Azərbaycan elminin dünya şöhrətli
Yusif
Məmmədəliyevdən
başlayan yeni dövrü...
(Əvvəli ötən
sayımızda)
Azərbaycan elminin inkişaf tarixinə
nəzər salsaq görərik ki, burada ayrı-ayrı alimlərin,
elm xadimlərinin, görkəmli şəxsiyyətlərin
rolu əvəzsiz olub. Sözsüz ki, Azərbaycan elminin
tarixi çox qədimdir, müxtəlif dövrlərdə
yaşayan üləmalar, mütəfəkkirlər milli elm
evimizi kərpic-kərpic hörüb. Burada kimlərin əməyi
olmayıb ki? Tarixdə adı qalan, izi qalan yüzlərlə
alimin, elm fədaisinin adlarını qeyd edə bilərik. Barəsində
söhbət açacağımız bir elm xadimi var-Yusif Məmmədəliyev.
Bu imza bizə çox şey deyir, çox informasiya verir.
Azərbaycan
dövləti böyük alimin irsinə hər zaman
böyük dəyər verib. Sözsüz ki, burada Azərbaycan
Respublikasının sabiq Prezidenti mərhum Heydər
Əliyevin münasibəti özünü xüsusilə
göstərir. Keçən yazımızı Heydər
Əliyevin fikirləri ilə tamamladıq. Böyük
dövlət xadimi H. Əliyevin Y. Məmmədəliyevin 90
illik yubileyində etdiyi çıxış olduqca qiymətlidir
və o fikrin ardını da təqdim edirik.
Heydər Əliyev: "... Bu gün iftixar hissilə demək olar ki, biz o vaxt bütün neft emalı sənayesini yenidən yaratdıq, yüksək keyfiyyətə nail olduq, Sumqayıtda müasir tələblərə cavab verən böyük kimya kompleksləri yaratdıq. Bu barədə burada məlumat verildi. Bunların hamısı, bir tərəfdən Azərbaycanın iqtisadi potensialının güclənməsinə, digər tərəfdən isə Azərbaycan xalqının rifahının yüksəlməsinə gətirib çıxarmışdır. Burada da Y.Məmmədəliyevin xidmətləri həmişə xatırlanıbdır və biz bunu heç vaxt unutmamışıq, unutmayacağıq da. Bütün bunlara görə də Y.Məmmədəliyev təkcə Azərbaycanda yox, o vaxtlar keçmiş Sovet İttifaqında da tanınmış böyük alim idi və ölkədə Azərbaycanı layiqincə təmsil etmişdir. 1945-46-cı illərdə Sovet İttifaqının Neft Sənayesi Nazirliyinin elmi-texniki şurası yaradılanda bu şuraya rəhbərlik Y. Məmmədəliyevə həvalə olunmuşdur. Bu heç də təsadüfi bir hal deyildi. Amma eyni zamanda bilmək lazımdır ki, bu, adi bir şey də deyildi. Çünki o zaman, o dövrdə Sovet İttifaqının sənaye sistemində neft sənayesi ən görkəmli yer tuturdu, ən böyük sənaye kompleksi idi. Orada, Moskvada böyük bir dövlətin yüksək sənaye kompleksinin elmi-texniki şurasının rəhbəri Y.Məmmədəliyevin - azərbaycanlının, Azərbaycan xalqının nümayəndəsinin olması təkcə Y.Məmmədəliyev üçün deyil, həm də bütün Azərbaycan xalqı üçün iftixar hissi doğururdu. Bunları da heç vaxt unutmaq lazım deyil.
Y. Məmmədəliyev 1958-ci ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvü seçildi. Bu da Azərbaycan elminin tarixində ilk hadisə idi, yəni ilk azərbaycanlı elə mötəbər elm ocağının üzvü seçildi. Bilirsiniz, zaman dəyişir, bəzən insanlar ayrı-ayrı məsələlərə cürbəcür qiymət vermək istəyirlər. Amma elə məfhumlar var ki, onlar heç vaxt dəyişməyəcəkdir. SSRİ Elmlər Akademiyası 250 il tarixi olan, dünyada ən məşhur Rusiya Elmlər Akademiyasının davamı idi, dünyada tanınmış elm mərkəzi və dünyanın ən tanınmış alimlərinin toplandığı bir yer idi. Bəli, Azərbaycan elmi gənc elmdir. O vaxtlar Azərbaycanda da alimlər vardı. Amma Y.Məmmədəliyev ilk Azərbaycan alimi idi ki, həmin akademiyanın müxbir üzvü seçildi. Mən heç şübhə etmirəm ki, vaxtsız ölüm onu bizim əlimizdən almasaydı, o, akademiyanın mütləq həqiqi üzvü də olacaqdı, Azərbaycanı elm sahəsində daha yüksək səviyyələrdə də təmsil edəcəkdi.
Dediyim kimi, Y. Məmmədəliyevin alim kimi, ictimai-siyasi xadim kimi fəaliyyəti çoxşaxəli, çoxsahəli olmuşdur. Bu da onun təkcə sırf alim olduğundan irəli gəlmirdi. Bu onun şəxsi keyfiyyətlərindən, şəxsi xüsusiyyətlərindən irəli gələn bir hal idi. Çünki Y. Məmmədəliyev hərtərəfli hazırlığa malik bir adam idi. Bir tərəfdən o, fitri istedadına görə cəmiyyətdə, təbiətdə olan hər bir şeyi çox yüksək səviyyədə dərk edirdi və bunlardan istifadə edirdi. Digər tərəfdən isə öz üzərində çox işlədiyinə görə, öz bilik sahəsini daim genişləndirdiyinə görə belə keyfiyyətlərə malik bir adam idi...".
Heydər Əliyevin akademik Yusif Məmmədəliyevə verdiyi qiymət, onun şəxsiyyətinə bəslədiyi hörmət ixtisarla təqdim etdiyimiz bu çıxışda öz əksini tapıb.
Y.Məmmədəliyevə Azərbaycan dövlətinin münasibəti olduqca müsbətdir və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də akademikə böyük dəyər verib. Belə ki, Prezident İlham Əliyev 28 fevral 2005-ci ildə akademik Y.Məmmədəliyevin 100 illik yubileyinin keçirilməsi haqqında
Sərəncam imzalayıb. On il əvvəl böyük alimin 100 yaşı tamam oldu. Sərəncama əsasən, akademikin 100 illik yubileyi həm ölkəmizdə qeyd edildi, həm də beynəlxalq səviyyədə UNESCO tərəfindən keçirildi. Bu il isə, qeyd etdiyimiz kimi, görkəmli alimin 110 yaşı tamam olur.
Qeyd edək ki, Y.Məmmədəliyev Naxçıvan MR-in Ordubad şəhərində anadan olub. 1926-cı ildə V.İ.Lenin adına Ali Pedaqoji İnstitutunu bitirib. 1942-ci ildə kimya elmləri doktoru ("Aromatik karbohidrogenlərin alkilləşdirilməsi və dealkilləşdirilməsi yolu ilə toluolun sintezi" mövzusu) və professor, 1945-ci ildə Azərbaycan SSR EA-nın akademiki olub. Tədqiqatçıların yazdığına görə, tam əsasla demək olar ki, Y.Məmmədəliyev 1945-ci ildə Azərbaycan SSR EA-nı yaradanlardan biri olub. Respublikada elmin inkişafının bütöv bir dövrü bu dahi insanın adı ilə bağlıdır. 1945-ci ildə o, Azərbaycan SSR EA-nın akademiki, Rəyasət heyətinin üzvü və EA Neft İnstitutunun direktoru seçilib. M.Mirqasımov, M.Topçubaşov, Səməd Vurğun, Şirokoqorov, Yesman, Mikayıl Hüseynovla bərabər, o, akademiyanın təsisçisi və Azərbaycanın ilk akademiki olan 15 tanınmış şəxsdən biri idi. 1951-1954-cü illərdə Azerbaycan SSR EA Fizika, Kimya və Neft bölməsinin akademik-katibi, 1954-1958 illərdə S.M.Kirov adına ADU-nun rektoru olub.
Y.H.Məmmədəliyev 15 dekabr 1961-ci ildə Bakıda vəfat edib.
Tədqiqatçılar yazır ki, Y.Məmmədəliyevin əsas elmi işləri neftin və neft qazlarının katalitik emalı sahəsindədir. Azərbaycanda neft kimyasının əsasını qoyub. O, müxtəlif karbohidrogenlərin katalizator iştirakı ilə xlorlaşdırılma və bromlaşdırılmasının yeni üsullarını təklif edib, neft qazlarını, xüsusilə də metanı əvvəllər stasionar katalizator üzərində, sonralar isə qaynar təbəqədə xlorlaşdırmaqla, karbontetra-xlorid, metilxlorid, metilen-xlorid və s. qiymətli məhsullar alınması yollarını göstərib.
Alimlərin yazdığına görə, aromatik, parafin və sikloparafin karbohidrogenlərini doymamış karbohidrogenlərlə katalitik alkilləşdirmə sahəsindəki tədqiqatı aviasiya yanacaqlarının yüksək keyfiyyətli komponentlərinin sənaye miqyasında sintezinə imkan verib. Məmmədəliyev Bakı neftinin benzin fraksiyasının katalitik aromatikləşdirilməsi, yuyucu maddələr və silisium-üzvi birləşmələr alınması, piroliz məhsullarından plastik kütlə istehsalı və Naftalan neftinin təsir mexanizminin öyrənilməsi sahələrində də mühüm işlər görüb. Yüksək ixtisaslı elmi kadrlar hazırlanmasında böyük xidməti olub. Onu da vurğulayaq ki, dünya şöhrətli azərbaycanlı alim Y.Məmmədəliyev müharibənin o ağır dövründə yüksək oktanlı benzin və məşhur "Molotov kokteyli" ixtira edib. Məlum olduğu kimi, Y.Məmmədəliyev 200-dən artıq elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir.
Əsas elmi nailiyyətlərindən danışan tədqiqatçılar bildirir ki, Y.Məmmədəliyev keçmiş SSRİ, ABŞ, İtaliya (1955, Roma), Fransa (1960, Paris), İngiltərə, Polşa Xalq Respublikası (1957-58, Varşava), Macarıstan Xalq Respublikası (MXR) və başqa ölkələrdə keçirilən qurultay, konqres və simpoziumlarda Azərbaycan elmini yüksək səviyyədə təmsil edib. Akademik Y.Məmmədəliyev benzolu propilenlə alkilləşdirmək yolu ilə izopropilbenzolun sintezi üsulunu işləyib hazırlayıb, bu da II Dünya Müharibəsi illərində aviasiyamızın yüksək oktanlı yanacaqla təmin edilməsinə kömək edib. Tədqiqatçılar onu da qeyd edir ki, faşist ordularına qarşı Sovet İttifaqının qələbəsində tank əleyhinə qarışığın kəşfinin çox böyük əhəmiyyəti oldu. Onun tərkibi Y.Məmmədəliyev tərəfindən toluolun - partlayıcı maddələr üçün xammalın əldə edilməsi əsasında işlənib hazırlandı. Lakin o vaxt, müharibə dövründə, lap elə müharibədən sonra da çox az adam bilirdi ki, düşmən üçün həmin məhvedici "kokteylin" müəllifi Y.Məmmədəliyevdir. Deyilənə görə, Azərbaycan KP MK I katibi M.C.Bağırov nümunənin yüksək effektivliyinə şübhə ilə yanaşıb, mayedən bir qədər buxarıya sıçradıb. Bu zaman hündür alov qalxıb, buxarının odadavamlı kərpici əriyib, metal borular dağılıb.
Azərbaycanda Elmlər Akademiyası 1945-ci ilin yazında yaradılıb və istedadlı kimyaçı, alim, yenilikçi, "Lenin" ordenli, toluolun və yüksək oktanlı yanacağın sənaye istehsalının təşkilatçısı Y.H.Məmmədəliyev onun həqiqi üzvlərinin birinci tərkibinə haqlı olaraq daxil edilib. O vaxt onun heç 40 yaşı olmayıb.
Tədqiqatçılar qeyd edir ki, Azərbaycan Astrofizika Rəsədxanası, Əlyazmaları Fondu, Sumqayıt Kimya Elmi Mərkəzi və digər müəssisələrin təşkili Y.Məmmədəliyevin adı ilə bağlıdır. Onun yaratdığı Azərbaycan neft-kimya məktəbi respublikadan çox-çox uzaqlarda tanınır. Y.Məmmədəliyev "Lenin" ordeni (1944), "Qırmızı Əmək Bayrağı" ordeni (SSRİ) (1954) və "Şərəf nişanı" ordeni (1951), həmçinin medallarla təltif edilib.
Bilirik ki, uzun illərdir Azərbaycanın elmi dairələrində belə bir söhbət var ki, Y.Məmmədəliyevin Nobel mükafatı almasına əngəl olan qüvvələr olub. Tədqiqatçılar bu barədə yazır ki, akademikin Nobel mükafatına namizədlik məsələsi ortaya çıxanda SSRİ alimlərinin çoxunun Bakıdan olan "alkilləşdirmə kralı"nın namizədliyi üzərində dayanması tamamilə qanunauyğun idi. Y.Məmmədəliyevə qırıcı təyyarələr üçün keyfiyyətli benzin kəşfinə görə Nobel mükafatı verəcəkdilər. Məmmədəliyevin Nobel mükafatına namizədliyi 1957-ci il dekabrın 29-da Sov.İKP MK Siyasi Bürosunun iclasında müzakirəyə çıxarıldı. Baş katib N.S.Xruşşov, büro üzvləri və üzvlüyə namizədlər fikirlərini bildirdikdən sonra sənədlərin Nobel Komitəsinə təqdim olunması haqqında razılığa gəldilər. Elə bu zaman qəfildən iclasa ünvanlanan bir məktub üzə çıxdı. MK katibliyinin təqdim etdiyi məktubda Sovet Ordusu Arxa Təchizat İdarəsinin rəisi marşal Baqramyan, Tank Qoşunları komandanı general Babacanyan dövlət sirri və hərbi sirr olduğu üçün bu ixtiraya dair məlumatın Stokholma göndərilməsini məsləhət görmədilər. SSRİ DTK-nın sədri A.Şepilovun məktubda yazılanlara qəti etirazına baxmayaraq, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Anastas Mikoyan çıxış edərək məktubun müəlliflərinə haqq qazandırdı və onları dəstəklədi. Beləliklə, üç yüksək vəzifəli erməninin fitvası ilə Y.Məmmədəliyevin Nobel mükafatına namizədliyinin irəli sürülməsi baş tutmadı.
Tədqiqatçılar yazır ki, faşist Almaniyası üzərində SSRİ-nin qələbəsini təmin edən amillər haqqında müharibədən sonrakı illərdə belə danışırdılar: müharibəni Mikulinin motorları, Yakovlevin təyyarələri, Məmmədəliyevin benzini hesabına udmaq mümkün oldu. Akademikin dünya elminə daha bir misilsiz töhfəsi strateji raketlər üçün 1950-ci ildə yaratdığı duru yanacaq idi. Yerin ilk peyki, Qaqarinin uçuşu - bütün bunlar Bakı nefti, Azərbaycanın neft kimyası məktəbinin yaradıcısı olan Y.H. Məmmədəliyevin elmdə qəhrəmanlığı və onun həmfikirlərinin fədakar əməyi sayəsində baş tutdu.
Bu gün də Y.Məmmədəliyev adı,
imzası dünya çapında Azərbaycan elminə baş
ucalığı gətirir. Müstəqil Azərbaycan
dövləti xalqımızın böyük oğlunun xatirəsinə
hər zaman sayğı ilə yanaşır, onun
şan-şöhrəti, elmimizə bəxş etdiyi dəyərlərlə
fəxr edir.
İradə SARIYEVA
Yazı Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə çap
olunur.
Bakı Xəbər.- 2015.- 30
sentyabr.- S.15.