Azərbaycanda alternativ (bərpa olunan)
enerji mənbələri: mövcud vəziyyət, əsas
prioritetlər və perspektiv imkanlar
Məlumdur ki, dünya əhalisinin sayı durmadan
artır. Bununla əlaqədar əhalinin ərzaq məhsullarına
olan tələbatını ödəmək, sosial-iqtisadi
durumunu təmin etmək kimi çox vacib məsələlər
gündəmə gəlib. Digər tərəfdən, hərbi
münaqişələr, "soyuq müharibə"
dövrünə qayıdış, "rəngli
inqilablar"la ABŞ və Qərbin müsəlman ölkələrində
"demokratiyanı qoruması" və digər neqativ proseslər
iqtisadiyyatın artım tempini vacib edib.
Bu artım isə mövcud enerji resurslarından maksimum
istifadə etməklə mümkün olur. Lakin proqnozlara
görə, bu ehtiyatlar ən yaxşı halda 80-100 ilə
kifayət edə bilər. Ənənəvi
enerji ehtiyatları tükənməz olmadığı kimi, həm
də ən müasir texnologiyadan istifadə edildikdə belə,
ətraf mühitin zəhərlənməsi ilə
müşahidə olunur. Artıq heç kim
şübhə etmir ki, ozon qatının zədələnməsi,
planetin istiləşməsi, buzlaqların əriməsi, hava
mühitinin tərkibinin korlanması və digər
aşınmalar mövcud enerji növlərinin istifadədən
sonra atmosferə buraxdığı zəhərli qazların
hesabınadır. Fikrimizi bu gün Pekin,
Şanxay və digər meqapolislərdə insanların
küçəyə qoruyucu tənziflərlə
çıxması da təsdiqləyir.
Bugünkü rəsmi statistikaya görə, hazırda
dünyanın enerji tələbatının 80 faiz neft, qaz və
kömürün hesabına təmin olunur. Dünya
üzrə qlobal elektrik enerji təminatı isə ümumi
enerji istehlakının təqribən 65 faizi qədərdir.
Göründüyü kimi, neft, qaz və
kömürə əsaslanan energetika dünyanın qlobal
enerji probleminin əsas səbəbidir. Belə
ki, hazırda atmosferə atılan qazların 70-80 faizi enerji
istehsal edən qurğuların payına düşür.
AMEA-nın birinci vitse-prezidenti Arif Həşimovun mətbuata
açıqlamasına görə, böyük karbohidrogen
ehtiyatına malik olan Azərbaycanda tüstü
qazlarının əsasını karbon qazı təşkil
edir ki, onun da emissiyasının 97 faizi energetikanın
hesabınadır. Mötəbər proqnozlara
görə, bu neqativ tendensiyanın dinamikası 2025-ci ilədək
davam edəcək. Göründüyü
kimi, dünyaya xas olan həmin qlobal problemin həlli ölkəmiz
üçün də prioritet məsələlərdən
biridir.
Beləliklə, ölkəmizdə alternativ və bərpa
olunan enerji mənbələrindən istifadənin qlobal təhlükəsizliyə
verdiyi töhfəni, ətraf mühitin qorunmasında əvəzsiz
təsirini, iqtisadi baxımdan səmərəliliyini nəzərə
alaraq bu sahə üzrə konsepsiya və işlək qurum
yaradıldı. Qeyd edək ki, "Ətraf mühitin mühafizəsi
üzrə Milli İcra Planı"na
daxil edilən və beynəlxalq sənədlərin prinsiplərinə
əsasən bu konsepsiyada həm də qabaqcıl ölkələrin
təcrübəsi nəzərə alınıb. Bunun
ardınca konkret icra mexanizmləri nəzərə
alınmaqla bərpa olunan enerji mənbələrindən
istifadəni inkişaf etdirmək məqsədilə cənab
İlham Əliyevin sərəncamı ilə (21 oktyabr
2004-cü il) "Azərbaycan
Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə olunması üzrə Dövlət Proqramı"
təsdiq olundu. Prezident İlham Əliyevin
imzaladığı digər sərəncamla isə (16 iyun
2009-cu il) Sənaye və Energetika
Nazirliyinin tərkibində Alternativ və Bərpa Olunan Enerji Mənbələri
üzrə Dövlət Agentliyi yaradıldı.
Sözügedən
enerji mənbələrindən istifadənin əhəmiyyətini
qeyd edən cənab İlham Əliyev deyib: "Biz alternativ
enerji mənbələrini yaratmağa
çalışmalıyıq. İlk növbədə
kiçik çaylarda mini suelektrik stansiyaları tikilməlidir.
Bununla yanaşı, biz külək və
günəş enerjisindən də səmərəli istifadə
etməliyik. Günəş də, külək
də bizdə kifayət qədərdir. Bu sahəyə
həm yerli, həm də xarici özəl şirkətləri
cəlb etmək olar...".
Doğrudur, bu gün ənənəvi enerji mənbələrindən
istifadədə mütərəqqi texnologiyaları tətbiq
etməklə zərərli maddələrin atmosfera
buraxılmasının qarşısı qismən
alınıb.
Lakin bu kifayət etmir. Problemin
kardinal həlli yalnız və yalnız ənənəvi
enerji növlərinin bərpa olunan enerji mənbələri
ilə mütəmadi əvəzlənməsidir.
Bərpa olunan enerji mənbələri günəş və qeyri - günəş mənşəli olmaqla 2 növdür. Günəş mənşəli bərpa olunan enerji mənbələrinə günəş radiasiyası, çayların hidravlik, külək, biokütlə və okean (suyun, dalğanın temperaturlar fərqi və s., enerjiləridir. Qeyri-günəş mənşəli enerji mənbələrinə isə əsasən geotermal enerji və qabarmalarının enerjisi aiddir. Bərpa olunan enerji mənbələri arasında ehtiyatlarının miqyası və ekoloji təmizliyinə görə günəş enerjisi daha perspektivlidir. Xoşbəxtlikdən Azərbaycan karbohidrogen ehtiyatları kimi, günəş enerjisi ehtiyatları ilə də zəngindir. Belə ki, Abşeron yarımadası və Xəzər dənizinin sahilboyu ərazisində günəş şüalarının müddəti il ərzində 2500, Naxçıvan MR-da isə 2900 saata bərabərdir. Naxçıvan MR-nin respublikanın vahid elektrik təchizatı şəbəkəsindən kənarda qalmasını nəzərə alsaq, bu regionda bərpa olunan enerji mənbələrindən istifadə həyati əhəmiyyət daşıyır. Abşeron yarımadası və Xəzər dənizinin sahilboyu ərazisi külək enerjisi ilə də zəngindir. Hesablamalar təsdiq edir ki, 500 kilovatt gücə malik olan bir külək elektrik stansiyası daş kömür stansiyası ilə müqayisədə 750-1250 ton karbon qazının və 3-6 ton digər zərərli maddələrin emissiyasının qarşısını alır. Bu baxımdan Abşeron yarımadasında külək qurğularının tətbiqi həm ölkə iqtisadiyyatına, həm də ekologiyaya mühüm töhfə verər. Müqayisə üçün qeyd edək ki, həmin ərazidə təkcə külək enerjisindən istifadə edilməsi: a) ölkə üzrə ümumi enerji balansının 20 faizini təmin edər; b) bir il ərzində 120 min ton mazuta qənaət və 375 min ton karbon qazının atmosferə atılmasını yox edər.
Bərpa olunan enerji mənbələrinə daxil olan kiçik çayların enerjisi ilə işləyən avtonom su elektrik stansiyalarının istifadəyə verilməsi də çox önəmlidir. Belə ki, bu tip stansiyaların yaradılması ilə ucqar bölgələri elektrik enerjisi ilə təmin etmək, uzaq məsafələrə ötürülən elektrik enerjisində itkiləri azaltmaq, zəhərli qazların tullantılarının qarşısını almaq mümkündür.
Bərpa olunan alternativ enerji mənbələrindən
biri də geotermal enerjidir. Azərbaycanın
müxtəlif bölgələrində yerin altından səthə
axan istiliyin temperaturu yüksək olduğundan, bu enerjidən
geotermal stansiyaların yaradılması üçün və
ya aşağı potensiallı istilik mənbəyi kimi istifadə
oluna bilər.
Bərpa olunan enerji mənbəyi kimi hidrotermal enerji də
xüsusi maraq doğurur. Bu mənbələrdə yeraltı
istilik yer səthinə çıxarılır. Həmin isti su istixana, binaların
qızdırılması, bəzi texnoloji proseslər və
digər məqsədlər üçün çox
yararlıdır.
Məlumdur ki, iqtisadiyyatın bütün sahələrində
istehsal tullantılarının müəyyən hissəsini
biokütlə maddələri təşkil edir. Həmin maddələrdən
elektrik enerjisinin istehsalında istifadə olunan bioqaz, biomaye və
bərk biokütlə alınır. Artıq
bir çox ölkələrdə fəaliyyət göstərən
zibil emalı zavodlarında məişət və sənaye
tullantıları yandırılır. Zibillərin
yandırılmasından alınan enerji hesabına kənd və
qəsəbələr istilik və elektrik enerjisi ilə təmin
edilir. İqtisadiyyatı yüksələn
xətlə gedən Azərbaycanda bu tullantılardan məqsədyönlü
istifadə etmək üçün müəyyən işlər
görülüb. Belə ki, Fransanın
CNİM S.A. şirkəti tərəfindən tikilən
Balaxanı zibil emalı zavodu artıq fəaliyyət göstərir.
Burada 500 min tona yaxın məişət
tullantılarının yanması üçün iki xətt
inşa edilib. Zavodda hər il 230
meqavatt elektrik energisi istehsal edən turbinlər
quraşdırılıb. Müəssisədə zibillərin
yandırılması nəticəsində əmələ gələn
şlam isə yol tikintisində istifadə olunur.
Alternativ
və Bərpa Olunan Enerji Mənbələri üzrə
Dövlət Agentliyi Sənaye və Energetika Nazirliyinin
tabeliyində olduğu dövrdə də, mərkəzi icra
hakimiyyəti kimi müstəqil fəaliyyətə
başlayandan sonrakı qısa müddətdə də
günəş, külək və bioqaz mənbələrindən
elektrik enerjisi almaq üçün mühüm işlər
görüb.
Belə ki, 2011-ci ildə Qobustan Eksperimental Poliqonu və
Tədris Mərkəzinin istifadəyə verilməsi ölkəmizin
günəş, külək və bioqoz enerjisi istehsalı
sahəsində reallaşdırdığı ilk iri layihəsidir. Poliqonun
yaradılmasında məqsəd respublikada alternativ və bərpa
olunan enerjinin inkişafı üçün istiqamət və
təcrübə formalaşdırmaq, sahənin
inkişafına təkan verməkdir. Dünyada ilk hibrid
stansiya olan bu obyektdə 2,7 meqavat külək,
1,8 meqavat günəş və 0,6 meqavat bioqaz enerjisi istehsal
edən stansiyalar fəaliyyət göstərir. Burada hər
birinin gücü 0,9 meqavat olan üç
külək turbini, 1,8 meqavat gücündə günəş
enerjisi stansiyası və 1 meqavat gücündə bioenerji
qurğusu işləyir. Nəticədə
qısa müddətdə bir milyon kilovat-saat elektrik enerjisi
istehsal edilib. Yaxın gələcəkdə poliqonun
gücünün 5,5 meqavata
çatdırılması nəzərdə tutulub. Hazırda
burada regionlarda yerləşən alternativ və bərpa olunan
enerji mənbələri üzrə enerji stansiyalarının
iş rejimlərini avtomatik idarə edilməsinə imkan
yaradan "ağıllı şəbəkə" sistemi
quraşdırılır. Poliqonun fəaliyyətini yüksək
qiymətləndirən Prezident İlham Əliyev deyib:
"Qobustandakı stansiya çox gözəl təcrübədir,
bu layihələrin böyük perspektivi var... Alternativ və
bərpa olunan enerji mənbələrindən istifadə
müasirlikdir, yenilikdir, ekoloji cəhətdən təmiz
texnologiyalardır... Hesab edirəm ki, bir
neçə ildən sonra bu gün burada göstərilən
imkanlardan Azərbaycan vətəndaşları səmərəli
şəkildə istifadə edəcəklər".
Məlumdur ki, Günəş enerjisindən istifadə
edərkən xüsusi panel və lampaların olması vacib
şərtdir.
Bu hissələrin xaricdən gətirilməməsi
üçün 2012-ci ildə cənab İlham Əliyevin
iştirakı ilə Sumqayıtda günəş panelləri
və LEd lampaları istehsal edən Azgüntex zavodu istifadəyə
verilib. Artıq məhsullarını bazara
çıxaran zavodda yaxın gələcəkdə 240 min
günəş paneli istehsal ediləcək.
Sumqayıtda yaradılacaq Yüksək Texnologiyalar
Parkında regionda ən nəhəng müəssisələrdən
biri kimi, alternativ və bərpa olunan enerji ilə qidalanacaq 15
zavodun tikintisi planlaşdırılır. Bu
yaxınlarda inşasına başlanacaq Samux Aqrotexniki
Kompleksində isə 10-dan artıq istehsal təyinatlı
obyektlər fəaliyyət göstərəcək. Bu kompleksin işi də günəş, su, bioqaz
enerjisi mənbəyi hesabına təmin ediləcək. Ümumiyyətlə, 2020-ci ilədək ölkəmizin
əksər rayonlarında gücü ilkin mərhələdə
15-20 meqavat, sonradan isə 45-50 meqavata malik hibrid stansiyaların
inşası nəzərdə tutulub. Bu
sahədə ölkəmiz Asiya İnkişaf Bankı, BMT-nin
İnkişaf Proqramı çərçivəsində bir
sıra beynəlxalq şirkətlər ilə sıx əməkdaşlıq
edir.
Göründüyü kimi, Beynəlxalq
Bərpa Olunan Enerji Agentliyinin (İRENA) üzvü olan Azərbaycanda
alternativ enerji mənbələrinin istismarı istiqamətində
müəyyən işlər görülüb. Şübhəsiz
ki, həm görülən, həm də
planlaşdırılan işlər ölkəmizin energetika
sahəsinin gələcək inkişafına
mühüm töhfələr verəcəkdir. Bu, həm də
ölkə və regionda ekoloji tarazlığın
qorunması üçün geniş imkanlar açacaq.
Vaqif
CƏLİLOĞLU,
tex.e.üzrə
fəlsəfə doktoru
Bakı xəbər.- 2015.- 17
sentyabr.- S. 12.