiqatçılar yazır ki, 1946-cı ildə "Mosfilm" kinostudiyasında Miçurinə həsr olunan "Çiçəklər içində həyat" filmində staj keçən və "Təəssüf edirəm ki, Azərbaycan xalqının yaradıcı oğulları ilə şəxsi tanışlığım çox az olub. Ancaq onun çox dəyərli oğullarından birini yaxşı tanıyıram ki, onun simasında bu xalqa mənim böyük hörmətim var, Ruhulla Axundovla tanışlığımı heç vaxt unutmayacağam" deyən quruluşçu rejissor A.P.Dovjenkodan: "İstehsalatdakı üslubu, onun estetik mühakiməsi və kino sənəti haqqında gündəlik əsnasında meydana gələn fikirləri və habelə onun işə olan son dərəcə nəzakətli davranışı mənə ona yüksək və xeyirxah qiymət vermək imkanı yaradır.

Mən bunu məmnuniyyətlə edirəm. Birona görə ki, qardaş xalqın bir sənət elçisinə az da olsa fayda verə bildim" xasiyyətnaməsi də alan Q.Salamzadənin də təməlini qoyduğu uşaq kinosu sonrakı illərdə yeni uğurlar qazandı.

Qəmər xanım Azərbaycan kinosunda silinməz izlər qoyub və inanırıq ki, 107 yaşlı kinorejissorun irsi daha ətraflı öyrəniləcək. Q.Salamzadənin xatirəsi, ruhu Azərbaycan dövləti tərəfindən böyük ehtiramla anılır.

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 3 sentyabr.- S. 15.