Tarixdə iz buraxanlar:

Sultan III Əhməd xan

 

Sultan III Əhməd xan Osmanlı sultanlarının iyirmi üçüncüsü, İslam xəlifələrinin səksən səkkizincisidir. 31 dekabr 1673-cü ildə anadan olan Sultan III Əhməd xanın atası Sultan IV Məhməd xan, anası Rəbiə Günlüş Əmətullah sultandır. Şahzadəliyini əvvəl Topqapı, sonra Ədirnə sarayında keçirən Əhməd xan yüksək təhsil görüb. Təhsilini uzun illər boyunca seyid Feyzulla bəydən alıb.

Dövrün böyük hüsnxət ustası xəttat Osman III Əhməd xana yazı dərsləri verib. Cəbhəçilərin üsyanı nəticəsində taxtdan endirilən Sultan II Mustafa xandan sonra 1703-cü il avqust ayının 22-də Osmanlı sultanı oldu.

Beyət mərasimindən sonra İstanbula gələn Sultan III Əhməd xan o zamanlar Ədirnədə üsyan çıxaran başçıları böyük ustalıqla bir-birinə qarşı gətirərək aradan qaldırdı. Baltaçı Məhməd paşanı sədarətə təyin etdi və dövlətin daxili işlərini düzəltmək üçün çalışmalara başladı. O zaman "Karlova müqaviləsi" yeni imzalanmışdı. Fəqət İsveç kralı XII Şarl ruslarla apardığı müharibədə məğlub olaraq Osmanlı dövlətinə sığındı. Kralı təqib edən rus ordusu Osmanlı dövlətinin torpaqlarına girdi və təxribata başladı. Yaranan acınacaqlı vəziyyət qarşısında Osmanlı dövləti Rusiyaya müharibə elan etdi. Beləcə, Baltaçı Məhməd paşanın komandanlığı altındakı Osmanlı ordusu 1711-ci il aprel ayının 9-da Rusiya səfərinə çıxdı.

Baltaçı Məhməd paşa rus çarını Prut üzərində Palçı mövqeyinə sıxışdıraraq ətrafını mühasirə altına aldı. Məhməd paşanın əsas məqsədi rus ordusunu ümumi bir hücumla yox etmək idi. Fəqət yeniçərilərin istəksizliyi üzündən ciddi bir hücum edə bilmədi. Rus çarı sədarətə bir heyət göndərərək hər bir şərti qəbul edəcəyini bildirdi. Müqavilənin şərtləri müəyyən edildi. Bu müqaviləyə görə, Rusiya Polşa və Ukraynanın işlərinə qarışmayacaq, əlində tutduğu Azov qalasını da türklərə verəcəkdi. Baltaçı Məhməd paşanın rus ordusunu məğlub edə bilməməsi və müqavilə şərtlərinin qaneedici olmaması dövlət adamlarını sədarətin əleyhinə çevirdi. Buna görə Sultan II Əhməd xan Ədirnəyə dönən Baltaçını vəzifədən azad edərək yerinə yeznəsi Əli paşanı təyin etdi. Digər tərəfdən ruslar müqavilənin şərtlərinə razı olmaq istəmədilər. Buna çox hirslənən Sultan III Əhməd xan yeni sədarət Əli paşanın komandanlığında böyük bir ordunu Rusiya üzərinə göndərdi. Özü də Ədirnəyə qədər ordunun başında getdi. Yaranan qorxulu vəziyyət qarşısında ruslar müqavilənin şərtlərilə razılaşmaq məcburiyyətində qaldılar.

Venediklilərin 1714-cü ildə qaradağlıları üsyana təşviq etməsilə Sultan III Əhməd xan Mora üzərinə səfərə çıxdı. Əli paşanın komandanlığındakı Osmanlı ordusu "Karlova müqaviləsi" ilə venediklilərə verilən bütün qalaları geri aldı. Ancaq Alman imperatorluğu "Karlova müqaviləsi"nə zamin olduğunu, yəni Venedikdən alınan yerlər geri verilmədikcə sülhü tanımayacağını bildirdi. Belə olduqda Osmanlı dövləti Almaniya-Avstriya imperatorluğuna müharibə elan etdi. İki ordu arasında Petervaradində aparılan döyüşdə Əli paşa şəhid düşdükdə ordunun hərbi ruhu pozuldu və qarışıqlıq çıxdı. Bu vəziyyətdən faydalanan Avstriya ordusunun komandanı əvvəl Tameşvari, sonra da Belqradı zəbt etdi. Petervaradin məğlubiyyəti baş verdikdə Avstriya ilə 1718-ci ildə "Paşarofca müqaviləsi" imzalandı. Bu müqaviləyə görə, Belqrad və Samandra Avstriyada qalmaqla Sava çayı sərhəd qəbul edildi.

"Paşarofça müqaviləsi"ndən sonra yeznə İbrahim paşanın sədarətə gətirilməsilə Osmanlı dövlətində 1730-cu ilə qədər davam edən yeni bir dövr başladı. "Lalə dövrü" adı verilən bu dövrdə Sultan III Əhməd xan ölkə içərisində təhlükəsizliyi və rahatlığı təmin etmək, ordunu qüvvətləndirmək, dövləti maddi və mənəvi baxımdan ən yüksək səviyyəyə çıxarmaq üçün çalışdı. İstanbulda ilk mətbəə quruldu. Yalovada kağız, İstanbuldakı Takfur sarayında bir çini fabriki quruldu. İstanbula dəvət edilən və uzun illər İstanbulda qalaraq orada vəfat edən Comte de Bonneval humbaraçı ocağını islah etdi. İstanbulun su ehtiyacını təmin etmək üçün bir də bənd tikdirib Dəryayi-Sım adını verdi.

Osmanlı dövlətində sülh və rahatlıq davam edərkən İran-Səfəvi dövləti son günlərini yaşayırdı. İrana bağlı olan Dağıstan 1722-ci ildə türk himayəsinə girmək istədi və bu istəyi qəbul edildi. Qafqazı təhdid edən Rusiyaya mane olmaq istəyən Sultan III Əhməd xan sərhəd valilərinə fərman göndərərək hazırlıqlı olmalarını istədi. Bu zaman İran cəbhəsindəki ordu 1723-cü ildə hərəkətə keçərək Gürcüstan, Cənubi Azərbaycan, Luristan, Ərdəlan, Girmanşah və Həmədanı ələ keçirdi. 1725-ci ildə Osmanlı əsgəri Təbrizə girdi. Gəncə, İrəvan və Naxçıvan alındı. 1727-ci ildə imzalanan bir müqavilə ilə İran şahı Osmanlı dövlətinin bütün fəthlərini tanıdı.

1730-cu ildə Nadir şah İran hakimiyyətini ələ keçirərək İran birliyini təkrar qurdu. Osmanlı dövlətinin əlində olan bəzi mühüm əyalətləri geri aldı. Bu vəziyyət yeznə İbrahim paşanın düşmənlərini hərəkətə gətirdi. Bəzi dövlət adamları padşah və yeznə İbrahim paşanın İran üzərinə səfərə çıxmaq üzrə Üsküdara keçmələrindən istifadə edərək yeniçəriləri üsyana təhrik edib böyük qarışıqlıq çıxardılar. Üsyançılar Sultan III Əhməd xandan bəzi dövlət liderlərinin edamını istədilər. Sultana verilən siyahının başında yeznə İbrahim paşa vardı. Sultan III Əhməd xan uzun mübahisədən sonra yeznə İbrahim paşanın edamına razılıq verdi.

Bu hadisələrin nəticəsinin sultanın halına qədər varacağı məlum idi. Hətta sultan tərəfindən asilərə göndərilməsi istənən Ayasofiya azanverəni İspirizadə Əhməd bəy Sultan III Əhməd xana açıq olaraq: "Sultanım, siz səltənətdən çəkilmədikcə bu qiyamın yatırılması mümkün deyil" - demiş və bu söz sultana təsir etmişdi. Belə ki, sarayda boğulan üç vəzirin cəsədi At meydanına gətirildikdən sonra asilər səltənət dəyişikliyi barədə məqsədlərini yavaş-yavaş ortaya qoyaraq: "Qüsurlu cümlə bir yana dursun, Sultan İbrahim xan necə oldu? Əhməd xan bunun cavabını versin" - dedilər. (Şahzadə İbrahim II Əhmədin oğlu Edirnə hadisəsini tərtib edənlər II Mustafanın yerinə bu şahzadəni hökmdar etmək istəyiblər, fəqət bəzi təsirlərlə III Əhmədi hökmdar ediblər. Rəvayətə görə, bir müddət sonra III Əhməd bu şahzədəni boğdurub. Asilərin "Sultan İbrahim necə oldu?" demələri onun bilərəkdən öldürüldüyünü anlatmaq üçün idi).

Yaranan vəziyyətdən çox təsirlənən Sultan III Əhməd xan şeyxülislamla Rumeli və Anadolu hərbi hakimlərini dəvət edərək onlara: "Bu qədər zamandan bəri İbrahim paşanın şəxsi hər kəsə məlum ikən bu asilərin belə sual verməklə mənim sultanlığımı istəmədikləri aşikardır. Mənim səltənətə olan münasibətimi siz bilirsiniz. Hətta Üsküdarda ikən bir-iki dəfə şahzadə Mahmud həzrətlərini səltənətə gətirmək məqsədilə iclas keçirmək fikrimdən keçmişdi. İndi həmin düşüncəm mənə təkrar gəldi. Mən qan tökülməsini bitərəf etmək üçün öz razılığımla şahzadəni səltənətə gətirmək fikrindəyəm. Ancaq mənim də şəxsimə və övladlarıma toxunulmayacağına dair sizlərdən biriniz At meydanına asilərin yanına gedib mənim şərtimi onlara söyləsin" - dedikdə, Ayasofiya şeyxi İspirizadə ilə Anadolu kazəsgəri Zülali Həsən bəy At meydanına gedərək yaranan vəziyyəti orada toplanan asilərə hərtərəfli söyləmiş, onlar da bu xəbərdən məmnun qalaraq padşaha və onun övladlarına qarşı qətiyyən pis niyyətlərinin olmadığına və olmayacağına and içmişlər.

Asilərin təminatı gəldikdən sonra Sultan III Əhməd xan 1730-cu il oktyabr ayının 2-də taxtdan çəkilərək öz əlilə qardaşı II Mustafanın böyük oğlu Şahzadə Mahmudu özü oturduğu yerə gətirib alnından öpdükdən sonra xeyir-dua verərək Osmanlı taxtına çıxarıb. Şahzadə Mahmud da əmisinin əlini öpdükdən sonra xeyir-dua edərək əvvəl özü, sonra da şahzadələri beyət ediblər.

Sultan III Əhməd xan səltənəti qardaşı oğluna təslim edərkən: "Vəzirinə təslim olma, daim əhvalı sor, amma beş-on il birini vəzirlikdə müstəqil saxlama və qələminə əsla etimad etmə, mərhəmət sahibi ol və səxavəti əldən vermə, xəzinələrdə olan malı zay etmə, işi özün gör, ələ etimad etmə, bax, mənim əhvalım sənə nəsihət üçün kafidir. Oğlum, dövlət işlərini vəziri-əzəmə buraxdığıma görə bu hallar başıma gəldi. Sən idarəni şəxsən öz əlində tut" - deyərək vəsiyyət edib.

İyirmi yeddi il hökmranlıq edən Sultan III Əhməd xan səltənətdən çəkildikdən sonra elm və ibadətlə məşğul olub. Onun zamanında Osmanlı şahzadəsi olduğu iddiasıyla biri ortaya çıxsa da, o, Sakızda yaxalanaraq qətlə yetirilib. Sultan III Əhməd xan 1736-cı il iyul ayının 1-də 63 yaşında ikən vəfat edib. Yeni camidə Turxan Validə sultanın türbəsində dəfn edilib.

Sultan III Əhməd xan ölkənin abadlığı üçün çox işlər görüb. Eyni zamanda elmə və elm adamlarına dəyər verib, onları qoruyub. Ağ mərmər hovuzlu bağçada bir kitabxana tikdirib, sarayda dağınıq yerlərdə olan qiymətli kitabları bir yerə toplatdırıb. Qalata qülləsini təmir etdirib. Topqapı sarayının Babi-humayun qapısının önündə tikdirdiyi çeşmə Osmanlı memarlığının şah əsəridir.

Sultan III Əhməd xan incə ruhlu, həssas, açıq fikirli, incə zövqü-səfaya vurğun bir insan olub. Onun xanlığı zamanında yenilik hərəkatları üçün ilk addım atılıb. İstanbulda biri Topqapı sarayında, digəri Yeni camidə olmaqla iki kitabxana tikdirdiyi kimi, Ayasofya Babi-humayunun qarşısında tikdirdiyi gözəl memari əsərlərdən olan məşhur çeşmə də onun tərəfindən inşa etdirilib. Onun zamanında rəvac tapan Boğaziçi əyləncələri qısa bir zamandan sonra yenə də davam etdirilib. İstanbulun su ehtiyacını təmin etmək üçün tikdirmiş olduğu böyük dəniz portuna "Dəryayi-sim" adı verilib. Sultan III Əhmədin "Nəcib" təxəllüsü ilə bəzi mənzumələri vardır. Dərin sənət zövqünə sahib Sultan III Əhməd xan tanınan bir şair və mükəmməl bir xəttat idi. Babi-hemayunun qarşısında tikdirdiyi çeşmənin yazısı ilə Drağman caminin qapısı üzərindəki kitabə III Əhmədin öz yazısıdır. Müqəddəs Kitabımız Qurani-Kərimi öz əllərilə yazan Sultan III Əhməd tikdirdiyi Sultanəhməd çeşməsinə bir şeirini şəxsən öz əllərilə yazıb. Bundan əlavə, onun Ayasofya camisinə asılmış gözəl lövhələri də vardır.

 

Fazil QARAOĞLU

professor

 

Bakı Xəbər.- 2016.- 3 avqust.- S.13.