Dünyanı qarış-qarış gəzən və Azərbaycan rəqsinin simvoluna çevrilən Şərur yallıları...

 

Torpağın bağrı başında qolboyun olan dağlara baxanda elə zənn edirsən ki, dağlar indicə yerindən hərəkətə gəlib yallı gedəcək. Dağların duruşu yallı getmək üçün himə bənd olan dəstəyə bənzəyir. Keçən yazımızdan bəlli oldu ki, rəqs sənəti Naxçıvana xasdır və xüsusən də yallılar bu torpağın minillər boyu sülh, əmin-amanlıq yurdu olduğunu ifadə edir.

Adı ana abidəmiz "Kitabi-Dədə Qorqud" eposundan keçən Naxçıvan-Şərur mahalı qədim mədəniyyətimizin yaşadığı məkan kimi xatırlanır. Bu kitabədə adı "Şəruk" kimi qeyd edilən Şərur mahalı Qorqud nəfəsi dolaşan ellərimizdəndir.

Şərur adı gələndə yalnız tarixi-arxeoloji abidələr, daş heykəllər yada düşmür, bura başlıcası olaraq yallı məkanıdır. Məlum olduğu kimi, yallı artıq əsrlərdir Şərurun simvoluna çevrilib. Azərbaycan rəqslərinin tarixini araşdıran alimlər bildirir ki, yallı bizim ən qədim rəqs növlərimizdəndir. Onlar hesab edir ki, yallı 8-10 min il bundan əvvəl yaranıb. Alimlər belə qənaətə gəlib ki, yallının "doğulma" tarixi əlifbanın, yazılı mədəniyyətin əmələ gəlməsindən əvvəlki dövrlərə gedib çıxır.

Azərbaycanın tanınmış mədəniyyət xadimi, rəqslərimizin mahir ifaçı və tədqiqatçısı, Xalq artisti mərhum Əminə Dilbazi müsahiblərindən birində deyirdi: "Söz demədən o, xalqımıza məxsus bütün xüsusiyyətləri, onun kimliyini, tarixini, mədəniyyətini bütün millətlərə aşılaya bilir".

Məmməd Məmmədov qeyd edir ki, yallı xalqımızın yaşam tərzini, adət-ənənəsini, mübarizliyini, qorxmazlığını, həmişə haqqa-ədalətə və sülhə can atmasını özündə yaşadıb. Elə götürək yallının ən qədim növlərindən biri olan "Qaladan-qalaya" rəqsini: "Şərur yallılarının mahir ifaçılarından biri olan Əməkdar incəsənət xadimi Vasif Çörəkçinin dediyinə görə, bu yallıda insanların döyüş əhval-ruhiyyəsini, cəsarətini və mübarizliyini əks etdirən maraqlı səhnələr var. Musiqi sədalarına uyğun olaraq ifaçılar rəqsə ağır templə başlayır, sanki "döyüş meydanında düşmənlə üz-üzə gəliblər". Rəqsin sonrakı hissəsində isə hərəkət müəyyən qədər sürətlənir, "Cəngi"nin sədaları döyüş məqamının çatdığını bildirir. Tərəflər üz-üzə dayanır. Dəstə başçıları öz güclərini göstərir. Oyunun digər hissəsində isə yenə də qılınca əl atılır. Məğlub tərəf qalib gəlmək əzmini göstərir. Qan töküləcəyini, düşmənçilik yarana biləcəyini görən ağbirçək ana meydana gələrək yaylığı ilə döyüşçünün qarşısını alır. "Uzundərə" havasında dəstələr sülh və barış arzusunda olduqlarını öz ifa tərzləri ilə də göstərir. Bu rəqs həm də qədimdən xalqımızın nə qədər sülhsevər olduğunu bir daha göstərir. Şərur toylarını bu gün də yallısız təsəvvür etmək çətindir. Hətta elə kəndlər var ki, onun sakinləri arasında yallı getməyi bacarmayanlar barmaqla sayılası qədərdir. Bayram tədbirlərini, xalq şənliklərini, konsert proqramlarını da yallısız təsəvvürə gətirmək çətindir. Yallı həm də bu yerlərin musiqi rəmzinə çevrilib. Yallıda əl-ələ tutub coşqunluqla ünsiyyətdə olan insanlar öz ritmik hərəkətləri ilə ətrafdakılara da olduqca xoş təsir bağışlayır. Böyük sənət adamları Şərur torpağını həm də yallıların beşiyi adlandırıb. Xoreoqrafiya məzmununa görə yallı iki növə ayrılır: süjet və rəqs tipli oyunlar. Süjetli oyunlar müəyyən hadisəni təsvir etdiyinə görə teatrlaşmış xalq oyunlarına bənzəyir. Bu rəqslərdə zarafat, gülüş üstünlük təşkil etsə də, digər yallılarda ifa və yeriş elementləri diqqəti çəkir. "Tənzərə", "El yallısı", "Gopu", "Qazı-qazı", "Köçəri", "Urfanı", "Qaladan-qalaya" belə yallı nümünələrindəndir.

Nə gizlədək, milli-mənəvi sərvətlərimizin qorunması sahəsində itirdiklərimiz də çox olub. Başqa sözlə, tariximizin müəyyən bir dövrlərində incəsənətin bu sahəsinə maraq xeyli azaldığından, onun bir çox nümunələri unudulub. Ötən əsrin 70-ci illərindən isə milli folklor rəqslərinin tədqiqi və təbliği istiqamətində də əsaslı və ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanıb. Bu səbəbdən də unudulmaqda olan yallı növlərinin bir çoxu yenidən həyata qaytarılıb. "Hoynərə", "Dönə" kimi yallıları buna misal göstərmək olar".

Xatırladaq ki, Şərur yallılarının yaşadılmasında, qorunmasında və təbliğində dövlətin rolu böyükdür. Burada dövlətlə yanaşı, "Şərur" xalq yallı ansamblının da böyük zəhməti olub. Ansamblın yaranma tarixi haqda rəsmi mənbələrdə qeyd edilir ki, ansamblın əsası 1924-cü ildə qoyulub. Keçən əsrin 30-cu illərinin ortalarından "Staxanov kolxozçularının rəqs ansamblı" adı ilə fəaliyyət göstərib. Elə o illərdə də onun fəaliyyətində canlanma yaranıb. Məhz bu dövrdən ansambl böyük səhnəyə qədəm qoyub.

M.Məmmədovun qeydlərinə görə, kollektivin şöhrətlənməsində və repertuarını genişləndirməsində Azərbaycanın dahi musiqiçisi və bəstəkarı Üzeyir Hacıbəyovun böyük xidmətləri olub: "1937-ci ildə SSRİ Ali Sovetinə Şərur torpağından deputat seçilən dahi sənətkar bölgədə musiqinin inkişafına qayğı və yardım göstərib. "Şərur Azərbaycan folklor mədəniyyətinin beşiyidir" söyləyən dahi musiqiçi həyat yoldaşı ilə birlikdə bir neçə dəfə ansamblın çıxışlarını dinləyib. Onun xeyir-duası ilə ansamblın 1938-ci ildə Moskva şəhərində keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündəki çıxışları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Ansamblın fəaliyyətində əsl canlanma isə ötən əsrin 70-ci illərindən başlanıb. Ölkəmizdə mədəniyyətə, onun ayrılmaz qolu olan incəsənətə göstərilən qayğı və diqqətdən bu kollektivə də pay düşüb. Məhz bu dövrdən "Şərur yallısı" el-el, oba-oba gəzib dolaşıb. Kollektiv dünyanın bir çox ölkələrində keçirilən bədii özfəaliyyət festivallarında iştirak edərək diplom və mükafatlara layiq görülüb.

1970-ci ildə Bakı şəhərində keçirilən "Naxçıvan mədəniyyəti günləri"ndə Muxtar Respublikanı təmsil edən kollektivlər sırasında bu ansambl da olub. Kənd mədəniyyət evləri, klublar nəzdində də yallı qrupları yaradılır. Yengicə, Çərçiboğan, Şəhriyar, Püsyan, Dizə kənd mədəniyyət evlərində fəaliyyət göstərən yallı ansambllarını buna misal göstərmək olar. 1972-ci ildə ADR-də keçirilən ümümdünya folklor festivalı ansamblın üzvləri üçün daha yaddaqalan olub. Ansamblı beynəlxalq əhəmiyyətli tədbirə məşhur rəqqasə, Xalq artisti Əminə Dilbazi hazırlayıb. O öz xatirələrində yazır:

"Məndən soruşdular: SSRİ-ni Almaniyada hansı folklor kollektivi təmsil edə bilər? Qərara gəldik ki, Naxçıvan yallısını aparaq. Mən bilirdim ki, bizim yallı mənbəyimiz Naxçıvanda Şərur torpağındadır... Biz ora - Almaniyaya elə bir folklor nümunəsi aparmalıydıq ki, üstündə xalqımızın möhürü olsun. Bu, Şərur yallısı idi...". Uğurlu çıxışlarına görə ansambl festivalın laureatı adını qazanır. Həmin il ansambl Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunur, kollektivə xalq yallı ansamblı statusu verilir".

Məlum olduğu kimi 1977-ci ildə Moskva şəhərində keçirilən kənd əməkçilərinin birinci Ümumittifaq xalq yaradıcılığı festivalı da onlar üçün əlamətdar olub. 1980-ci ildə ansambl Macarıstanda keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə iştirak edib. 1984-cü ildə Polşanın Zelyonaya Qora şəhərində keçirilən beynəlxalq folklor festivalının laureatı da bu kollektiv olub. Kollektivin uğurlu çıxışı mərkəzi televiziya ilə geniş göstərilib. Məhz o dövrdə Ümümittifaq televiziyası ilə "Şərur yallısı" sənədli filmi çəkilib. Onu da bildirək ki, kollektivin uğurlarında Azərbaycanın tanınmış musiqiçisi və rəqs ustalarından olan Əminə Dilbazi, Əlibala Abdullayev, Xumar Zülfüqarova, Qəmər Almaszadə, Kamil Dadaşov, Roza Cəlilova kimi sənət adamlarının da böyük zəhmət və xidmətləri olub.

M.Məmmədov xatırladır ki, müstəqillik dövründə isə ansamblın fəaliyyətində canlanma 90-cı illərin ikinci yarısından başlanıb: "Muxtar Respublikada böyük ürəklə həyata keçirilən yeni həyat quruculuğu xətti mədəniyyət sahələrini də öz ağuşuna alıb. Tarixi memarlıq abidələrinin bərpasına başlanıb, incəsənət kollektivlərinin fəaliyyəti gücləndirilib. Bu qayğının sayəsində də "Şərur" yallısı 1997-ci ildə Türkiyənin İskəndərun şəhərində folklor bayramında uğurla çıxış edib. 1998-ci ildə Bayburt şəhərində keçirilən "Dədə Qorqud" festivalında da onlar yüksək mükafata layiq görülüb. 2001-ci ildə Misirin paytaxtı Qahirədə keçirilən on ikinci beynəlxalq folklor festivalı da onlar üçün yaddaqalan olub".

Misirdə keçirilən folklor festivalında da Şərur yallısı bütün salonu məftun edib və 40-dan çox ölkənin folklor rəqs ansamblının dəvət olunduğu həmin tədbirdə "Qızıl Açar"a layiq görülüb. Kollektivin üzvləri 2002-ci ilin iyun ayında İstanbulun iri bölgələrindən biri olan Pendikdə keçirilən mədəniyyət və incəsənət bayramında da öz ustalıqlarını bir daha təkrarlayıb. Onlar həmin ilin iyul ayının əvvəllərində Ərdahan vilayətində "Atatürkün izində, kölgəsində Damal şənlikləri" festivalında da müvəffəqiyyətlə iştirak edib. Bunlarla bərabər Muxtar Respublika və rayon miqyasında keçirilən xalq şənliklərində, bayram tədbirlərində də kollektiv öz gücünü göstərib. 2005-ci ildə isə "Şərur yallısı" sənədli filmi ekranlarda yayımlanıb. Filmin quruluşçu rejissoru beynəlxalq kino festivalının mükafatçısı Tahir Əliyevdir. Filmdə rəqs canlı, ritorik, emosional təsir bağışlayırsa, musiqidə şüur əlvanlığı, insan mənəviyyatının gözəlliyi ön plana çəkilir. Bu səbəbdəndir ki, hər dəfə film tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. Hər bir sakin də bu mədəniyyətə sahib, yiyə olması ilə qürurlanır.

Ansamblın bədii rəhbəri Səttar Əhmədov mətbuata açıqlama verərək bildirib ki, xalq əmanətini yaşatmaq məqsədilə kollektiv yaradıcılıq axtarışlarını bu gün də davam etdirir: "Kəndbəkənd, oba-aba gəzir, qədim rəqslərimizi, yallılarımızı toplayır, öyrənir, repertuarımızı daha da zənginləşdiririk. Ömürlərinin ahıl çağını yaşayan insanlarda xeyli bilgilər var. Onların köməyi ilə unudulmaqda olan 4-5 yallı bərpa edilib. Hazırda isə repertuarımızda ifa tərzi ilə bir-birindən fərqlənən 40-dan çox yallı və rəqs var.

Ansamblın 50-yə yaxın üzvü var. Onların bir çoxu istedad və qabiliyyətləri ilə ölkə miqyasında yaxşı tanınıb. Qeyd edək ki, Azərbaycan milli musiqi mədəniyyətinin, folklorun inkişafında göstərdiyi xidmətlərə görə ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ansamblın bədii rəhbəri Səttar Əhmədovla yanaşı, müğənni Kimya Babayevaya və tütəkçalan Kamal Babayevə də Əməkdar mədəniyyət işçisi fəxri adı verilib. Bu mükafatlar kollektiv üzvlərini daha da ruhlandırıb.

M.Məmmədov bildirir ki, yallının beşiyi sayılan Şərurda indi 3 yallı ansamblı fəaliyyət göstərir. Maraqlıdır ki, bu ansamblların üzvləri yaş fərqinə görə seçilib: "Şərur qönçələri" uşaq yallısı, gənclərə və orta nəslə mənsub olan "Şərur" xalq yallı ansamblı və yaşlılardan ibarət "Nurani" yallısı. Başlıca məqsəd də qədim folklor rəqslərini yaşatmaqdır. Rayonda tanınmış digər bir yallı kollektivi isə "Nurani" xalq yallı ansamblıdır. Kənd mədəniyyət evinin nəzdində fəaliyyət göstərən bu ansambl öz ətrafında 60-70 yaşında ifaçıları toplayıb. Onları bir yerə çəkən qüvvə el sənətimizə olan sonsuz hörmət və ehtiramdır. İfaçılar unudulmaqda olan yallılarımızın həyata qaytarılmasında köməklərini əsirgəmir. Onların arasında təcrübəli ifaçılar da var. Onlardan biri 81 yaşlı Bahəddin Əsgərovdur. O, əllinci illərdə Şərur yallılarının təbliği ilə məşğul olub. Son illərə qədər mədəniyyət sahəsində çalışıb. "Hoynərə", "Dönə" kimi yallılar da bu cür xeyirxah insanların səyi nəticəsində yenidən sənətə qaytarılıb".

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 28 yanvar.- S.15.