Azərbaycan kinosu və azərbaycançılıq...

 

I yazı

 

Azərbaycan kinosu yarandığı gündən azərbaycançılığa, milli düşüncəyə, vahid ideologiyaya xidmət edib. Hər bir sənət növünün yaradılmasında məqsəd birmənalı olaraq maarifçiliklə bağlıdır. Sənət milli düşüncəyə, dövlət və dövlətçiliyə, cəmiyyətin inkişafına xidmət etməlidir. Böyük tarixi yol keçən Azərbaycan kinosu cəmiyyətin inkişafında böyük rol oynayıb. Azərbaycançılığa, dövlətçiliyə töhfələr verən milli kinomuz heç vaxt öz yolundan dönməyib.

Avqustun 2-si Milli Kino Günü kimi tarixə düşüb. Azərbaycan kinosu-milli kinematoqrafiyası xalqımıza böyük mədəni-mənəvi töhfə verib.

Qeyd edək ki, Azərbaycan kino sənətinin tarixi 1898-ci il iyunun 21-dən başlayır. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və bir bədii kinosüjetdən ("İlişdin") ibarət idi.

Məlumatlara görə, 1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılıb. 1915-ci ildə adıçəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək üçün Peterburqdan rejissor Boris Svetlov dəvət olunub. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi. Filmdə Lütfəli bəy rolunu Hüseyn Ərəblinski oynayıb. 1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə "Təntənə" adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi.

Azərbaycan kinosunun inkişafı xalqın maariflənməsinə, mədəni səviyyəsinin yüksəlməsinə təkan verirdi.

1920-ci illər Azərbaycan kinosunda yeni mərhələ oldu. Azərbaycan Demokratik Cumhuriyyəti sovet ordusu tərəfindən işğal edildikdən sonra sənətə, ədəbiyyata, mədəniyyətə fərqli tələblər irəli sürüldü. Kino dövrün, hakim rejimin təbliğat maşınına çevrildi. Uzun illər kinomuz siyasi rejimin nəzarətində oldu. Ancaq, bununla belə, filmlərimizdə milli çalarlar, ştrixlər, hadisələr oldu.

Azərbaycan kinosunun inkişaf mərhələlərini təhlil etdikcə qarşımıza olduqca maraqlı faktlar çıxır. Bilirik ki, müasir Azərbaycan kinosunun inkişafında dövlətin böyük rolu var. Son illər kino ilə bağlı böyük işlər görülüb, yeni filmlər çəkilib. Məlum olduğu kimi, SSRİ-nin dağılması ilə əlaqədar kino sahəsində kadrların hazırlanmasında da ciddi problemlər yaranıb və bu sahədə müəyyən çətinliklər yaşanırdı. Lakin ölkə başçısı İlham Əliyevin son illər verdiyi sərəncamlardan sonra kinonun bütün sahələrinin problemlərinin həllinə başlanıb.

Bu sərəncamlarda respublikamızda, eyni zamanda, dünyanın bir neçə ölkəsində Azərbaycan kinosu üçün kadrların hazırlanması məsələsi də öz əksini tapıb. Onu da qeyd edək ki, yerli və xarici filmlərin yüksək səviyyədə nümayiş etdirilməsi üçün kinoteatrların dünya standartlarına uyğun yenidən qurulması əsas vəzifə kimi qarşıya qoyulub. "Nizami" Kino Mərkəzi yalnız kinoteatr kimi deyil, həm də tarixi abidə kimi qorunduğu üçün ən müasir tələblərə cavab verən formada yenidən bərpa edilib, ən müasir texniki avadanlıqlarla təchiz olunub.

Bəlli olduğu kimi, 2008-ci il avqustun 4-də cənab Prezidentin Sərəncamı ilə təsdiq olunan "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" artıq öz müsbət nəticələrini verməkdədir. Belə ki, proqramın qəbulundan sonra kino sənətimizdə əsaslı yeniliklər müşahidə olunmağa başlandı. Kinoda yeni inkişaf tendensiyası yarandı. Bu həm filmlərin çəkilişində, həm nümayişində, həm də texniki təchizatın gücləndirilməsində özünü büruzə verir. Onu da bildirək ki, son bir neçə ildə Azərbaycanda dövlət sifarişi ilə 70-dən çox sənədli, 30-dək tammetrajlı film çəkilib. "Mən evə qayıdıram", "Dolu", "Sübhün elçisi", "Qırmızı bağ", "Qisasını alıb öl", "Qorxma, mən səninləyəm-2" filmləri müxtəlif mövzu və janrda istehsal olunan ekran əsərləridir. 2006-2011-ci illərdə ekran əsərlərimiz 40-dək ölkədə, 100-dən artıq festivalda uğurla iştirak edib. Təkcə ötən il gənc kinematoqraflarımızın çəkdiyi qısametrajlı bədii filmlər 25-dən artıq beynəlxalq kinofestivalda göstərilib.

64-cü Beynəlxalq Kann Kinofestivalında ilk dəfə olaraq Azərbaycan pavilyonu təşkil olunub. Londonda film festivalı keçirilən "XV Rainbow" Beynəlxalq Film Festivalında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" Kinostudiyasında lentə alınmış "Çölçü" filmi "Ən yaxşı bədii film" nominasiyasında mükafatlandırılıb. Kinoşünaslar bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ümumi iqtisadi, sosial və mədəni inkişafı kino sənətinin də böyük uğurlar qazanmasına şərait yaradacaq, Azərbaycan kinosu layiq olduğu yüksək sənət zirvələrinə ucalacaq.

Ekspertlər bildirir ki, milli kinomuzun keçən illərdə çəkilən filmləri tamaşaçıların indi də sevdiyi filmlər sırasındadır. Yaşlı və orta nəslin nümayəndələri illər əvvəl çəkilən filmlərə indi də böyük maraq və nostalgiya hissilə baxır. Ancaq su bir yerdə dayana bilmədiyi kimi, kino mədəniyyətimiz də inkişafdan qala bilməz. Yeni kinonun tələblərilə köhnə kinonun şərtləri arasında böyük fərqlər var. Buna görə də onların bir-birindən seçilməsi təbiidir. Əslində çağdaş kino ilə illər öncə çəkilən filmlər arasında yaxınlıq və doğmalıq da var, olmalıdır da. Bu da ondan ibarətdir ki, milli kinomuzun seçdiyi dəst-xətt hər zaman milli olub və ictimai, eləcə də dövlətçilik maraqlarına xidmət edib. İstənilən filmimizdə ictimaiyyəti maraqlandıran məsələlər öz əksini tapıb. İndi çəkilən filmlərdə də, həmçinin, o ideya davam etdirilir. Azərbaycan kinosunun günü-gündən inkişaf etməsi, özünə yeni yaradıcılıq xətti seçməsi diqqəti cəlb edir. Bir tərəfdən kino ictimaiyyətinin, başqa bir yandan dövlətin milli kinoya isti münasibət və qayğısı kinomuzun daha uzaqlara gedəcəyinə bir təkandır.

Kinoşünas Təranə Əlizadənin bildirdiyinə görə, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamı kino sənətinin sürətli inkişafına böyük təkan oldu: "Bilirik ki, Dövlət Proqramına qədər kinomuzun perspektivi elə də ümid doğurmurdu. Hətta kino məmurları belə onun gələcəyinə ümid bəsləmirdi. Bu da faktdır ki, keçən əsrin 90-cı illərindən başlayaraq Azərbaycanda kommersiya filmlərinin çəkilişlərinə başlanıb. "Yarasa" və digər bir-iki filmi çıxmaq şərtilə, o biri filmlərin səviyyəsi elə də yüksək deyildi. "Yarasa"nın gücü onda idi ki, peşəkar rejissor tərəfindən ekranlaşdırılmışdı. Kommersiya filmlərinin kinomuzun inkişafına, milli kino industriyasının yaranmasına heç bir xeyri olmadı. Məlumdur ki, bu dövrdə kommersiya filmlərinin bir çoxunun çəkilməsində məqsəd heç də kinonun inkişafına nail olmaq deyil, kinodan pul qazanmaq idi. Bəllidir ki, kommersiya kinosunun gəlir gətirmək imkanı olmadı. Bu da kinomuzun dayaqlarının laxlamasına səbəb oldu. Sözsüz ki, bundan peşəkar kino işçiləri daha çox zərər çəkdi. Çətin dövr yaşamasına, bir sıra itkilərə məruz qalmasına baxmayaraq, Azərbaycan kinosu sınmadı, dövlət qayğısı nəticəsində yenidən həyata qayıda bildi".

Müstəqillik dövrünün Azərbaycan kinosuna dövlətin göstərdiyi diqqət haqqında çox danışılıb, çox yazılıb. Müstəqillik dövrü Azərbaycan kinosu haqqında danışarkən çağdaş kinomuza verilən dövlət dəstəyini mütləq qeyd etməliyik. Özünün yeni dövrünü yaşayan Azərbaycan kinosunun xeyli uğurları var və yeni filmlər çəkilib. Dövlətin kinoya göstərdiyi davamlı maddi yardım sayəsində Azərbaycanda kino sənayesi yenidən qurulur. Artıq kinonun bir sıra vacib xətləri inkişaf etməkdədir.

Müstəqil Azərbaycan inkişaf etdikcə, iqtisadi cəhətdən gücü artdıqca, bütün sahələrlə yanaşı, mədəniyyətə, onun vacib qollarından biri olan kinoya da diqqət, qayğı artırıldı. Azərbaycan kinosu son on-on beş ildə inkişaf relsinə düşdü. Ümidi tükdən asılı olan kino adamları bu qayğı sayəsində dirçəldi, yeni yaradıcılıq planlarını reallaşdırdı. Çoxları güman edirdi ki, Azərbaycan kinsu taqətdən düşüb və o bir daha ayağa qalxa bilməyəcək. Lakin dövlətin göstərdiyi güclü dəstək nəticəsində kinonun büdrəyən dizi gücləndi və irəliyə addımlamağa başladı. Son on beş il ərzində Azərbaycan dövlətinin kinoya qoyduğu vəsaitin məbləği davamlı şəkildə artırılır. Məlumat üçün qeyd edək ki, bu sahəyə 2000-ci ildə 600 min, 2004-cü ildə 850 min, 2005-ci ildə 1 milyon 400 min, 2006-cı ildə 2 milyon, 2007-ci ildə isə 3 milyon 300 min manat vəsait ayrılıb. Bu vəsaitə uyğun olaraq əvvəllər 3-4 ildə cəmi 1-2 bədii film çəkilirdisə və ya heç çəkilmirdisə, son 5-6 il ərzində "Ovsunçu", "Hacı Qara", "Küçələrə su səpmişəm", "Arxada qalmış gələcək", "Girov", "Əlvida, cənub şəhəri", "Cavid ömrü", "Hökmdarın taleyi", "Manifest", "Biz qayıdacağıq" kimi 15 bədii film, habelə bir neçə sənədli və cizgi filmləri çəkilib.

Onu da vurğulayaq ki, 2007-ci il fevralın 20-də Prezident İlham Əliyev "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" Sərəncam imzaladı. Bu sərəncam kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni bir təkan verdi. "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın icrası ilə əlaqədar işlər il ərzində davam etdirilib. Nazirliyin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında "Buta", "Tərsinə çevrilmiş dünya", "Əlavə təsir", "Vəkil haradadır?" filmləri, müstəqil kino şirkətlərində "Sahə", "Ölüm növbəsi", "Aktrisa", "Kabusun gözüylə" filmləri çəkilib. "Qisas almadan ölmə" filmi də son illərin maraqlı ekran işlərindəndir. Bundan başqa, "Ondan yaxşı qardaş yox idi", "Mən evimə qayıdıram", "Dolu", "Canlı" bədii filmlərinin də çəkilişləri həyata keçirilib. "Onun ürəyi" qısametrajlı musiqili nağıl filmi də dövlət büdcəsi hesabına ərsəyə gəlib.

"Salnamə" və "Yaddaş" studiyalarında bir sıra sənədli filmlər - "İz...Qala", "Qafqaz qartalının uçuşu", "Neft akademiyası", "Qarabağa gedən yollar", görkəmli sənət adamlarından Tahir Salahov, Elmira Şahtaxtinskaya və Cənnət Səlimovaya həsr olunan ekran əsərləri çəkilib.

Onu da vurğulayaq ki, son illər mütəmadi olaraq xarici ölkələrdə Milli Kino Həftəsi keçirilir. Özbəkistanda "Azərbaycan kinosu həftəsi", Bakıda isə "Özbəkistan kinosu həftəsi", həmçinin, Rusiya kinosu günləri, Avropa filmləri festivalı, Yaponiya, Türkiyə kinosu həftələri gerçəkləşib. "Bu meydan, bu ekran" və "Vətən and yerimizdir" kino layihələri müsabiqələri keçirilib və onların nəticələrinə əsasən qısametrajlı bədii filmlər çəkilir. Kino sahəsində gənclərlə işə xüsusi diqqət ayrılır. Keçən illər ərzində kino istehsalına ayrılan ümumi vəsaitin 63 faizi debütantların filmlərinə yönəldilib.

Onu da vurğulayaq ki, 2011-ci il fevralın 14-də isə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin bazasında "Mədəniyyət" kanalı fəaliyyətə başlayıb...

 

İradə SARIYEVA

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

 

 Bakı Xəbər.- 2016.- 3 avqust.- S.15.