Azərbaycan dövlətçilik tarixində AXC ordusunun rolu...

 

Azərbaycan dövlətçilik tarixində önəmli rol oynayan milli ordu quruculuğu siyasəti müstəqil dövlətin görməli olduğu vacib işlərdən biridir. Bilirik ki, Azərbaycan Xalq Cumhuriyyəti (AXC) dövründə respublikamızın nizami ordusu formalaşdırılıb. Azərbaycan tarixində xüsusi yeri olan və dövlətçilik taleyimizdə mühüm rol oynayan AXC ordusu qüdrətli şəxsiyyətlərimiz tərəfindən yaradılıb. Gənc ölkənin gənc ordusunun ömrü az olsa da, bu qısa müddətdə böyük iz qoya bilib. Əlbəttə, o dövrdə Azərbaycanın çox görkəmli övladları olub, hərbçiləri yetişib, generalları fəaliyyət göstərib.

Bilirik ki, müstəqil Azərbaycan dövləti AXC-nin varisi kimi onun yarımçıq qalan bütün işlərini davam etdirdi. Bu gün Azərbaycan dövlətinin böyük və zəfər qazanmağa hazır ordusu var. General babalarımızın arzusu müstəqil dövlətimizin olması və onun qüdrətli orduya sahib olması olub. Qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan dövləti ordu quruculuğu sahəsində də böyük yol keçib. Azərbaycan dövlətlərinin, xanlıqlarının, sultanlıqlarının ordusu olub. Bu ordularda xidmət edən bizim ulu babalarımız idi.

Cumhuriyyət tarixçilərinin yazdığına görə, Azərbaycan Xalq Cumhuriyyətinin Milli Ordusu 1918-ci ildə, Şimali Azərbaycan müstəqillik qazandıqdan sonra Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin yaratdığı milli ordu olaraq tarixə düşüb. Tarixçilər onu da qeyd edir ki, Azərbaycan Xalq Cumhuriyyəti Silahlı Qüvvələrinin təşkilinə Cumhuriyyətin elan edildiyi gündən başlanıb.

Tarixçilər yazır ki, 1918-ci ildən başlayaraq Ermənistan yaranmış gərgin vəziyyətdən istifadə edərək və bolşeviklərin dəstəyi ilə zorla Azərbaycanın Zəngəzur, Dağlıq Qarabağ və Naxçıvan bölgələrini işğal etmək məqsədilə onun sərhədlərini pozur və sərhədyanı rayonlarda hərbi toqquşmalar yaradırdı. Belə bir şəraitdə ölkənin ərazi bütövlüyünü, müstəqilliyini müdafiə etmək üçün güclü ordu yaratmaq dövlətin birinci dərəcəli vəzifəsi idi.

Cumhuriyyət tarixçilərinin verdiyi bilgiyə görə, 1918-ci ilin may ayının 28-də qəbul edilən Azərbaycan Demokratik Respublikasının İstiqlal Bəyannaməsində qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan xalqın milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur. Bu zərurətlə bağlı 1918-ci ilin may ayının 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edildi. Azərbaycan Demokratik Respublikasının ordu quruculuğu haqqında tədbirlər planına müvafiq olaraq 1919-cu il noyabr ayının 1-nə qədər ordunun ən mühüm struktur bölmələri və hissələri yaradılıb başa çatdırılmalı idi. Bu müddət ərzində üç alaydan ibarət iki piyada diviziyası, artilleriya diviziyası, xüsusi hissələrin daxil olduğu teleqraf, atlı, pulemyotçu dəstələri, tərkibində üç alay olan süvari diviziyası, hava dəstəsi, dəmiryol taboru təşkil edilməli idi.

Tarixçilər qeyd edir ki, ordu quruculuğu proqramının həyata keçirilməsində Azərbaycan Demokratik Respublikasının hökuməti bir sıra çətinliklərlə üz-üzə gəlirdi. Çar Rusiyasının hərbi siyasətində bir çox xalqlarla bərabər azərbaycanlılara qarşı qərəzli münasibət mövcud idi. Azərbaycanlılar, bəzi istisnalar nəzərə alınmasa, əsasən hərbi məktəblərə qəbul edilmir, ordu sıralarına çağırılmır, yalnız hərbi vergi verirdilər. Elə bu səbəbdən Azərbaycanda böyük hərbi hissələr və kifayət qədər hərbi silah yox idi. O vaxt yalnız Qafqaz atlı diviziyasının tərkibinə daxil olan azərbaycanlı atlı alayı var idi.

Azərbaycan korpusunun yaradılması barədə yazan tarixçilər bildirir ki, 1917-ci ilin aprel ayında Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında xüsusi hərbi hissələrin yaradılması ilə məşğul olan büronun təsis edilməsi haqqında qərar qəbul edildi. Müsavat Partiyasının 1917-ci ilin oktyabr ayının 26-da keçirilən birinci qurultayında milli ordu yaradılması məsələsi tələb edilirdi. Həmin ilin noyabr ayının 5-də Gəncədə keçirilən Qafqaz müsəlman hərbi qurultayı şəhərə gələn tatar atlı taboru bazasında Azərbaycan korpusunun yaradılmasını tövsiyə etdi. Ölkədə yaranmış gərgin vəziyyətlə əlaqədar olaraq nəzərdə tutulan tədbirlər çox çətinliklə və ləng həyata keçirilirdi.

Azərbaycan artilleriyaçılarından yazan tarixçilər qeyd edir ki, gərgin vəziyyət Azərbaycan Demokratik Respublikası hökumətini ciddi tədbirlər görmək məcburiyyəti qarşısında qoydu. Gəncəyə qarşı yarıdan çoxu ermənilərdən ibarət olan Qafqaz qızıl ordusu tərəfindən gözlənilən təhlükənin qarşısını almaq üçün hökumət Qərbi Azərbaycanda hərbi vəziyyət elan etdi. Azərbaycan Demokratik Respublikası hökumətinin dəvəti ilə 1918-ci ilin may ayının sonunda Nuru paşa 300 nəfərlik təlimatçı qrupu ilə Azərbaycana-Gəncəyə gəldi. Bu vaxt çoxsaylı bolşevikdaşnak qoşunları Gəncə istiqamətində hücuma başladılar. Məqsəd Azərbaycan Demokratik Respublikasının milli ordusunu məhv etmək və bütün Azərbaycan ərazisini işğal etməkdən ibarət idi. Vəziyyətin çıxılmaz olduğunu görən təcrübəli hərbçi Nuru paşa üçüncü ordunun komandanı Vəhib paşaya məktub yazıb, təcili hərbi yardım istədi. Hərbi yardımı rəsmiləşdirmək məqsədilə 1918-ci ilin iyun ayının dördündə Batumda Azərbaycanla Türkiyə arasında bağlanan müqaviləyə əsasən türk qoşunları Gəncəyə göndərildi. İlk olaraq beşinci Qafqaz diviziyasına daxil olan doqquzuncuikinci süvari alay Azərbaycana yola düşdü, alaylar iyun ayının 15-də Gəncəyə çatdılar.

Beləliklə, 5 minlik əlahiddə Azərbaycan hərbi korpusu, beşinci, doqquzuncuon beşinci Çanax qala alayları bazasında Qafqaz İslam Ordusu yaradıldı, onun komandanı Nuru paşa təyin edildi. Tarixçilər yazır ki, bu vaxt S.Şaumyanın rəhbərliyi ilə bolşevik-daşnak qüvvələri Bakı-Şamaxı-Göyçay istiqamətində hərəkət edir, Qaraməryəmi tutaraq Ucara doğru irəliləyirdilər. Təhlükənin qarşısını almaq üçün Nuru paşa Gəncədəki erməniləri tərksilah etdiqoşunu Göyçay istiqamətinə göndərdi. Onuncu alayı hazırlıqsız döyüşə qoşan Osman bəyin uğursuzluğunu öyrənən Nuru paşa general Ə.Şıxlinski ilə birlikdə iyun ayının 18-də Müsüslüyə, sonra isə Göyçaya gəldi, real vəziyyəti təhlil etdi, milli ordu hissələrini və yerli könüllüləri döyüşə hazırladı.

Görülən tədbirlər nəticəsində iyun ayının 27-30-da başlanan döyüşlərdə bolşevik-daşnak qüvvələri darmadağın edildiQafqaz İslam Ordusu Bakıya tərəf hərəkətə başladı. Qafqaz İslam Ordusu 1918-ci il sentyabr ayının 15-də Bakı şəhərini tutdu və Azərbaycan Demokratik Respublikası hökumətinin paytaxta köçməsi üçün şərait yaratdı. Qafqaz İslam Ordusu Bakını daşnaklardan, eserlərdən və ingilislərdən təmizlədi, şəhəri Azərbaycan Demokratik Respublikasının rəsmi paytaxtına çevirdi, Azərbaycanı təhlükədən xilas etdi, bütün ölkəyə nəzarəti hökumətin sərəncamına verdi. Bakının azad edilməsi ilə əlaqədar olaraq Türkiyənin hərbi naziri Ənvər paşanın (o, Nuru paşanın böyük qardaşı idi) Xəlil paşaNuru paşaya göndərdiyi teleqramda deyilirdi: "Böyük Turan imperatorluğunun Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin zəbti xəbərini böyük bir sevinc və məmnunluqla qarşıladım. Türkislam tarixi sizin bu xidmətinizi unutmayacaq. Qazilərimizin gözündən öpər, şəhidlərimizə fatihələr ithaf edirəm".

Bakının azad edilməsi uğrunda müxtəlif düşmən qüvvələrin birləşmiş qoşun hissələri ilə vuruşlarda min nəfər türk əsgəri və zabiti, beş min yerli əhali həlak oldu.

Bakıda hakimiyyət Azərbaycan Demokratik Respublikasına verilsə də, Qarabağda daşnak erməni təhlükəsi davam etməkdə idi. Bu bölgədə xalq hakimiyyətinin mövqeyini möhkəmləndirmək üçün Qafqaz İslam Ordusunun hissələri Qarabağa göndərildi. Orduya yerində rəhbərlik etmək üçün Nuru paşa Ağdama gəldi, vəziyyəti öyrəndi və böyük güclə hücuma keçib Şuşaya daxil oldu, şəhərdə Azərbaycanın bayrağını qaldırdı, müdafiə mövqelərini möhkəmləndirdi. Lakin o, Türkiyənin Birinci Dünya Müharibəsində məğlubiyyəti və Bakıya ingilis qoşunlarının daxil olması ilə əlaqədar olaraq 1918-ci ilin noyabr ayının 17-də başladığı əməliyyatları yarımçıq qoyub Türkiyəyə qayıtdı. Nuru paşanı təqib edən ingilislər İstanbulda hərbi nəzarət polisi tərəfindən onu həbs edərək edam üçün Batuma göndərirlər. Lakin Nuru paşanın müdafiə etdiyi azərbaycanlılar onu xilas edir, sağ-salamat vətənə yola salırlar.

Ordu quruculuğu proqramından yazan tarixçilər bildirir ki, türk ordusu Azərbaycanı tərk etdikdən sonra ölkədə çox ağır vəziyyət yarandı, xarici təzyiqlər artdı, hərbi müdaxilə təhlükəsi çoxaldı. Ağır vəziyyət barədə Məmməd Əmin Rəsulzadə deyirdi ki, türk ordusu çəkildi, Azərbaycanın hərbi hissələri isə yox idi, müxtəlif yerlərə səpələnmiş 1500 Azərbaycan əsgəri var idi.

Göründüyü kimi, vəziyyət çox ağır, vaxt isə yox idi. Çıxış yolu ordu quruculuğu sahəsində təcili tədbirlər görməkdə idi. Başlanan ordu quruculuğu və müdafiə tədbirləri Nuru paşatürk hərbi hissələri Azərbaycanı tərk etdikdən sonra böyük vüsət aldı, yeni hazırlıq işləri görüldü, planlar hazırlandı. Məşhur hərbçi, rus ordusu tərkibində döyüşlərdə böyük şücaət göstərmiş general Əliağa Şıxlinski ordu quruculuğunu sürətləndirmək məqsədilə hərbi planlarla çıxış etdi, strateji təkliflər hazırladı. Plana görə, 1919-cu ildə 25 minlik, 1920-ci ildə isə 40 minlik mütəşəkkil, müasir silahla təmin edilmiş milli ordu yaradılmalı, ən vacib bölgələrdə yerləşdirilməli idi.

Vacib məsələlərdən biri hərbi nazirliyin yaradılmasından ibarət idi. Hərbi nazir vəzifəsi rəsmi təsis edilməsə də, bu vəzifəni 1918-ci ilin may ayının 28-dən iyun ayının 11-nə qədər Xosrov bəy Sultanov icra edib. Oktyabrın 6-dan dekabrın 26-dək hərbi işlər üzrə müvəkkil İ.Ziyadxanov olub. Nazirlər Kabineti oktyabr ayının 23-də hərbi nazirliyin yaradılması haqqında qərar qəbul etdi. Bu qərar noyabr ayının 7-də rəsmiləşdirildi və hərbi nazir vəzifəsi Fətəli xan Xoyskiyə həvalə edildi. 1918-ci ilin dekabr ayının 26-da rus ordusunda xidmət etmiş artilleriya general-leytenantı Səməd bəy Mehmandarov hərbi nazir, həmin ayın 29-da general-leytenant Əliağa Şıxlinski onun müavini təyin edildi. General-leytenant Süleyman Sulkeviç Baş Qərargah rəisi təyin edildi.

Tarixçilərin yazdığına görə, 1918-ci ilin dekabr ayının 13-də Gəncədən göndərdiyi məlumatda Milli Azərbaycan Korpusunun komandanı general Əliağa Şıxlinski bildirirdi ki, o, yeni Azərbaycan Ordusunun layihəsini hazırlayır. Layihədə general ordunun quruluşunu, strukturunu, tərkibini müəyyən edən sxem hazırlamışdı. Peşəkar hərbçi hərbi nazir vəzifəsinə böyük təcrübəyə və təhsilə malik zabitin təyin edilməsini, korpuslar əvəzinə ənənəvi diviziyaların yaradılmasını tövsiyə edirdi.

Tarixi mənbələrə görə, hərbi nazir Səməd bəy Mehmandarov yaxşı bilirdi ki, bolşeviklərin təbliğatı nəticəsində orduda vəziyyət yaxşı deyil, ərzaq çatışmır, səfərbərlik planı yerinə yetirilmir. Bütün bunları nəzərə alan nazir elə həmin gün xalqa müraciət etdibildirdi ki, ölkəmizin bütün vətəndaşları - istər kasıb, istər dövlətli, eyni şəkildə hərbi qulluğu çəkməli və kimsə dövlətliləri hərbi qulluqdan azad etsə, ağır cəzalanacaq. Generalın əqidəsinə və hazırladığı plana görə, müstəqil Azərbaycanın milli təhlükəsizliyini, ərazi bütövlüyünü və dövlət sərhədlərini müdafiə etmək üçün bütün vətəndaşlar əsgəri xidmət keçməli, torpaqlarımızı qorumalı, vətəndaşlıq nümunəsi göstərməlidirlər.

 

İradə SARIYEVA

 

Bakı xəbər.- 2015.- 16 sentyabr.- S. 15.