Ədəbi-bədii irsimizi yaradanlarPrezident sərəncamları...

 

Azərbaycan dövlətinin xalqımızın fikir adamlarına, şair və yazıçılara, musiqiçilərə bəslədiyi sonsuz hörmət və ehtiram onların yaradıcılığına, şəxsiyyətinə verilən əvəzsiz töhfədir. Bəlli olduğu kimi, folklor külliyyatından tutmuş, klassik şairlərə və onlardan sonra ədəbiyyata gələn qələm adamlarının bədii irsinə dövlət xüsusi diqqət yetirir. Azərbaycanın klassik bədii irsi tükənməzdir, əsrlər ötdükcə o sərvətin qiyməti, dəyəri daha da artır və onun bəhrəsini xalq görür.

Bu mənəvi xəzinə milli sərvətdir. Azərbaycan dövləti xalq ədəbiyyatını, qədim epos mədəniyyətimizi, dahi şairləri, mütəfəkkirləri unutmur. Unudulmayanlar sırasında Xaqani, Nizami, Məhsəti, Nəsimi, Xətai, Füzuli, Vaqif, M.F.Axundov və başqaları dayanır. XX əsrin qüdrətli fikir adamları da bu cərgədə özünəməxsus yer tutur. Azərbaycan ədəbiyyatının zirvələrinə dövlətimiz elə zirvə kimi yanaşır və onlara layiq olduğu qiyməti verir, onların bədii irsini geniş şəkildə təbliğ edir.

Alimlər, ədəbiyyat araşdırıcıları haqlı olaraq qeyd edirlər ki, ədəbi-bədii irsimiz, görkəmli ədiblərin yaradıcılığı, onların ədəbiyyatımızda əbədi yaşaması üçün böyük işlər ulu öndər Heydər Əliyevin dövründə görülməyə başlayıb.

Filologiya elmləri doktoru, professor Gülşən Kəngərlinin "Xalq" qəzetində yer alan qeydlərinə görə, qədim və ulu xalqımızın fəlsəfi düşüncəsi, dünyagörüşü, adət və ənənələri, mənşəyi, ideologiyası, həyat tərzi, psixologiyası, milli xarakteri kompleks şəklində ən aydın və ən ali səviyyədə məhz bədii ədəbiyyatımızda öz əksini tapıb: "Buna görə də hələ müstəqilliyimizin ilk illərində böyük Heydər Əliyev bu misilsiz milli sərvətə xüsusi qayğı ilə yanaşdı, irsə münasibətin nəzəri-metodoloji və dövlət konsepsiyasını işləyib hazırladı. O, bədii ədəbiyyata və ana dilinə milli ideologiyanın - azərbaycançılıq məfkurəsinin ideya-fəlsəfi məxəzi kimi yanaşdı, ədəbi-nəzəri nailiyyətləri dövlət mənafelərinə tabe tutmağa nail oldu. İkinci mühüm cəhət bundan ibarətdir ki, Heydər Əliyev klassik irsə türk xalqlarını birləşdirən bir amil kimi dəyər verdi. Xüsusilə "Kitabi Dədə Qorqud"un 1300, dahi Məhəmməd Füzulinin 500 illik yubileylərinin ümumdünyaümumtürk hadisəsi kimi keçirilməsi bu istiqamətdə mühüm əhəmiyyətə malik idi. Heydər Əliyevin mədəni siyasətində ədəbiyyata bütöv bədii sistem kimi nəzər salınır, həmişə klassiklərlə müasirlər arasında tarixi-mənəvi əlaqələrin, varislik münasibətlərinin qorunmasına diqqət yetirilirdi. Elə buna görə də o, klassik bədii irsimizin dünya şöhrəti qazanması naminə bu irsi yaradanların yubileylərinin təntənəli tarixi hadisə kimi qeyd olunmasına böyük həssaslıqla yanaşır, böyük önəm verirdi. Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 70-80-ci illərdə dahi Nizaminin 840, Nəsiminin 600, M.F.Axundovun 170, böyük romantikfilosof şair H.Cavidin 100 illik yubileyləri keçirilib. H.Əliyevin nəzəri-metodoloji əsaslarını formalaşdırdığı bədii irs təlimi Azərbaycan dövlətinin bugünkü siyasətində möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davaminkişaf etdirilir. Bunu ölkəmizdə aparılan mədəni-maarifçilik siyasəti, xüsusilə vaxtlı-vaxtında verilmiş tarixi sərəncamlar əyani tərzdə sübut etməkdədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son beş ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870, Mirzə Fətəli Axundovun 200, M.Ə.Sabirin 150, Cəlil Məmmədquluzadənin 140, Xurşudbanu Natəvanın 180, Əhməd Cavadın 120, M.S.Ordubadinin 140, M.Müşfiqin 100, Almas İldırımın 100, Mirzə İbrahimovun 100, Nəsrullah İmanquliyevin 100, Mehdi Hüseynin 100, Ü.Hacıbəyovun 125, R.Rzanın 100, Abbas Zamanovun 100, YUNESKO xətti ilə Mir Cəlalın 100, "Leyli və Məcnun" operasının 100 illik yubileylərinin keçirilməsi haqqında dəyərli tarixi sərəncamlar imzalayıb və təntənəli şəkildə həyata keçirilməsinə nail olub. Prezident sərəncamları əsasında keçirilən təntənəli yubileylər Azərbaycanda mənəvi həyatın zənginləşməsinə, klassikçağdaş bədii irsin gənclər arasında təbliğinin mənimsənilməsinə, tənqid və ədəbiyyatşünaslıq elmimizin vüsətli inkişafına səbəb olub. Təqdirəlayiq cəhətlərdən biribudur ki, tədbirlər formal xarakter daşımır, sərəncamlarda irəli sürülən konsepsiyaya uyğun olaraq ədəbi hadisə kimi qeyd olunur. Nizami haqqında sərəncam nizamişünaslığın, M.F.Axundov haqqında sərəncam axundovşünaslığın bir elm kimi inkişafına təkan verir, faktiki olaraq onun yeni mərhələsinin yaranmasına səbəb olur. Bu, hər şeydən öncə dövlət sənədində sənətkar şəxsiyyətinə, onun yaradıcılığına verilən nəzəri - metodoloji dəyərlənmə ilə bağlıdır. Bu sərəncamlarda cəmiyyətin və xalqın tarixi durumu, mənəvi ehtiyacları diqqət və həssaslıqla nəzərə alınır. Bu sərəncamlarda istiqlal dövründə ilk dəfə adıçəkilən sənətkarların irsinə, ədəbi-tarixi mövqeyinə obyektiv tarixi dəyər verilib".

Qeyd edək ki, 2008-ci ildə Prezident İlham Əliyev XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Mikayıl Müşfiqin 100 illik yubileyi haqqında sərəncam imzalayıb. Sənəddə diqqət Mikayıl Müşfiqin "yenilikçi şair" olmasına, yaradıcılığının "romantik ruhuna", "dərin ictimai məzmununa" yönəldilir. Mühacirət həyatı yaşamış, represiyaya uğramış görkəmli Azərbaycan şairi Almas İldırımın yubileyinin ilk dəfə keçirilməsi barədə Prezidentin 16 aprel 2007-ci il tarixli Sərəncamı da çox dəyərlidir. Almas İldırımın şəxsiyyəti və yaradıcılığı bu sərəncamda belə səciyyələndirilir: "2007-ci ildə müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, istiqlal şairi Almas İldırımın (İldırım Əbdülməhəmməd oğlu Almaszadə) anadan olmasının 100 illiyi tamam olur. Almas İldırımın yaradıcılığı Azərbaycan mühacirət poeziyasının bənzərsiz səhifələrindən birini təşkil edir. Şairin milli azadlıq və müstəqillik uğrunda mübarizəyə həsr olunmuş əsərlərində xalqımızın ağrılı tarixi taleyi, Vətən məhəbbəti və qəriblik mövzusu dolğun bədii əksini tapmışdır".

XX əsr Azərbaycan ədəbiyyatının nəhənglərindən biri olan Hüseyn Cavidin anadan olmasının 125 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 17 aprel 2007-ci il tarixdə imzaladığı Sərəncam ulu öndər Heydər Əliyev ənənələrinin ləyaqətli davamıdır. Sərəncamda deyilir: "2007-ci ilin oktyabr ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şairdramaturq Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadənin) anadan olmasının 125 illiyi tamam olur. Hüseyn Cavid XX əsr Azərbaycan ədəbiyyatının inkişafında misilsiz rol oynamış qüdrətli sənətkarlardandır. Öz qaynağını milli mədəniyyətin ən dərin qatlarından alan Hüseyn Cavid yaradıcılığı Şərqin estetik fikir tarixidünya romantizm ənənələri ilə sıx bağlı olmuşdur".

Azərbaycan Respublikasında həyatın müxtəlif sahələrində aparılan islahatlar içərisində latın qrafikalı Azərbaycan əlifbasının bərpa edilməsi böyük tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli və "Azərbaycan əlifbası və Azərbaycan dili gününün qeyd edilməsi haqqında" 9 avqust 2001-ci il tarixli fərmanları ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olub və latın qrafikalı Azərbaycan əlifbasına keçidi bütövlükdə təmin edib. Beləliklə, latın qrafikalı Azərbaycan əlifbası artıq həyatımızın, təhsilimizin, mətbuatımızın bütün sahələrində tam yerini tutub. Onu da bildirək ki, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin vaxtilə kiril qrafikası ilə çap olunmuş qiymətli nümunələrinin latın qrafikasında yenidən kütləvi şəkildə nəşr olunması günün ən vacib məsələlərindən biri olaraq qalırdı. Kiril əlifbasını bilməyən gənc nəsil klassik ədəbiyyatımızın nümunələrini, dünya ədəbiyyatının incilərini, folklor ədəbiyyatını oxumaq imkanlarından məhrum idi. Bu boşluğu doldurmağa mühüm ehtiyac günün ən vacib məsələlərindən ibarət idi. Dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri sayılan ana dilinə dövlət qayğısının daha da artırılmasını təmin etmək, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrini müasir dövrdə təbliğ etmək və gələcək nəsillərə çatdırmaq məqsədilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşrinin kütləvi şəkildə həyata keçirilməsi zərurətə çevrilmişdi. Bütün bunları nəzərə alan möhtərəm Prezidentimiz İlham Əliyev bu sərəncamı verməklə yeni nəsil azərbaycanlılara böyük bir mənəvi-ədəbi sərvət bəxş etdi.

Ədəbiyyatşünaslar qeyd edir ki, Prezident İlham Əliyevin imzaladığı bütün sərəncamları-sənət, elm və ədəbiyyat adamlarının, mədəniyyət işçilərinin yubileylərinin keçirilməsi, onlara fəxri adların və dövlət mükafatlarının verilməsi, ordenmedallarla təltif, Prezident təqaüdlərinin təyinatı, gənc istedadlarla əlaqədar təyinatları, sərəncamları yüksək qiymətləndirir. Prezident İlham Əliyevin son dövrdə qəbul etdiyi bu sərəncamlardan irəli gələn, həyata keçirilən bir sıra tədbirlər çox dəyərlidir. İlham Əliyev Azərbaycan mədəniyyəti və ədəbiyyatının milli-mənəvi həyatımızdakı yerinirolunu olduqca dərindən bilironu yüksək dərəcədə qiymətləndirir, Azərbaycan tarixinə, mədəniyyətinə, ədəbiyyatına böyük hörmət və məhəbbət bəsləyir.

İlham Əliyevin klassik irsə münasibəti, sayğı və qayğısı misilsizdir. 2005-ci il aprelin 26-da Şamaxıda böyük klassikimiz İmadəddin Nəsiminin heykəlinin açılış mərasimində Prezident İlham Əliyev də iştirak edərək nitq söyləyib: "Mənim üçün bu gün xüsusilə əzizdir, ona görə ki, bu gün Azərbaycan xalqının dahi şairi İmadəddin Nəsiminin heykəlinin açılışında iştirak edirəm. Hesab edirəm ki, bu, bizim həyatımızda çox əhəmiyyətli bir hadisədir. Otuz ildir ki, heykəlin ucaldılması haqqında qərar qəbul edilmişdir. Amma müəyyən səbəblərə görə biz buna nail ola bilməmişdik. Amma indi, bu gözəl gündə dahi Nəsiminin vətənində, gözəl Şamaxıda Nəsiminin heykəli ucaldılır və biz bunu qeyd edirik. Bu, çox əlamətdar hadisədir, onu göstərir ki, biz öz tariximizə, öz mədəniyyətimizə, öz ədəbiyyatımıza böyük hörmətlə yanaşırıq. Başqa cür ola da bilməz".

Belə nümunələr yüzlərlədir və hər biri də xalqın mənəvi xəzinəsini yaradanların ruhuna böyük ehtiramdan xəbər verir.

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 13 yanvar.- S.15.