"Azərbaycanın geosiyasəti"

 

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

 

Bu baxımdan Azərbaycan Xəzər dənizi hövzəsində və Cənubi Qafqazda Rusiya üçün xüsusi önəm kəsb edir və hər vəchlə çalışır ki, bu geosiyasi məkanda bu dövləti öz təsiri altında saxlasın. Müəllifə görə, bu xüsusi önəm aşağıdakılardır:

* Azərbaycan müsəlman Şərqinə və Türkiyəyə çıxış üçün, Yaxın və Orta Şərqdə baş verən proseslərə təsir imkanlarına görə əhəmiyyətlidir.

* Azərbaycan Şərq-Qərb nəqliyyat kommunikasiyaları və dəhlizlərinin mərkəzində yerləşir və bu baxımdan Rusiyanın rəqibidir.

* Azərbaycanın zəngin karbohidrogen yataqları mövcuddur ki, bunların istismarı, istehsalı və ixracına Rusiya biganə qala bilmir. Bu sahədə də Azərbaycan Rusiyanın rəqibidir.

* Azərbaycan Rusiya malları üçün satış bazarıdır, kənd təsərrüfatı məhsulları ilə isə təminatçı rolunu oynayır.

* Azərbaycanda çoxsaylı rusdilli əhali, Rusiyada isə azərbaycanlılar yaşayır ki, bu faktor da Rusiyanın maraqlarını əks etdirir.

* Azərbaycanın əraziləri Rusiyanın təhlükəsizliyi baxımından çox böyük əhəmiyyət kəsb edir. (Bax. s. 240)

Qeyd etmək lazımdır ki, bu gün Rusiya-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir. Bu da onunla bağlıdır ki, Azərbaycan bölgədə bitərəf siyasət yürüdür, özünün maraqlarını qurban vermədən, milli təhlükəsizliyini qorumaq şərti ilə Rusiya ilə bütün sahələrdə tam bərabərhüquqlu əməkdaşlıq edir.

Bu paraqrafı Əli Həsənov belə yekunlaşdırır: "Təhlükəsizlik maraqları çərçivəsindən yanaşdıqda birmənalı şəkildə təsdiq etmək olar ki, Azərbaycanın milli mənafeləri Rusiya ilə rəqiblik deyil, əksinə, bərabərhüquqlu, qarşılıqlı faydalı və strateji tərəfdaşlıq münasibətlərinin yaradılması və inkişafını tələb edir. Xüsusən, 2001-ci ildən etibarən, iki ölkənin prezidentləri arasında yaranan qarşılıqlı münasibətlərin yüksək siyasi səviyyəsi müvafiq olaraq dövlətlərarası əlaqələrin bütün sahələrində hərtərəfli əməkdaşlığın və tərəfdaşlığın inkişafını şərtləndirir". (Bax. s. 252-253)

Rusiyadan bölgəyə SSRİ dağıldıqdan sonra (SSRİ zamanı ABŞ bölgəyə təsir etmək gücündə deyildi.) bu məkana təsir etmək gücünə malik olanbu sahədə aktiv fəaliyyət göstərən, fəal xarici siyasət yürüdən, hər addıma dərhal reaksiya verən, məkana iqtisadisiyasi təsir göstərən, "tək qütblü dünyada" hakim roluna can atan (bəzən buna nail olur da), yeri gəldikdə hansısa bir dövlətin içərisində inqilab (əgər həmin dövlət onun maraqlarına cavab vermirsə) edən, bəzən həmin ölkəni xaosa sürükləyən, özünü superdövlət adlandıran ABŞ-dır.

SSRİ dağıldıqdan sonra bölgədə geosiyasi, geoiqtisadi, geostrateji maraqlarını təmin etmək üçün ABŞ 1992-ci ildə özünün "Yeni geosiyasət" adlanan kursunu həyata keçirməyə başladı.

Əli Həsənov amerikalı analitik Qrem Fuller (kursiv Y. O.) istinadən yazır ki, o ABŞ-ın bölgədəki yeni geosiyasətin 5 əsas müddəasını irəli sürüb. Bunlar:

* Rusiyanın hərbi-strateji cəhətdən Cənubi Qafqaza və bütövlükdə bölgəyə qayıtmamasına və möhkəmlənməsinə imkan verməmək;

* bölgədə islam radikalizmifundamentalizminin güclənməsinin qarşısını almaq, vətəndaş cəmiyyətlərinin yaranmasını və inkişafını dəstəkləmək;

* kütləvi qırğın silahının yayılmasının və nəzarətsiz silahlanmanın qarşısını almaqbu sahəyə diqqəti gücləndirmək;

* Xəzər neftinə tam nəzarət üçün tələb olunan geosiyasi, geoiqtisadigeostrateji rəqabət mühitini formalaşdırmaq;

* Yerli hakimiyyətlərə demokratik təzyiq imkanlarını artıraraq regionu geosiyasi nəzarətdə saxlamaqs. ibarətdir.

Daha sonra o qeyd edir: "ABŞ-ın bölgədə yürütdüyü regional geosiyasətin əsasını təşkil edən daha bir sənəd həmin dövrdə qəbul edilmiş "Madlen Olbrayt doktrinası" adlanır. Bu doktrina Rusiyanın bölgədən qismən təcrid olunmasını, onun iştirakı olmadan Orta Asiya və Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının beynəlxalq bazarlara nəqlini, Moskvanın bölgədəki siyasi, iqtisadi və hərbi nüfuzunun azaldılmasını, bununla paralel olaraq, Rusiya ilə İranın anti-qərb platformasında strateji yaxınlaşmasının qarşısının alınmasını və s. nəzərdə tuturdu". (Bax. s. 261)

Göründüyü kimi, Birləşmiş Ştatların bu doktrinası özündə bir çox məsələlərin həllini ehtiva edir. Belə ki, ABŞ bu doktrinada nəzərdə tutur ki, bölgədə hərbi-strateji bazalarını yerləşdirsin, eyni zamanda onun marağında olan dövlətlər NATO-nun təsiri altına düşməklə, demokratik dəyərləri qorumaq adı altında Rusiyanı tədricən hərbi-strateji təsir dairəsindən çıxarsın. Eyni zamanda regionun liberal iqtisadi inkişafı və bazar iqtisadiyyatını formalaşdırmağa yardım etməklə yeni siyasi elitanın yaranmasına rəvac versin. ABŞ gözəl başa düşür ki, köhnə sovet kadrları və partnomenklatura ilə özünün geosiyasi, geoiqtisadigeostrateji maraqlarını bölgədə həyata keçirə bilməz, çünki hamıya məlumdur ki, köhnə siyasi elita əksəriyyəti DTK-nın süzgəcindən keçib və onların çoxu Moskvaya bağlıdır. ABŞ-a isə maraqlarını təmin etmək üçün yeni siyasi elita lazımdır. O siyasi elita ki, onun maraqlarını dinməz və dönməz olaraq həyata keçirəcək. Bunun bariz nümunəsi Gürcüstanın sabiq prezidenti M. Saakaşvili və Ukraynanın sabiq prezidenti V. Yuşşenkodur. ABŞ-ın hazırladığı bu kadrlar yeni siyasi elita adı altında formalaşaraq öz ölkələrində "Narıncı inqilab" fəlsəfəsini ortaya ataraq

inqilab edərək hakimiyyət başına keçdilər. Maraqlı burasıdır ki, ABŞ-ın yaratdığı "narıncı inqilab" fəlsəfəsi bu ölkələrdə özünü doğrultmadı. Belə ki, bu ölkələrdə hələ də xaos, inqilablar, ərazi ilhaqı və s. davam edir. Lakin bu mənfi tendensiyalara baxmayaraq, ABŞ bu iki dövlətdə möhkəmlənməyi bacardı, amma hansı itkilərin hesabına? Bu superdövlət üçün fərqi yoxdu hansı itkilər olacaq. Onun üçün əsas odur ki, postsovet məkanında geosiyasi maraqlarını həyata keçirsin, plasdarm yaratsın və Rusiyanı bu məkandan tədricən sıxışdırsın. ABŞ belə "Narıncı inqilabı" Azərbaycanda həyata keçirmək istəyirdi. Lakin Azərbaycan Prezidentinin düzgün apardığı xarici siyasət nəticəsində ABŞ istədiyi nəticəni əldə edə bilmədi.

Daha sonra bu doktrina radikal islamın güclənməsini qarşısını almaq nəzərdə tutur. Belə ki, ifrat islam fundamentalizmi ABŞ-ın milli təhlükəsizliyinə və inkişafına əngəl törədir.

Bu doktrinanın əsasını Xəzər neftinə tam nəzarət üçün tələb olunan rəqabət mühitinin formalaşdırılması təşkil edir. Əslində "rəqabət" sözü nisbidir, çünki dolayısı ilə buya digər şəkildə rəqabətdə iştirak edən şirkətləri ABŞ idarə edir, yönəldir, istiqamətləndirir və həmin şirkətlərə ABŞ maraqlarının həyata keçirilməsi üçün tövsiyələr və direktivlər verir. Nəhayət yerli hakimiyyətlərə təzyiq etmək və ən əsası uyğun yeni siyasi elitanın yaranmasında demokratiyanı genişləndirmək nəzərdə tutulur. ABŞ belə fikirləşir ki, geosiyasi, geoiqtisadi, geostrateji maraqlarını həyata keçirmək üçün təkcə xarici faktor təzyiqi bəs etmir. Bura həm də demokratiyanı genişləndirmək adı altında yerli hökumətlərə təzyiq etmək üçün vətəndaş cəmiyyətlərindən və siyasi partiyalardan istifadə etmək lazımdır. Müəllifə görə, ABŞ və NATO müttəfiqləri Avrasiyanın, xüsusən də Cənubi Qafqaz bölgəsi və Xəzər-Qara hövzəsinin regional təhlükəsizliyi ilə bağlı Rusiyadan fərqli olan ikinci əsas beynəlxalq mövqenin daşıyıcısı hesab olunur. Onların Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı təhlükəsizlik siyasətini məzmununa görə dörd mərhələyə bölmək olar.

Birinci mərhələ 1990-1993-cü illəri əhatə edir. Bu dövr kəşfiyyat və tədqiqat dövrüdür. Bura enerji ehtiyatlarının həcmi, marşrutların və onları istehsal edən şirkətlərin öyrənilməsi və s.daxildir.

 

(Ardı var)

 

Yunus OĞUZ

 

Bakı xəbər.- 2015.- 15 sentyabr.- S. 6.