Azərbaycan metallurgiyası
və "Baku Steel Company"
Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu
iqtisadi siyasətin əsas xəttini qeyri-neft sektorunun inkişaf etdirilməsi təşkil edir. Neftdən gələn
gəlirlərin əsas
hissəsinin məhz bu sahəyə yönəldilməsi də
bunu bir daha təsdiq edir. Son zamanlar
dünyada gedən proseslər, neftin qiymətinin aşağı
düşməsi bu mövzunu daha da aktuallaşdırır.
Bu baxımdan sənayenin bazası hesab edilən və əsas dayağı olan metallurgiyanın inkişaf
etdirilməsi çox
vacib bir faktor kimi özünü
təsdiq edir.
Metallurgiya bizim həyatımızın
bütün sahələrini
əhtə edir və Azərbaycan metallurgiyasının da ənənəvi və böyük tarixi var.
Azərbaycanlı mühəndis-metallurqlar və
alimlər Sovet İttifaqı dövründə
ölkənin iqtisadiyyatına
və metallurgiyanın
inkişafina öz əvəzsiz töhfələrini
veriblər. Rusiyanın
"Maqnitaqorsk Metallurgiya
Kombinatı"nın
(bura dağ-mədən
işləri, dəmir
filizinin saflaşdırılmasından
başlayaraq polad istehsalına qədər olan böyük bir istehsal prosesi
daxildir) özülünü
qoymuş və kombinata uzun müddət rəhbərlik
etmiş görkəmli
mühəndis-metallurq, azərbaycanlı
Çingiz İldırım
olmuşdur. Uzun illər Sovet İttifaqını yüksək
keyfiyyətli neft kompressor boruları ilə təmin edən və illik istehsalı 800 min tondan çox olan Sumqayıt boru yayma zavodu,
digər metallurgiya və maşınqayırma
zavodları Azərbaycanda
fəaliyyət göstərmişlər.
Lakin Sovet İttifaqının süquta uğramasından
sonra, sənayenin digər sahələri kimi, metallurgiyamız da acınacaqlı duruma düşdü.
Yalnız ümumimilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından
sonra bu sahədə də canlanma başlandı. Məhz
ulu öndərin özəl sektor olaraq təməlini qoyduğu və 2001-ci ildə açılışını
etdiyi "Baku Steel Company" Azərbaycan metallurgiyasına
yeni nəfəs verdi. Son illər şirkətimizin
rəhbərliyi tərəfindən
aparılan yenidənqurma
işləri və qoyulan böyük investisiyalar "Baku Steel Company" MMC-ni Qafqazın ən böyük metallurgiya müəssisəsinə
çevirməklə yanaşı,
Avropanın ən öndə gedən zavodları ilə müqayisə olunacaq səviyyəyə çatdırmışdır.
Şirkətdə aparılmış abadlıq və yenidənqurma işləri
ilə yanaşı, məhsulun maya dəyərinin aşağı
salınması məqsədi
ilə dünyanın
ən son texnologiyaları
tətbiq olunmaqdadır.
Belə ki, Almaniyanın "Siemens VAİ" şirkətinin istehsalı olan müasir, tam avtomatlaşdırılmış, kombinə edilmiş qaz-oksigen odluqları və karbon injektorları ilə təchiz edilmişdir. Bu da, öz növbəsində, elektrik enerjisinin məsrəfini azaltmışdır. EBT tökmə sisteminə malik elektrik qövs sobası quraşdırılmışdır. Ardıcıl olaraq poladın sobadan kənar, inert qaz mühitində emalı üçün daha müasir soba-çalov avadanlığı və ən son texnoloji standartlara cavab verən, yüksək tökmə sürətinə malik (?=5m/dəq), həmçinin maye metalın tökülmə zamanı kristallaşdırıcı gilizlərdə elektromaqnit qarışdırma sistemi ilə təchiz edilmiş, ən müasir (Power-Mold, Fastcastcube-FCC) kombinə edilmiş tökmə maşınının quraşdırılması prosesi gedir. İstehsalat prosesi zamanı əmələ gələn toz-qaz qarışıqlarını tutan toztutucu qurğu yenilənərək gücü iki dəfə artırılmışdır. Bu da bütün ekoloji standartlara cavab verməklə ətraf mühitin çirklənməsinin qarşısını tamamilə alır. Bu qurğunun analoqları Avropanın bir neçə qabaqcıl zavodlarında quraşdırılmışdır ki, bunlardan da demək olar ki, şəhər mərkəzinə çox yaxın yerləşən, Avstriyanın Linz şəhərindəki "VOESTALPİNE" zavodunu və Almaniyanın Kel şəhərindəki Reyn çayı sahilində yerləşən "Badişe Stalverke" zavodlarını misal göstərmək olar.
Şirkət illik istehsal gücünü 1 milyon tona çatdırmaqla yanaşı istehsal etdiyi məhsulun çeşidini də artırmışdır. Belə ki, inşaat armaturları ilə yanaşı, müxtəlif ölçüdə künclük, şveller, ikitavr və katanka istehsalına da başlanılmışdır. Beləliklə də "Baku Steel Company" MMC ölkənin bu növ metal məhsullarına olan tələbatını artıqlaması ilə ödəmək gücündədir və istehsal etdiyi bütün məhsulların keyfiyyəti İSO 9001-2008 idarəetmə sisteminin tələbləri əsasında yerinə yetirilir.
Son zamanlar ölkədə təkrar qara metalın (metallomun) azalması şirkət rəhbərliyini alternativ xammaldan istifadə etmək üzərində ciddi addımlar atmağa vadar etmişdir və bu yaxınlarda İtaliyanın "Danieli" şirkəti ilə ferroərintilərin, DRİ/HBİ (dəmirin filizdən birbaşa bərpası məhsulları) materiallarının sobaya fasiləsiz verilməsi qurğusunun alınmasına dair müqavilə imzalanmışdır. Bu qurğunun quraşdırılması İran və Rusiyadan ixrac edilən DRİ/HBİÜın əritmə prosesində 80 faizə qədər artırılmasına imkan verməklə yanaşı, metallom qıtlığının aradan qaldırılmasına imkan verəcəkdir. Nəzərinizə çatdırım ki, İran İslam Respublikasında dəmir filizi ehtiyyatı 7 milyard ton, Rusiya Federasiyasında isə 206,1 milyard ton civarındadır. Bu müqaviləyə həmçinin əritmə zamanı maye metalın temperaturunun ölçülməsi və maye metaldan nümunənin götürülməsi üçün iki ədəd robot qurğusunun alınması da daxil edilmişdir. Bu isə şirkət rəhbərliyinin işçilərin təhlükəsizliyini yüksək səviyyəyə çatdırmaq məqsədi ilə gördüyü silsilə işlərdəndir.
Təəssüf ki, son zamanlar ictimayətdə belə bir fikir formalaşdırılıb ki, güya Azərbaycanda metallurgiya sənayesi ibtidai formadadır və bunun indi-indi qurulması planlaşdırılır. Həmçinin "Baku Steel Company" MMC-nin istehsal etdiyi armaturlar təkrar qara metal qırıntısındandır, yəni bu armaturlar dəmirin filizdən reduksiya olunmuş (ingiliscə DRİ - Direct Reduced İron) məhsulundan istehsal olunmadığına görə keyfiyyəti aşağıdır. Bu düzgün olmayan fikirlərin birincisinə cavab olaraq yuxarıda qeyd olunanlara diqqətlə nəzər yetirmək kifayətdir. İkinci məsələni isə aşağıdakı şəkildə izah etməyə çalışacağam. Amma bundan öncə qeyd etmək istəyirəm ki, bu ikinci fikri səsləndirənlər, sözsüz ki, bu sahədən məlumatı az olan adamlardır. Çünki metallurqlar və metallurgiyanın içində olan insanlar heç vaxt belə bir fikir səsləndirməzlər ki, yüksək mərtəbəli binaların tikintisində istifadə olunan armaturlar ancaq DRİ-dən istehsal olunmalıdır. Bu baxımdan armatur poladlarına qoyulan tələblərə nəzər yetirək:
1) Armatur digər inşaat materialları kimi adi keyfiyyətli poladlar qrupuna aiddir.
2) Bu materialların keyfiyyətinə qoyulan tələblər digər məhsullar kimi müvafiq standartlarla tənzimlənir və bu standartların heç birində armaturun istehsalında hansı xammaldan, yəni DRİ/HBİ və ya təkrar qarametaldan istifadə olunması haqqında tələb yoxdur
3) Armaturun müvafiq standartlara görə keyfiyyətinə qoyulmuş tələblər əsasən aşağıdakı xassələrin ödənilməsini ciddi tələb edir:
- Axma həddi,
- Möhkəmlik həddi,
- Nisbi uzanma,
- Əyilmə sınağı
- Dartılma zamanı dağılmaya qarşı müvəqqəti müqavimət
- Müvafiq həndəsi parametrlər
QOST 10884-94, QOST 52544-2006, (bunlar Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edilmişdir və inşaat armaturlarının keyfiyyətinə qoyulan tələblər həm ölkəmizdə, həm də MDB məkanında bu standartlarla tənzimlənir) və bu standartların analoqları olan DİN 488 (Almaniya), BS 4449-97 (Böyük Britaniya), ASTM A615 (ABŞ) və s. heç birində inşaat armaturların istehsalında DRİ-dan və ya təkrar qarametaldan istifadə olunmasının vacibliyi haqqında heç bir məlumat qeyd olunmayıb.
Metallurgiyanın son nailiyyətlərindən olan, poladın sobadan kənar maye fazada, inert qaz (Ar) mühitində emalı, bu növ birləşmələrdən poladın tərkibinin təmizlənməsi daha da böyük effekt vermişdir. Baxmayaraq ki, armatur poladları adi keyfiyyətli poladlar qrupuna aiddir və qeyri-metallik birləşmələrə görə bunlara qoyulan tələblər digər keyfiyyətli və yüksək keyfiyyətli (yüksək legirli) poladlara nisbətən yüngüldür, "Baku Steel Company" MMC bu cür tam müasir qurğuya malikdir. Belə ki, istehsal prosesində desulfurasiya, defosforasiya, oksigensizləşdirmə və legirləmə bu qurğuda aparılır. Yuxarıda qeyd olunanları bildirməkdə məqsədim odur ki, bu qeyri-metallik birləşmələr təkrar emal üçün sobaya verilən metallomda (hansı ki, bir dəfə bu qeyri-metallik birləşmədən təmizləmə mərhələsini keçmişdir) DRİ-yə nisbətən daha çox təmizdir. DRİ-nin tərkibi isə qeyri-metallik birləşmələrlə zəngindir. Bir çoxları elə bilir ki, DRİ dedikdə bu, 100 faiz təmiz dəmirdir. Lakin bu, tam yanlış bir fikirdir və DRİ-nin tərkibi bütün dünyaya məlumdur.
Bütün bu deyilənlərə əlavə olaraq onu qeyd etmək istəyirəm ki, armaturun keyfiyyəti DRİ-dən istifadə etdikdə "yaxşı", təkrar qara metaldan istifadə etdikdə isə "pis" kimi qeyd olunan qeyri-düzgün mülahizənin heç bir elmi əsası yoxdur. Əksinə, təkrar qara metaldan istifadə etdikdə qarşıya qoyulmuş keyfiyyət göstəricilərini daha asan almaq mümkündür.
Onu da qeyd etmək istəyirəm ki, Türkiyə Respublikası 2013-cü ildə 34,2 milyon ton polad istehsal etmişdir və bu rəqəmə daxil olan bütün armatur poladları ancaq təkrar qara metaldan istehsal olunmuşdur. Həmçinin, Türkiyədə DRİ/HBİ istehsalı yoxdur. Almaniya Federativ Respublikası 2013-cü ildə 42,6 milyon ton polad istehsal etmişdir ki, bunun da yalnız 1,0 milyon tonunda DRİ-dən istifadə edilmişdir. Belə ki, Almaniyada yalnız Hamburq Ştalverk zavodunda bir ədəd "Midrex" qurğusu var. Almaniyanın inşaat armaturları istehsal edən zavodları və bunların ən önündə duran "Badişe Ştalverk" zavodu istehsal etdiyi 2,2 milyon ton məhsulun (bu zavodun istehsal gücü 2,2 milyon tondur) hamısını təkrar qara metaldan istehsal edir.
2013-cü ildə bütövlükdə dünya üzrə 1,0 milyard 607,2 milyon ton polad istehsal olunmuşdur ki, burada da DRİ/HBİ-nin payı cəmi 76,0 milyon tondur. Bəzilərinin təbirincə desək, belə çıxır ki, bu ölkələrin istehsal etdiyi inşaat armaturları və bütün dünyada istehsal olunan 100 milyon tonlarla poladın hamısı keyfiyyətsizdir. Çünki onun istehsalında DRİ-dən istifadə olunmayıb. Ümumilikdə ötən il dünya üzrə 600 milyon tondan çox polad məmulatlarının istehsalında xam material kimi təkrar qara metaldan istifadə edilmişdir.
Mən çalışdım ki, bu çox geniş bir mövzunu maksimum qısaltmaqla və başadüşülən sadələşdirilmiş formada izah edim ki, anlaşılan olsun. Həmçinin metallurgiyanın asan bir peşə və sadə sahə olduğunu düşünənlər və bu sahə ilə bağlı qeyri-peşəkar fikirlər söyləyənlər nə qədər yanlış olduqlarını dərindən başa düşsünlər.
Geosiyasi məkanda bizə qonşu olan ölkələrdən əsasən Rusiya, Türkiyə və İran böyük metallurgiya ölkələridir. Belə ki, hər üç ölkə üzrə orta illik polad istehsalı aşağıdakı kimidir: Rusiya - 70 milyon ton, Türkiyə - 34 milyon ton, İran - 15 milyon ton. Bu ölkələrdən İran İslam Respublikası yaxın bir neçə ildə illik istehsalını 50 milyon tona çatdırmağı hədəfləyir. Zəngin dəmir filizi yataqlarına malik olan İran (burada filizin ilkin tərkibində dəmirin miqdarı 50-55 faiz təşkil edir) ötən il eyni zamanda 7 nəhəng metallurgiya zavodunun tikintisinə başlamışdır. Bu baxımdan biz yeni metallurgiya zavodları qurmamışdan öncə yerli bazarı təhlil etməklə yanaşı, regionda da hansı metallurgiya nəhəngləri ilə rəqabət aparacağımızı və eyni zamanda hansı növ polad məmulatlarını istehsal edəcəyimizi çox ciddi təhlil etməliyik.
Azərbaycanda metallurgiya böyük tarixə malik olub, bu gün də "Baku Steel Company" MMC-nin timsalında müasir texnologiyaların tətbiqi ilə mövcudluğunu daha da təkmilləşdirməkdədir. Bu sahədə çalışan bir mütəxəssis kimi dərindən əminəm və çox ümidliyəm ki, möhtərəm Prezidentimiz İlham Əliyevin və dövlətimizin apardığı uğurlu iqtisadi siyasətə uyğun olaraq Azərbaycanın metallurgiya sənayesi daha da inkişaf edəcək, daha böyük uğurlara imza atacaqdır.
Ramin Kərimov,
"Baku Steel Company" MMC baş direktorunun
istehsalat üzrə müavini,
kimya üzrə fəlsəfə
doktoru
Bakı xəbər.-2015.- 8 yanvar.-
S.11.