Dərbənd Azərbaycan
Dövlət Dram Teatrı şəhərin
2000 illik yubiley tədbirinə
qatılıb
Məlum olduğu kimi, 19 sentyabr tarixində Dərbənddə şəhərin 2000 illik yubiley tədbiri böyük təntənə ilə keçirilib. Tədbirdə Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov və Rusiya Federasiyasının bir sıra məsul şəxsləri iştirak edib.
Tədbirin hazırlanmasında Dərbənd şəhərində yerləşən Azərbaycan Dövlət Dram Teatrının kollektivinə məsuliyyətli işlər həvalə olunub. Teatrın baş rejissoru Ər-Toğrul Kamalovun verdiyi məlumata görə, yubiley tədbirində fəal iştirak edən kollektiv Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması və təbliği məqsədilə adət-ənənələrimizi teatrlaşdırılmış şəkildə qonaqlara təqdim edib. Dərbənd Azərbaycan teatrının aktyorlarının ifasında nümayiş olunan səhnəciklər qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Yubiley tədbirinin keçirilməsində teatra Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi böyük dəstək olub. Tədbirdə Azərbaycanın xalq artistləri Polad Bülbüloğlu, Mələkxanım Əyyubova, Möhlət Müslümov və gənc kamança ustası Elvin Mirzəyev çıxış edib. Tamaşaçılar tərəfindən alqışlarla qarşılanan sənətçilərimiz Dərbənddə olduqlarından məmnunluqlarını bildirib.
Leyla QARAXANLI
Bakı
xəbər.- 2015.- 23 sentyabr.- S. 5