Azərbaycan Xalq
Cumhuriyyəti ordusunun keçdiyi
tarixi yol...
(Əvvəli
ötən sayımızda)
Azərbaycan dövlətçilik tarixində önəmli rol oynayan milli ordu quruculuğu siyasəti müstəqil dövlətin görməli olduğu vacib işlərdən biridir. Bilirik ki, Azərbaycan Xalq Cumhuriyyəti (AXC) dövründə respublikamızın nizami ordusu formalaşdırılıb. Azərbaycan tarixində xüsusi yeri olan və dövlətçilik taleyimizdə mühüm rol oynayan AXC ordusu qüdrətli şəxsiyyətlərimiz tərəfindən yaradılıb.
Gənc ölkənin gənc ordusunun ömrü az olsa da, bu qısa müddətdə böyük iz qoya bilib. Əlbəttə, o dövrdə Azərbaycanın çox görkəmli övladları olub, hərbçiləri yetişib, generalları fəaliyyət göstərib.
Azərbaycan Xalq Cumhuriyyətinin ordu quruculuğunu araşdıran alimlərin fikirlərindən belə məlum olur ki, qısa zaman ərzində hökumət orduya sahib olub. Cumhuriyyət tarixçilərinin yazdığına görə, 1918-ci il iyul ayının 6-da Azərbaycan Demokratik Respublikası hökumətinin pullu hərbi mükəlləfiyyət haqqında sərəncamına müvafiq olaraq sıravilərə 50 rubl, yefreytorlara 60 rubl, kiçik unter zabitə 70 rubl, unter zabitə 90 rubl, feldfebelə 120 rubl maaş müəyyən edildi. 1918-ci il iyul ayının 11-də milli orduya çağırış haqqında əmr verildi və 1894-1899-cu illərdə anadan olmuş 24-29 yaşlı oğlanlar səfərbər edildi. Maliyyə çətinliklərinə baxmayaraq, milli zabitlər hazırlamaq məqsədilə Gəncədə hərbi məktəb yaradıldı. Görülən tədbirlər nəticəsində az vaxt ərzində 40 minə yaxın əsgəri olan milli ordu yaradılmasına başlandı. O vaxt orduda 24 min süngü, 6 min piyada, süvari, topçu və sairə qoşun növlərindən ibarət olan və ən müasir silahla silahlanan canlı qüvvə, Xəzər dənizində kiçik bir donanma var idi. Orduda hərbi intizamı möhkəmləndirmək məqsədilə Hərbi Nazirliyin yanında divani hərbi, yəni hərbi məhkəmə fəaliyyət göstərirdi.
Cumhuriyyət tarixçiləri qeyd edir ki, Azərbaycan Demokratik Respublikasının hərbi quruculuq siyasətində, milliliyə, ana dilinə xüsusi əhəmiyyət verilirdi. Hərbi nazir Səməd bəy Mehmandarovun əmrində göstərilirdi ki, orduda danışıq və dəftərxana dili ana dili olmalıdır. Əmrdə deyilirdi: "Sırada, eləcə də sıradan kənarda olarkən əsgərlərin Azərbaycanca salamlaşması-bir sözə "salam", cavabı isə "əleyküm salam" olmasını bütün zabitlərə əmr edirəm. Təltif zamanı əsgərə deyilməlidir: "mərhaba", əsgər cavab verməlidir: "çox sağ ol". Zabitlərin çoxu rusdilli olduğu üçün əsgərlərin əmrləri çətin başa düşdüyünü nəzərə alaraq danışığın Azərbaycan dilində olması zəruri idi.
Tədqiqatçılar bildirir ki, dövlətçiliyin təhlükəsizliyini qorumaq üçün hökumət ordu quruculuğuna mümkün olan qədər vəsait ayırırdı. 1919-cu ilin dövlət büdcəsində toplanan 1600 446 952 rubldan müdafiə xərcləri üçün 399452 242 rubl ayrılıb ki, bu da ümumi büdcənin 27,7 faizini təşkil edirdi.
Tədqiqatçılar qeyd edir ki, 15 yanvar 1919-cu ildə müvafiq idarə və şöbələri birləşdirən nazirliyin geniş səlahiyyətli Baş Qərargahı yaradıldı və general Süleyman bəy Sulkeviç onun rəisi təyin edildi. O da vurğulanır ki, Qərargahın yanında xüsusi mətbəə, hərbi məhkəmə və hərbi prokuror nəzarəti, hərbi nazirin yanında hərbi şura təsis edildi. Gözlənilən təhlükələri nəzərə alaraq 1919-cu ilin iyun ayında dövlət müdafiə komitəsi yaradıldı.
Tədqiqatçıların yazdığına
görə, ordu quruculuğu
proqramını həyata keçirmək və güclü ordu yaratmaq məqsədilə Azərbaycan Demokratik Respublikasının parlamenti
9 qanunvericilik aktını müzakirə edib, hərbi nazirliyi kifayət
qədər vəsaitlə təmin etmək üçün
müvafiq qərarlar qəbul edib. Bu xüsusi
diqqət onunla əlaqədar idi ki, ölkədə hərbi
baza zəif idi, hərbi
proqramla 1919-cu ildə 25 minlik,
1920-ci ildə 40 minlik ordu
yaradılmalı idi. Ordunu milli
zabit kadrları ilə təmin etmək üçün hərbi təhsil müəssisələrinə
zərurət olduğunu yazan
tədqiqatçılar qeyd edir ki, bu
məqsədlə 1918-ci ilin iyun ayında Gəncədə hərbi məktəb
yaradıldı və bu təhsil müəssisəsi
1919-cu ilin noyabr ayında
öz funksiyasını genişləndirdi.
Hərbi məktəbin üç
şöbəsində - ümumi, topçuluq və mühəndislik şöbələrində
250 dinləyici oxuyurdu. 1919-cu ilin sonunda, 1920-ci ilin əvvəlində topçuluq
və snayper məktəbləri
yaradıldı. Bu tədris müəssisələrində
dərs demək üçün mütəxəssislər
dəvət edildi. 1918-1920-ci illərdə
türk və rus
zabitlərinin köməkliyi ilə piyada
və atlı alaylar, artilleriya
briqadası, diviziyası yaradıldı. 1919-cu ilin sonunda milli ordunun
tərkibində 2 piyada
diviziyası, bir kavaleriya diviziyası var idi. Birinci piyada
diviziyasına birinci Cavanşir, ikinci Zaqatala və üçüncü Gəncə
alayları daxil idi. İkinci piyada diviziyasına
dördüncü Quba,
beşinci Bakı və altıncı Göyçay alayları daxil idi. Şirvan alayı bazasında üçüncü piyada
diviziyasının yaradılması
başlandı. Birinci
tatar, ikinci Qarabağ və üçüncü Şəki
atlı alayları bazasında kavaleriya diviziyası yaradıldı.
Tədqiqatçıların qeyd etdiyinə görə, cənubda təhlükəsizliyi qorumaq üçün Lənkəranda ehtiyat taboru və "yardım alayı"- milis alayı yaradıldı. Azərbaycan Demokratik Respublikasının Parlamentini mühafizə etmək məqsədilə xüsusi bölmə, respublikanın ərazisində asayişi qorumaq üçün mobil dəstələr təsis edildi. Ordunun tərkibinə iki artilleriya briqadası, bir yüngül artilleriya diviziyası, üç zirehli qatar, beş aeroplan, bir neçə hidroaeroplan, altı ağır və yüngül bronlu avtomobil daxil idi. İngilislər köçüb getdikdən sonra hərbi nazirlik hərbi liman yaratdı, Xəzər hərbi donanmasını yenidən qurdu, "Qars" və "Ərdahan" adlı gəmiləri, "Astrabad", "Araz" və "Nargin" adlı qayıqları onun sərəncamına verdi. Azərbaycan Demokratik Respublikası hökuməti ordunun müvafiq silah növləri və hərbi sursatla təmin edilməsi üçün daim axtarışlar aparır və ciddi tədbirlər həyata keçirirdi. Bu sahədə Azərbaycan Parlamentinin 27 iyun 1919-cu ildə təsdiq etdiyi "Azərbaycan-Gürcüstan hərbi müdafiə paktı" böyük rol oynayıb. Bu müqaviləyə müvafiq olaraq Azərbaycan Tiflisdən 12 yüngül, 12 dağ topu, 24 "Maksim" tipli pulemyot, 3 min tüfəng, çoxlu hərbi sursat aldı. Silah-sursat almaq üçün İtaliya Hərbi Nazirliyi ilə danışıqlar başlandı.
Cumhuriyyət tarixçilərinin qeyd etdiyinə görə, ağqvardiyaçıların Şimali Qafqazda məğlub edilməsindən sonra cənuba qaçan denikinçilər 1920-ci ilin mart ayında Azərbaycan Ordusuna 20 top, 100 pulemyot, 9 təyyarə, 15 min tüfəng, 10 milyon patron verdilər. Azərbaycan Ordusunu silah-sursatla təmin etmək məqsədilə hökumətin 1920-ci ilin yanvar ayında hərbi sənaye kompleksinin yaradılması haqqında qanun layihəsini, Gəncədə tikiləcək hərbi zavodun smetasını və ştatını hazırladığını yazan tədqiqatçılar bildirir ki, 1920-ci ilin fevral ayının 23-də parlament hərbi zavodun tikilməsi və onun üçün 670 milyon vəsaitin ayrılması haqqında qanun qəbul edib. Nəzərdə tutulmuş proqramın həyata keçirilməsi üçün Azərbaycan Demokratik Respublikası hökuməti Antantanın Ali Şurasına memorandum göndərib və hərbi zavodun müasir texnologiya ilə təmin edilməsini xahiş edib.
Azərbaycan Demokratik Respublikasının qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadə təcrübədən bilirdi ki, ordu dövlətin dayağıdır, onun ərazi birliyinin təminatçısıdır. Tarixi təcrübədən aydındır ki, bir ölkəni zəiflətmək, sarsıtmaq və məhv etmək üçün hər şeydən əvvəl onun ordusunu dağıdırlar. Belə məqamda orduda təfriqə salmaq, zabitlərin əqidəsini yad ideologiya ilə zəhərləmək və onun əli ilə dövlət çevrilişi təşkil etmək təcrübəsi çoxdur. Bu təhlükəni aradan qaldırmaq üçün Azərbaycan Demokratik Respublikası hökuməti şəxsi heyətin siyasətlə məşğul olmasına yol verə bilməzdi. Hərbi nazirin əmrində deyilirdi ki, zabitlər və əsgərlər dünyada baş verən hadisələri bilməli və onları təmsil etdikləri dövlətlərin mənafeyi baxımından qiymətləndirməlidirlər. Odur ki, zabitlər və əsgərlər hər hansı bir siyasi partiyanın üzvü ola bilməz, hərbçi üçün əzəli partiya onun dövlətçiliyidir. Azərbaycan Demokratik Respublikasının hökuməti partiyasız, siyasətsiz ordunun yaradılmasını məqsədəuyğun sayırdı. Çünki zabit bir partiyanın üzvü olsa, əsgərlər başqa partiyanın üzvü ola bilər, beləliklə də orduda xaos, qarşıdurma yarana bilər.
Bu barədə də Cumhuriyyət tarixçilərinin yazılarında qeyd edilir. Onlar yazır ki, Azərbaycan Demokratik Respublikasının ordu quruculuğu siyasətində milli hiss, milli birlik, milli iftixar, vətənə, torpağa bağlılıq duyumu əsas prinsiplərdən biri idi. Tədqiqatçılar qeyd edir ki, hər bir zabit və əsgər özünün tarixini, keçmişini, kökünü, soyunu bilməli, onlara qırılmaz köklərlə bağlı olmalıdır. Əsgər və zabit hər şeydən əvvəl vətəndaş, vətənpərvər olmalı, vətənini, dilini, millətini sevməlidir, onların qeyrətini çəkməlidir. Bu milli xüsusiyyətləri nəzərə alan Səməd bəy Mehmandarov əsgər və zabitlərin xalqımızın tarixini, qəhrəmanlıq ənənələrini əks etdirən kitablarla təmin edilməsinə xüsusi fikir verir, bu kitabları oxumaq üçün onlara şərait yaradırdı. Səməd bəy Mehmandarov yazırdı: "Ziyalılarımızın ən mühüm vəzifələrindən biri xalqı və əsgərləri öz tarixi ilə tanış etməkdir. Bu, şübhəsiz ki, xalqın milli hisslərini və türk irqinə məxsusluğu ilə iftixarını artıracaq". Bu ideya da dövlətin daxili siyasətini əhatə edən bir mətləbin təzahürü idi: "Xalqla ordu yekdildir". Ardıcıl görülən tədbirlər şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksəldir, vətənpərvərlik tərbiyəsini möhkəmləndirir, döyüş qabiliyyətini və mübarizlik əzmini gücləndirirdi.
Tarixçilər bildirir ki, Səməd bəy separatçılara, ölkəni parçalamağa səy göstərənlərə xatırladırdı ki, Azərbaycanın güclü, nizamlı ordusu var, bu ordu cinayətkarlara dövlət əleyhinə fəaliyyət göstərməyə imkan verməyəcək. Lakin real vəziyyətdən xəbərdar olan bəzi düşmən qüvvələr Azərbaycan Demokratik Respublikasının gənc ordusunun döyüş hazırlığının aşağı səviyyədə olduğunu zənn edərək ona qarşı təxribat əməliyyatları həyata keçirməyə səy göstərirdilər. Tarixçilərin yazdığına görə, elə bu təsəvvürlə erməni daşnakları Dağlıq Qarabağı Azərbaycandan qoparmaq məqsədilə 1920-ci ilin mart ayının 22-də Əsgəran keçidini bağladılar və Qarabağın dağlıq hissəsini blokadaya aldılar. Bu təhlükəli vəziyyəti aradan götürmək və daşnaklara dərs vermək üçün Azərbaycan Demokratik Respublikası hökuməti operativ və çox ciddi tədbirlər gördü. Hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə general Həbib bəy Səlimovun komandanlığı altında Əsgəran ətrafına güclü hərbi qüvvə göndərildi və başlanan döyüşdə düşmən darmadağın edildi, erməni hərbi dəstələrinin başçısı Dəli Qazar öldürüldü, erməni yaraqlılarının qərargahı Keşişkənd dağıdıldı, daşnak qiyamı yatırdıldı, milli ordu özünün döyüş qabiliyyətini nümayiş etdirdi.
Bolşeviklər XX əsrin əvvəllərində qurulan birinci respublikamızın süqutuna nail olsa da, bu, ordunun şan-şöhrətinin üzərinə kölgə sala bilmədi. Əlbəttə,
Azərbaycan Demokratik
Respublikasının ordu quruculuğu
proqramı, onun acı tarixi
dərslərinin bu gün
müasir Azərbaycanın müdafiə
strategiyasının əsas istiqamətlərindən birini təşkil etdiyini vurğulayan tarixçilər bildirir
ki, Azərbaycan Demokratik
Respublikasının təcrübəsi və günümüzün müasir reallığı
təsdiq edir ki, güclü milli ordu ölkəmizin təhlükəsizliyinin,
müstəqilliyinin və ərazi bütövlüyünün
qarantıdır. Müstəqil Azərbaycan mövcuddur
və onun ordusu var. Hazırkı ordumuz o ordunun
davamçısı kimi öz
varlığını təsdiq edib və
şanlı zəfərlərə hazırdır.
İradə
SARIYEVA
Bakı xəbər.- 2015.- 17
sentyabr.- S. 15.