18 sentyabr - Milli Musiqi Günümüz...

1995-ci ildən Heydər Əliyevin Fərmanı ilə qeyd edilən bayram mədəniyyətimizin təbliğində böyük rol oynayır

 

Azərbaycan musiqisi deyəndə burada ancaq iki-üç janr nəzərə alınmamalıdır. Bura musiqi mədəniyyətimizə xas olan, xalqımızın bədii-estetik zövqünü ifadə edən, milli-mənəvi dəyərlərini, dünyagörüşünü, həyat tərzini, gözəllik anlayışını özündə ehtiva edən janrlar, qollar daxildir. Azərbaycan musiqisinin atası xalq musiqisidir, aşıq sənəti, muğam, təsniflər, xalq mahnıları, rəqsləridir. Bu zəngin özülün üzərindən çağdaş Azərbaycan musiqisi pərvazlanıb, qalxıb, bugünkü yüksəkliyə çatıb.

Sirr deyil ki, Azərbaycan peşəkar musiqisinin banisi dahi Üzeyir Hacıbəyovdur (Hacıbəyli). O Üzeyir Hacıbəyov ki, professional musiqinin, milli bəstəkarlıq məktəbinin əsasını qoyub, yüzlərlə musiqiçi, bəstəkar yetişməsinə fədakarlıqla əmək sərf edib. Artıq 20 ildir Üzeyir Hacıbəyovun doğum günü - 18 sentyabr respublikamızda Milli Musiqi Günü kimi qeyd edilir. Onu da bildirək ki, dahi bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. Musiqişünasların yazdığına görə, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edib. Azərbaycan XX əsrdə ikinci dəfə müstəqillik əldə etdikdən sonra, bütün sahələrdə olduğu kimi, milli musiqi sahəsinə münasibətdə də ciddi dönüş oldu. Bu dönüşün müəllifi Azərbaycan Respublikasının sabiq Prezidenti mərhum Heydər Əliyev olub. Niyazinin illər boyu qeyri-rəsmi olaraq qeyd etdiyi 18 sentyabr - Musiqi Gününü Heydər Əliyev 1995-ci ildə rəsmiləşdirdi. Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.

Üzeyir Hacıbəyov şəxsiyyətinə, yaradıcılığına, onun çoxşaxəli nəcib işinə böyük dəyər verən Heydər Əliyev deyirdi: "Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur".

"Üzeyir Hacıbəyov Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi ən görkəmli şəxsiyyətlərdən biridir"-bu qiymətli fikir isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məxsusdur.

Dahi bəstəkara böyük dəyər verən Prezident İlham Əliyev 23 fevral 2010-cu il tarixində Üzeyir Hacıbəyovun 125 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb": 2010-cu ilin sentyabr ayında dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoqictimai xadim Üzeyir Hacıbəyovun anadan olmasının 125 illiyi tamam olur".

Sərəncamda Azərbaycan mədəniyyətinin inkişafı naminə misilsiz töhfələr verərək müstəsna xidmətlər göstərmiş Üzeyir Hacıbəyovun 125 illik yubileyinin layiqincə keçirilməsinin təmin edilməsi məsələsi qeyd edilib.

2010-cu ildə Prezident sərəncamı və müvafiq qurumların iştirakı ilə dahi bəstəkarın 125 illiyi ölkədə qeyd edildi.

18 sentyabrda ölkənin musiqi ictimaiyyəti özünün bayramını qeyd edir. Bu gün, bir növ, musiqiçilərin peşə bayramıdır.

Onu da vurğulayaq ki, Üzeyir Hacıbəyovun 120 illik yubileyi də dövlət səviyyəsində qeyd edilib. Dahi bəstəkarın anadan olmasının 120 illiyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Prezidentin 28 fevral 2005-ci il tarixli Sərəncamı ilə görkəmli bəstəkarın yubileyi qeyd edilib. Onu da vurğulayaq ki, 2005-ci ildə o dövrdə mədəniyyət naziri olan Polad Bülbüloğlunun göstərişi ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Heydər Əliyev adına Sarayın foyesində nümayiş etdirilən Üzeyir Hacıbəyovun yaradıcılığına həsr olunmuş sərgi təşkil edib. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi bu sərginin təşkili işinə böyük həvəs və məsuliyyətlə yanaşıb, muzeyin fondundan bəstəkarın həyat və yaradıcılığına aid materiallar mövzu planına uyğun seçilib. Sərgidə Üzeyir Hacıbəyovun Qori seminariyasını bitirməsi haqqında şəhadətnamə, "Kaspi" qəzetində 12 yanvar 1908-ci ildə "Leyli və Məcnun" operasının premyerasının elanı, "Nicat" cəmiyyətinin proqramı (1911), "Ər və arvad" musiqili komediyasının afişası (1918), bəstəkarın şəxsi imzası olan "Ləzginka" əsərinin not əlyazması (1932), Müslüm Maqomayevlə birlikdə tərtib etdiyi "Azərbaycan türk el nəğmələri" (1927) məcmuəsi, muğam operalarından "Leyli və Məcnun", "Şeyx Sənan", "Rüstəm və Söhrab", "Əsli və Kərəm", "Şah AbbasXurşidbanu"nun afişaları, Bülbülün "Koroğlu" operasında Koroğlu rolunda fotoşəkli və s. dəyərli eksponatlar nümayiş etdirilirdi.

Üzeyir Hacıbəyovun 120 illiyi ilə bağlı 10 il əvvəl Üzeyir Hacıbəyovun mənzil muzeyinin hazırkı direktoru, görkəmli bəstəkar, musiqiçi Sərdar Fərəcov yazırdı: "Dahi bəstəkar Üzeyir Hacıbəyovun Bakıdakı ev-muzeyi artıq 30 (40 il - İ.S) ildir fəaliyyət göstərir. Bu illər ərzində şəhərimizin ən çox ziyarət olunan mədəniyyət ocağı kimi şöhrət tapan muzey dahi bəstəkarın şanlı həyat və yaradıcılığını tam dolğunluğu ilə əks etdirib, böyük bir tarixi salnaməni özündə yaşadıb. Muzeydə Üzeyir bəyin yaşadığı dövr, zaman, ailə üzvləri, dostları, məsləkdaşları, təhsil illəri, təmasda olduğu görkəmli şəxsiyyətlər xüsusi diqqətlə, hörmətlə yad edilir. Bu evin hər qarışı tarix olaraq böyük bəstəkarın nəfəsini, ruhunu, ürək döyüntülərini özündə yaşatmaqdadır. Muzey XIX əsrin sonlarında inşa olunmuş bir binada yerləşir və Ü.Hacıbəyov bu evdə 1915-1942-ci illərdə yaşamış, bir çox gözəl əsərlərini, o cümlədən "Koroğlu" kimi şah operasını da bu evdə yaradıb...".

O vaxt Sərdar Fərəcovu qayğılandıran dahi bəstəkarın ev muzeyinin təmir vəziyyətinin acınacaqlı olması idi. Ölkə başçısının 2005-ci il 28 fevral tarixində verdiyi Sərəncamda həm Üzeyir bəyin yubileyinin qeyd edilməsi nəzərdə tutulurdu, həm də onun ev-muzeyinin də əsaslı təmiri haqqında danışılırdı. Artıq muzey yüksək səviyyədə təmir edilərək tamaşaçıların, tədqiqatçıların ixtiyarına verilib.

Sərdar Fərəcovun məqaləsinə diqqət yetirək: "...Prezident İlham Əliyevin Üzeyir Hacıbəyovun 120 illik yubileyinin keçirilməsi ilə əlaqədar verdiyi fərmanda ev-muzeyinin də əsaslı təmiri xüsusi olaraq qeyd olunmuşdu. Bu fərmandan irəli gələrək Mədəniyyət Nazirliyi də təmirin yüksək səviyyədə keçirilməsi üçün əmr verdi. Bütün yay mövsümündə muzeydə ciddi və gərgin görüldü. Muzey binasının çürümüş döşəmə və tavanı dəyişildi, divarların suvaqları, qapı-pəncərələri yeniləşdi, döşəməyə yeni parket örtüyü vuruldu. Ən vacibi isə, uzun illər muzey üçün zəruri olan ventilyasiya, istilik sistemi quraşdırıldı, muzey müasir kondisionerlərlə təchiz olundu. Muzeyin quruluşunda da bir çox yeniliklər baş verdi. Bu evin dəhlizi, həyəti, kino-konsert salonu yeni görkəmdə tərtib olundu. Muzeyin əməkdaşları qısa zaman ərzində yeni mövzu ekspozisiya planı işləyib hazırladı ki, onun da əsasında muzeyin yeni ekspozisiya və tərtibatı həyata keçdi. Muzeydə tamaşaçılara tanış olan eksponatlarla yanaşı, bir çox yeni-yeni fotolar, əşyalar, sənədlər və s. nümayiş etdirildi. Dahi bəstəkarın ad günü - 18 sentyabrda muzeyyeni tərtibatla, yeni görkəmlə öz qapılarını Üzeyirsevərlərin üzünə açdı. Həmin gün muzeyin təntənəli açılışına bir çox görkəmli ziyalılar, bəstəkarlar, yazıçılar, musiqişünaslar, alimlər ev-muzeyinin önünə toplaşmışdı".

Qeyd edək ki, hər il Üzeyir Hacıbəyovun doğum günü ilə əlaqədar ali məktəblərdə, muzeykitabxanalarda, mədəniyyət ocaqlarında təntənəli tədbirlər keçirilir, Milli Musiqi Günü qeyd edilir.

Xalq musiqisinə ürəkdən bağlı olan Heydər Əliyev Üzeyir bəy haqqında deyirdi: "Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir".

Üzeyir bəy özü isə bütün varlığı ilə xidmət etdiyi milli musiqimizin kökü, mənşəyi haqqında bildirirdi: "İlk gözəl nəğmə və rəqs melodiyalarının yaradıcısı xalq özüdür. Bizə bu gün nümunə olan xalq nəğmələri əsrlərdən bəri işlənə-işlənə yaradılmış və yalnız bizim zəmanəmizdə həqiqi bədii formalar almışdır". O digər bir yazısında "Bəstəkarlar öz əsərlərini yaradarkən unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir. Çünki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir, xalq eyni

zamanda misilsiz tənqidçi və musiqi əsərlərinin ən yaxşı "istehlakçısıdır", xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir" deyə qeyd edirdi. Əlbəttə, bu qiymətli fikirlərin müəllifini xalq öz doğması, əzizi kimi əzizləyir, ruhunu anır, məzarını ziyarət edir.

18 sentyabr Milli Musiqi Günü, yaxud Üzeyir Musiqi Günü münasibətilə ölkəmizin mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirilib. Milli Musiqi Günü, hər il olduğu kimi, bu il də ölkəmizdə geniş və təntənəli şəkildə qeyd edilməkdədir. Üzeyir bəyin doğum günüMilli Musiqi Günü münasibətilə sentyabrın 18-də tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər Fəxri Xiyabana gedib dahi bəstəkar Üzeyir Hacıbəyovun məzarını ziyarət edib.

Ziyarət törənində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev xalqımızı musiqi bayramı münasibətilə təbrik edərək bildirib ki, bu gün sadəcə musiqisevərlərin deyil, həm də bütün Azərbaycan xalqının bayramıdır: "Böyük bəstəkarın doğum gününün bayram kimi qeyd edilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderimizin 1995-ci ildə - dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur".

Mətbuatın verdiyi məlumata görə, Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda sentyabrın 18-də başlanan Üzeyir Hacıbəyov VII Beynəlxalq Musiqi Festivalı sentyabrın 28-dək davam edəcək.

Bir məqamı da vurğulayaq ki, Üzeyir bəyin 130 illik yubileyi münasibətilə geniş tədbirlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Şərqdə ilk opera janrı kimi operetta janrının yaranması da Üzeyir Hacıbəyovun adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət "Ər və arvad"dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.

Müəllifin ikinci musiqili komediyası "O olmasın, bu olsun"dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib. Dahi bəstəkarın üçüncü sonuncu musiqili komediyası "Arşın mal alan"dır. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. "Arşın mal alan" beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu səssiz film olub.

Musiqişünaslar qeyd edir ki, Üzeyir Hacıbəyovun ədəbi irsi çox zəngin qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı romanslar, kamera xor əsərləri yazıb. Maraqlıdır ki, həm Azərbaycan Xalq Cumhuriyyətinin, həm Sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olub.

Üzeyir Hacıbəyov Azərbaycan musiqi, ədəbiyyat, mətbuat, mədəniyyət, ictimai fikir tarixində elə bir iz qoyub ki, o iz heç vədə örtülə bilməz, onun açdığı cığırların bu gün minlərlə yolçusu var. Üzeyir Hacıbəyov şəxsiyyəti, sənəti bizə çox şey təlqin edir. Musiqi mədəniyyətimizdə, onun inkişafında yorulmadan çalışan Üzeyir bəy xalqımız üçün həmişə sağdır, onun mənəviyyatında, ruhunda yaşayır.

İradə SARIYEVA

Bakı  Xəbər.- 2015.- 19-21 sentyabr.- S.15