Azərbaycan turizmi dünya mediasının gündəmində
getdikcə aktuallaşır
Nahid Bağırov: "Hazırda nəinki
beynəlxalq mətbuat, dünya turizm aləmi Azərbaycan turizmi
haqqında danışır"
"Azərbaycan
turizmi həm müasirliyi,
həm də qədimliyi ilə əcnəbilərin diqqətini
çəkir"
Turizm və sosial-mədəni servis xidməti fəaliyyət növü kimi əhalinin asudə vaxtının səmərəli istifadə edilməsinə, ekskursiya, səyahət və turist marşrutlarının təşkilinə, həmçinin turistlərin başqa xidmət növlərindən istifadəsinin gücləndirilməsinə təkan verir. Turizm xidmətləri bilavasitə turist təşkilatlarının fəaliyyətinin nəticəsidir.
Turizm xidməti əməyin spesifik xüsusiyyətlərini və məzmununu müəyyənləşdirən milli iqtisadiyyatın müstəqil sahəsidir. Turizmdə əmək məhsuldarlığının artım sürəti üçün xidmətin səviyyəsinin yüksəldilməsi, əməyin təşkili və stimullaşdırılmasının forma və üsullarının təkmilləşdirilməsi, turizm və sosial-mədəni servis xidmətlərinin təşkilinin yenidən qurulması zəruridir.
Azərbaycanın dünyada turizm ölkəsi kimi tanınması üçün geniş imkanlar mövcuddur. Azərbaycanın qədim tarixə malik olması, Xəzər dənizi sahilində yerləşməsi, tarixi abidələrlə zənginliyi, dünyanın 11 iqlim qurşağından 9-nun burada mövcudluğu və insanların qonaqpərvərliyi turizmin inkişaf etdirilməsinə geniş imkanlar yaradır.
Son zamanlar ölkə turizminin inkişaf etməsi dünya mətbuatında da yer alıb. Bir sıra ölkələrin nüfuzlu nəşrlərində mütəmadi olaraq Azərbaycan turizminin inkişafı, əldə etdiyi uğurlar haqqında məqalələr dərc olunur.
Azərbaycan Turizm Assosiasiyasının prezidenti Nahid Bağırov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Azərbaycan turizminin dünya mətbuatına çıxması sevindiricidir. Əcnəbi oxucuların ölkə turizmi haqqında məlumatlar oxuması görülən işlərin nəticəsidir: "Bəllidir ki, ölkəmiz mühüm yarışlara, beynəlxalq tədbirlərə ev sahibliyi edib. Məsələn, bir neçə il öncə Bakıda "Avroviziya" musiqi müsabiqəsi keçirildi. Həmin müsabiqə zamanı və sonra da Azərbaycan turizmi haqqında xarici mətbuat səhifələrində silsilə məqalələr dərc olundu. Eyni zamanda, "Bakı-2015" Avropa Oyunlarının ilk dəfə məhz Azərbaycanda keçirilməsi də xarici oxucuların maraq nöqtəsində idi. Həmin ərəfədə bəzi ölkələrin mediasında yarışla bağlı hər hansı bir məlumat verilməmişdi. Ancaq buna baxmayaraq, ölkəmizə gələn turistlər Azərbaycanın necə inkişaf etdiyini, Bakının tamam başqa bir aləm olduğunu anladılar. Və öz gördüklərini yaşadıqları ölkənin mediasında yaydılar".
N.Bağırovun sözlərinə görə,
hazırda nəinki beynəlxalq mətbuat, dünya
turizm aləmi Azərbaycan turizmi
haqqında danışır. Azərbaycan turizmi
dünya arenasında öz
sözünü deyib:
"Azərbaycan turizmi həm müasirliyi, həm də qədimliyi ilə əcnəbilərin
diqqətini çəkir".
Günel CƏLİLOVA
Bakı xəbər.- 2015.- 15
sentyabr.- S. 12.