Tariximizin qanla yazılan qəhrəmanlıq səhifəsi - 20 Yanvar...

 

Xalqımızın çoxəsrlik tarixinə elə hadisələr yazılıb ki, onları unutmaq mümküncüzdür. Tariximizin qanlı, eyni zamanda da qəhrəmanlıq dolu səhifələrindən biri kimi 1990-cı ildə baş verən 20 Yanvar hadisəsi, faciəsi yaddaşlarda qalıb. 25 il bundan əvvəl Bakıda yaşanan bu qanlı hadisədə yüzlərlə Azərbaycan oğul-qızı qanına qəltan edildi.

Məyus olma amandır,

Məyus olmaq yamandır...

Qorxaq diləksiz yaşar,

Millətim qəhrəmandır...

Xalq şairi Zəlimxan Yaqub xalqımızın mərdliyinin, dözümünün sınağa çəkildiyi 20 yanvar günündə yazmışdı bu təsəlli dolu qəhrəmanlıq misralarını. Azərbaycan xalqı ellikcə düşmən üzərinə yeriyəndə, yağı tanklarına sinəsini sipər kimi çəkəndə, al qanından qərənfillər bitirəndə qəhrəman olduğunu bir daha sübut etdi.

Bir tərəfdən «20 yanvar günü, millətimin dar günü» hayqırtıları duyulurdusa, başqa tərəfdən, şəhidlərimizin qəhrəmanlığı tərənnüm edilirdi.

Azərbaycan tarixinin qanlı qəhrəmanlıq tarixində unudulmaz hadisə kimi xatırlanan Qara Yanvarya 20 Yanvar faciəsi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycanda həyata keçirdiyi qətliam kimi yadda qalıb. Bu hadisəyə qiymət verən tarixçilər qeyd edirlər ki, 1990-cı ilin 20 yanvarında Qarabağa qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi faciəyə gətirib çıxarıb.

«Vikipediya» Açıq Ensiklopediyasında tarixçilərin yazdıqlarına istinadən qeyd edilir ki, 1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq: «Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi».

Mənbə yazır ki, sovet ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıqla müşayiət edildi: «Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, KrasnodarRostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən erməniləri, hətta erməni kursantları da daxil etmişdi. Bakıya yeridilmiş qoşun kontingentinə, bəzi məlumata görə, onun sayı 35 min nəfərə çatırdı, - «döyüş tapşırığını» yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər: «Sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli əhali onları vəhşicəsinə məhv edir; ekstremistlər Salyan kazarmalarının (Bakıda əsas hərbi qarnizonun yerləşdiyi ərazi) ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər, təkcə bu ərazidə 110 atəş nöqtəsi var; binalar, mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaq» («Şit» təşkilatı müstəqil hərbi ekspertlərinin hesabatından). Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda «rus və erməni kartından» məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, «millətçi ekstremistlər» tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, yalan idi. Həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi. 1989-cu ilin sonunda Azərbaycanın cənub regionlarında əhali İranla sərhəddə olan qoruyucu barrikadaları dağıdaraq sərhədi kütləvi şəkildə keçirdilər. SSRİ rəhbərliyi İrana gedən azərbaycanlıların Azərbaycana silah daşımasından qorxuya düşərək Bakıda yerləşən hərbçiləri cənub regionlarına göndərmişdilər. Ona görə də 1990-cı ilin yanvarında Bakıda hərbçilərin sayının az olmasından istifadə edən təxribatçılar bir çox iğtişaşlar törədirdilər. 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. SSRİ Müdafiə Nazirliyinin, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi «Udar» adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı «ALFA» və SSRİ DTK-nın «A» təxribat qrupları oynayırdı. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndəsi, 20-dən çox qadın, uşaq var idi. Yanvarın 19-dan 20-nə keçən gecə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Qorbaçovun fərmanı qüvvəyə minənədək (20 yanvar, saat 00:00) artıq 9 nəfər öldürülmüşdü. Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn təcili yardım maşınlarını və tibb işçilərini də atəşə tuturdular.

Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Halbuki, Mixail Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaq. Bakıda Salyan kazarmasında 20 yanvar gecəsində döyüşlər başlayır. Orada azərbaycanlı zabitlər, əsgərlər gürcü, osetin, çeçen, inquşbaşqa millətlərin nümayəndələri ilə birləşib orduya qarşı vuruşurlar. 20 yanvardan sonrakı dəfn mərasimindən sonra - 23 yanvarda Azadlıq meydanında mitinq olub».

Məlum olduğu kimi, «Qara Yanvar»ın indiyədək özündə saxladığı sirlər çoxdur. Onu da bildirək ki, 100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb. Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu təsnifatı almayıb. Bu hadisələrə emosiya, kədər, yaxud mübarizlik salnaməsi kimi pafoslu münasibətlə bərabər, bir qədər də soyuqqanlı olub, o hadisələrin gerçək mahiyyətini dünya birliyinin, çeşidli beynəlxalq təşkilatların önünə qoymaq barədə düşünməli, 20 Yanvara beynəlxalq-hüquqi qiymətin verilməsinə çalışılmalıdır.

O da məlumdur ki, televiziya blokunun partladılmasına, media qarşısına çəpər çəkilməsinə baxmayaraq, yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Tarixçilər qeyd edir ki, 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı soyqırımı, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq olunması, nəticədə ölkənin ərazisinin 125 000 kv. km-dən 87 000 kv. km-dək azalması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar...

Bir məsələ hər kəsə aydındır ki, 20 Yanvar hadisəsinə ən böyük qiyməti xalqımızın ulu öndəri Heydər Əliyev verib. Xalqımızın dar günündə, sınağa çəkildiyi o müdhiş günlərdə Heydər Əliyevin meydana çıxıb xalqa təsəlli verməsi və bu cinayəti törədənlərə yerində cavab verməsi böyük hadisə kimi yadda qalıb. Bəli, 20 Yanvar günündə xalqının səsinə hər kəsdən əvvəl səs verən də Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də oğlu, silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan İlham Əliyevlə birlikdə ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəldi, təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda onu və başçısını paytaxtın özündə tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Ulu öndər Heydər Əliyev və oğlu İlham Əliyev bununla, hər şeydən əvvəl, Vətən, xalq qarşısında vətəndaşlıq və milli mövqelərini nümayiş etdirdilər. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi-özü də imperiyanın mərkəzində, Moskvada...

Tarixçilər qeyd edir ki, ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. 1990-cı il noyabrın 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi.

«20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında» Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli Fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu... «20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli Fərmanında deyilirdi: «Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir».

Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Qərarda 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını boğmaq, suveren bir dövlət amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

Sənəddə Sovet İttifaqı Kommunist Partiyasının, sovet dövləti və hökumətinin, şəxsən Mixail Qorbaçovun Azərbaycana qarşı ağır cinayət törətdikləri, Əbdürrəhman Vəzirovun, Ayaz Mütəllibovun, Viktor Polyaniçkonun, Vaqif Hüseynovun xalqımıza xəyanət etdikləri siyasi-hüquqi müstəvidə öz əksini tapdı. Azərbaycan SSR Ali Soveti Rəyasət Neyətinin sədri Elmira Qafarovanın, Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi Müslüm Məmmədovun bu qanlı faciənin törədilməsində məsuliyyət daşıdıqları və digər məsələlər də sənəddə qeyd olundu.

Heydər Əliyev şəhidləri və şəhid ailələrini heç vaxt diqqətdən kənar qoymurdu. 20 Yanvar faciəsinin bütün ildönümlərində şəxsən Şəhidlər Xiyabanını ziyarət edən Heydər Əliyev şəhid ailələrinə müraciətlə bütün Azərbaycan xalqı adından onlara başsağlığı verir, problemləri ilə yaxından maraqlanırdı. Ümummilli lider bu faciəni böyük bir tarixi hadisə kimi qiymətləndirib və qəhrəman övladlarımızın özünü qurban verərək Azərbaycan xalqının milli azadlığı üçün, Azərbaycanın müstəqilliyi üçün yol açdıqlarını ifadə edib. O bu məkanın Azərbaycan xalqı üçün ən müqəddəs yer və ən qiymətli abidə olduğunu bildirib.

Heydər Əliyev 20 Yanvar hadisəsinin əhəmiyyətini nəzərə alaraq, demək olar ki, keçirdiyi hər görüşdə bu hadisənin tarixi dərslərindən bəhs edib. 31 yanvar 1997-ci il tarixdə H.Əliyev Elmlər Akademiyasının rəhbərliyi, həqiqi və müxbir üzvləri, institut direktorları və aparıcı alimləri ilə görüşdə bildirib: «...Xalqımız bundan tarixi nəticə çıxarmalıdır. Biz gərək heç vaxt əyilməyək, heç vaxt sınmayaq. Bilirsiniz, millətin mənafeyi hər bir insanın həyatından üstün olmalıdır».

H.Əliyev Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının bir qrupu ilə 28 mart 1998-ci il tarixli görüşdə də bu dövrün dərin təhlil edilməsinin zərurətini nəzərə çatdırıb. O, hər zaman 20 Yanvar faciəsini, mahiyyət etibarilə, bəşəriyyətə, humanizmə, insanlığa qarşı yönəldilmiş ən qanlı terror aktlarından biri kimi qiymətləndirib. Prezident bu dəhşətli cinayətin təşkilatçılarının və icraçılarının indiyədək cəzasız qalmasından təəssüfləndiyini ifadə edib.

20 Yanvar qurbanlarının xatirəsi dövlətimiz tərəfindən yüksək tutulur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə 2009-cu ilin oktyabrında Bakının Yasamal rayonundakı «20 Yanvar» dairəsində memorial abidə kompleksinin inşasına başlanıb. 2010-cu il yanvarın 20-də isə həmin kompleksin açılışı oldu. Ümumi sahəsi 1500 kvadratmetr olan xatirə kompleksinin mərkəzində hündürlüyü postamentlə birlikdə 8 metr olan əzəmətli abidə ucaldılıb. Kompleksin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı qızılı hərflərlə həkk olunub.

Bu il 20 Yanvar hadisəsinin 25 ili tamam oldu. Şəhidlərimizin xatirəsi xalqımız üçün əziz dəyərlidir. Onların uyuduğu torpaq hər birimizin ziyarət yeridir. Yazımıza xalq şairi Bəxtiyar Vahabzadənin «Şəhidlər» şeirindən iki bəndlə nöqtə qoyur şəhidlərimizə rəhmət diləyirik.

Tarixi yaşadıb diləyimizdə,

Bir yumruğa döndük

o gecə biz .

Yıxıb köləliyi ürəyimizdə

Cəsarət mülkünü

tikdi şəhidlər.

Onlar susdurulan

haqqı dindirər,

Qaraca torpağı

qiymətləndirər.

Donan vicdanları

qeyrətləndirər,

Axı el qeyrəti çəkdi şəhidlər...

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 20 yanvar.- S.15.