Bakının erməni daşnaklarından xilas edilməsindən 97 il ötür...

 

15 sentyabr dövlətçilik tariximizə, xalqımızın həyatına şanlı bir səhifə kimi yazılıb. Bu səhifəni bir zamanlar qaralayıb arxiv küncünə atan bolşeviklər heç ağlına da gətirməzdi ki, bu şanlı səhifə üzə çıxacaq və xalqın ömürlük yaddaşına yazılacaq. 97 il bundan əvvəl Qafqaz İslam Ordusu tərəfindən Bakı rusdaşnak birləşmələrindən xilas edildi. Bu qudsal gün isə 15 sentyabrın taleyinə yazıldı. 3 il sonra 100 illiyini qeyd edəcəyimiz bu şanlı zəfər günü bizim üçün çox dəyərlidir.

Qeyd edək ki, Qafqaz İslam Ordusu Osmanlı dövlətinin 1918-ci ilin mart-avqust tarixləri arasında yaratdığı Şərq Orduları Qrupuna daxil olan hərbi birliklər olub. Hərbi nazir Ənvər paşanın əmri ilə yaradılan və tamamilə müsəlmanlardan ibarət olan ordu Birinci Dünya Müharibəsi zamanı Qafqaz cəhbəsindəki döyüşlərdə iştirak edib. Ona Nuru paşa rəhbərlik edirdi. 12-14 min osmanlı əsgərindən ibarət olan Qafqaz İslam Ordusu Azərbaycan türklərindən və Dağıstan müsəlmanlarından ibarət könüllülərin qatılması ilə təqribən 20 min sayında olub. Bakı qırğınından sonra Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq və Dağıstan müsəlmanlarına yardım etmək məqsədilə Osmanlı dövləti tərəfindən təşkil edilmiş hərbi struktur olan Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cumhuriyyətinin elan edildiyi günlərdən 1918-ci ilin noyabrına qədər fəaliyyət göstərib. Azərbaycan tarixində, dövlətçilik taleyimizdə, xalqımızın xilasında mühüm rol oynayan Qafqaz İslam Ordusunun fəaliyyəti bu gün də xatırlanır və bu orduda təmsil olunanların ruhu böyük ehtiramla anılır.

Bəli, 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə də həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı qiyamına, qətliamlarına və rəhbərliyinə son qoyulub.

Tarixçilərin yazdığına görə, 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Müstəqilliyə təzə qovuşan, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin isə ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən, Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi. Cumhuriyyət tarixçiləri yazır ki, möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb və beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verilib, bir neçə ay sonra isə parlamentə demokratik qaydalar əsasında seçkilər keçirilib. Tarixçilər qeyd edir ki, Bakının azad olunması həm də türklərin humanistliyini bir daha sübut etdi. Sentyabrın 16-da parad qəbul edərək təntənəli şəkildə şəhərə daxil olan Nuru paşa Bakıda qalmış rus zabitləri ilə hörmətlə davrandı. O nəinki Nargində türk hərbi əsirlərinə göstərilən amansızlığa görə onlardan intiqam almağa çalışdı, hətta belə bir mürəkkəb vəziyyətdə onların ailəsinə maddi yardım göstərilməsini təmin etdi. Tarixçilərə görə, türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb oldu. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil etdi. Ziyafət indiki Dövlət Filarmoniyasının binasında keçirildi. H.Z.Tağıyev türk ordusunun komandanı Nuru paşayaonun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim etdi.

Amma Antanta dövlətlərinin Osmanlı Türkiyəsinə təzyiqi getdikcə daha da artırdı. Ona görə də qısa müddətdən sonra türk qoşunları Bakını tərk etməli oldular.

Onu da vurğulayaq ki, Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 nəfər şəhid verdilər. Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları dövlət səviyyəsində ziyarət olunur. Hər il Şəhidlər Xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önündə anma mərasimi keçirlir. Aradan uzun illər keçməsinə baxmayaraq, Türkiyə Ordusu tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmayacaq, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanacaq.

AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru, görkəmli tarixçi, professor Musa Qasımlı mətbuata bildirib ki, o zaman türk ordusu Bakını azad etməsəydi, paytaxtın etnik tərkibi tamamilə fərqli olardı. Musa Qasımlı qeyd edib ki, I Dünya Müharibəsi zamanı Bakının beynəlxalq aləm üçün əhəmiyyəti böyük olub: "Həmin tarixdə Azərbaycan və Türkiyənin silahlı qüvvələrindən ibarət Qafqaz İslam Ordusu paytaxt Bakını Sentrokaspi diktaturasının işğalından azad etdi. Bununla da Azərbaycan özünün təbii paytaxtına qovuşdu. O zaman Bakı uğrunda amansız mübarizə gedirdi. Həmin dövrün ingilis sənədlərində yazılırdı ki, Bakıya kim sahib olacaqsa, Xəzər dənizinə sahib olacaq, Şimali və Cənubi Qafqaza nəzarət imkanı əldə edəcək, Orta AsiyayaAvrasiyaya keçid qazanacaq. Avrasiyaya keçid dünyanın ürəyinə keçid deməkdir və dünyanın ürəyinə gedən yol Bakıdan keçir. Osmanlı dövlətinin Qafqazla bağlı strateji hədəflərinin olduğuna baxmayaraq, Qafqaz İslam Ordusu təkcə strateji maraqlardan yox, mənəvi borc baxımından da azərbaycanlıların köməyinə gəlib. I Dünya Müharibəsində bir neçə cəbhədə döyüşən Osmanlı dövlətində ərəblər üsyan qaldırdılar. Panislamizmin iflasa uğradığını görən Osmanlı tarixən türklərin yaşadığı ərazilərə üz tutdu. Əslində Ənvər paşaNuru paşa türkçülük hissiyyatı ilə yox, strateji məqsədlərlə Turan qurmaq fikrinə düşmüşdülər. Dünya müharibəsi dövründə ingilislər hamıdan əvvəl neftin əhəmiyyətini başa düşdü. Onlar hələ 1918-ci ilin yanvarında Bakıya gəlmək istəsələr də, alınmadı. Zaqafqaziya Seymi dağıldıqdan sonra, 1918-ci ilin mayında Azərbaycan müstəqilliyini elan etdi və Osmanlı üçün əlverişli şərait yarandı. Lakin artıq buna qədər Cənubi Qafqazda azərbaycanlılar və türklər erməni silahlı qüvvələri tərəfindən kütləvi şəkildə qətlə yetirilirdi. 1917-ci ildə rus əsgərləri Qafqazdan geri çəkiləndə öz silahlarını ermənilərə verdilər. Qafqazda böyük dövlətlərin maraqları toqquşurdu. Rusiya bu ərazilərdən çəkilmək istəmirdi, İngiltərə, Almaniya və Osmanlı Bakıya can atırdı. Cənubi Qafqazın 6 milyon əhalisinin 3 milyondan çoxunun türk və müsəlman olması Osmanlı üçün müsbət hal idi. Burada müsəlman türklərin kütləvi şəkildə məhv edilməsi Osmanlı üçün mənəvi səbəb də yaradırdı. Kütləvi qırğınların pik həddə çatdığı mart qırğınlarından sonra Bakıya gəlmək islamın və türklüyün mərkəzi olan Osmanlı üçün mənəvi borc idi".

Azərbaycan Cumhuriyyəti ilə Osmanlı arasında bağlanan Batum müqaviləsinin şərtlərindən danışan professor Musa Qasımlı qeyd edib ki, Osmanlı qoşununun Qafqaza gəlişi beynəlxalq hüquq normalarına uyğun olub. Onun dediyinə görə, 1918-ci il iyunun 4-də Azərbaycan Cumhuriyyəti ilə Osmanlı arasında Batum müqaviləsi imzalandı və Azərbaycan hökuməti rəsmi şəkildə Osmanlıya müraciət edib: "Bundan əlavə, Osmanlının strateji maraqlarını da unutmaq olmaz. Neftə sahib olan dövlət müharibəni qazanmış hesab olunurdu. Nuru paşanın komandanlıq etdiyi türk hərbi hissələri Gəncəyə gələrək Azərbaycan hökumətinin Tiflisdən Gəncəyə köçməsinə yardım etdilər və Qafqaz İslam Ordusunun təməli qoyuldu. Bolşevik hökuməti Gəncəyə hücum edərək Tiflisi də ələ keçirmək istəyirdi. Onların qoşunları yolboyu Şamaxıda, Kürdəmirdə azərbaycanlılara qarşı kütləvi qırğın törətdilər. Göyçay və Qaraməryəmdə güclü döyüşlər oldu. Nuru paşanın Göyçayda əhaliyə müraciətinə dair tarixi faktlar var. Elə qarışıq dövr idi ki, əhali hərbi əməliyyatların nə üçün aparıldığını belə bilmirdi. Nuru paşanın Göyçaydakı məşhur çıxışı əhalidə böyük ruh yüksəkliyi yaratdı. Müasir dünyada böyük dövlətlərin Azərbaycanla bağlı siyasətini öyrənmək baxımından həmin dövrdəki beynəlxalq münasibətləri öyrənmək vacibdir. Avqust ayında Almaniya ilə bolşevik Rusiyası arasında bağlanan müqaviləyə əsasən, Rusiya Gürcüstanın müstəqilliyini tanıyacaqdı, Almaniya isə Osmanlı qoşunlarının Kürdən şimala keçməsinə mane olacaqdı. Bunun müqabilində Rusiya Bakı neftinin bir hissəsini Almaniyaya verəcəkdi. Osmanlının etnikdini baxımdan Bakıda heç bir problemi yox idi. Almaniya da Bakıya can atırdı. Belə bir qarışıq məqamda Bakını məhz Azərbaycan hökumətinin adı ilə azad etmək çox diplomatik addım idi. Çünki əks halda, bu, işğal adlandırılar və Bakının boşaldılması tələb oluna bilərdi. Nuru paşa hər şeydən əvvəl bir əsgər idi, o bunu yaxşı anlayırdı və əsas hədəfi Bakını azad etmək idi. Bakının azad edilməsi ilə başla bədən birləşdi...Unutmayaq ki, Nuru paşa siyasətçi yox, hərbçi idi. Azərbaycan hökuməti və ziyalıları Azərbaycanı müstəqil görmək istəyirdilər, lakin həmin dövrdə Osmanlıya birləşməyi istəyənlər də var idi. O dövrün sənədlərində yazırlar ki, Azərbaycanda cəmi 63 nəfər ziyalı var idi. Lakin təkcə Ukraynada yüzlərlə azərbaycanlı tələbə təhsil alırdı. Nuru paşa mülki hakimiyyətin işlərinə qarışmırdı və milli hakimiyyətin formalaşmasını istəyirdi. Lakin bu dövrdə Milli Şurada fikir ayrılığı hökm sürürdü. Nuru paşa ilə Azərbaycan hökuməti arasında münasibətin bir göstəricisi də Qafqaz İslam Ordusunun Bakıdan çıxması idi. Bu zaman Nuru paşanın şərəfinə İctimai klubda böyük ziyafət təşkil olundu və oradakı çıxışlar mətbuatda öz əksini tapdı".

Bakının erməni daşnakları və rus birləşmələrindən xilas edilməsi təbii ki, xalqımızın, dövlətimizin, dövlətçiliyimizin xilası oldu. 97 il əvvəl baş verən bu şanlı hadisənin iştirakçılarının ruhu şad olsun. Daşnak işğalından əziyyət çəkən, daşnak zülmü görən hər bir Azərbaycan bölgəsində Qafqaz İslam Ordusunun rəhbəri Nuru paşanın ruhu əziz tutulur, şəhid olan əsgərlərin məzarı ziyarət edilir, onlara rəhmətlər dilənir.

 

İradə SARIYEVA

 

Bakı xəbər.- 2015.- 15 sentyabr.- S. 15.