Tarixi abidələrin mühafizə, bərpa, konservasiya,
tədqiqat və təbliğat işlərini təkmilləşdirən
Dövlət Proqramı...
Milli arxeologiya sahəsində dövlətin həyata keçirdiyi böyük işlərdən biri Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"dır. Olduqca böyük tarixi əhəmiyyət kəsb edən bu sənəd özündə bu sahəni tam olaraq əhatə edir.
Əlbəttə, bu Dövlət Proqramına qədər xeyli tədbirlər həyata keçirilib, amma bu sənəd bütövlükdə bu sahənin qayğılarının həllinə, perspektivlərinə yeni yollar açır.
Rəsmi məlumatlara görə, indiyə qədər respublika ərazisində 6300-dən artıq tarix və mədəniyyət abidəsm qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyasının direktor müavini Nəcəf Müseyiblinin sözlərinə görə, onların müasir tələblərə uyğun şəkildə mühafizəsinin, tədqiqinin və təbliğinin nə qədər mürəkkəb bir iş olduğunu təsəvvür etmək çətin deyil. Məhz buna görə də Dövlət Proqramı abidələrin mühafizə, bərpa, konservasiya, tədqiqat və təbliğat işlərinin təkmilləşdirilməsini bir vəzifə olaraq qarşıya qoyur: "Heç kəsə sirr deyil ki, tarix və mədəniyyət abidələri mütəmadi olaraq təbii və antropogen təsirlər nəticəsində qismən və ya tam dağıntılara məruz qalır. Müxtəlif təbii fəlakətlər - atmosfer çöküntüləri, zəlzələlər, daşqınlar və s. abidələrə mənfi təsir göstərir. Antropogen təsirlər isə insanların iqtisadi-təsərrüfat fəaliyyətinin genişlənməsi, xəzinə axtaranlar, "qara arxeologiya" və s. amillərlə bağlıdır. Dövlət Proqramında digər aidiyyəti qurumlarla yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının və xüsusilə də Arxeologiya və Etnoqrafiya İnstitutunun üzərinə böyük vəzifələr düşür. Bu vəzifələri yerinə yetirmək üçün ilk növbədə İnstitut özünün fəaliyyətini yeni, müasir və beynəlxalq elmi və elmi-təşkilati tələblərə uyğun şəkildə qurmalıdır. Köhnə stereotiplərdən, bəsit, şablon xarakterli işlərdən həmişəlik kənarlaşmaq lazımdır. Doğrudur, son illər respublika Prezidentinin müvafiq sərəncamları ilə ayrılan milyonlarla manat vəsait hesabına geniş arxeoloji tədqiqat işləri aparılıb, bir sıra elmi nailiyyətlər əldə edilib. Lakin bunlar hələ arxeologiya elminin yüksək səviyyəli inkişafı, o cümlədən abidələrin qeydə alınması, ilkin mühafizə işlərinin təmin edilməsi, konservasiyası və təbliğatı üçün yetərli deyil. Təəssüflə qeyd etmək lazımdır ki, bu işlərin yerinə yetirilməsində kifayət qədər qüsurlar da mövcuddur. Həmin qüsurların aradan qaldırılması, ekspedisiyaların fəaliyyətində kəmiyyətdən çox keyfiyyətə diqqət yetirilməsi, abidələrin mühafizəsi və tədqiqatı işlərinin təkmilləşdirilməsi zərurəti nəzərə alınaraq dövlət başçısı tərəfindən sərəncam imzalanıb. Dövlət Proqramında göstərilən tədbirlər bugünkü reallığı, problemləri əhatə etməklə yanaşı, uzunmüddətli gələcəyə hesablanıb. Dövlət Proqramının konkret müddəalarına nəzər salmaqla aidiyyəti qurumlar, o cümlədən AMEA-nın müvafiq institutları özlərinin prioritet fəaliyyət istiqamətlərini müəyyənləşdirməlidirlər".
Qeyd edək ki, Dövlət Proqramının 2.1.1. maddəsində "Azərbaycan Respublikasının ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin yeni siyahısının tərtibi və təsdiqi" nəzərdə tutulur. N.Museyibli qeyd edir ki, son belə siyahı Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli Qərarı ilə təsdiq edilib: "Etiraf etmək lazımdır ki, bu siyahı sovet dövründən qalmış abidələrin siyahısı əsasında tərtib edilib. Həmin siyahıda bir sıra abidələrin adları, ünvanları, xronologiyası barədə yanlışlıqlara yol verilib. Digər tərəfdən, sonrakı illərdə Arxeologiya və Etnoqrafiya İnstitutunun apardığı çöl-tədqiqat işləri zamanı əvvəllər elmə məlum olmayan yüzlərlə arxeoloji abidə - daş dövrünə aid ibtidai insan düşərgələri, neolit və xalkolit dövrlərinə aid erkən əkinçilik mədəniyyətlərinə məxsus yaşayış məskənləri və qəbir abidələri, tunc, erkən dəmir, antik və orta əsrlərə aid kənd və şəhər tipli yaşayış yerləri, müxtəlif növ qəbir abidələri qeydə alınıb. Abidələrin yenidən tərtib və təsdiq ediləcək siyahıya daxil edilməsi vacibdir".
Dövlət Proqramının 2.1.3. maddəsi "Daşınmaz tarix və mədəniyyət abidələrinin, tarix və mədəniyyət qoruqlarının qorunması və onlardan istifadə sahəsində hüquqi aktların təkmilləşdirilməsi"ni nəzərdə tutur. Qeyd etmək lazımdır ki, istər arxeoloji, istərsə də memarlıq abidələrinin tədqiqinin keyfiyyət göstəricisi ilk növbədə həmin abidələrin saxlanma dərəcəsindən bilavasitə asılıdır. Belə ki, güclü dağıntılara məruz qalmış abidələrdən əhatəli elmi informasiyanın əldə edilməsi olduqca mürəkkəb işdir. Digər tərəfdən, abidələr, yuxarıda göstərildiyi kimi, təbii və antropogen təsirlərdən dağıntılara məruz qalır. Təbii təsirlərdən dağıntılara məruz qalma zamanı qabaqlayıcı mühafizə tədbirləri mümkün olmadıqda, həmin abidələrdə təxirəsalınmaz xilasetmə-tədqiqat işləri aparılmalıdır.
Alim qeyd edir ki, abidələrə antropogen mənfi təsirlər ilk növbədə iqtisadi-təsərrüfat fəaliyyətinin genişlənməsi ilə bağlıdır: "Bu zaman xüsusilə ünvanlarının yalnız mütəxəssislər tərəfindən müəyyənləşdirilməsi mümkün olan arxeoloji abidələrə daha çox ziyan vurulur. Azərbaycan kimi sürətli iqtisadi inkişaf yolu keçən bir ölkədə arxeoloji abidələrə və ətraf mühitə mənfi təsirlər qaçılmazdır. Bunu nəzərə alaraq Dövlət Proqramında məhz abidələrlə bağlı hüquqi aktların təkmilləşdirilməsi məsələsi əksini tapıb. Bu, abidələrin mühafizəsini və tədqiqini həyata keçirən Mədəniyyət və Turizm Nazirliyi və AMEA ilə tikinti-təsərrüfat işlərini icra edən nazirliklər, komitələr, şirkətlər və s. qurumların fəaliyyətinin koordinasiya edilməsini nəzərdə tutur. Bununla əlaqədar olaraq mövcud qanunvericilikdə, yəni "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Qanunda bir sıra mühüm məsələlər öz əksini tapsa da, şübhəsiz, həmin qanuna müasir həyatımızın tələbləri nöqteyi-nəzərindən bir sıra yeni əlavələrin edilməsi məqsədəuyğundur. Bu əlavələrdə hər hansı tikinti-təsərrüfat işləri həyata keçirən qurumlar Mədəniyyət və Turizm Nazirliyi və AMEA ilə sıx əməkdaşlığın təmin edilməsi hüquqi baxımdan daha əhatəli və dəqiq maddələrlə öz əksini tapmalıdır. Belə dəyişikliklərin əlavə edilməsi mövcud qanunvericilikdəki bir sıra boşluqları doldurar və abidələrin mühafizəsi işinin məsuliyyətini daha da artırar".
Qeyd edək ki, Dövlət Proqramının 2.2.3. maddəsində daşınmaz mədəni irsin qorunması işinin təkmilləşdirilməsi, arxeoloji abidələrin inventarlaşdırılması, sərhədlərinin və mühafizə zonalarının müəyyən edilməsi, pasportlaşdırılması, xəritələrin hazırlanması, müasir tələblərə cavab verən məlumat bazalarının yaradılması kimi mühüm məsələlər göstərilib. Əlbəttə, bu işləri həyata keçirmədən arxeoloji abidələrin və arxeoloji memarlıq komplekslərinin mühafizəsi işini müasir tələblərə uyğun qurmaq mümkün deyil. Ənənəvi olaraq arxeoloqlar hansısa ərazidə və müəyyən coğrafi və administrativ obyektin yaxınlığında arxeoloji abidələrin olduğu barədə məlumat verməklə, yeni abidənin aşkar olunduğunu qeyd edirlər. Lakin Dövlət Proqramında bu istiqamətdəki işlərin mükəmməl icrası üçün mütəxəssislər abidənin yerləşdiyi ünvanı, CPS koordinatlarını dəqiqliklə göstərməli, müəyyən antropogen və təbii təsirlər nəticəsində abidə üçün yaranacaq təhlükələr barədə məlumat verməlidirlər. Abidənin pasportunda onun tipi, ölçüləri, xronologiyası və digər məsələlər ətraflı şəkildə əksini tapmalıdır. Bütün abidələr barədə elektron məlumat bazasının yaradılması ən zəruri işlərdən biridir. Respublika ərazisindəki abidələr xronoloji və tipoloji ardıcıllıqla elektron qaydada xəritələşdirilməlidir.
Dövlət Proqramını şərh edən N.Müseyibli qeyd edir ki, Proqramın 2.2.6. maddəsində "Tarix və mədəniyyət qoruqlarında və turizm məqsədləri üçün istifadə olunan daşınmaz tarix və mədəniyyət abidələrində turizm infrastrukturunun yaradılması və inkişafı" nəzərdə tutulub: "Bu vəzifənin yerinə yetirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyi AMEA ilə sıx əməkdaşlıq etməlidir. Qoruqların ərazisində mütəmadi olaraq elmi-tədqiqat işləri aparılmalı, arxeoloji qazıntılarla qədim maddi-mədəniyyət qalıqları aşkara çıxarılmalı və onların arxeoturizm məqsədləri üçün istifadəsi istiqamətində bərpa və konservasiya işləri həyata keçirilməlidir. Bunlarla yanaşı, həmin sahələrdə əyani vəsait kimi qədim tarixi hadisələri əks etdirən müəyyən səhnələr və qurğular yaradıla bilər.
Dövlət Proqramında qarşıya qoyulan vəzifələrdən biri də dərsliklərə mədəni irs haqqında məlumatların daxil edilməsidir (maddə 2.3.6.). Son illər respublika ərazisində genişmiqyaslı arxeoloji tədqiqat işlərinin aparılmasına və qədim tariximizə dair yeni faktların aşkarlanmasına baxmayaraq, bunlar təhsil sistemində kifayət qədər əksini tapmayıb. Təhsil sistemində aparılan uğurlu islahatlar, şübhəsiz, bu məsələdən də yan keçməyəcək. Tarixi abidələrimiz, maddi-mədəni irsimiz azərbaycançılıq ideyasının əsas təməl daşlarından biri olduğuna görə orta və ali təhsil proqramlarında bu məsələlərə xüsusilə geniş yer verilməlidir. Tələbələrin və şagirdlərin tarixi abidələr olan yerlərə turist turları mütəmadi xarakter almalıdır. Belə tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rola malikdir".
Dövlət Proqramının 2.3.7. maddəsində ölkəmiz üçün taleyüklü məsələlərdən biri, "Azərbaycanın işğal altında olan torpaqlarında yerləşən daşınmaz mədəni irsi haqqında kitabların çap etdirilməsi" əksini tapıb. Bu mühüm vəzifənin yerinə yetirilməsi üçün ilk növbədə işğal zonasındakı tarix və mədəniyyət abidələrinin dəqiq siyahısı tərtib edilməli, onlar haqqında maksimum elmi informasiya bazası yaradılmalı, həmin abidələrin elektron xəritələri tərtib edilməli, Azərbaycan və müxtəlif beynəlxalq dillərdə bu abidələr haqqında geniş elmi informasiyanın əks olunduğu kitablar və kataloqlar nəşr edilməlidir. Bu nəşr məhsulları müvafiq beynəlxalq təşkilatlara göndərilməlidir. İşğal edilmiş bölgədəki tarixi-arxeoloji abidələrimiz, xalqımızın etnoqrafiyasını əks etdirən dağıdılmış maddi-mənəvi irsimizə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi və bu məsələyə dünya ictimaiyyətinin diqqətinin artırılması əsas vəzifələrdən biri olmalıdır.
Dövlət Proqramının 2.3.8. maddəsində göstərildiyi kimi, daşınmaz tarix və mədəniyyət abidələrinin öyrənilməsi və təbliği işinin təkmilləşdirilməsi AMEA-nın müvafiq institutlarının, xüsusilə də Arxeologiya və Etnoqrafiya İnstitutunun fəaliyyətinin əsasını təşkil etməlidir.
Alim bildirir ki, ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramı icraçı orqanlar qarşısında mühüm vəzifələr qoyur. Bu vəzifələrin həyata keçirilməsi üçün həmin orqanların Dövlət Proqramının müddəalarını əsas tutaraq bir sıra struktur dəyişiklikləri aparması məqsədəuyğundur: "Dövlət Proqramı 6 mindən yuxarı tarix və mədəniyyət abidəsinin yenidən qeydiyyatını, bərpa və konservasiya işlərini, pasportlaşdırılmasını, xəritələşdirilməsini, qoruqların fəaliyyətinin inkişafını, tədqiqini, təbliğini və s. çox geniş və uzunmüddətli vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur".
İradə
SARIYEVA
Bakı xəbər.--2015.- 9-11 yanvar.- S.15.