Naxçıvan
yallıları - mədəniyyətimizin rəqs simvolu..
Azərbaycan rəqs sənətinin geniş yayıldığı ərazilərdən biri Naxçıvan diyarıdır. Ən qədim rəqs elementlərimizin yaşadığı ellərdəndir Naxçıvan. Elə rəqs növlərimiz var ki, o ancaq bu yurd üçün xarakterikdir. Əlbəttə, Azərbaycanın hər yerində rəqs sənəti yaşayır, ancaq Naxçıvandakı qədər qədimlik qoruna bilməyib. Naxçıvan rəqsləri birbaşa ənənələrə söykənir və əski elementləri özündə ifadə edir.
2014-cü ildə «Musiqi dünyası» jurnalında Naxçıvan rəqsləri ilə bağlı Amil Əsgərovun maraqlı bir yazısı dərc edilib. Əlbəttə, bu, Naxçıvanda rəqs ənənələrini öyrənmək, bu sahədə mövcud olan inkişafı müşahidə etmək üçün maraqlı faktdır. Musiqişünasın qeyd etdiyinə görə, Azərbaycanın qədim diyarı Naxçıvanın musiqi mədəniyyəti öz tarixi, mənəvi və bədii təcəssümünü, ilk növbədə, zəngin musiqi folklorunda tapır. Onun yazdığına görə, bu diyarın musiqi folkloru geniş janr tərkibinə, zəngin ənənələrə, ifadə vasitələrinə və ifaçılıq xüsusiyyətlərinə malikdir: «Naxçıvan musiqi folklorunun regional özünəməxsusluğu onun melodiya, məqam, forma, intonasiya, ritm səciyyəsində və ifa tərzində də özünü göstərir. Musiqi folklorunun bir növü də xalq rəqsləridir. Ən qədim tarixi dövrlərdən günümüzə qədər yaşayan Naxçıvan xalq rəqsləri bu regionun spesifik musiqi üslubunu və ifaçılıq ənənələrini özündə əks etdirir. Digər tərəfdən, xalq rəqsləri etnoqrafiya, mifologiya, xalq məişəti, əmək fəaliyyəti, həyat tərzi, bayramlar və mərasimlər ilə bağlı şəkildə yaranıb və yaşayıb. Bu baxımdan, Naxçıvan xalq rəqsləri folklorşünasların, filoloqların, etnoqrafların, arxeoloqların diqqətini cəlb edib, bu zəngin irs haqqında müxtəlif məqalələr yazılıb, onların tarixi, etimiologiyası, etnoqrafiyası, poetik mətni barədə müəyyən fikirlər irəli sürülüb. Xalq rəqslərinin janr, ifaçılıq, ifadə vasitələri baxımdan ən qədim növlərindən biri də yallı rəqsləridir. Əbəs deyil ki, əsrlər boyu Naxçıvan istər Qafqaz, istər Yaxın və Orta Şərq, istərsə də Avropa xalqları arasında «yallıların vətəni», «yallıların məskəni» kimi tanınıb. Belə demək olarsa, yallı Naxçıvanın ənənəvi musiqi irsinin qədim mədəniyyət abidəsidir».
Naxçıvan yallılarının spesifik xüsusiyyətlərini önə çəkən alim vurğulayır ki, yallıların belə uzunömürlü olmasında, yaşamasında Heydər Əliyevin rolu böyükdür: «Ulu Öndər Heydər Əliyev hələ 1970-ci illərdə Naxçıvan yallılarını bundan sonra da qorumağı və yaşatmağı tövsiyə edib, bu folklor irsimizi «Naxçıvanın tacı» adlandırıb. Azərbaycan musiqi tarixinə dair nəşrlərdə də yallı rəqsinin qədimliyi qeyd olunub, bu folklor rəqsinin qədim mərasimlərlə bağlılığı bildirilib. Naxçıvan yallıları diyarın tarixi, etnoqrafiyası, mərasimləri, mifoloji inancları, adət-ənənələri, ifaçılıq mədəniyyəti ilə sıx bağlı şəkildə təşəkkül tapıb və tarixi təkamül yolu keçib. Yallı rəqslərinin Naxçıvanın müasir musiqi həyatında da yaşaması və ifa olunması bu janrın musiqi tarixində əsaslı yer tutmasını bir daha təsdiq edir. Naxçıvanın musiqi-ifaçılıq tarixinin tədqiq olunmasında yallı rəqslərinin hərtərəfli və kompleks öyrənilməsi mühüm elmi əhəmiyyət kəsb edir. Bu baxımdan yanaşdıqda, ilk növbədə, Naxçıvan yallılarının musiqişünaslıq tədqiqatları və öyrənilmə aspektləri nəzərdən keçirilməli, bu sahədə görülən işlər konkret olaraq müəyyənləşməlidir. Yalnız bundan sonra yallı rəqslərinin ifaçılıq aspektlərinin tədqiqində qarşıda dayanan vəzifələr müəyyən olunmalıdır».
Qeyd edək ki, Naxçıvan ərazisində yayılmış xalq rəqsləri haqqında musiqişünaslıq elmi tərəfindən də bir sıra tədqiqatlar aparılıb. Bu tədqiqatlara, əsasən, Naxçıvan yallıları aiddir. Tədqiqatlarımız belə nəticəyə gətirir ki, Naxçıvanın yallı rəqsləri musiqişünaslar tərəfindən iki istiqamətdə öyrənilib:
1. Naxçıvan yallılarının toplanması, nota yazılması və nəşr olunması;
2. Naxçıvan yallılarının musiqişünaslıq baxımından araşdırılması və təhlili.
A.Əsgərov vurğulayır ki, Naxçıvan yallıları haqqında ilk məqsədyönlü elmi-tədqiqat və dissertasiya işi görkəmli etnomusiqişünas-alim, professor Bayram Hüseynliyə məxsusdur. B.Hüseynli 1967-ci ildə «Azərbaycan xalq rəqs musiqisi» mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Dissertasiyada yallı rəqslərinin tədqiqinə də geniş yer verib. Alimin qeydlərinə görə, B.Hüseynlinin xalq rəqsləri haqqında elmi məqalələrində də yallılar haqqında maraqlı fikirlər irəli sürülüb. «Azərbaycan xalq rəqslərinin klassifikasiyası» məqaləsində B.Hüseynli yallı rəqslərini «kütləvi rəqslər» növünə aid edib. Müəllifin fikrincə, kütləvi rəqslər mahnı-rəqs yaradıcılığının bir şaxəsini təşkil edir. «Kütləvi oyun, mahnı-rəqslərin bir çoxu xoreoqrafik hərəkətlərlə qəhrəmanlığı, mərdliyi, zəhməti, sevinci və s. təsvir edir».
Alim bildirir ki, etnomusiqişünas-alim B.Hüseynlinin bu istiqamətdə daha bir araşdırması iki dəftərdən ibarət «Azərbaycan xalq rəqs melodiyaları» məcmuəsidir. Birinci dəftər yallı, ikinci dəftər halay nümunələrinin not yazılarıdır: «Azərbaycan xalq rəqs melodiyaları» məcmuəsinin birinci dəftərinə 25 yallı nümunəsi daxildir. Bu məcmuəni Naxçıvan yallılarına ilk elmi-məqsədyönlü yanaşma adlandırmaq olar. Belə ki, Naxçıvan yallılarının ilk not yazıları məhz bu məcmuəyə daha ətraflı, daha çox daxil edilib.
A.Əsgərovun sözlərinə görə, məcmuənin giriş hissəsində müəllif tərəfindən yallının Azərbaycanda yayılması haqqında müəyyən məlumatlar verilib: «Kütləvi xalq rəqsi yallı Azərbaycanda, əsasən Noraşen, Ordubad, Şahbuz, Laçın, Nuxa və Qazax rayonlarında hələ qədim zamanlardan geniş yayılıb. Bu rayonlarda elə bir toy və bayram olmayıb ki, burada qocalardan tutmuş, uşaqlara qədər dəstə tutub yallı getməsinlər». Müəllifin yallı rəqsinin adına verdiyi açıqlama da maraq doğurur. Mübahisəli görünsə də, onun fikrinə diqqət edək: «Yallı məfhumu Azərbaycan xalqının dilində çox qədim zamanlardan mövcuddur. Bildiyimiz kimi, Azərbaycan dilində «yal» sözü bir neçə mənada işlənir. Bunlardan biri də dağlar, təpələrdir ki, Azərbaycan xalqı arasında onlara «yal» da deyilir. Zənnimizcə, «yallı» məfhumu da məhz bu mənadan doğub. Çünki yallı rəqsində əl-ələ verib oynayan adamlar bir növ çiyin-çiyinə durmuş dağları xatırladır. Heç də təsadüfi deyil ki, Gəncə şəhərindən 30 km. cənubda, dağlıq yerdə sıra ilə düzülmüş sarı qayalıq «Sarı yal» adlanır. Deməli, cərgəyə düzülərək dəstə ilə ifa olunan kütləvi rəqslərdən birinə Azərbaycan xalqı hələ qədim zamanlardan yallı adı verib. Çox vaxt xalq arasında bu rəqsə «el yallısı» da deyilir».
Bayram Hüseynli yallıların təsnifatını da verib. Bu təsnifat indiyə qədər musiqişünaslar və folklorşünaslar tərəfindən istifadə edilən yeganə bölgüdür. Belə ki, B.Hüseynli yallıların təsnifatını iki aspektdə - xoreoqrafik məzmunları və musiqi müşayiəti əsasında aparıb. Onun yanaşmasına görə, xoreoqrafik məzmun baxımından yallılar iki yerə bölünür. Bunlardan birincisi süjetli yallılardır ki, müəllif onları «oyun-yallı» adlandırır, onların xalq arasında «yallı-yallı» da adlanmasını qeyd edir. Bu növ yallılara «Köçəri», «Qaz-qazı», «Çöp-çöpü» rəqslərini misal göstərir. Məcmuədə ikinci növ yallılar «rəqs-yallı» adlandırılır: «İkinci növ yallılar isə, müəyyən əhval-ruhiyyəni, xüsusən qəhrəmanlığı, gümrahlığı, gəncliyi və cəldliyi ümumi şəkildə tərənnüm edən rəqs-yallılardır. Bu yallılara «Dönə yallı», «Siyaqutu», «Tənzərə», «Ürfanı» və qalan yallılar daxildir.
A.Əsgərov bildirir ki, Bayram Hüseynlinin yallı ilə bağlı maraq doğuran fikirlərindən biri də musiqi müşayiəti məsələsidir ki, bu məsələ bilavasitə yallıların ifaçılıq xüsusiyyətinə aiddir. Belə ki, müəllif yallıları musiqi müşayiətinə görə iki yerə bölür:
1. Mahnı müşayiəti ilə ifa olunan yallılar;
2. Musiqi müşayiəti ilə ifa olunan yallılar.
«Daha sonra B.Hüseynli yallı müşayiətinin bu iki növünün maraqlı izahını verir. Elmi baxımdan bu maraqlı təsnifata münasibət bildirərkən, qeyd etmək istəyirik ki, bizim də yallıların müşayiətinə dair təsnifatımız var.
B.Hüseynlinin daha bir fikri yallı rəqslərinin tarixini və ifaçılığını əlaqəli öyrənmək baxımdan çox maraqlıdır. Onun fikrincə, yallılar «ritmli küy» ilə də müşayiət olunur. «Ritmli küylə müşayiət bir neçə növ olur. Bura yallı gedərkən rəqqasların çəpik çalmasından, yanındakı rəqs yoldaşı ilə əl-ələ vurmasından, öz buduna vurmasından, ayaq döyməsindən, çırtma çalmasından alınan ritmli küylər, yallıda istifadə olunan atributların (çomaq, çubuq, qamçı və sairə) zərbindən alınan ritmli küylər və eləcə də tamaşaçıların əl vurmasından, çırtma çalmasından, ayaq döyməsindən alınan ritmli küylər daxildir»- deyə bildirən A.Əsgərov vurğulayır ki, beləliklə, B.Hüseynlinin «ritmli küy» adlandırdığı müşayiətin aşağıdakı növləri var:
- Yallı gedənlərin çəpik və ya çırtma çalması; rəqs yoldaşı ilə əl-ələ vurması; ayaq döyməsi;
- Tamaşaçıların çəpik və ya çırtma çalması, ayaq döyməsi,
- Atributların (çomaq, çubuq, qamçı və sairə) zərb ilə vurulması.
Fikrimizcə, yallı rəqslərini müşayiət baxımından 5 növə bölmək mümkündür:
1. Oxuma ilə (vokal) ifa olunan yallı rəqsləri;
2. Çalğı alətləri
ilə (instrumental) ifa
olunan yallı rəqsləri;
3. Oxuma və çalğı
ilə birlikdə (vokal-instrumental) ifa olunan yallı rəqsləri;
4. Əl çalmaq və ya çırtma
ilə (özünümüşayiət
ilə) ifa olunan yallı rəqsləri.
5. Atributiv müşayiətlə
ifa olunan yallı rəqsləri.
Müşayiət xüsusiyyətinə görə
birinci qrupa daxil olan yallı
rəqslərinə Naxçıvanda
xalq arasında «dil yallı», «dil yallısı» da deyilir. İkinci (instrumental) müşayiət növünə
aid olan yallılar istisna olmaqla, digər müşayiət
növləri ilə ifa olunan yallılar
«mahnı-rəqs» səciyyəsi
daşıyır. Başqa sözlə,
bu yallıları «mahnı-rəqs» və ya «mahnı rəqsləri» ümumi adı altında birləşdirmək mümkündür.
Çünki belə
müşayiətlərə malik olan yallı
nümunələri musiqi
folklorunun iki janr xüsusiyyətini özündə birləşdirir:
mahnı və rəqs. Bu baxımdan,
B.Hüseynlinin «mahnı
müşayiəti ilə
ifa olunan yallılar» fikri də maraq doğurur.
Belə ki, «mahnı-rəqs» kimi ifa olunan yallılara
artıq mərasim sinkretizminin qədim nümunələri kimi yanaşılmasını təklif
edirik: «Yallıların
ifaçılıq aspektini
araşdırdıqda belə
nəticəyə gəlirik
ki, tarixi baxımdan ən qədim müşayiət
forması əl çalmaq, çırtma
çalmaq və atributlar ilə müşayiətdir. Belə ki,
istər qədim mərasim mahnılarının
və rəqslərinin,
istərsə də yallıların ifası zamanı musiqi alətləri ilə müşayiət nisbətən
sonrakı əsrlərin
məhsuludur. Mərasim icrasında
ən qədim müşayiətedici alət
insan əlləri olub. Atributlarla müşayiət isə xalqın əmək məşğuliyyətinin
və məişət
həyatının təsiri
ilə meydana gəlib. Belə ki, musiqi folkloru xalqın mərasimlərilə, xalqın
əmək fəaliyyəti,
məişəti və
həyat tərzi ilə bağlı şəkildə yaşayıb
və inkişaf edib. Bu baxımdan yallıların ifasında
çomaq, qamçı,
çubuq, tas,
küp, dolab kimi əmək və məişət vasitələrindən istifadə
olunması yallıların
tarixi qədimliyinə
və etnomədəni
mahiyyətinə dəlalət
edir: «Bayram Hüseylinin məcmuəsində
yer alan yallı nümunələri
aşağıdakılardır: 1. Dönə yallı;
2.Hağışda; 3. Üçayaq yallı (Ordubad variantı); 4. Leninakanı; 5. Siyaqutu; 6. El yallısı
(Ağdam variantı);
7. Köçəri; 8. Çınq-çınq; 9. Yeravanı; 10. İkiayaq yallı; 11. Üçayaq yallı (Noraşen
variantı); 12. Qaladan qalaya;
13. Tənzərə (Ordubad variantı);
14. Tənzərə (Noraşen variantı);
15. Gopu; 16. Ürfanı; 17. Qaleyi; 18. Ləyli xanı; 19. Hoynare; 20.
Güleynare; 21. Nənüke; 22. Qaz-qazı (Oyun-yallı); 23.Kürdün ağırı;
24.Çöp-çöpü; 25. Ciran-ciran. Bu nümunələrdən «El yallısı» (Ağdam variantı), «Üçayaq
yallı» (Noraşen variantı), «Tənzərə»
(Noraşen variantı)
yallıları istisna
olmaqla, digər nümunələr məhz
Naxçıvan ərazisində
ifa olunan yallılardır. Qeyd edək
ki, Azərbaycanın bölgələrində yallı
rəqsləri ad, melodiya,
ifa variantları ilə geniş yayılıb. Variantlılıq yallı rəqslərinin əsas yaşama və yayılma xüsusiyyətlərindən biridir.
Bu baxımdan, Naxçıvan yallılarının
istər Naxçıvan
ərazisində, istərsə
də Azərbaycanın
digər bölgələrində
variantlı şəkildə
mövcud olması elmi baxımdan maraq doğurur. Belə ki, bu variantlılıq
yallı rəqslərinin
ifaçılıq, melodiya,
ad baxımından müxtəlif
və zəngin olduğunu təsdiqləyən
faktlardan biridir. Digər tərəfdən, yallı
rəqslərinin variantlılığı
onların Naxçıvanda
yayılan yallı nümunələrinin etnomusiqi
xəritəsini və
dialekt növlərini
müəyyən etməyə
əsas verir. Bayram Hüseynlinin bu məcmuəsi yallı rəqslərinin, musiqi folklorunun tədqiqatçıları
üçün bu gün də nəzəri və praktik əhəmiyyət kəsb edir. Məcmuəyə daxil olan yallı nümunələrinin
ifaçılıq təhlili
müasir musiqişünaslıq
elminin qarşısında
dayanan vəzifələrdən
biridir. Müəllifin bu yallılar
haqqında fikir və məlumatlarını
yüksək qiymətləndirərək,
qeyd edirik ki, bu nümunələrin
ifaçılıq aspekti
kompleks və sistemli yanaşma tələb edir. Belə ki, yallı sinkretik mədəniyyətdir,
buna görə də bir çox
ifaçılıq komponentlərini-təfsir,
üslub, melodiya, intonasiya, məqam, ritm, söz, müşayiət - özündə
ayrılmaz vəhdət
şəklində ehtiva
edir. İkincisi, yallı rəqslərinin
tarixi-mədəni kökləri
məhz Azərbaycan mərasim mədəniyyətinə
daxildir.
Yallıların mərasim mədəniyyətindən
ayrı öyrənilməsini
elmi-metodoloji baxımdan
mühüm və düzgün yanaşma hesab edirik. Yallı-mərasim əlaqələrinin isə
bir çox istiqamətləri var: yallı və mifologiya; yallı və dünyagörüşü;
yallı və etnomədəni sistem; yallı və musiqi təfəkkürü;
yallı və ifaçılıq».
Alim yazır
ki, bütün bu amilləri nəzərə alaraq, B.Hüseynlinin «Azərbaycan
xalq rəqs melodiyaları» məcmuəsinə
daxil olan yallı nümunələrinin
tədqiq və təhlilinə müasir musiqişünaslığın yeni yanaşma metodologiyasını vacib hesab edirik.
Ardı var...
İradə SARIYEVA
Bakı xəbər.-2015.- 27 yanvar.-
S.15.