Tarixdə iz buraxanlar: Teymur xan

 

 

Türk-islam dünyasının ən böyük hökmdarlarından biri olan Teymur xan 1336-cı ildə Maveraünnehrdə Səmərqəndlə Belx arasında olan Keş qəsəbəsində anadan olub. Atası Monqol Barlas tayfası rəislərindən Əmir Turaqay, anası Tiqin xanımdır. Alimləri və Uca Allahın dostlarını çox sevən Əmir Turaqay Teymura ağıl və ənənəvi elmlərlə komandanlıq bilgilərini tanınan müəllimlərin vasitəsilə öyrətdi.

Tarixin ən böyük cahangirlərindən biri olan Teymur xan atasının vəfatından sonra əmirlər arasında yaranan ixtilaflar nəticəsində məmləkətdə anarxiyanın hakim olması səbəbilə siyasətə atıldı. Maveraünnehr hakimi Əmir Hüseyn ilə birlikdə Şərqi Türküstan hökmdarı Tuğluk Teymura qarşı mücadilə etdilər. 1370-ci ildə Hüseyn ilə arası dəyən Teymur onun ölümündən sonra Maveraünnehrə təkbaşına hakim oldu və Səmərqəndə gələrək taxta çıxdı.

Qüdrətli hərbi vəsflərini daşıyan Teymur xan yeddi ildə İranı hakimiyyəti altına aldı. Yenə 1371 və 1379-cu illərdə çıxdığı səfərlərdə Xarəzmini özünə bağladı. Ömrü döyüş meydanlarında keçən Teymur xan 1389-cu ildə beşinci səfər nəticəsində uyğurları da itaəti altına aldı. Mültəçi Monqol şahzadəsi Toxtamışa dəstək verib onu Altınordu hökmdarı etdi. Toxtamış xan Teymura xəyanət etdikdə isə 1390-1391-ci illərdə onu iki dəfə məğlubiyyətə uğratdı və İtil çayının şərqinə hakim oldu. Daha sonra Teymur xan Hindistan üzərinə səfərə çıxıb 1399-cu ildə Şimali Hindistanı zəbt edərək böyük müvəffəqiyyətlər əldə etdi. Başlatdığı bütün döyüşləri qazanan Teymur xan 1401-1402-ci illərdə Suriyanı, 1402-ci ildə Ankara döyüşü nəticəsində bəzi Osmanlı torpaqlarını hakimiyyəti altına aldı. Beləcə, Teymur xan bu zamanlar Çinə və Dehliyə qədər bütün Asiyanı, İraqı, Suriyanı və İzmirə qədər Anadolunu hakimiyyəti altına aldı. Türk dünyasının qüdrətli hökmdarlarından biri olan Teymur xan 1405-ci ildə 200 min nəfərlik möhtəşəm ordusunun başında Çinə qarşı səfərə çıxarkən vəfat edib.

Dünya tarixində xüsusi yeri olan Teymur xan elm sahibi bir hökmdar idi. O, alimləri çox sevərdi. Xanlığı müddətində çox sayda mədrəsə və kitabxanalar tikdirdi. Xüsusilə Səmərqənd şəhərini gözəl binalarla abadlaşdırdı. Burada çox sayda tarixi sənət əsərləri inşa etdirərək Səmərqəndi nümunəvi və zəngin bir şəhər halına gətirdi. "Tuzukati Teymur" adı altında qanunlar çıxardı və öz tarixini özü yazdı. Onun Çağatay dilində yazdığı kitablar farsbir çox Avropa dillərinə tərcümə edilib.

Avropa ədəbiyyatında Teymur xana geniş yer verilir. Burada XVI əsrdən etibarən onun barəsində çox sayda əsərlər nəşr edilib. Bu əsərlərin çoxunda Teymur xan barəsində böyük hökmdar olaraq bəhs edilir. Osmanlı hökmdarı Sultan I Bəyazid xan (1389-1402-ci illər) ilə müharibə etdiyinə görə bəzi Osmanlı tarixçiləri onu pis xarakterizə etməyə çalışıblar. Fəqət Teymur xanın Ankara döyüşündən sonra İzmiri pis niyyətli xristianlardan təmizləməsi, Anadoludakı türklərə qarşı çıxıb pis-pis hadisələr törədən düşmən firqə mənsublarını cəzalandırması bu səfərin xeyirli nəticələrindəndir.

O zamanlar Orta Asiya türklüyü Şərqdən monqol bütpərəstliyi, Cənubdan hind büddizmi, Qərbdən fars zərdüştlüyünün təzyiqi və təsiri altında idi. Tarixi şəxsiyyət Teymur xan dövlətinin mənəvi təməllərini qeyri-islami düşüncələrdən təmizləyib, türkləri yenidən islamlaşdırıb.

Teymur xandan əvvəlki Orta Asiya türklüyü köçəri vəziyyətində idi. Teymur xan Maveraünnehri şəhərləşdirib, idarəsi altındakı bölgələrə su kanalları çəkdirərək kənd təsərrüfatını inkişaf etdirib; böyük şəhərləri ticarət yollarına bağlayıb, alimləri, sənətkarları Orta Asiyaya toplayıb.

Teymur xan elm adamlarına hörmət edər, onları qoruyar, Teftazani kimi böyük alimləri öz məclislərindən əskik etməz, onların nəsihətlərini dinləyərdi. Teymur xanın alimlərə o qədər böyük və səmimi hörməti vardı ki, onun dövründə yaşayan alimlərlə yanaşı, daha əvvəllər yaşamış alimləri də hörmətlə yad edər, onlara türbələr tikdirərdi. Əhməd Yəsəvi həzrətlərinin türbəsi bunlardan biridir.

Teymur xanın zamanında Fəzlullah Hürufi tərəfindən qurulanhürufilik adı verilən pozğun firqə mənsubları yayılmağa başlayıb. Teymur xan oğlu Miranşaha təlimat verərək özünü tanrı elan edib bütün dinləri rədd edən, kitablarında dinsizlik və əxlaqsızlığı anladan Fəzlullahı öldürtmüşdür (1393-cü il). İslam ölkələrindəki bu dinsizləri təmizlətdirdi. Beləcə, Teymur xan hürufi adındakı din və əxlaq düşmənlərinin yayılmasının qarşısını alaraq islamiyyətə çox böyük xidmət edib. Buna görə saxta bəktaşilər (Hacı Bəktaşi Vəli həzrətlərinin göstərdiyi yoldan çıxanlar), yəni hürufi təriqətinin müridləri Teymur xanı sevməz, onu uydurmalarla pisləyərdilər.

İyirmi yeddi ölkənin xaqanı olan Teymur xan əldə etdiyi müvəffəqiyyətlərin sirrini 12 maddədə toplayıb və oğullarının bunlara əməl etmələrini vəsiyyət edib:

1. Allah Təalanın dininı və Hz.Məhəmmədin(s.ə.s.) şəriətini dünyaya yaymağı əsas götürdüm. Hər zaman hər yerdə islamiyyəti tutdum.

2. Ətrafımda olan adamları 12-yə ayırdım. İstər ölkələrin fəthi, istərsə də fəth etdiyim ölkələri idarə etmədə bunların bəziləri qolları, bəziləri də məşvərətlərilə mənə yardım etdilər. Bunların iqbalının artması üçün məşğul oldum. Bu insanlar sarayımın bər-bəzəyi idilər.

3. Düşmən ordularını məğlubiyyətə uğratmaq və əyalətləri fəth etmək məqsədilə amirlərlə bu mövzuları müzakirə etdim. Hökumətin idarəsində yumuşaqlıq, insaniyyət və səbrlə hərəkət etməyə çalışdım. Heç məşğul olmur kimi görünərkən hər şeyi bəsirətim altında tutdum.

4. Hökumətin idarəsində qanunlara riayət və intizam o dərəcədə yüksək idi ki, vəzirlər, amirlər, əsgərlər və xalqın nümayəndələri bir üst sinifə çıxmaq üçün can atacaq halda deyildilər. Onların hər biri olduğu sinifdən məmnun qalaraq vəzifələrini yüksək səviyyədə yerinə yetirərdilər.

5. Zabit və əsgərlərimə cəsarət vermək üçün qızıl və cavahirat sərfindən çəkinmədim. Onları süfrəmə oturtdum. Belə qiymətli cəngavərlərimin yardımı ilə iyirmi yeddi ölkənin hökmdarı oldum.

6. Ədalət və tərəfsizliklə Allah qullarının yaxşılığını istədim və onların hörmətini qazandım.

7. Seyidlərə, ilahiyyatçılara, alimlərə və tarixçilərə üstünlük verdim. Cəsur adamlar mənim dostlarım idilər. İlahiyyatçılarla yaxın münasibətlərdə oldum. Bunların xeyir-duaları mənə zəfərlər təmin etdi. Dərviş və şəriətçiləri himayə etdim. Bunlara zərrə qədər pislik etməməyə çalışdım və heç bir tələblərini rədd etmədim. Başqası əleyhinə söyləyənləri sarayımdan qovdum. Bunların sözlərinə və uydurduqları iftiralarına heç bir zaman əhəmiyyət vermədim.

8. Hər təşəbbüsümü yerinə yetirməkdə dəyanətli idim. Mən bir layihəni bir dəfə qəbul edər, sonra bütün zehnim o layihə ilə məşğul olardı. Onu müvəffəqiyyətlə yerinə yetirmədikcə tərk etməzdim. Heç bir vaxt mənim davranışlarım söylədiyim sözlərə qarşı olmadı.

9. Xalqın halına vaqif idim. Böyüklərlə qardaşım, kiçiklərlə uşaqlarım kimi davrandım. Hər bir əyalət və şəhərin əhalisinin vəziyyətinə və səciyyəsinə uyğun olan adətlər qəbul etdim.

10. Bir qəbilə və yaxud bir ərəb və ya bir yabançı köçərisi bayrağımın altına girmək istədikdə, onların bəylərini şərəflə, digər adamlarını isə mövqelərinə görə etibarla qəbul etdim. Onların arasından yaxşılarla yaxşılıqla davrandım, pislərin isə fənalıqlarını geri verdim.

11. Oğul, nəvə, dost, müttəfiq və mənimlə əlaqəsi olan hər kəs yaxşılığımdan nəsibini aldı. İqbal və səadətimin parlaqlığı və yüksəkliyi heç kəsi unutmağa səbəb olmadı.

12. İstər lehimə, istər əleyhimə hərəkət etsinlər, hər zaman əsgərlərə hörmət etdim. Davamlı bir səadəti, tez itirilən şeyə üstün tutan adamlara təşəkkür etmək bir borcdur. Onlar cihada qaçar və həyatlarını fəda edərlər.

Teymur xan qanunlaşdırdığı bu düsturlarla yanaşı, döyüş texnikalarının da tam bir ustası idi. Düşmənlərinin siyasi, iqtisadi və əsgəri zəifliklərini yaxşı-yaxşı araşdırar və bunlardan istifadə edərdi. Bir səfərə girişməzdən əvvəl düşmən ölkəyə casuslar göndərərək onları daxildən zəiflətməyə çalışardı. Döyüş əsnasında müvəffəqiyyət əldə etmək üçün hərəkətlilik və çaşqınlıq kimi döyüş hiyləsinə də müraciət edərdi.

Beləcə, hər cür maddi və mənəvi xüsusiyyətlərə sahib olan qüdrətli şəxsiyyət Teymur xan Türk tarixinin hərtərəfli yetişdirdiyi dövlət adamlarından biri idi. Bu gün bəzi yazıçılar dövrün sosial, mədəni və siyasi cəbhəsi üzərində heç durmadan onun Altınordu və Anadolu səfərlərini bəhanə edərək bu böyük xaqanı ağlagəlməz iftiraqaralamalarla ləkələməyə çalışırlar. Bilavasitə islamiyyətdən ayrı bir türkçülük düşünənlər bu cür hissi yozumlara baş vururlar.

Halbuki: "Biz ki Mülüki-turan, Əmiri Türküstanıq!" "Biz ki türk oğlu türkük!" "Biz ki millətlərin ən qədimi və ən ulusu olan türkün başbuğuyuq!" - deyən Teymur xan türk üçün islamiyyətin nə demək olduğunu bugünkü türkçülərə bundan 600 il əvvəl belə deməkdədir: "Təcrübə mənə göstərdi ki, din və qanunları üzərinə qurulan bir dövlət çıl-çılpaq olub özünü görən hər kəsə qarşı gözlərini yerə dikən və hər kəsin yanında hörmət və dəyərini itirən adama bənzər. Bu vəziyyətdə olan dövlət tavanı, qapısı, divarları olmayan və hər qarşısına çıxanın içinə daldığı evə bənzədilə bilər. Buna görədir ki, mən dövlətimin dayaqlarını islamiyyət üzərinə qurdum. Dövlətimi idarə etmək üçün qanunlar çıxardım. Bu qanunlar icra edildiyi müddətcə onlara qarşı hərəkət etməkdən çəkindim".

Tarixin ən böyük cahangirlərindən biri olan Teymur xan özündən sonra gələcək xanlara da belə tövsiyə buraxmışdır: "Tabeliyinizdə olan hər kəsin yerini bilin. Elm adamlarına hörmət edin. Yaşlılara hörmət, gənclərə şəfqət göstərin. Xalqla bütünləşin, fasiqlərdən uzaq durun. Heç kimi kiçildib etinasızlıq etməyin. İnsanlığınızda qüsura yol verməyin. Sirrinizi heç kəsə açmayın. Yaxşıca yaxınlıq edib tanımadıqca dostluğa güvənməyin. Xəsis və alcaqlarla əqrəbalıq bağı qurmayın. Heç bir şeyə dərhal müxalif olmayın. Sizə bir şey sorulduqda ona hər kəsin bildiyi şəkildə cavab verin. Sizi ziyarət edənlərə bildiyinizdən bir şeylər öyrədin, fəqət çox incə məsələləri açmayın. Onların ehtiyaclarını təmin edin, dəyər və etibarlarını yaxşı anlayın, fəqət qüsurlarını görməməyə çalışın. Xalqla yumşaq davranın, onlardan birisənmiş kimi..."

Türk dünyasının qüdrətli hökmdarlarından biri olan Teymur xan Türk milləti tərəfindən elə sevilib ki, bu sevgi və heyranlığın zənginliyi qədər başqa bir misal göstərmək olduqca çətindir. O, hər baxımdan millətimizi bir-birinə bağlayan mənəvi bir bağ olub. Onda millətimizin daxili quruluşundakı eyni hisslər, duyğular və dəyər varlıqları olub. Onu unutdurmayan səbəb budur.

Fazil QARAOĞLU,

Bakı xəbər.- 2016.- 8 aprel.- S. 13