Azərbaycançılığın
ayrılmaz istiqaməti olan multikulturalizm Azərbaycanda dönməz
həyat tərzinə çevrilib
II yazı
Dərin tarixi kökləri olan Azərbaycan mədəniyyəti, ictimai fikri hər zaman daxilində tolerantlıq, multikulturalizm anlayışı yaşadıb. Elə xalqlar, dövlətlər var ki, orada bu anlayış yenidir və cəmiyyətdə, incanların şüurunda elə də dərindən oturuşmayıb. Azərbaycan cəmiyyəti tarixən multikulturalizm ovqatında olub və bu gün də o ab-havanı hiss etdirir.
Tarixə qayıtsaq şahidi olarıq ki, Azərbaycan
Prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin
2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunan
iclasındakı nitqində bu barədə deyib: "Azərbaycan
multikulturalizmlə bağlı çox böyük işlər
görüb. Azərbaycan nümunəsi göstərir ki,
multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər
deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə
haradasa iflasa uğrayıb. Amma Azərbaycanda yaşayır və
bu meyllər, bu ideyalar güclənir, ictimaiyyətdən də
daha çox dəstək alır. Biz bu yolla gedəcəyik. Beləliklə,
bu il Azərbaycanda "Multikulturalizm ili" elan olunur".
Bildirilənə
görə, dövlətimizin başçısı İlham
Əliyevin 2016-cı ili Azərbaycanda
"Multikulturalizm ili" elan etməsi bir çox obyektiv amillərdən
qaynaqlanır. Birincisi, Azərbaycan əsrlər
boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə
dinlər və sivilizasiyalararası anlaşmada aparıcı
rol oynayıb, bununla bağlı dərin tarixi baza
formalaşdırıb. Ekspertlər vurğulayır ki,
ölkəmizdə heç vaxt dini və etnik zəmində
heç bir qarşıdurma olmayıb və bu proses indi də
uğurla davam etdirilir. Ekspertlər qeyd edir ki,
ikincisi, Azərbaycan cəmiyyətindəki
dözümlülük ölkədə nadir tolerantlıq
mühiti yaradıb və indi bu bir nümunə kimi beynəlxalq
ictimaiyyətin diqqətini cəlb edir. Ekspertlərə
görə, üçüncüsü isə, Azərbaycanda
multikulturalizm ənənələrinin inkişafı və
möhkəmlənməsi üçün bütün zəruri
siyasi və sosial şəraitin mövcud olmasıdır.
Tədqiqatçılar
bildirir ki, Prezident İlham Əliyev 2014-cü il
oktyabrın 2-də IV Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi
açılış mərasimindəki nitqində bu barədə
deyib: "Multikulturalizm Azərbaycanda həyat tərzidir. Düzdür, bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda multimədəniyyətli
cəmiyyətlər mövcud olub. Xalqlar
arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir.
Biz bu gün də çalışırıq
ki, öz təşəbbüsümüzlə regionda və
dünyada gedən proseslərə müsbət təsirimizi
göstərək".
Məlumatlara görə, beynəlxalq anlayışda
multikulturalizm eyni ölkədə yaşayan xalqların mədəniyyət
hüquqlarını tanıyan humanist
dünyagörüşü və ona uyğun siyasət kimi qəbul
olunur. Məsələyə bu prizmadan yanaşdıqda Azərbaycanda
müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin
nümayəndələrinin sərbəst yaşaması
üçün bütün zəruri şəraitin
yaradıldığını görürük. Tədqiqatçılar qeyd edir ki, dövlət
müstəqilliyini bərpa etdikdən sonra isə ölkəmizdə
multikulturalizm ənənələrinin güclənməsinə
dövlət dəstəyi formalaşıb ki, indi bu dəstək
özünün çiçəklənmə
dövrünü yaşayır.
Tədqiqatçılar vurğulayır ki,
multikulturalizmi beynəlxalq platformaya çevirmək istəyən
Azərbaycan dünyada bu prosesə qarşı olan təhlükəni
hiss edir və onun xilası naminə mühüm təşəbbüslər
irəli sürür. Məsələn, 2008-ci ildə Avropa
Şurasına üzv ölkələrin mədəniyyət
nazirlərinin Bakıda keçirilən toplantısına
İslam Əməkdaşlıq Təşkilatına üzv
ölkələrin mədəniyyət nazirləri də dəvət
olunmuşdu. Bu, tarixdə ilk dəfə
baş verib. Məlumatlara görə,
2009-cu ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatına
üzv ölkələrin mədəniyyət nazirlərinin
toplantısına isə Avropa Şurasından mədəniyyət
nazirləri qatılmışdı. "Bakı
prosesi" adlanan bu təşəbbüs sonradan Azərbaycanda
dünya dini liderlərinin zirvə
görüşünün, mədəniyyətlərarası
dialoq və Bakı beynəlxalq humanitar forumlarının
keçirilməsinə təkan verdi. Bu tədbirlər isə multikulturalizm ənənələrinin
təbliğində Azərbaycanın əvəzsiz rolunu
göstərdi.
Prezident İlham Əliyevin Sərəncamı ilə
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
yaradılması isə ölkəmizin tolerantlıq prinsiplərinə
dönmədən sadiq qalmasının bariz nümunəsinə
çevrildi.
Qeyd edilənə
görə, dövlətimizin başçısı 2015-ci il mayın 18-də Bakıda keçirilən
III Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunun açılışındakı nitqində bu barədə
deyib: "Bizim ölkədə multikulturalizm ənənələri
hər zaman güclü olub və Beynəlxalq Multikulturalizm Mərkəzinin
yaradılması bu dəyərlərin təşviqi istiqamətində
hökumətimizin atdığı daha bir addım idi. Multikulturalizmin alternativi yoxdur. Hesab
edirəm ki, multikulturalizmi gələcəyi olmayan məfhum
kimi təqdim etmək təhlükəlidir, əksinə, səylərimizi
dayandırsaq, dünyada vəziyyət daha da pisləşəcək".
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva
ölkəmizin tolerantlıq ənənələrinin
dünya miqyasında təbliğinə böyük dəstək
verir. Heydər Əliyev Fondunun xətti ilə
dünyanın bir neçə ölkəsində bu qəbildən
silsilə tədbirlər keçirilir. Məsələn,
birinci xanım Mehriban Əliyevanın iştirakı ilə
Parisdə "Dini tolerantlıq: Azərbaycanda birgə
yaşamaq mədəniyyəti" mövzusunda keçirilən
konfrans multikulturalizmin bu və ya digər formada
sıxışdırıldığı Avropanın gələcəyində
onun əhəmiyyətini göstərirdi.
Mehriban
Əliyeva həmin konfransdakı çıxışında
qeyd edirdi: "Ekstremizm və terrorçuluğa qətiyyətlə
yox deməklə biz cəmiyyətlərimizdə
dözümlülük, sülhsevərlik, tolerantlıq dəyərlərinin
təbliğinə geniş fikir verməliyik. Ayrıseçkilik,
ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillər
bəşəriyyət tarixində sivilizasiyaların və
xalqların fəlakətinə səbəb olub. Dərin multikulturalizm köklərinə malik ölkə
kimi, Azərbaycan qlobal arenada bu dəyərlərin təşviqi
üçün vacib rolunu oynamağa hazırdır".
Tədqiqatçılar yazır ki, beləliklə,
multikulturalizm bu gün Azərbaycanda gedən demokratik proseslərin
ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Məlumatlara
görə, bu çərçivədə keçirilən
tədbirlər isə ölkəmizdə multikultural təhlükəsizliyin
intellektual göstəricilərinin artıq
formalaşdığını təsdiqləyir. Bu il BMT-nin Sivilizasiyalar Alyansının Bakıda
keçirilən 7-ci Qlobal Forumu da dünya ölkələrinin
Azərbaycandakı multikultural mühitə olan münasibətinin
real ifadəsidir. Digər tərəfdən, bu,
Azərbaycanda multikultural təhlükəsizliyin təmin
olunmasına sistemli yanaşmanın mövcudluğundan xəbər
verir.
Multikulturalizmin Azərbaycan nümunəsi dünyada ilk
yerlərdədir.
Multikulturalizm
üzrə mütəxəssis Niyaz Niftiyev bildirib: "Azərbaycanda
multikulturalizm ənənələri ölkəmizdə
yaşayan xalqların tarixi qədərdir. Bu
cür birgəyaşayışın Azərbaycan modelinin
bütün dünyaya təqdimatına ehtiyac var. Bu
baxımdan, cənab Prezidentin 2016-cı ili Azərbaycanda
multikulturalizm ili elan etməsi çox önəmlidir".
N.Niftiyevin
bildirdiyinə görə, bu qərar Azərbaycanda ötən
müddət ərzində bu sahədə baş verən
yeniliklərlə birbaşa əlaqəlidir: "Azərbaycanda
yaşayan xalqlar və dini inanclı insanlara qarşı
tolerantlıq və mədəni müxtəliflik prinsipləri
multikulturalizm adı altında birləşdirilib. Bu dəyərin cəmiyyətdə öz yerini
tutması, hər bir xalqın sosial, iqtisadi
inkişafının yüksəldilməsi istiqamətində
dövlətin atdığı addımlar onların özləri
tərəfindən də yüksək dəyərləndirilir.
Azərbaycan xalqının tarixi boyunca bizdə milli, dini
nöqteyi-nəzərdən qarşıdurma yaranmayıb və
bu proses bu gün də davam etməkdədir".
Niyaz Niftiyev onu da vurğulayıb ki, indiyədək Azərbaycanda
multikulturalizm, sivilizasiyalararası dialoqun təşəkkül
tapması istiqamətində xeyli ciddi tədbirlər
keçirilib.
Halbuki, qloballaşma şəraitində bir
çox ölkələrdə, xüsusilə də Avropa məkanında
multikulturalizm siyasətinin iflasa uğradığı bəyan
edilib.
Azərbaycanda yaradılan şərait dünyanın
heç yerində yoxdur fikrini irəli sürən mütəxəssis
bildirir ki, indi ərəb ölkələrindən
qaçqın düşənlərin xarici ölkələrə
keçməsinə ciddi əngəllər yaradılır. Onun dediyinə görə,
bütün bunlar deməyə əsas verir ki, Azərbaycanda
multikulturalizm sahəsində yaradılan şərait nəinki
regionda, heç dünyada heç yerdə yoxdur: "Azərbaycanda
bütün xalqlar bərabər şəkildə
yaşayır. Həm dövlətin, həm də
bu xalqların nümayəndələrinin özlərinin irəli
sürdüyü təşəbbüslər sayəsində
ölkənin multikulturalizm siyasəti uğurla davam edir.
İnanıram ki, 2016-cı ildə Azərbaycanda
multikulturalizm siyasətinin coğrafi arenası daha da genişləndiriləcək,
ölkəmizdə yaradılan birgəyaşayış modeli
həm ölkə daxilində inkişaf etdiriləcək, həm
də digər ölkələrə də sirayət edəcək.
Çünki biz artıq bu məsələdə
Azərbaycan reallığı ilə məhdudlaşmalı
deyilik".
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
Analitika şöbəsinin müdiri Nəriman Qasımzadə
mətbuata açıqlamasında multikulturalizmin əhəmiyyətindən
danışıb. N.Qasımzadənin sözlərinə görə, bu il təmsil etdiyi qurum tərəfindən
xüsusi tədbirlər planı hazırlanması nəzərdə
tutulub: "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
indiyə kimi Azərbaycanda multikulturalizmin təbliği və
öyrənilməsi istiqamətində xeyli layihələr həyata
keçirib. Qeyd etmək lazımdır ki,
artıq "Azərbaycan multikulturalizmi" fənni 11 xarici
ölkə universitetində tədris edilir. Bu fənn Azərbaycandakı universitetlərin tədris
proqramında da yer alır. Artıq bizim tələbələr
də Azərbaycan multikulturalizminin qaynaqlarını, tarixini,
siyasətini, tarixi köklərini, ədəbi-bədii, fəlsəfi,
elmi və publisistik qaynaqlarını öyrənirlər.
Görülən işlər, verilən qərar mərkəzin
üzərinə daha ciddi vəzifələr qoyur. Buna görə də bu il daha yeni təşəbbüslər, fərqli
layihələr, müxtəlif nəşrlər və tədbirlərin
keçirilməsi planlaşdırılır.
Cənab Prezident elan etdi ki, Azərbaycanda multikulturalizm
dövlət siyasəti və həyat tərzidir. Bu, gəlişigözəl
sözlər deyil. Bu bizim tariximizə,
milli, siyasi, bədii irsimizə əsaslanan fikirlərdir.
Ölkəmizin məişətində, təfəkküründə,
şüurunda çoxmədəniyyətlilik təfəkkürü
inkişaf edib və bu gün nümunəvi bir məzmun
daşıyır. Düzdür, indi
dünyanın digər ölkələrində də bu dəyərlər
təbliğ olunur. Amma Azərbaycan
nümunəsi bu sırada ən önəmli yerlərdən
birini tutur. Biz bu dəyərin təbliği
və yayılması istiqamətində nəzərdə
tutulan layihələri bu il də həyata keçirməyi
planlaşdırırıq".
Başqa
ölkələrin bizim modeli öyrənməyə
çalışdığını qeyd edən N.Qasımzadə
bildirib ki, hazırda mühacir axını ilə üzləşən
bəzi Qərb ölkələri yaşadıqları çətinliklərin
məhz multikulturalizmlə əlaqədar olduğunu iddia edir:
"Azərbaycanda isə başqa bir model var. Ölkəmizin
nümunəsi, əksinə, tərəqqiyə xidmət edən
məzmundadır. Bunu öyrənməyə
çalışırlar, istəyirlər bilsinlər ki,
müxtəlif xalq və mədəniyyətlərin
qovuşduğu bir cəmiyyətdə bu dəyər sabitliyin
qorunmasına necə xidmət edə bilər".
Məlumdur ki, Azərbaycanda yaşayan müxtəlif dinlərin
və millətlərin nümayəndələri heç vaxt
dözümsüzlük və ya hansısa fobiyalarla
rastlaşmayıb. Tədqiqatçılar qeyd edir ki,
neonasizmə, dözümsüzlüyə, ksenofobiyaya əks
qüvvə olan tolerantlıq və multikulturalizm əsrlərlə
Azərbaycanda mövcud olub. Onlar deyir ki,
müasir dünyada tolerantlıq və multikulturalizmə
heç bir alternativ yoxdur.
Bildirək
ki, Azərbaycanda multikulturalizm siyasəti dövlət siyasəti
elan edilib və 2008-ci ildən etibarən ölkəmiz bu məzmunda
bir çox beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi edib.
Azərbaycanda multikulturalizmin hərtərəfli təbliğ
edilməsi bu məfhumun əsrlərdən bəri ölkəmizdə
mövcudluğunu bir daha təsdiqləyir. Azərbaycanda
multikulturalizm, tolerantlıq azərbaycançılığın
əsas prinsiplərindən biri kimi özünü büruzə
verir.
Ölkəmizdə tarixən bizimlə birgə
yaşayan dinlərin, xalqların təmsilçiləri
multikulturalizm və azərbaycançılıq
bütövlüyünü, əyilməzliyini qoruyur və gələcəkdə
də qoruyacaq.
Buna heç kəsin şübhəsi
olmasın. Əsrlərdir nəfəs-nəfəsə
yaşayan xalqların bir-birinə xəyanət etməsi qətiyyən
inandırıcı görünmür. İndiyə
qədər işıq-işığa
yaşadığımız xalqlarla dinc, qardaşlıq,
anlaşma şəraitində mədəniyyətlərimizi
paylaşırıq.
İradə
SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə
dəstəyilə çap olunur.
Bakı xəbər.-2016.-11
avqust.-S.15.