Xalq qəhrəmanı Babək tariximizin unudulmaz
simalarındandır...
Tarix yetişdirdiyi dahiləri, fövqəlbəşər şəxsiyyətləri, əzəmətli insanları həm də yaşadır. Yaşadır ki, onların qəhrəmanlığı, şücaəti, ağıl və idrakı, başlıcası, zəfər dolu qəhrəmanlığı xalq üçün örnəyə çevrilsin. Babək Azərbaycan tarixinin əsrlərdən bəri yaşayan, nümunə olan, adı ilə öyünülən xalq qəhrəmanı, sərkərdəsidir. Babək Xürrəmi Xürrəmilər hərəkatının ən görkəmli rəhbəri, Ərəb Xilafətinə qarşı Azərbaycandakı üsyana rəhbərlik etmiş böyük sərkərdədir.
Xalq qəhrəmanı Babəkin xatirəsi, adı, xidmətləri bu gün də yaddan çıxarılmır. Qeyd edək ki, xalqımızın əzəmətli oğlu Babəkin adına Naxçıvan Muxtar Respublikasında rayon var.
Babəkin Babək rayonu və Xaçmaz şəhərində heykəlləri qoyulub. Babəkin adı Bakı və Gəncə şəhərlərində prospektə verilib. 1979-cu ildə "Azərbaycanfilm" kinostudiyası "Mosfilm" kinostudiyası ilə birlikdə Eldar Quliyevin rejissorluğu ilə Babək haqqında film çəkib. 1996-cı ildən başlayaraq hər il Babəkin doğum günü kimi qeyd edilən 26 iyun tarixində Güney Azərbaycanda yaşayan Azərbaycan türkləri Bəzz qalasına yürüş keçirir.
Azərbaycan bəstəkarı Aqşin Əlizadə 1979-cu ildə Babək baletini bəstələyib. Xalq yazıçısı Ənvər Məmmədxanlı "Babək" romanını yazıb. "Babək" filmi də onun ssenarisi əsasında çəkilib. Hətta "Xürrəmilərin ağ şahini" adlı pyesin müəllifi də Ənvər Məmmədxanlıdır.
Cəfər Cabbarlının "Od gəlini" faciəsinin qəhrəmanı Elxanın prototipi də Babəkdir. Azərbaycan yazıçısı Taleh Şahsuvarlının 2009-cu ildə çapdan çıxan "Canlanma" tarixi romanında Babəkdən bəhs olunub.
Babək neçə yüzillər bundan əvvəl doğulub mübarizə aparsa da, onun adı bu gün də çəkilir, sabah da çəkiləcək. Qədirbilən Azərbaycan dövləti öz qəhrəman və sərkərdələrini, mübariz övladlarını, sinəsini yadellilərin hücumlarına sipər edən oğullarını heç vaxt unutmur. Onların hansı əsrdə yaşamasının fərqi yoxdur. Bütün qəhrəmanlarımızın xatirəsi dövlətimiz tərəfindən əbədiləşdirilir. Bəli, doğrudan da qəhrəmanlar ölmür, onların ömrü xalqların ömrü qədər olur.
Babək Azərbaycan xalqının qəhrəman oğlu kimi tarix kitablarımızda, bədii ədəbiyyatda, filmlərdə, təsviri incəsənət əsərlərində hər zaman yada salınır. Dövlətimiz isə özünün qəhrəman oğlunu unutmur. Bildiyimiz kimi, 2011-ci ilin 6 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərində görkəmli Azərbaycan sərkərdəsi Babəkin abidəsinin ucaldılması haqqında Sərəncam imzalayıb. Sənəddə deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və xalqımızın çoxəsrlik zəngin tarixinə adları qəhrəmanlıq rəmzi kimi həkk olunmuş görkəmli şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində əhəmiyyətini nəzərə alaraq qərara alıram:
1. Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində böyük Azərbaycan sərkərdəsi Babəkin abidəsi ucaldılsın.
2. Bakı Şəhər İcra Hakimiyyəti Babəkin abidəsinin ucaldılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
Alimlər qeyd edir ki, xalq qəhrəmanı Babəkin doğum tarixini hələ də dəqiqləşdirmək mümkün olmayıb. Tarixçilər dolayı məlumatlara əsaslanaraq belə hesab edir ki, o, 798-800-cü illərin birində Bilalabadda dünyaya gəlib. Tarixi mənbələrdə qeyd edilir: "Əsl adı Həsən olub. Atasının ölümündən sonra karvanlara qoşularaq Azərbaycanın hər tərəfini gəzib. Xürrəmi təlimi ilə tanışlığı Təbrizdə başlayıb.
Bilalabad yaxınlığındakı dağlarda yerləşən Bəzz qalasında Cavidan adlı varlı vilayət hakimi-xürrəmi yaşayırdı. O bir dəfə qışda qalaya qayıdarkən qar fırtınasına düşür. Məcbur olub Bilalabada dönür. Həsənlə də bu zaman tanış olur. 16-17 yaşlı cavanın ağlına, fərasətinə heyran qalır və onu özü ilə Bəzz qalasına aparır. Həsən az vaxtda hamının hörmətini qazanır və məşhurlaşır. Cavidan döyüşlərin birində öldürüldükdən sonra onun vəsiyyətinə əsasən xürrəmilərə başçılıq edən Həsən özünə Babək adı götürür. Bu, 816-cı ildə olmuşdu. Bilirsiniz ki, tarixdə xürrəmilər üsyanı deyilən hadisələr yaşanıb. Bu üsyan Babək tərəfindən qaldırılmışdı. O, həmfikirləri və silahdaşları qarşısında ərəbləri qovmaq və ədaləti bərpa etmək vəzifəsi qoymuşdu. Belə də oldu. Babəkin başçılığı ilə ərəblər öldürülür və ya ölkədən qovulurdu. Az sonra bütün Azərbaycan xürrəmilərin əlinə keçdi. Üsyan şimaldan cənuba adladı. Bu, 819-cu ildə baş verdi. Bəs sonra nələr oldu?
Ərəb xəlifəsi Babəkin üstünə bir-birinin ardınca say-seçmə qoşun göndərir. Hər dəfə də məğlub olur. Bu minvalla Babək xilafətə qarşı təxminən 17 il vuruşur. Döyüşlərdə 225 mindən çox ərəb əsgəri və sərkərdəsi öldürülür. Yeni xəlifə Möhtəsim Babəkin üzərinə sərkərdə Afşinin başçılığı ilə daha böyük qoşun göndərir. 836-cı ildə Azərbaycana daxil olan Afşin Bəzz qalasını mühasirəyə alır. Qüvvələrin qeyri-bərəbər olduğu bu döyüşdə məğlubiyyətə uğrayan Babək qalanı tərk edir və özünü Bizansa yetirmək istəyir. Afşin onun ardınca hər yana dəstələr yollayır. Təqiblər başlayır.
Təəssüf ki, Babək bu təqiblərdən qaçıb qurtara bilmir. Köhnə tanışlarından olan Səhl ibn Sumbat adlı bir vilayət hakimi Babəki aldadaraq əsir alır və Afşinə təhvil verir. Xəyanət qurbanı olan Babək 838-ci ildə edam olunur. O vaxtdan çox zaman ötməsinə baxmayaraq, Babək və onun başçılıq etdiyi Xürrəmilər üsyanı yaddan çıxmır. Bu hadisələr Azərbaycan tarixinin parlaq səhifələrindən biri kimi xalqın hafizəsində yaşayır".
Babək ömrünün böyük hissəsini ərəb işğalçılarına, xilafət ordusu ilə mübarizəyə həsr edib. Bəlli olduğu kimi, Mötəsim hakimiyyətə gələn kimi, ordunu yenidən qurmağa başlayır. 0, başlıca olaraq, türklərdən yığılmış muzdlu qoşun təşkil edir. Babəkin ordusunda da türklər çoxluq təşkil edirdi. Bunlardan biri də qabiliyyətli sərkərdə Tərxan idi. Çətin həyat şəraitinə öyrəşmiş gözəl hərbçilər olan türklər Mötəsimin Babək üzərində qələbə çalmasında əvəzsiz rol oynayıb. "Vikipediya" yazır ki, Mötəsim Xilafətin paytaxtını Bağdaddan türk əhatəsində yerləşən Samirəyə köçürür: "Ordusunu yenidən quran və təzə-təzə türk dəstələri ilə möhkəmləndirən Mötəsim Həmədan yaxınlığında Babəklə döyüşə girir. Bu döyüşdə ərəb ordusuna əl-Cibəl hakimi İshaq ibn İbrahim ibn Müsab başçılıq edirdi. Babək özünün ənənəvi döyüş metodunu-partizan müharibəsi metodunu dəyişərək, açıq meydanda vuruşa girir. Təbii ki, Babəkin təlim keçməmiş, süvari dəstələri muzdlu nizami ordunu yenə bilməzdi və məğlubiyyətə uğramalı idi. Əlli mindən artıq kəndli döyüşçü öldürülür, qalanlarsa canlarını qaçmaqla qurtarır. Babək özü o döyüşdən sonra Bəzzə gedir və yeni dəstələr toplamağa başlayır. Həmədan yaxınlığındakı məğlubiyyət Babəkin nüfuzuna ciddi zərbə vurur. Mötəsim öz əmirlərindən biri olan Əbu Səid Məhəmmədə Babəkin sığınacağını mühasirəyə almaq, giriş və çıxış yollarını bağlamaq, silah, ərzaq daşınmasına imkan verməmək, vaxtilə Babəkin dağıtdığı ərəb istehkamlarını bərpa etmək əmri verir. Babəkin sürsat dalınca göndərdiyi bir neçə dəstə Əbu Səidin qoşunları tərəfindən darmadağın edilir. Bundan sonra xəlifə xürrəmilərlə haqq-hesabı bitirməkdən ötrü yenidən qoşun toplanışı keçirərək, ordunun başına ən istedadlı və çevik sərkərdələrdən birini - Heydər ibn Kavus əl Afşini gətirir. Eyni zamanda, onu Azərbaycan, Ərməniyyə, Arran, Muğan və Cibəl hakimi təyin edir. 836-cı ilin yazında Afşin Azərbaycana daxil olur. Çətin keçilən dağ cığırları ilə, nəhayət, Bəzz qalasına aparan yola çıxa bilir. Həmədan yaxınlığındakı məğlubiyyətdən sonra Babək açıq döyüşə girmir, qaladan çıxmadan düşməni gözləyir.
Qışın axırına doğru Mötəsim Afşinə köməyə daha doqquz min türk muzdlusu göndərir. Bu dəstəyə türk sərkərdələri İtax və Cəfər ibn Dinar başçılıq edirdilər. Babəkin vəziyyəti çətinləşir. Bəzz qalasına yaxınlaşan Afşin öz mövqelərini üç qayada möhkəmləndirir. Qalanı uzun müddət mühasirədə saxlamaq məqsədilə düşərgəsini daşlarla hördürür. Afşinin hücumundan qabaq Babək sərkərdələrindən birinin başçılıq etdiyi dəstəni yaxınlıqdakı dağa göndərir və onlar meşədə gizlənirlər. Afşin öz kəşfiyyatçılarından bu hiyləgər hərəkəti bilib, gecə ikən qoşunlarını üç tərəfdən Babəkin qoşunlarının gizləndiyi meşəyə yeridir, Cəfərə isə qalaya hücuma keçmək əmri verir. Sabahısı gün Babəkin ordusu tamamilə məhv edilir".
Tarixi mənbələrdə qeyd edilir ki, xürrəmilər üzərindəki qələbə Xilafət üçün asan bir iş olmadı. Bunun üçün əsasən öz yüksək döyüş keyfiyyətlərinə görə ərəblərdən fərqlənən türk hərbi birləşmələri səfərbərliyə alınıb: "Bundan əlavə, Babəkin üsyanını yatırmaqda "Xilafət qoşunları ilə birlikdə erməni naxararları da öz qoşunları ilə iştirak edirdilər". Babəkin rəhbərliyi ilə xürrəmilərin üsyanı Azərbaycan tarixində ən parlaq səhifələrdən biridir. M.Kazım bəyin sözlərinə görə, Abbasilər xilafətində xalq üsyanlarının müvəffəqiyyətləri "qısamüddətli və keçici olsa da, heyrətli idi". Babəkin üsyanı müvəffəqiyyətsizliyə uğramasına baxmayaraq, Xilafətin şimal vilayətlərində yaşamış xalqların şüurunda dərin iz buraxdı. "Vikipediya" qeyd edir ki, Babəkin ardıcılları IX əsrin axırınadək Xilafətdə baş verən bütün yeni üsyanların özəyi oldular: "Xürrəmilərdən sonra bir çoxları X əsrdə ismaililərin təbliğatına uydu və təsadüfi deyil ki, İranın şimal-şərq və şimal-qərb, Xəzər dənizi sahili və Kuhistan rayonları sonralar xürrəmilərin ardıcılları olan batinilərin dayağı oldu".
Babək xalqımızın qəhrəman oğludur və unudulmazdır. Onun şərəfli mübarizə yolunun dərindən öyrənilməsi, hər zaman olduğu kimi, bu gün üçün də aktualdır.
İradə
SARIYEVA
Bakı xəbər.-2015.- 29 yanvar.- S.15.